Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3058/2022 21.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası – iqtisadçı, “Mətanət-A” şirkətində laborant vəzifəsində işləyir), cavabdehin nümayəndələri X7 (Sumqayıt şəhərində qeydiyyatdadır, ixtisası – hüquqşünas, hüquqşünas vəzifəsində işləyir) və X1 (Şərur rayonunda qeydiyyatdadır, ixtisası – hüquqşünas, hüquqşünas vəzifəsində işləyir) iştirakı ilə, iddiaçı X11 cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “iddiaçıya dəymiş 5000 manat maddi ziyan və 20000 manat mənəvi ziyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X15 cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıya dəymiş 5000 manat maddi ziyan və 20000 manat mənəvi ziyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-417/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçının azyaşlı qızı 05 may 2011-ci il təvəllüdlü X12 ilə ünsiyyət hüququ (görüşü) vardır. Lakin buna baxmayaraq cavabdeh qanuni əsas olmadan azyaşlı uşağını iddiaçının icazəsi olmadan və eyni zamanda məhkəmə qətnaməsində göstərilən tələblərə əməl etmədən ölkə xaricinə buraxmışdır. İddiaçının müxtəlif ünvanlara etdiyi rəsmi müraciət əsasında Dövlət Sərhəd Xidməti xx.xx.2021-ci il tarixli, k/1924/33/Ə-9510 saylı məktubunda cavab olaraq bildirmişdir ki, “X6 02 avqust 2020-ci il tarixdə Azərbaycan Türkiyə istiqamətində Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(102)-8055/2018 nömrəli qərarı əsasında dövlət sərhədindən hərəkəti qeydə alınmışdır.” Lakin, Ali Məhkəməsi xx.xx.2018 saylı qərarı ilə yeni qərar qəbul etməmişdir, yalnız Apellyasiya instansiya məhkəməsinin qətnaməsini tam olaraq qüvvədə saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli, 2(103)-12380/2017 saylı qətnaməsinə əsasən 05 may 2011-ci il təvəllüdlü X6 atası İddiaçı razılığı olmadan Azərbaycan Respublikasından gedib-gəlməsi hüququnun yalnız uşağın müalicəsi ilə əlaqədar həyata keşirilməsi üçün verildiyi müəyyən edilmişdir. Eyni zamanda o, Azərbaycan Respublikasının hüdudlarından kənara getdikdə səfər edəcəyi ölkə, mümkün olduğu halda həmin ölkənin, şəhərin adı, səfərin məqsədi, səfərin müddəti barədə cavabdehə ən azı 10 gün qabaq yazılı məlumat vermək vəzifəsi uşağın anası X3 üzərinə vəzifə qoyulmuşdur. İddiaçı azyaşlı uşağı ilə iki ilə yaxındır ki, görüşə bilmir. Buna görə də müxtəlif dövlət idarələrinə tez-tez getməklə, müraciət etməklə uşağını tapa bilməmişdir. İnzibati orqanın qanunsuz hərəkətəri nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəymişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamına əsasən, cavabdehin təqdim etdiyi etirazında göstərilmişdir ki, DSX-nin sabiq hərbi qulluqçusu İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)- 12380/2017 saylı qətnaməsində xx.xx.2011-ci il təvəllüdlü X6 atası İddiaçı razılığı olmadan Azərbaycan Respublikasından gedib-gəlməsi hüququnun yalnız uşağın müalicəsi ilə əlaqədar həyata keçirilməsi üçün verildiyi, eyni zamanda o, Azərbaycan Respublikasının hüdudlarından kənara getdikdə səfər edəcəyi ölkə, mümkün olduğu halda həmin ölkənin, şəhərin adı, səfərin məqsədi, səfərin müddəti barədə cavabdehə ən azı 10 (on) gün qabaq yazılı məlumat vermək vəzifəsinin uşağın anası X3 üzərinə vəzifə qoyulduğu göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin olunmayaraq, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətindən sorğuya verilmiş cavabda X4 övladı xx.xx.2011-ci il təvəllüdlü X8 xx.xx.2020-ci il tarixdə “X13 Aeroportu”ndan Bakı-İstanbul aviareysi ilə dövlət sərhədindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11-ci maddəsinə (Yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi qaydası) uyğun olaraq Ali Məhkəmənin xx.xx.2018ci il tarixli 2(102)-8055/2018 nömrəli qərarı əsasında keçirməklə Türkiyə Respublikasına apardığı göstərilmişdir. DSX-in Sərhəd Nəzarətindən daxil olmuş sənədlərdən görünür ki, sərhəd keçid məntəqələrində xidmət edən sərhəd naryadları qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş sənədlər olduqda şəxslərin, nəqliyyat vasitələrinin, yüklərin və başqa əmlakın müəyyən olunmuş məntəqələrdə Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılmasını təmin edir, Azərbaycan Respublikasının dövlət sərhədindən keçən şəxslərin sənədlərini yoxlayır, həmin sənədlərdə müvafiq qeydlərin edilməsini, qanun pozuntusu aşkar edildiyi hallarda müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. Həm apellyasiya, həm də kassasiya instansiyası məhkəmələrinin iş üzrə qəbul etdiyi qərarlardan görünür ki, X6 atası İddiaçı razılığı olmadan Azərbaycan Respublikasından gedib-gəlməsi hüququnun yalnız uşağın müalicəsi ilə əlaqədar həyata keçirilməsi ilə əlaqədar olaraq, Jalə Ələkbərovanın Azərbaycan Respublikasının hüdudlarından kənara getdikdə səfər edəcəyi ölkə, mümkün olduğu halda həmin ölkənin, şəhərin adı, səfərin məqsədi, səfərin müddəti barədə anası Leyla Hüseynovanın üzərinə İddiaçı ən azı 10 (on) gün qabaq yazılı məlumat vermək vəzifəsi qoyulmuşdur. Beləliklə iş materiallarından göründüyü kimi Jalə Ələkbərovanın dövlət sərhədindən həqiqətən də müalicə məqsədi hərəkəti barədə, həmçinin hansı xarici ölkəyə səfər etməsi, səfər edəcəyi ölkə, şəhər və səfərin müddəti barədə atası İddiaçı məlumatın anası Leyla Hüseynova tərəfindən verilib-verilməməsinin yoxlanılması öhdəliyi Dövlət Sərhəd Xidmətinin tabeliyində olan birləşmənin üzərinə qoyulmamışdır. Cavabdeh etirazında iddianın əsassız olduğunun nəzərə alınmasını və iddianın təmin edilməməsi haqqında məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri iddiaya dair cavabdehin etirazının məzmununa uyğun məzmunda izahat edərək iddia tələbinin təmin edilməməsi barədə xahiş etmişdirlər. Məhkəmə tərəflərin izahat və çıxışlarını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə alaraq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddia tələbi əsassızdır. İş materiallarında olan: Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin xx.xx.2021-ci il tarixli, K/1924/33/Ə-9510 nömrəli məktubunun surətinə əsasən iddiaçıya bildirilmişdir ki, onun övladı X6 02 avqust 2020-ci il tarixdə Azərbaycan Türkiyə istiqamətində Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(102)-8055/2018 nömrəli qərarı əsasında dövlət sərhədindən hərəkəti qeydə alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli, 087-18069-1221 nömrəli məktubunun surətinə əsasən Nizami rayon icra və probasiya şöbəsinə bildirilmişdir ki, xx.xx.2011-ci ildə Sumqayıt şəhərində anadan olmuş X12 barəsində xx.xx.2021-ci il tarixdə 81164 saylı axtarış işi açılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2021-ci il tarixli, 018-13844Ə-3221 nömrəli məktubunun surətinə əsasən iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)-8055/2018 nömrəli qərarına əsasən X3 vəsatəti ilə X9 xx.xx.2020-ci il tarixdə ümumvətəndaş pasportunun verilməsi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 dekabr 2017-ci il tarixli, 2(103)-12380/2017 nömrəli qətnamənin surətinə əsasən İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş; hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 sentyabr 2017-ci il tarixli qətnamə qismən ləğv edilmiş; həmin qətnamədə ifadə olunmuş və iddiaçı X5 verilmiş cavabdeh İddiaçı razılığı olmadan Azərbaycan Respublikasından gedib-gəlməsi hüququnun yalnız uşağın müalicəsi ilə əlaqədar həyata keçirilməsi üçün verildiyi müəyyən edilmiş; iddiaçı X3 üzərinə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş 12 sentyabr 2017-ci il tarixli qətnaməyə əsasən cavabdeh İddiaçı razılığını almadan 05 may 2011-ci il təvəllüdlü X12 ilə birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara getdikdə səfər edəcəyi ölkə, mümkün olduğu halda həmin ölkənin şəhəri (şəhərləri), səfərin məqsədi, səfərin müddəti barədə cavabdehə ən azı 10 gün qabaq yazılı məlumat vermək vəzifəsi qoyulmuş; qalan hissədə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmışdır. Nizami rayon icra şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun xx.xx.2021-ci il tarixli “Borclunun axtarılması haqqında qərar”ının surətinə əsasən xx.xx.1989-cu ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan borclu X10 və 05 may 2011-ci il təvəllüdlü X12 barəsində axtarış elan edilməsi və borclunun axtarılması aidiyyəti polis orqanına həvalə edilməsi barədə qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2018-ci il tarixli, 2(102)-8055/2018 nömrəli qərarının surətinə əsasən cavabdeh İddiaçı kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 12380/2017 saylı, 08 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin xx.xx.2022-ci il tarixli, K/179/33/Ə-50 nömrəli məktubunun surətinə əsasən iddiaçıya bildirilmişdir ki,xx.xx.2021-ci il tarixdə Dövlət Sərhəd Xidmətinə ünvanlanan ərizəyə xx.xx.2021-ci il tarixli K/1924/33//Ə-9510 nömrəli sənədlə cavab məktubu göndərilmişdir. Bununla yanaşı, iddiaçının övladı xx.xx.2011-ci il təvəllüdlü X12 anası xx.xx.1989-cu il təvəllüdlü X10 ilə birgə 02 avqust 2020-ci il tarixdə Azərbaycan-Türkiyə istiqamətində Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(102)-8055/2018 nömrəli qərarı əsasında dövlət sərhədindən hərəkət edərkən sərhədçilər tərəfindən qanun pozuntusuna yol verilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 6ÜŞ-34334/21 nömrəli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12380/2017 nömrəli, 08 dekabr 2017-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 419.4-cü maddəsinə əsasən 11 dekabr 2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Qeyd olunan qətnamə üzrə hər hansı icra hərəkətlərin həyata keçirilməsi mülki prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. xx.xx.2022-ci il tarixli ərizəyə əsasən iddiaçı maddi və mənəvi ziyanın ödənilməsini cavandehdən tələb etmişdir. Məhkəmə iddiaçının iddiasını aşağıda göstərilənlərə görə əsassız hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 11.1-ci maddəsinə əsasən bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. BMT-nin 1959-cu ildə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Bəyannaməsinin ikinci maddəsinin mənasına görə, qanunla və başqa vasitələr ilə sosial müdafiəsi təmin edilməli, uşağın əqli, fiziki, mənəvi və sosial baxımdan sağlam, normal, azad və ləyaqətli inkişafı üçün bütün şəraitlər yaradılmalıdır. Məhkəmə qeyd edir ki, həm Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 dekabr 2017-ci il tarixli, 2(103)-12380/2017 nömrəli qətnamədən, həm də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2018-ci il tarixli, 2(102)- 8055/2018 nömrəli qərarından görünür ki, Dövlət Sərhəd Xidmətinin üzərinə hər hansı bir vəzifə və ya öhdəlik qoyulmamışdır. Eyni zamanda qərarlara əsasən müəyyən olunmuşdur ki, Bakı şəhəri Nizami RİH başçısı aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik üzrə Komissiyanın iş üzrə verdiyi xx.xx.2017-ci il tarixli rəyə əsasən Komissiya uşağın mənafeyi naminə X3 uşaqla birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara müvəqqəti getməsini məqsədəuyğun hesab edilmişdir. “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə”yə əsasən Dövlət Sərhəd Xidməti dövlət sərhədinin mühafizə olunması ilə yanaşı şəxslərin Azərbaycan Respublikasının dövlət sərhədini keçməsinə aid olan aşağıdakı əsas vəzifələri yerinə yetirir: “9.4. şəxslərin və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçməsinin qarşısının alınmasını təmin edir, səmərəli sərhəd nəzarətini həyata keçirmək məqsədi ilə şəxsiyyəti təsdiq edən və digər sənədlərin saxtalaşdırılması və ya onlardan qanunsuz istifadə edilməsini qabaqlamaq üçün terrorçuların və terrorçu qrupların, habelə qeyri-leqal miqrantların yerləşdirilməsinin qarşısının alınması üzrə tədbirlər görür;... 9.6. Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” və “Sərhəd mühafizə orqanları haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada dövlət sərhədindən buraxılış məntəqələrindən şəxslərin buraxılışının həyata keçirilməsini təmin edir; 9.10. Azərbaycan Respublikasının dövlət sərhədindən keçən şəxslərin Azərbaycan Respublikasına gəlmək və ya Azərbaycan Respublikasından getmək hüququna dair sənədlərin yoxlanılmasını, həmin sənədlərdə müvafiq qeydlərin edilməsini, qanun pozuntusu aşkar edildiyi hallarda qanunvericiliklə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsini təmin edir;...” “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11-ci maddəsində göstərilmişdir :” 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.” İş materuiallarına əlavə edilmiş məhkəmə qərarları ilə İddiaçı razılığı olmadan övladı xx.xx.2011-ci il təvəllüdlü X6 Azərbaycan Respublikasının hüdudlarından kənara getmək hüququnun yalnız onun müalicəsi ilə əlaqədar həyata keçirilməsi mümkün olduğu müəyyən edilməklə, eyni zamanda xx.xx.2011-ci il təvəllüdlü X6 Azərbaycan Respublikasının hüdudlarından kənara getdikdə səfər edəcəyi ölkə, həmin ölkənin şəhəri(şəhərləri), səfərin məqsədi, səfərin müddəti barədə onun iddiaçıya ən azı 10 gün qabaq yazılı məlumat vermək vəzifəsi uşağın anası X3 üzərinə vəzifə qoyulmuşdur. Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X12 ölkədən gedərkən anası X2 yuxarıda qeyd edilmiş məlumatın İddiaçı verilməsinə dair sübutun mövcud olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Belə olan halda cavabdehin hərəkətləri qanun tələblərinə uyğun olmamış, və nəticədə iddiaçının uşağı xx.xx.2011-ci il təvəllüdlü X6 və iddiaçının qanunla qorunan hüquqların pozulması kimi qiymətləndirilir. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İnzibati işə baxılan zaman iddiaçının qeyd edilən ziyana məruz qalması təsdiqlənməmişdir. Belə ki iddiaçı ziyanın vurulmasına dair sübutları və ya belə sübutların mövcud olması barədə məlumatı məhkəməyə təqdim etməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin Qərarın 8-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İş materialları ilə cavabdehin hərəkət(hərəkətsizliyi) nəticəsində iddiaçının fiziki və mənəvi sarsıntıların keçirməsi, bunların cavabdehin hərəkəti(hərəkətsizliyi) nəticəsində baş verməsi, qanunsuz hərəkət (və ya hərəkətsizliklə) mənəvi zərərin arasında səbəbli əlaqənin olması münasibətdə hər hansı bir qanunsuz hərəkətləri (hərəkətizliyi) təsdiq edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda qeyd edilən bütün hallara məcmu qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddiaçı X11 cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “iddiaçıya dəymiş 5000 manat maddi ziyan və 20000 manat mənəvi ziyanın ödənilməsi cavabdehin üzərinə həvalə edilməsi” barədə iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X11 cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “iddiaçıya dəymiş 5000 manat maddi ziyan və 20000 manat mənəvi ziyanın ödənilməsi cavabdehin üzərinə həvalə edilməsi” barədə iddia tələbi rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-3058/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3058/2022
21.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver