Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3056/2021 03.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «xxxx» MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri X6 - 1 saylı Rabitə Xidmətləri Mərkəzi və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «xxxx» MMC-yə qarşı “telefon nömrəsinin açılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri X6 - 1 saylı Rabitə Xidmətləri Mərkəzi və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «xxxx» MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşayan İddiaçı adına qeydiyyatdan keçirilmiş ***-***-**-** nömrəli telefon nömrəsinin açılmasının Bakı şəhəri X5 - 1 saylı Rabitə Xidmət Mərkəzinə həvalə olunması, yeni telefon xəttinin bərpası üçün 30 manat pulun ödənilməsi tələbinin rədd edilməsi və 1 saylı Rabitə Xidmət Mərkəzinin, «xxxx» X2 vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə görə mənəvi zərər üçün 10.000 manat cərimə olunması və həmin pulun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrinin Yardım Fonduna köçürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, iddiaçı 2020-ci ilin mart ayından Lənkəran rayonuna getmiş və karantim rejiminə görə Bakı şəhərinə qayıtmamışdır. Həmin müddətdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Bakı şəhərinə gediş-gəliş qadağan olunmuşdur. Bu səbəbdən iddiaçı xx xxxxxxxx 2020-ci ildə Bakı şəhərinə qayıtmışdır. xx xxxxxxx 2020-ci ildə iddiaçı yaşadığı mənzilin telefon xəttinin bağlı olmasını bilmiş və həmin gün 8 (borc 7,50) manat abunə borcunu ödəmişdir. Lakin telefon xətti açılmamış və iddiaçı xx.xx.2020ci il tarixdə bu barədə X5 müraciət etmişdir. İddiaçıya mənzilin orderinin və şəxsiyyət vəsiqəsinin surətinin gətiriliməsi və müqavilənin bağlanmasını bildirdilər. Həmin gün saat 15 radələrində iddiaçı yenidən göstərilən sənədlərlə rabitə qovşağına müraciət etmişdir. Lakin bu dəfə iddiaçıdan 30 manat pul köçürülməsini tələb etmişlər. Daxili Təlimata əsasən üç ay abuna haqqı ödənilmirsə telefon xəttinin bağlanması və telefon xəttinin yenidən bərpası üçün 30 manat ödənilməsi, bundan sonra yeni nömrə veriləcəyi və ya həmin nömrənin açılacağı, bu qaydaların onlarla bağlanmış müqavilədə nəzərdə tutulduğu onlara izah edilmişdir. Onlarla heç bir müqavilə bağlanmamış və həmin telefon xətti mənzilə 2003-cü ildə çəkilmişdir. Lakin yenə 30 manat pulun ödənilməsi tələb olunmuşdur, həmin pulu ödəməkdən isə imtina etmişlər. Sonra bu barədə rabitə qovşağındı iki nəfər məsul şəxsə müraciət etmişlər. Həmin məsul şəxslər də 30 manat pulu ödədikdən sonra yeni xəttin bərpa olunacağını bildirdilər. Təxminən 2003-cü ildə həmin mənzili alarkən telefon xəttinin çəkilməsi və nömrənin verilməsi üçün Yasamal Rabitə qovşağına pul ödəmişlər. İddiaçı ilə xx.xx.2006-cı ildə bağlanmış ******* nömrəli müqavilədə həmin qaydalar (abunə haqqını üç ay ödəmədikdə xəttin bağlanması) nəzərdə tutulmamışdır. Həmçinin sonradan aralarında heç bir müqavilə bağlanmamış və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Təlimatının tələbləri ilə tanış olmamış və bu barədə onlara heç bir məlumat verilməmişdir. Bundan başqa, telefon xəttinin bağlanması barədə onlara telefon, SMS və ya rəsmi heç bir məlumat verilməmişdir. Həmçinin telefon abunə haqqının ödənilmədiyi halda telefon xəttinin bağlanması və sonra telefon xəttinin açılması və ya yeni xəttin çəkilişi üçün cərimə ödənilməsi və 30 manat pul ödənilməsi barədə iddiaçı ilə hec bir müqavilə bağlanmamışdır. Əgər bu barədə Rabitə qovşağının özünün daxili təlimatları və ya qaydaları varsa, həmin təlimat və qaydalar İnformasiya sistemi qanunundan, Nazirlər Kabinetin qərarlarından və NRYTN-nin qərarlarından üstün ola bilməz. Həmin Təlimat «İnformasiya əldə edilməsi haqqında Qanun»un tələblərinə uyğun tərtib olunmalı və öz maraqlarını vətəndaşların maraqlarından üstün tutmamalıdır. Abunəçi mənzilinə telefon xəttinin çəkilişi və nömrənin verilməsi üçün pul ödəyir, lakin Rabitə müəsissəsi nömrəni geri alarkən əvəzi ödənilmir. Halbuki, nömrə üçün pul ödənilirsə həmin nömrə abunəçinin əmlakı hesab olunur. Abunəçinin xəbəri olmadan həmin nömrəinin onun adından çıxarılması qanunsuzdur və abunəçinin hüquqlarının kobud şəkildə pozulmasıdır. Daha sonra, Rabitə müəssisəsi hər ayın 05 tarixinə abunə haqqının ödənilməsini tələb edir və abunə haqqı ödənilmirsə xəttin fəaliyyəti dərhal dayandırılır. Abunəçi üç ay abunə haqqını ödəyir və bundan sonra xəttin yenidən bərpası üçün əlavə 30 manat ödənilməsi tələb olunur. Əgər abunəçi üç aylıq abunə haqqını ödəyirsə Rabitə müəssisəsinin mənafeyinə heç bir ziyan dəymir və abunəçinin telefon xətti açılmalıdır Abunəçidən əlavə yeni xəttin çəkilişi üçün əlavə 30 manat pul tələb edilməsi qanunsuzdur. Bu, Rabitə müəssisəsinin heç bir iş görmədən öz maraqları üçün vətəndaşdan qazanc kimi pul tələb etməsi və vətəndaşların mənafeyinə ziyan vurmaları kimi qiymətləndirilməlidir. Bundan əlavə, Rabitə müəssisəsi abunəçinin telefon xəttini bağlamazdan əvvəl ona avtomatik telefon anonsları, operatorlar vasitəsi ilə bilavasitə zənglər, SMS və rəsmi məlumatla xəbərdarlaq etməlidir. Lakin Rabitə müəssisəsi tərəfindən iddiaçıya heç bir məlumat verilmədən bu tələblər kobud şəkildə pozularaq telefon xəttini bağlamışdır. Həmçinin bu ağır şəraitdə (karantin dövründə) virusa yoluxma təhlükəsi yüksək olduğu bir vaxtda yaşını, səhhətini nəzərə almadan iddiaçı dəfələrlə Rabitə müəssisəsinə getmək məcburiyyətində olmuşdur. Göstərilənlərə əsasən iddianın təmin ediməsi barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «xxxx» MMC-nin nümayəndəsi X3 izahatında bildirdi ki, iş üzrə cavabdeh Bakı şəhəri X6 müstəqil hüquqi şəxs deyil, məhkəmədə cavabdeh qismində çıxış edə bilməz, cavabdeh qismində yalnız «xxxx» MMC iştirak edə bilər. Eyni zamanda, iddia tələbi tərəflər arasında mövcud olan müqavilə öhdəliklərindən irəli gəlir. Həmçinin iddiaçı mənəvi zərərin ödənilməsi iddia tələbi ilə əlaqədar məhkəməyə müraciət etməmişdən əvvəl təmsil etdiyi cavabdehə müraciət etməmişdir. Göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barərə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 12 iyul tarixli 292 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı»na “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti də daxil edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehlər sırasında Bakı şəhəri X6 - 1 saylı Rabitə Xidmətləri Mərkəzi göstərilsə də, məhkəmədə cavabdeh qismində “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti çıxış edə bilər, MMC 1, 2, 3, 4, 5 və 6 saylı Rabitə Xidmətləri Mərkəzləri vasitəsilə əhaliyə xidmət göstərir. Bundan başqa, vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddia tələbinin mümkünlüyü şərtlərindən biri bu barədə iddiaçının məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqanlara müraciət etməsidir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən və tərəflərin məhkəmə iclasında verdikləri izahatlardan müəyyən edildi ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl vurulmuş mənəvi zərərin ödənilməsi tələbi ilə cavabdehə müraciət etməmişdir. Məhkəmə tərəfindən təklif edilsə də, iddiaçı bu barədə sübutu məhkəməyə təqdim edə bilmədi və iddiaçının nümayəndəsi məhkəmədə iddia qaldırmamışdan əvvəl vurulmuş mənəvi zərərin ödənilməsi tələbi ilə cavabdehə müraciət etmədiklərini bildirdi. Eyni zamanda, iş materiallarından görünür ki, Telekomunikasiya xidmətlərinin göstərilməsi üçün “Rabitə müəssisəsi” (cavabdeh) ilə abunəçi İddiaçı (iddiaçı) arasında xx.xx.2006-cı il tarixli müqavilə bağlanmışdır. Ümumiyyətlə, rabitə xidmətlərindən istifadə ilə əlaqədar münasibətlər rabitə müəssisəsi ilə abunəçilər arasında olan müqavilə ilə tənzimlənir. İddia tələbində göstərilənlər də tərəflər arasında imzalanmış müqavilə öhdəliklərindən irəli gəlir və inzibati funksiyalarla əlaqədar deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)”. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (17-ci bənd). «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 №-li Qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 4-cü bəndinə əsasən inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 5.2-ci bəndinə əsasən dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. 7.1-ci bəndinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 13-cü bəndinə əsasən elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. 15.3-cü bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-3056/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3056/2021
03.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver