Məhkəmə qərarları › İş №2-1(112)-3055/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3055/2021

26.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3055/2021 26.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi” öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi, iddiaçının adına Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi ünvanında yerləşən 28 saylı bağ sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "Südçü" bağçılıq-yoldaşlıq təsrrufatına xx.xx.1997-cı il tarixində üzv olmuşdur. Üzv olmağına görə iddiaçıya üzvlük kitabçası da verilmişdir. Bundan sonra Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi ünvanında yerləşən 28 saylı bağ sahəsi iddiaçıya verilmişdir. Həmin bağ sahəsi verildiyi gündən hal- hazıra kimi iddiaçının istifadəsindədir. Bağ hasara alınıb, orada abadlıq işləri görülmüşdür. Bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyüstrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqan olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq sənədlərlə müraciət etmiş, lakin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində “Sudçü” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısı aşkar olunmaması, elektron kadastr məlumatların əsasən göstərilən bağ sahəsinin "Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşməsi, həmçinin bağ sahəsinin bir hissəsi yaxınlıqdan keçən 6 KV-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyi əsası ilə imtina edlmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi, cavabdehin imtinasının qanunsuz hesab edilməsi, iddiaçının adına Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi ünvanında yerləşən 28 saylı bağ sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazda əsasən bildirirlər ki, ərizəçi İddiaçı sözügedən məsələ ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə müraciəti daxil olmuşdur. Lakin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində “Südçü” bağçılıq-yoldaşlıq birliyinin üzvlərinin siyahısı aşkar olunmamışdır və elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi bağçılığın ayrıc aktından kənarda yerləşir. Həmçinin, bağ sahəsinin bir hissəsi yaxınlıqdan keçən 6 0 kV-luq yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 8.0.7- ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlətreyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq- yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaçıya verilmiş imtinanın əsaslı olduğunu bildirərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçıya ünvanlanmış 18 sentyabr 2020-ci il tarixli, **********21 saylı məktubdan görünür ki, iddiaçının Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi ünvanında yerləşən 28 saylı bağ sahəsinə dair əmlakın dövlət qeydiyyatına alınmasına dar müraciətinə baxılmış, aparılan araşdırma zamanı 1 saylı Bakı Ərazi İdarəsinin arxivində “Südçü” bağçılıqyoldaşlıq birliyinin üzvlərinin siyahısının aşkar olunmaması, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bağçılığın ayrıc aktından kənarda yerləşməsi, həmçinin bağ sahəsinin bir hissəsinin yaxınlıqdan keçən 6.0 kv-luq yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zonasında yerləşməsinə istinad edilməklə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Halbuki iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" ASC tərəfindən verilmiş 05 yanvar 2021-ci il tarixli, 01/12/J-281/3/005 saylı arayışında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 №li qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voldan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5 a saylı bəndinə əsasən Pirallahı rayonu. Dübəndi bağ sahəsində yerləşən 28 №li bağ sahəsinin veriliş xəttlərinin mühafizə zonasında yerləşmədiyi qeyd olunmuşdur. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, iş materialların əlavə edilmiş “Südçülük” Bağçılıq yoldaşlığı Cəmiyyəti tərəfindən verilmiş Bağçının 28 №li üzvlük kitabçaının 28 saylı üzvlük kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən iddiaçıya torpaq sahəsi ayrılmasına dair bağçının 28 saylı üzvlük kitabçasının verildiyi, həmin üzvlük kitabçasının 14 iyun 1997-ci il tarixli 49 saylı protokola əsasən verildiyi və həmin tarixdən iddiaçının bağçılıq cəmiyyətinə üzv qəbul edildiyi, həmçinin iddiaçının ailə üzvləri qrafasında arvadı X1, oğlanları X4, X2 müəyyən edilmişdir. Beləliklə, qeyd olunan torpaq sahəsi üzərində İddiaçı mübahisəli torpaq sahəsi üzərində qanuni hüququnun yaranması müəyyən edilir. Göründüyü kimi, iddiaçının adına Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi ünvanında yerləşən 28 saylı 1100 kv.m torpaq sahəsi vardır. Torpaq sahəsinin iddiaçının adına ayrılmasına dair 14 iyun 1997-ci il tarixli 49 saylı protokol digər tələb olunan sənədlərlə birlikdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilsə də, iddiaçıya sonuncu tərəfindən əsassız olaraq imtina cavabı verilmişdir. Cavabdeh həmçinin imtinasında iddiaçı tərəfindən təqdim edilmiş müvafiq hüquqmüəyyənedici sənədlərdə iddiaçının adının “Südçü” bağçılıq-yoldaşlıq birliyinin üzvlərinin siyahısının aşkar olunmadığı, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bağçılığın ayrıc aktından kənarda yerləşdiyi, həmçinin bağ sahəsinin bir hissəsinin yaxınlıqdan keçən 6.0 kv-luq yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zonasında yerləşməsinə istinad etsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı “Südçülük” Bağçılıq yoldaşlığı Cəmiyyətinin üzvü olmuş, buna əsasən iddiaçıya ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi ünvanında yerləşən 28 saylı 1100 kv.m torpaq sahəsi ayrılmışdır, qeyd olunan torpaq səhəsi həmin vaxtdan etibarən iddiaçının istifadəsindədir, həmçinin mübahisəli sahə hər hansı bir gərginlikli elektrik verilişi xəttinin mühafizə zonasında yerləşmir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qeyd olunanlarla yanaşı məhkəmə həmçinin cavabdehin imtinasının aşağıda göstərilənlərə əsasən əsassız olduğunu hesab edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinin ikinci abzasına əsasən müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr torpaq sahəsi üzərində hüquqların yaranmasının əsası kimi göstərilmişdir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən «Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyani sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununa və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə 01 fevral 2008-ci il tarixli Qanununa əsasən «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilmişdir: «Bu Qanunun 9-cu maddəsinin müddəalarına əsasən 2007-ci ilin may ayının 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir». «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hesab olunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü abzasına əsasən «Fərdi yaşayış evlərinin, həyətyani sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir». Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən «Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir», 5-ci bəndinə əsasən «Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir», 6-cı bəndinə əsasən «Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir», 8-ci bəndinə əsasən «Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir». Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin Əsasnamənin 5, 6, 7-ci bəndlərinə əsasən vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir, bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir, həmin torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan yaranır. Hazırkı iş üzrə mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, inzibati aktın qəbulunu istisna edən halların mövcudluğunu sübut etmək vəzifəsi isə inzibati orqanın üzərinə düşür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni olmadığından, iddia təmin edilməli “Südçü” Bağçılıq Cəmiyyətinin xx.xx.1997-ci il tarixli, 49 saylı protokoluna əsasən İddiaçı istifadə və sahibliyinə verilmiş Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən 28 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. “Südçü” Bağçılıq Cəmiyyətinin xx.xx.1997-ci il tarixli, 49 saylı protokoluna əsasən İddiaçı istifadə və sahibliyinə verilmiş Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən 28 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar