Məhkəmə qərarları › İş №2-1(112)-3059/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3059/2024

28.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3059/2024 28.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş X6 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X13, X12, X14 və X16 cəlb olunmaqla) «yaşayış sahəsindən qeydiyyatdan çıxarılma» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nizami RPİ-yə qarşı «yaşayış sahəsindən qeydiyyatdan çıxarılma» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri Nizami rayonu, Tofiq Abbasov küçəsi, 65 saylı evin 50 saylı mənzili iddiaçının mərhum əri X4 adına 19 yanvar 1995-ci il tarixdə qeydiyyata alınmışdır. Yusif Aqatovun vəfatından sonra Bakı şəhəri 23 saylı Dövlət Notariat Kontoru tərəfindən rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mənzil 23 avqust 1999-cu il tarixdə İddiaçı mülkiyyətinə verilmiş və daha sonra qeydiyyat vəsiqəsi 20 aprel 2016-cı il tarixdə yeni çıxarışla əvəz edilmişdir. Mənzilin ünvanı yeni qaydalarla ünvan 1 qeydiyyata alınmışdır. X14 iddiaçının oğludur. X14 ilə X10 birgə nikahından 16 iyun 2006-cı il təvəllüdlü X13 və 30 mart 2008-ci il təvəllüdlü X12 adlı iki uşaq doğulmuşdur. X14 Bakı şəhəri Nizami rayonu, Tofiq Abbasov küçəsi 65 saylı evin 50 saylı mənzilində qeydiyyatda olduğundan, onun yetkinlik yaşma çatmayan övladları X13 və X12 da həmin ünvana qeydiyyata alınmışlar. İddiaçı X11 və X17ma qarşı kompensasiya verilmədən yaşayış yerindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, X3 ödənilmədən mənzildən istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)752/2023 saylı iş üzrə 23 may 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, X1 ödənilmədən ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə apellasiya şikayəti təmin edilməmiş və 23 may 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. X14 ilə X10 birgə nikahdan doğulmuş uşaqları yetkinlik yaşma çatmayan uşaqları X13 və X12 valideynləri ilə birlikdə yaşasalar da, 1 ildən artıq müddətdir valideynləri ilə birlikdə iddiaçıya məxsus mənzili tərk edərək getmişlər və ataları X6 xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yaşamağa başlamışlar. Yetkinlik yaşma çatmayan X13 və X5 valideynləri iddiaçıya məxsus mənzildə qeydiyyatda olmadığından və özləri könüllü olaraq iddiaçıya məxsus mənzili tərk edərək getdklərindən, qeyd olunan mənzilə dair istifadə hüquqları yaranmadığından, qeydiyyatdan çıxarılmaları zəruridir. Onların iddiaçının evində qeydiyyatda qalması mülkiyyət hüquqlarını pozur. İddiaçı mülkiyyətində olan yaşayış sahəsinə istədiyi kimi sahib ola və istədiyi kimi sərəncam verə bilmir. İddiamı mülkiyyətində olan mənzildən həmin şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh Bakı şəhəri Nizami RPİ-yə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Göstərilənlərə əsaslanaraq, X14 ilə X10 birgə nikahlarından doğulmuş yetkinlik yaşma çatmayan 16 iyun 2006-cı il təvəllüdlü X7 və 30 mart 2008-ci il təvəllüdlü X5 ünvan 4 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Nizami RPİ-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə X13, X12, X14 və X16 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxslərə bildiriş ünvanlanmışdır. İddiaçının nümayəndəsi (vəkili) və üçüncü şəxs X14 məhkəmə iclasına gəlmişlər, cavabdeh və digər üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmdan abaxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianın təmin olunmasını xahiş etdi və bildirdi ki, X6 istifadə hüquqlarına xitam verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarları var. Üçüncü şəxslər qeyd olunan ünvanda yaşamırlar. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayış alan zaman məlum olmuşdur ki, onlar qeydiyyatdadırlar. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X14 bildirdi ki, uşaqları hal-hazırda təhsil alırlar. Təhsili bitirənədək həmin ünvanda qeydiyyatda qalmaq üçün vaxt verilməsini xahiş etdi. Uşaqları ilə birlikdə digər ünvanda kirayədə yaşayırlar. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 20 aprel 2016-cı il tarixli (********** qeydiyyat nömrəli) “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzili İddiaçı mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 4 dekabr 2023-cü il tarixli məktubunda bildirilir ki, hazırda İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi ev 65, 50 saylı mənzili üzərində X7, X5, X6 və X10 istifadə hüquqlarının qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami RPİ-nin müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 1 fevral 2024-cü il tarixli məktubunda bildirilir ki, Y.Aqatovun ünvan 7 ünvanına qeydiyyata alınmasına əsa olmuş sənədlərin arxivdə saxlanılma müddəti başa çatdığından müvafiq qanunvericiliyə uyğun yandırma yolu ilə məhv edildiyi üçün, qeyd olunan şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasının əsaslarının məhkəməyə göndərilməsi mümkün olmamışdır. Əlavə olaraq bildirilmişdir ki, X16 ümumiyyətlə sözügedən ünvanda qeydiyyatda olmamışdır. Hazırkı məhkəmə icraatında müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi 65 saylı evin 50 saylı mənzilindən X7 və X5 qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh inzibati orqan Bakı şəhəri Nizami RPİ-yə müraciət etdiyindən, cavabdeh tərəfindən isə, həmin məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer – onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, ömürlük azadlıqdan məhrum edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikasının 8 dekabr 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndinə əsasən vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixdə qərara almışdır ki: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; - «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir; - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi, mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyat çıxarılması üçün halları müəyyən etmiş və “şəxsin yaşayış yerini dəyişməsi” və “şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” belə hallara aiddir. Nəzərə alınmalıdır ki, şəxsin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasının qanunvericiliklə müəyyən edilmiş digər əsasları hazırkı mübahisə ilə uzlaşmır və belə əsasların iş üzrə müəyyən edilməsinin yoxlanılmasına zərurət yaranmır. Məhkəmə diqqətə çatdırır ki, iş materiallarına əsasən hazırda Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi 65 saylı evin 50 saylı mənzilinə sahiblik, istifadə və sərəncam hüquqları mülkiyyətçi kimi hazırkı İddiaçı məxsusdur. İnzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş X6 və X10, həmçinin onların yetkinlik yaşına çatmayan övladları X7 və X5 iddiaçının mülkiyyətindəki həmin mənzilə hər hansı hüquqlarının mövcudluğu ilə bağlı nə cavabdeh inzibati orqan, nə də həmin şəxslər özləri hər hansı sübut, dəlil təqdim etməmişlər. Nəzərə alınmalıdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-752/2023 saylı iş üzrə 23 may 2023-cü il tarixli qətnaməsi ilə X2 verilmədən Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 65 saylı evin 50 saylı mənzilindən istifadə hüququna xitam verilmişdir. Odur ki, məhkəmənin qənaətinə görə X14, X16, həmçinin onların yetkinlik yaşına çatmayan övladları X13 və X12 İddiaçı məxsus mənzildə yaşamadığından (bu hal cavabdeh tərəfindən təkzib olunmur), eləcə də onların həmin mənzilə hər hansı hüququ qeydiyyata alınmadığından cavabdeh Bakı şəhəri Nizami RPİ tərəfindən həmin mənzilin mülkiyyətçisi kimi hazırkı iddiaçının müraciəti əsasında adıçəkilən şəxslərin (X7 və X5) sözügedən yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasından imtinası qanuna zidd sayılmalı və iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək xx.xx.2006-cı il təvəlüdlü X7 və 30 mart 2008-ci il təvəllüdlü X5 Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 65 saylı evin 50 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nizami RPİ-nin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. xx.xx.2006-cı il təvəlüdlü X7 və 30 mart 2008-ci il təvəllüdlü X5 Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 65 saylı evin 50 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nizami RPİ-nin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar