Məhkəmə qərarları › İş №2-1(112)-3056/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3056/2022

07.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3056/2022 07.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında təkrar şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:

1. İddiaçı (bundan sonra – İddiaçı) 21.09.2021-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, doğum haqqında təkrar şəhadətnamənin verilməsini xahiş etmişdir.

2. Cavabdeh 05/Q-1043/69 nömrəli, 21.09.2021-ci il tarixli məktubla bildirmişdir ki, “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli qərarının 9.8-ci bəndinə müvafiq olaraq şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. İddiaçının ərizəsinin təmin edilməsi üçün kifayət qədər əsas olmadığından məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

3. Bundan sonra İddiaçı 11 oktyabr 2021-ci il tarixdə Cavabdehə qarşı iddia ərizəsi, ilə məhkəməyə müraciət edərək, ondan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınmağını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması:

4. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx xxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuşdur. İddiaçının doğum faktı 08 avqust 1989-cu il tarixdə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmışdır. Lakin sonradan doğum haqqında şəhadətnamə itmişdir. Anası Əliyeva (Abdurəhimova) Həsrət Seyfulla qızı 29 iyun 1959-cu ildə Bakı şəhərində anadan olmuş, iddiaçı, anası və qardaşı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, 57 saylı yataqxanada (mənzil 6 B) yaşamışlar. Anası Bakı şəhəri Qaradağ rayonunda yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. Atası onlarla yaşamamış, bacısı xalası Sevillə yaşamışdır. X10 Zavodunda işləmiş, xərçəng xəstəliyindən əziyyət çəkmişdir. Anasının vəziyyəti pisləşdiyi üçün xalası Sevil həmin vaxt onları öz evinə aparmış, sonra anası xəstəlikdən vəfat etmişdir. Bir müddət Əhmədlidə xalasının himayəsində yaşamış, təxminən 15-16 yaşı olarkən pis rəftara görə xalasının evindən qaçmış, ondan sonra Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamışdır. X3 01.08.1958-ci il tarixdə anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır. Atası ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuş, 16.01.2016-cı il tarixdə vəfat etmişdir. Valideynlərinin nikahı 07.07.1979-cu il tarixdə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmışdır. X1 02.01.1985-ci il tarixdə anadan olmuşdur, o, Azərbaycan Respublikasının vətəndaşıdır. İddiaçının bacısı ilə münasibəti yoxdur, evdən qaçdığı üçün bacısı və ana tərəfdən digər qohumları onunla münasibət qurmaqdan imtina etmişlər. X2 06.06.1979-cu il tarixdə anadan olmuşdur, o vəfat etmişdir. İddiaçı heç vaxt təhsil almamışdır. Doğum haqqında şəhadətnaməsi itdiyindən indiyədək şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməmişdir. Doğulduğu andan etibarən daimi olaraq Azərbaycan Respublikasında yaşayır və heç vaxt Azərbaycan Respublikasının hüdudlarını tərk etməmişdir. Hazırda ünvan 3 ünvanında yaşayır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən də həmin ünvanda olduğu yer üzrə qeydiyyata alınmışdır. Artıq onun 32 yaşı var. Lakin doğum faktını, şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi yoxdur. Bu səbəbdən də, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüşdür. Şəxsiyyəti təsdiq edən sənədlə təmin olunmaq üçün ona doğum haqqında şəhadətnamə lazımdır. Belə ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməyi üçün onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmalıdır. Bunun üçün isə o Dövlət Miqrasiya Xidmətinə doğum haqqında şəhadətnaməni təqdim etməlidir.

5. Cavabdeh məhkəməyə ünvanladığı 26.10.2021-ci il tarixli, 05/Q-1562/13 saylı məktubunda iddia ərizəsi ilə bağlı heç bir etirazı olmadığını bildirmişdir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinə uyğun izahat verdilər və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər.

7. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi

8. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

9. Belə ki, iş materiallarında olan 08.08.1989-cu il tarixli 580 saylı doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 22.07.1989-cu ildə Bakı şəhərində anadan olmuşdur, atası kimi 10.08.1958-ci il təvəllüdlü X6, anası kimi 29.07.1959-cu il təvəllüdlü X4 qeyd edilmiş, 495008 saylı doğum haqqında şəhadətnamə verilmişdir.

10. 28 iyun 2021-ci il tarixdə İddiaçı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən BMT QAK-ın mandatı altında olan şəxs hesab edilmiş və bu barədə ona himayə sənədi verilmişdir.

11. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Təşkilat-Nəzarət Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 28.10.2021-ci il tarixli 06/74 saylı məktubdan görünür ki, İddiaçı 29.06.2021-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət edərək ünvan 3 saylı ünvana olduğu yer üzrə qeydiyyata alınmışdır.

12. İddiaçı hazırda doğum haqqında şəhadətnaməsini itirdiyini, şəxsiyyət vəsiqəsinin isə olmadığını bildirməklə ona doğum haqqında təkrar şəhadətnamə verilməsi barədə hazırkı iddianı qaldırmışdır.

13. Məhkəmə qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1ci bənd).

14. Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir və hesab edir ki, iddia mümkün iddiadır. Çünki hazırkı mübahisə İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir və bu iddiaya baxmağa inzibati məhkəmələr səlahiyyətlidir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

16. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

17. Hazırkı iddia cavabdehdən ona şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən təkrar doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı hərəkətlərin edilməsi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir.

18. Məhkəmə hesab edir ki, iddia mahiyyəti üzrə də əsaslıdır. Belə ki, «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin ərizəsi və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciətindən ən geci 10 gün keçənədək verilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.4-cü bəndinə görə Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Qaydanın 1.14-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktı tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Qaydanın 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Qaydanın 9.2-ci bəndinə görə təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. Qaydanın 9.7-ci bəndinə görə yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, sosial xidmət müəssisələrinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Qaydaların 9.8-ci bəndinə görə qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Qaydaların 9.9-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamələr vətəndaşlıq vəziyyəti akt qeydlərinə və ya kağızı kitablarına uyğun yazılır.

20. İşin hallarından müəyyən olunur ki, iddiaçı 22.07.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə ona 495008 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. İddiaçının heç vaxt şəxsiyyət vəsiqəsi olmamış, doğum haqqında şəhadətnaməsini itirdiyi üçün cavabdeh inzibati orqana müraciət etdikdə isə həmin orqan bu əsasla təkrar şəhadətnamə verməkdən də imtina etmişdir. Lakin işdən müəyyən olunur ki, cavabdeh iddiaçıya məxsus akt qeydini mübahisələndirmir və iddiaçının doğumunun qeydiyyatının artıq bir dəfə aparıldığını təkzib etmir. İddiaçıya imtina cavabının verilməsinin əsasını isə yuxarıda qeyd olunduğu kimi, şəxsiyyət vəsiqəsinin olmaması təşkil edir.

21. Məhkəmə qeyd edir ki, doğrudur, iddiaçının şəxsiyyət vəsiqəsi yoxdur, lakin doğum haqqında şəhadətnamə olmadan ona şəxsiyyət vəsiqəsinin verilməsi də mümkün deyil. Göründüyü kimi, bir tərəfdən şəxsiyyət vəsiqəsinin verilməsi üçün doğum haqqında şəhadətnamə təqdim edilməli, digər tərəfdən isə doğum haqqında şəhadətnamənin alınması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir.

22. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Vətəndaşlıq hüququ, habelə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ insan hüquq və azadlıqlarının sırasında əhəmiyyətli yer tutur. Konstitusiyanın 52-ci maddəsinə görə Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Vətəndaşlıq insan və dövlət arasında olan qarşılıqlı münasibətlər üçün əsasdır. Vətəndaşlıq dövlət daxilində insanın hüquqi vəziyyətinin başlıca əsası kimi bu vəziyyətə aydınlıq və müəyyənlik gətirir. Vətəndaşlıq mənsubiyyəti insan üçün müxtəlif hüquq və azadlıqlarından istifadə etmək imkanı verir. Dövlət öz vətəndaşlarını müdafiə və onlara hamilik edir. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Qanunun 6-cı maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının vətəndaşlığını üç növ sənəd təsdiq edə bilərdoğum haqqında şəhadətnamə, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və ya Azərbaycan Respublikasının vətəndaşının pasportu. Bu sənədlərin hər birinin özünəməxsus yeri və təyinatı vardır. Doğum haqqında şəhadətnamə hüquqi cəhətdən doğum faktını rəsmiləşdirir və doğumla bağlı əhəmiyyətli hallara dair məlumatları özündə əks etdirir. Bu sənəd vətəndaşlıq hüququnun təsdiq edilməsi üçün ilkin vacib sənəd hesab olunur. Həmin sənəd Azərbaycan Respublikasının ərazisində, Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş və ya valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin Konstitusiyanın 52-ci maddəsinə müvafiq olaraq şərtsiz Azərbaycan Respublikasının vətəndaşı kimi qəbul olunmasına əsas verir. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Qanunun 1-ci maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Bu sənəd sahibinə vətəndaşlıq hüququndan irəli gələn digər konstitusiya hüquqlarını həyata keçirmək üçün imkan verir. Həmin hüquqlardan istifadə etmək üçün hər bir vətəndaşın Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi olmalıdır. Göründüyü kimi, doğum haqqında şəhadətnamə şəxsiyyət vəsiqəsi kimi hər bir şəxsin öz vətəndaşlıq hüquqlarını həyata keçirilməsi üçün ən zəruri sənədlərdən biridir.

23. Hazırda iddiaçı nə şəhadətnamə, nə də şəxsiyət vəsiqəsi ala bilmir ki, bu da onun konstitusion hüquqlarını, eyni zamanda vəzifələrini həyata keçirməyə mane olur.

24. Məhkəmə iş materialları ilə məhkəməyə müraciət edən şəxsin İddiaçı olmasının müəyyən edildiyini və istinad olunan normaların tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.

25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı: İddia təmin olunsun. 22 iyul 1989-cu il təvəllüdlü İddiaçı şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş himayə sənədi əsasında doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar