Məhkəmə qərarları › İş №2-1(112)-306/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-306/2023

19.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-306/2023 19.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “texniki pasportun verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək Bakı şəhəri, Ramana qəsəbəsi, 2-ci sahə 46 saylı yerdə iddiaçıya daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətində və faktiki istifadəsində olan 300 kv.m torpaq sahəsinə plan və ölçünün verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, alqı-satqı müqaviləsi əsasında Ramana qəsəbisində 300 kv.m torpaq sahəsi almışdır. Bundan əlavə, tələb edilən bölgü sxem də cavabdehə təqdim edilmişdir. Daha sonra həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da təqdim edilmişdir. Lakin, texniki pasport təqdim edilməmişdir ki, həmin sənədin alınması ilə bağlı müraciət etdikdə heç bir əsaslı səbəb olmadan texniki sənədin təqdim edilməsi həyata keçirilməmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddia olunan torpaq sahəsinə dair arxiv bölgü sxemi ilə faktiki sahə arasında ciddi uyğunsuzluq mövcuddur, torpaq sahəsi qonşunun ümumi hasarı daxilində yerləşir. Bu səbəbdən də müraciətin təmini mümkün olmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdehin imtina məktubunda qeyd edilmişdir ki, arxiv bölgü sxemi ilə faktiki sahə arasında uyğunsuzluq mövcuddur, torpaq sahəsi qonşunun hasarı daxilində yerləşir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, 0,03 ha ölçüdə Bakı ş, Ramana qəsəbəsi 2-ci sahə 46 saylı yerdə yerləşən torpaq sahəsi iddiaçının mülkiyyətindədir. X1 və iddiaçı arasında bağlanılmış alqı-satqı müqaviləsindən görünür ki, satıcı ona məxsus 0,09 ha torpaq sahəsindən 0,03 ha olan hissəsini iddiaçıya satmışdır. Alqı-satqı müqavilələri və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, digər 0,06 ha torpaq sahəsi S.Məlikzadənin mülkiyyətində qalmış, daha sonra isə digər şəxslərin adına özəlləşdirilmişdir. Tərəflər arasında tərtib edilmiş bölgü sxemdən görünür ki, iddiaçıya 300 kv.m torpaq sahəsinin naturada yeri müəyyən edilmişdir. Mütəxəssis rəyi əsasında verilmiş ekspert rəyindən görünür ki, torpaq sahəsinin koordinatları müəyyən edilmiş, iddiaçının istifadəsində olmalı olan torpaq sahəsinin ümumi hasar daxilində olmaqla qonşunun istifadəsində olması, faktiki göstərilən torpaq sahəsinin isə qonşunun ümumi hasarı daxilində yerləşməsi müəyyən edilmişdir. Eyni zamanda, ekspert rəyində göstərilmişdir ki, bölgü sxemdə qeyd olunan torpaq sahəsinin koordinatları ilə faktiki sahə üst-üstə düşmür. Faktiki istifadədə olan torpaq sahəsi dövlət qeydiyyatına alınmamışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı. Göründüyü kimi alqı-satqı müqaviləsi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınma əsaslarından biri qismində çıxış edir ki, cavabdehdə əsaslı olaraq iş materiallarında surəti mövcud olan alqı-satqı müqaviləsi əsasında da iddiaçının mülkiyyət hüququnu torpaq sahəsinə münasibətdə qeydiyyata almış və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Adıçəkilən Qanunun: 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. 9.2. Qeydiyyat orqanı bu qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edir. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqların qeydiyyat müddəti qeydiyyat orqanı tərəfindən 5 iş gününədək uzadıla bilər. Bu halda ərizəçiyə bildiriş təqdim edilməlidir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın: 4.1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. 4.2. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin: 2.1. Mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. 2.3. Mərzçəkmə işləri aşağıdakı hallarda aparılır: 2.3.4. hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda 2.4. Mərzçəkmə işlərində aşağıdakılara istinad edilir: 2.4.6. torpaq sahəsinin alqı-satqı müqaviləsinə və digər əqdlər barədə məlumatlara 3.1. Mərzçəkmə işləri aşağıdakı mərhələlər üzrə aparılır: 3.1.1. hazırlıq işləri; 3.1.2. texniki layihə; 3.1.3. torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mərzçəkmə işləri aparılması barədə məlumatlandırılması; 3.1.4. torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsi, razılaşdırılması və mərz nişanlarının basdırılması; 3.1.5. mərz nişanlarının koordinatlarının, onların arasındakı məsafələrin müəyyən edilməsi və sahələrin hesablanması; 3.1.6. torpaq sahəsinin mərzçəkmə planının tərtib olunması; 3.1.7. mərzçəkmə qovluğunun hazırlanması və təqdim edilməsi. 5.3. Fiziki və hüquqi şəxslər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada (hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri istisna olmaqla) yeni torpaq sahələri əldə edildikdə, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda, hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda, torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə, habelə fərdi yaşayış evlərinin tikintisi üçün vətəndaşlara ayrılmış torpaqlarda, həyətyanı sahələrdə, fərdi bağların altındakı torpaq sahələrində mərzçəkmə işləri müvafiq ərizə (sifariş və ya tapşırıq) əsasında yerinə yetirilir və bu hallarda texniki layihə hazırlanmır. 5.4. Torpaq sahəsinin mərzçəkmə işlərinin texniki layihəsi Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələri tərəfindən təsdiq olunur. Qanunvericiliyin tələbindən də göründüyü kimi torpaq sahələrinin bir hissəsinin satılması halında müvafiq texniki sənədlərin hazırlanması cavabdehin vəzifəsidir və mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair çıxarışın verilməsi ilə yanaşı həmin texniki sənədlərin dövlət rüsumu və xidmət haqqı ödənilmək şərti ilə şəxsə təqdim edilməsi zəruridir. Cavabdeh isə iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmasını həyata keçirərək çıxarış təqdim etsə də, mərzçəkmə qaydalarını müfəssəl tənzimləyən yuxarıda qeyd olunan texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadan faktiki satılan torpaq sahəsinin hüdudlarını və koordinatlarını müəyyən etməmiş, formal olaraq bölgü sxemin tərtibatında iştirak etmiş, əsassız olaraq iddiaçı və satıcı arasında 9 sot torpaq sahəsinin bir hissəsi olan 3 sot torpaq sahəsinə texniki sənədlərin verilməsini həyata keçirməmişdir. Halbuki, yuxarıda qeyd olunan normaların tələbindən də göründüyü kimi Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Nə qədər ki, mülkiyyət hüququna dair qeyd və onu təsdiq edən çıxarış qüvvədədir həmin sənədə uyğun texniki sənədlərin tərtib edilməsi və iddiaçıya təqdim edilməsi də zəruridir. Əks halda həmin torpaq sahəsinə sərəncam verilməsinə yönələn hər hansı hərəkətlərin edilməsi mümkün olmazdır ki, mülkiyyət hüququnun mühüm tərkib hissəsi olan sərəncam vermə hüququnun realizəsindən əks halda söhbət gedə bilməz. Doğrudur ki, iş materialları ilə faktiki istifadədə olan torpaq sahəsi ilə bölgü sxemdə göstərilən torpaq sahəsi arasında uyğunsuzluq iş materialları ilə təsdiq edilmişdir. Lakin, cavabdeh nəzərə almamışdır ki, həmin uyğunsuzluq mərzçəkmə işlərini həyata keçirməli olan əməkdaşlarının həmin işləri düzgün həyata keçirməməsi nəticəsində yaranmışdır. Cavabdehin imtina məktubundan isə görünür ki, cavabdeh həmin uyğunsuzluğu aradan qaldırmaq, əsassız mülki və inzibati məhkəmə mübahisələrinə mane olmaq əvəzinə hansı tədbirin olduğunu göstərmədən plan və ölçü sənədinin verilməsindən imtina etmişdir. Halbuki, işin faktiki halları və ekspert rəyi ilə müəyyən edilir ki, alqı-satqı və bölgü sxem tərtib edilərkən həqiqi niyyət iddiaçının məhz hazırda faktiki istifadəsində olan torpaq sahəsinin mülkiyyətə keçirilməsi ilə bağlı olmuş, cavabdeh isə mövcud uyğunsuzluğu aradan qaldırmaq əvəzinə formal imtina vermişdir. Beləliklə nə qədər ki, mülkiyyət hüququna dair qeyd qüvvədədir həmin qeydə uyğun texniki sənədlər də tərtib edilməlidir. Həmin qeyd cavabdeh tərəfindən ləğv edilmədiyindən texniki sənədlərin verilməsindən imtina sərəncam hüququnun, beləliklə də mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olur. Uyğunsuzluğun mövcudluğu müəyyən edilsə də cavabdeh nəzərə almamışdır ki, cavabdeh həmin uyğunsuzluğu müəyyən etməklə kifayətlənməməli, həmin uyğunsuzluğun aradan qaldırılmasına yönələn hərəkətlər etməklə, uyğunsuzluğun aradan qaldırılmaqla texniki sənədləri təqdim etməlidir. Odur ki, iddia tələbi təmin olunmalıdır. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə, 46 saylı yerdə İddiaçı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətində və faktiki istifadəsində olan 300 kv.m torpaq sahəsinə dair bölgü sxemdə mövcud uyğunsuzluq aradan qaldırılmaqla 300 kv.m torpaq sahəsinə dair iddiaçıya plan və ölçünün faktiki istifadəyə uyğun olaraq verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar