Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3061/2023 18.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sayğac quraşdırılması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 538 saylı bağ sahəsində yerləşən fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulması, taxniki şərtin verilməsi və elektrik sayğacının quraşdırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 538 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Həmin bağ sahəsində iddiaçıya məxsus yaşayış evi vardır. Evin elektrik enerjisi ilə təchiz edilməsi üçün Asan Kommunal vasitəsi ilə Azərişıq ASC-yə ATS **********4468 saylı ərizə ilə müraciət etmiş, həmin müraciətə cavab olaraq bildirilmişdir ki, fərdi yaşayış evinin elektrik enerjisi ilə təchiz edilməsi, həmin ərazidə "xxxx" ASC-yə məxsus 0,4 kv-lıq şəbəkənin olmaması səbəbindən mümkün deyil. Smetada qeyd edilən məbləğ ödəniləcəyi təqdirdə evin enerji təchizatı şəbəkəsinə qoşulacaqdır. Lakin iddiaçının yaşadığı ünvandan 120 metr məsafədə olan elektrik şəbəkəsindən elektrik xəttinin çəkilməsi üçün 4 dayaq basdırılmalı olduğu və hər dayağa görə isə 171 manat pulun tələb edilməsi bildirilmişdir. Göstərilən rüsum məbləği ilə cavabdehin müraciətindən imtina etməsi qanunsuzdur. Çünki, 120 metr məsafədə elektrik şəbəkəsindən birbaşa elektrik xəttinin çəkilməsi üçün zəruri şərait mövcuddur və elektrik xəttinin çəkilməsi elektrik enerjisinin zəifləməsinə gətirib çıxarmayacaq. Bundan başqa, "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd edilir ki, təqdim etdiyi sənədlər əsasında ünvana baxış keçirilmişdir. Baxış zamanı sözügedən ünvanın inzibati ərazi bölgüsünün aparılmadığı və sərhəd nöqtələri məlum olmadığı üçün elektrik enerjisi ilə təchiz ediləcək mənbəyi və quraşdırılma işlərinin aparılacağı yeri təyin etmək mümkün olmamışdır. Göstərilən imtina da tamamilə əsassızdır. Belə ki, sözügedən bağ sahəsi iddiaçının xüsusi mülkiyyətindədir və DƏDRX tərəfindən verilən çıxarışla rəsmiləşdirilmişdir. Torpaq sahəsinin plan və ölçüsü verilmişdir. 3 tərəfdən də hasarlanmışdır. Belə olduğu təqdirdə, necə inzibati ərazi bölgüsü aparılmaya bilər. Cavabdeh xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə təqdim etdiyi iddiaya yazılı münasibətində iddia tələbinin təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, iddiaçının ATS**********4468 saylı xx-xx- 2022-cı il tarixli müraciətinə (məktub etiraza əlavə edilib) cavab verilən zaman bildirilmişdir ki, ünvan ünvanında yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchiz edilməsi, həmin ərazidə "xxxx" ASC-yə məxsus 0,4 kvluq şəbəkənin olmaması səbəbindən mümkün olmamışdır. Eyni zamanda bildirilmişdir ki, fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulması məqsədi ilə Azərbaycan Resuplikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli, 234№-li Qərarı ilə təsdiq olunmuş "İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları"nın tələblərinə uyğun olaraq texniki şərtlər və həmin texniki şərtlər üzrə işlərin yerinə yetirilməsi üçün smeta tərtib edilərək təqdim edilir. Smetada qeyd olunan məbləğ iddiaçı tərəfindən "xxxx" ASC-nin bank hesabına ödənildikdən sonra iddiaçıya məxsus ev enerji təchizatı şəbəkəsinə qoşulacaqdır. Yuxarıda qeyd olunanlara əsasən, iddiaçı qanunla ödənilməli olan ödənişdən yayınmaq məqsədilə məhkəməyə müraciət edərək öhdəliyin "xxxx" ASC-nin üzərinə qoyulmasına çalışır. Habelə xx.xx.2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasında yaranan mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, iddia tələbi üzrə tərəflər mülki hüququn bərabər hüquqlu subyektləri olduğu üçün mübahisəyə də aidiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Predmet üzrə aidiyyətə görə isə yalnız inzibati mübahisəyə və onunla bağlı əmlak tələblərinə inzibati icraat qaydasında baxıla bilər və bu halda icraat üzrə rəhbər qaydaların, yəni prosessual prinsiplərin müəyyən edilməsi də İnzibati Prosessual Məcəllənin tənzimləmə predmeti sırasına daxildir. Odur ki, İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə uyğun olaraq, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı hüquqi və ya fiziki şəxs inzibati orqandır. Dövlət tərəfindən təbii inhisar subyektlərinə inzibati aktlar qəbul etmək suveren səlahiyyətinin ötürülməsi, onların inzibati hüquq müstəvisində fəaliyyətlərini həyata keçirdikləri zaman inzibati orqan kimi çıxış etmələrinə əsas yaradır. İnzibati orqanların siyahısı “İnzibati orqanların Təsnifatı”nda verilmişdir. Həmin Təsnifatda sadalanan inzibati orqanların siyahısı məhdudlaşdırıcı deyil. Belə ki, “İnzibati orqanların Təsnifatı”nın V bəndinə əsasən “qanunvericiliyə uyğun olaraq inzibati akt qəbul etmək səlahiyyəti verilən digər inzibati orqanlar” inzibati orqan hesab edilir. Məhz bu normanın mahiyyətinə görə təbii inhisar müəssisələrinə həvalə edilən inzibati funksiyalar onları müəyyən münasibətlərdə inzibati orqan adlandırmağa əsas verir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli qərarının 14-cü bəndinə əsasən tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. İddia ərizəsindən görünür ki, iddiaçı hazırda təbii inhisar subyekti olan iddiaçının elektrik enerjisi ilə təchiz olunması üçün şəbəkəyə qoşulma və sayğacla təmin ediməsini xahiş edir, lakin cavabdeh bundan imtina edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın 1.6-cı bəndinə əsasən həmin Qaydalara uyğun olaraq, hər bir sifarişçinin enerji təchizatı şəbəkəsinə qoşulma hüququ vardır. Həmin Qaydaların 1.7-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi heç bir ayrıseçkiliyə yol vermədən, bu Qaydalara uyğun olaraq sifarişçinin tikinti obyektlərinin və elektrik qurğularının ETŞ–yə qoşulması üçün texniki şərtlər verməkdən imtina edə bilməz. Həmin Qaydaların 1.8-ci bəndinə əsasən sifarişçi verilmiş texniki şərtlərin tələbləri ilə razı olmadıqda inzibati və məhkəmə qaydasında şikayət verə bilər. İstinad olunan normalara əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış hazırkı mübahisə müqavilə münasibətlərinə qədər yaranmış mübahisə olmaqla, cavabdehin publik hüquq sahəsindəki hərəkətlərindən irəli gəlmişdir və buna görə də hazırkı mübahisəyə inzibat mühakimə icraatı qaydasında baxılmalıdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia tələbinin əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, işdə olan xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 0,2405 ha sahəsi olan 538 saylı bağ sahəsi İddiaçı mülkiyyətindədir. İşdə olan Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli Ə- 610-151 nömrəli məktubundan görünür ki, iddiaçıya məxsus 0,2405 ha bağ sahəsində yaşayış evinin tikintisi ilə bağlı təqdim edilmiş layihə Sabunçu Rayon İcra Hakimiyyətində baxılaraq razılaşdırılmış və tikintinin aparılması üçün vacib olan şərtlər barədə iddiaçı məlumatlandırılmışdır. İşdən görünür ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, 538 nömrəli Ləhiş bağ sahəsinin enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh bildirmişdir ki, ünvan ünvanında yerləşən, İddiaçı məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchiz edilməsi, həmin ərazidə "xxxx" ASC-yə məxsus 0,4 kV-luq şəbəkənin olmaması səbəbindən mümkün deyil (Nazirlər Kabinetinin 326 saylı xx.xx.2018cı il tarixli qərarı ilə təsdiq edilmiş "Məişət abonentlərin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası"nın 1.2.6-cı bəndinə əsasən). Fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulması məqsədi ilə sizə Azərbaycan Resuplikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü ii tarixli, 234 nömrəli Qərarı ilə təsdiq olunmuş 'istehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları"nın tələblərinə uyğun olaraq texniki şərtlər və həmin texniki şərtlər üzrə işlərin yerinə yetirilməsi üçün smeta tərtib edilərək təqdim edilir. Smetada qeyd olunan məbləğ "xxxx" ASC-nin bank hesabına ödənildikdən sonra evin enerji təchizatı şəbəkəsinə qoşulacaqdır. İddiaçı daha sonra yenidən cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli 0199/Ə-777/7306 nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən yenidən imtina edərək, göstərmişdir ki, daxil olmuş müraciət və təqdim edilən sənədlər əsasında ünvana baxış keçirilmişdir. Baxış zamanı sözügedən ünvanın inzibati ərazi bölgüsünün aparılmadığı və sərhəd nöqtələri məlum olmadığı üçün əməkdaşlar tərəfindən ünvana elektrik enerjisi ilə təchiz ediləcək mənbəyi və quraşdırılma işlərinin aparılacağı yeri təyin etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydalan”nın 7.6-cı bəndinin tələblərinə uyğun olaraq, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır. Məktubda bildirilmişdir ki, təkrar müraciət zamanı təqdim edilən bağ sahəsinin inzibati ərazisi ilə bağlı video görüntülərdə infrastrukturda dəyişiklik olmadığı müəyyən edilmişdir. Bu səbəbdən müraciətin icrasına bağ sahəsinin inzibati ərazisi daş hasarla əhatəyə alındıqdan sonra yenidən baxılacaqdır. İddiaçı hazırda bu imtina ilə razılaşmayaraq, mülkiyyətində olan fərdi yaşayış evinin enerji ilə təchiz edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”na əsasən: - Bənd 1.1. Bu Qaydalarda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: - elektrik şəbəkəsi - birgə fəaliyyət göstərən müxtəlif gərginlikli transformator yarımstansiyalarından, paylayıcı qurğulardan, kabel və hava elektrik veriliş xətlərindən ibarət olan elektrik qurğuları - bənd 1.3. Enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. - Bənd 1.4. Abonentin (əsas istehlakçının) şəbəkəsinə qoşulmuş istehlakçılar (subabonentlər), elektrik enerjisinin alqı-satqı müqaviləsini onunla bağlayırlar. Abonent ilə enerjitəchizatı müəssisəsi arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsində və bu müqaviləyə əlavədə onun şəbəkəsinə qoşulmuş subabonentlər haqqında məlumatlar, o cümlədən idarənin adı, elektrik enerjisi istehlakı, hesablaşma elektrik sayğacları, tarif və digər məlumatlar göstərilir (9 nömrəli əlavə). Enerjitəchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağlaya bilər. Enerjitəchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağladıqda, subabonentin elektrik enerjisi sərfi və ona aid tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) əsas istehlakçının sərfindən çıxılmalıdır. - bənd 1.5. Girişləri enerjitəchizatı müəssisəsinin balansında olan istehlakçıya məxsus paylayıcı qurğulardan iki və daha artıq başqa istehlakçıya elektrik enerjisi verildikdə, enerjitəchizatı müəssisəsinə onlarla bilavasitə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağlamaq və elektrik enerjisinə görə hesablaşmalar aparmaq hüququ verilir. İstehlakçının paylayıcı qurğusunun enerjitəchizatı müəssisəsinin balansına verilməsi mövcud qanunvericiliyə uyğun həyata keçirilir. - Bənd 7.1. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. - bənd 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. - bənd 7.8. Bir elektrik enerjisi təchizatı mənbəyindən müxtəlif tarif qruplarına aid bir neçə istehlakçı qidalandırıldıqda, hər bir tarif qrupu üçün hesablaşma elektrik uçot cihazları quraşdırılmalıdır. Bundan başqa, elektrik enerjisinə nəzarət uçotu üçün müəyyən edilmiş elektrik enerjisi sərfi normalarının yerinə yetirilməsinə nəzarət üçün ayrı-ayrı sexlərdə, elektrik tutumlu aqreqatlarda, texnoloji xətlərdə, binalarda, ayrı-ayrı kənd təsərrüfatı, kommunal-məişət və başqa obyektlərdə texniki-nəzarət uçot cihazları quraşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”na əsasən: - bənd 1.2. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. texniki şərtlər – elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektlərində elektrik qurğularının enerji təchizatı şəbəkəsinə (bundan sonra – ETŞ) qoşulması ilə əlaqədar layihənin hazırlanmasına əsas verən və elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd; 1.2.2. enerji təchizatı müəssisəsi (bundan sonra - ETM) – xüsusi icazə əsasında əhalinin və digər istehlakçıların elektrik enerjisi ilə təchizatına təminat verən hüquqi şəxs; 1.2.4.sifarişçi – ETM-in ETŞ–yə qoşulması nəzərdə tutulan tikinti obyektlərinə və ya tikinti obyektlərinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət (sahiblik) və ya digər əşya hüququ əsasında sahiblik edən hüquqi və ya fiziki şəxs olan istehlakçı; 1.2.6. tikinti obyektləri – tikinti fəaliyyəti prosesində yaradılan və ya yaradılmış bina (o cümlədən, yaşayış binaları, yaşayış evləri) və ya qurğular; 1.2.9. tikinti obyektlərinin ETŞ–yə qoşulması (texnoloji qoşulma) – elektrik enerjisinin alqı-satqı münasibətlərinin yaranmasına qədər ETM tərəfindən verilmiş texniki şərtlərə uyğun olaraq, tikinti obyektindən ETŞ–yə qoşulma nöqtəsinədək elektrik xətlərinin çəkilməsi, əlavə güc alınması ilə bağlı layihə sənədlərinin hazırlanması və tikintiquraşdırma işlərinin görülməsi, tikinti obyektlərinin elektrik qurğularının ETŞ–yə fiziki qoşulması və qoşulma aktının tərtib edilməsinə dair göstərilən kompleks xidmət; - bənd 1.6. Bu Qaydalara uyğun olaraq, hər bir sifarişçinin ETŞ–yə qoşulma hüququ vardır. - bənd 1.7. ETM heç bir ayrı-seçkiliyə yol vermədən, bu Qaydalara uyğun olaraq sifarişçinin tikinti obyektlərinin və elektrik qurğularının ETŞ–yə qoşulması üçün texniki şərtlər verməkdən imtina edə bilməz. - bənd 1.11. Sifarişçi tərəfindən texniki şərtlərin tələbləri yerinə yetirildikdən və qoşulma haqqı ETM-in bank hesabına ödənildikdən sonra, onun tikinti obyektinin ETŞ–yə qoşulmasına dair qoşulma aktı tərtib edilir və tikinti obyekti ETŞ–yə 3 (üç) iş günü ərzində qoşulur. - bənd 2.1. Sifarişçinin elektrik enerjisi (gücü) və ya əlavə güc alması və tikinti obyektinin ETŞ–yə qoşulması ETM tərəfindən verilən texniki şərtlər əsasında həyata keçirilir. - bənd 2.3. Texniki şərtlər almaq (tələb edilən gücdən asılı olmayaraq) üçün sifarişçi tikinti obyektinin yerləşdiyi əraziyə xidmət edən enerjitəchizatı müəssisəsinə ərizə ilə müraciət etməlidir. Həmin enerjitəchizatı müəssisəsi sifarişçinin tikinti obyektinin yerləşdiyi əraziyə ən yaxın məsafədə olan lazımi gücə malik enerji mənbəyini müəyyən etməli və texniki şərtlər verməlidir. - bənd 2.16. Texniki şərtin verilməsindən aşağıdakı hallarda imtina edilir: 2.16.1. bu Qaydalarda nəzərdə tutulmuş sənədlər tam təqdim edilmədikdə (çatışmazlıqlar və uyğunsuzluqlar aradan qaldırılmadıqda); 2.16.2. təqdim edilmiş sənədlərdə qeyri-dürüst məlumatlar olduqda. 2.34. Elektrik şəbəkəsinə qoşulan sifarişçi (istehlakçı) tikinti obyektlərinin inşası müddətində elektrik gücünə olan tələbatın layihədə nəzərdə tutulmuş maksimum həddən çox olduğu və elektrik enerjisinin nominal parametrlərinə mənfi təsir edəcəyi təqdirdə, enerjitəchizat müəssisəsi sifarişçidən (istehlakçıdan) yeni texniki şərt alınmasını tələb edə bilər. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli 326 nömrəli qərarı ilə təsdiq edilmiş ““Məişət abonentlərinin tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”na əsasən: - Bənd 1.1. Bu Qayda “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 1857 nömrəli Fərmanının 2.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və məişət abonentlərinin (sifarişçilərin) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin (bundan sonra – tikinti obyekti) elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması üzrə proseduru və tələbləri müəyyən edir. - 1.2. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: - 1.2.1. texniki şərtlər – elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektinin enerji təchizatı şəbəkəsinə (bundan sonra – ETŞ) qoşulması ilə əlaqədar layihə sənədlərinin hazırlanmasına əsas verən və elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir; - 1.2.2. enerji təchizatı müəssisəsi (bundan sonra - ETM) – icazə əsasında əhalinin və digər istehlakçıların elektrik enerjisi ilə təchizatına təminat verən hüquqi şəxsdir; - 1.2.3. sifarişçi – ETŞ-yə qoşulması nəzərdə tutulan tikinti obyektinə və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət və ya digər əşya hüququ əsasında sahiblik edən məişət abonentidir; - 1.2.4. məişət abonenti – yaşayış evlərində, həmçinin qarajlarda məişət ehtiyacları üçün elektrik enerjisindən istifadə etməsi nəzərdə tutulan istehlakçıdır; - 1.2.5. qoşulma haqqı – ETM tərəfindən layihə sənədlərinin hazırlanmasına, ETŞnin gücləndirilməsinə, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə, elektrik qurğularının ETŞ-yə fiziki qoşulmasına (istifadə olunan mal-materiallara çəkilmiş xərclər də daxil olmaqla) görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bu Qaydanın 1.10cu bəndinə uyğun olaraq müəyyən etdiyi vahid məbləğdir; - 1.2.6. mövcud 0,4 kV-luq şəbəkə – tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazidən 400 metrdən çox olmayan məsafədə quraşdırılmış 0,4 kV-luq transformatorun mövcud olduğu elektrik şəbəkəsidir. - 1.3. Bu Qaydaya uyğun olaraq, hər bir sifarişçinin ETŞ-yə qoşulma hüququ vardır. - 1.4. Sifarişçinin tikinti obyektinin ETŞ-yə qoşulması ümumilikdə 24 (iyirmi dörd) gündən gec olmayaraq təmin edilməlidir. - 2.1. Texniki şərtlərin və layihə sənədlərinin alınması üçün sifarişçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə ilə (elektron və ya yazılı formada) tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazi üzrə ETM-in mərkəzlərdəki nümayəndəsinə (bundan sonra - ETM-in nümayəndəsi) müraciət edir. - 2.5. Ərizəyə ETŞ-yə qoşulması nəzərdə tutulan tikinti obyekti və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənədin surəti əlavə edilməlidir. - 2.6. Sifarişçidən bu Qaydada nəzərdə tutulmayan məlumatlar və sənədlər tələb edilə bilməz. - 2.11. ETM-in nümayəndəsi bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulan sənədləri icraata qəbul etdikdən sonra, elektrik xətlərinin keçəcəyi ərazinin xüsusiyyətlərinə uyğun olaraq, elektrik xətlərinin çəkilməsinin razılaşdırılması tələb olunan qurumların, habelə avtomobil yolları mülkiyyətçilərinin (sahiblərinin), yerli icra hakimiyyəti orqanlarının və qanunda nəzərdə tutulan digər qurumların rəyinin alınmasını təmin etməlidir. Bu məqsədlə ETM-in nümayəndəsi bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulan sənədləri icraata qəbul etdiyi gündən etibarən 1 (bir) gün ərzində enerji mənbəyini, həmin mənbədən tikinti obyektinə elektrik enerjisinin (gücünün) verilməsi üçün optimal trassanı (yolu) və həmin trassa (yol) üzrə elektrik xətlərinin çəkilməsi üçün rəyi tələb olunan qurumları müəyyənləşdirir.. - 2.14. ETM 8 (səkkiz) gün müddətində sifarişçinin tikinti obyektinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtləri və layihə sənədlərini hazırlayır. Sənədlərin hazırlanması prosesi çərçivəsində tikinti obyektinə yerində baxış zamanı məişət abonentinin cəlbi nəzərdə tutulmur.. - 3.1. Tikinti obyektindən və ya tikinti obyektinin yerləşəcəyi torpaq sahəsindən (ETM-in müəyyən etdiyi yerdən) ETŞ-yə qoşulma nöqtəsinədək elektrik xətlərinin çəkilməsini və tikinti-quraşdırma işlərini ETM həyata keçirir. Bu zaman sifarişçi bu Qaydanın 1.2.5-ci yarımbəndində nəzərdə tutulan qoşulma haqqından əlavə heç bir haqq ödəmir.. -3.2. Qoşulma nöqtəsi tikinti obyektlərinə ən yaxın məsafədə yerləşən yarımstansiyada, transformator məntəqəsində, elektrik xəttində, paylayıcı lövhədə olmalıdır.. - 3.5. ETM ilə sifarişçi arasında elektrik qurğularının balans mənsubiyyəti sərhədi elektrik enerjisi sayğacının quraşdırıldığı yerlə və qoşulma aktı ilə müəyyən edilir. - 3.6. ETM ilə sifarişçi arasında elektrik qurğularının istismarına görə məsuliyyət sərhədi balans mənsubiyyəti sərhədi ilə müəyyən edilir. - 4.1. Bu Qaydanın 3-cü hissəsində nəzərdə tutulmuş işlər yerinə yetirildikdən sonra 2 (iki) gün müddətində sifarişçinin və ETM-in nümayəndələrinin iştirakı ilə görülən işlərə baxış keçirilir və bunun nəticəsi olaraq həmin gün ETM ilə sifarişçi arasında iki nüsxədə qoşulma aktı imzalanır, elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır və ETM elektrik enerjisinin verilməsini təmin edir.r. Beləliklə, qanunvericiliyin tələbindən görünür ki, hər bir sifarişçinin ETŞ–yə qoşulma hüququ vardır və ETM heç bir ayrı-seçkiliyə yol vermədən sifarişçinin tikinti obyektlərinin və elektrik qurğularının ETŞ–yə qoşulması üçün texniki şərt verməlidir. “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın 2.16-cı bəndində texniki şərt verilməsində imtina halları göstərilmiş, hazırkı işdə belə bir hal mövcud olmamışdır. O da qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanı ilə təsdiq edilmiş “X1 Agentliyinin Nizamnaməsi”nin 1.1-ci bəndinə əsasən X1 Agentliyi (bundan sonra – Agentlik) Azərbaycan Respublikasında elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində (bundan sonra – müvafiq sahə) istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsini, müəssisələrin fəaliyyətinin təhlilini, restrukturizasiya tədbirləri ilə bağlı təkliflər verilməsini, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlər hazırlanmasını, mühəndis-kommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarətin təşkilini həyata keçirən publik hüquqi şəxsdir. Nizamnamənin 3.1.7-ci bəndinə əsasən müvafiq sahədə istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə nəzarəti həyata keçirir, bu sahədə qanun pozuntularının qarşısının alınması və pozuntuya yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə tədbirlər görür; 3.1.18-ci bəndinə əsasən Agentlik müvafiq sahədə qanunvericiliyə, o cümlədən iqtisadi, texniki və təşkilati tələblərə, təlimatlara əməl olunmasına, habelə müəssisələrin texniki şərtlər verməsinə nəzarət edir; 3.1.22-ci bəndinə əsasən istehlak olunan elektrik və istilik enerjisinə, habelə təbii qaza görə hesablaşmaların müvafiq sayğaclar vasitəsilə aparılmasına nəzarət edirş Həmçinin “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.35-ci bəndinə əsasən enerjitəchizatının subyektləri arasında elektrik enerjisindən istifadədə və ya elektroenergetika sahəsində digər mübahisəli məsələlərə tərəflərdən birinin müraciətinə əsasən X1 Agentliyi səlahiyyəti çərçivəsində baxıb, rəy verə bilər. İşin hallarının araşdırılması üçün X1 Agentliyinə sorğu verilmiş, sorğuya cavab olaraq Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyi Bakı filialının 07 sentyabr 2023-cü il tarixli, 3-15-2-1/2-1579/2023 nömrəli məktubunda göstərilmişdir ki, “Agentliyin Bakı filialının müfəttişi tərəfindən xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 538 ünvanında yerləşən fərdi yaşayış evinə, həmçinin həmin ərazi üzrə mövcud 0,4 kV-luq elektrik şəbəkəsinə baxış keçirilmişdir. Baxış zamanı sözügedən ərazinin elektrik enerjisi təchizatının "xxxx" ASC-nin X2 və Satışı İdarəsinin balansında olan 694 saylı 10/0,4 kV-luq 630 kVA gücündə komplekt transformator yarımstansiyası (KTYS) vasitəsi ilə həyata keçirildiyi müəyyən edilmişdir. Həmçinin məlum olmuşdur ki, qeyd olunan fərdi yaşayış evi ilə KTYS arasındakı məsafə düz xətt üzrə 356 metr təşkil edir (xəritə əlavə olunur). Mövcud 0,4 kV-luq şəbəkə olduğu təqdirdə məişət abonentlərinin enerji təchizatı şəbəkəsinə qoşulması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 326 nömrəli qərarı ilə təsdiq edilmiş “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”na, enerji təchizatı şəbəkəsinə qoşulma haqqının məbləğinin müəyyən edilməsi isə tələb olunan gücdən, qoşulma müddətindən və 1 fazlı və ya 3 fazlı olmasından asılı olaraq “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulma haqqının məbləği”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 327 nömrəli qərarına uyğun həyata keçirilir. "Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin birinci hissəsinin iyirminci abzasına əsasən, mövcud 0,4 kV-luq şəbəkə dedikdə, tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazidən düz xətt üzrə 400 metrdən çox olmayan məsafədə (radiusda) quraşdırılmış 0,4 kV-luq transformatorun mövcud olduğu elektrik şəbəkəsi başa düşülür. Göründüyü kimi, iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 538 ünvanında yerləşən fərdi yaşayış evinin (tikinti obyektinin) yerləşdiyi ərazidən düz xətt üzrə 400 metrdən çox olmayan məsafədə (radiusda) quraşdırılmış 0,4 kV-luq transformatorun mövcud olduğu elektrik şəbəkəsi mövcud olduğundan həmin tikinti obyektinin mövcud 0,4 kV-luq şəbəkəyə qoşulması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 326 nömrəli qərarı ilə təsdiq edilmiş “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nın tələblərinə uyğun olaraq təmin edilməlidir. Eyni zamanda qeyd olunan tikinti obyektinin enerji təchizatı şəbəkəsinə qoşulma haqqının məbləği tələb olunan gücdən, qoşulma müddətindən və 1 fazlı və ya 3 fazlı olmasından asılı olaraq “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulma haqqının məbləği”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 327 nömrəli qərarına uyğun olaraq müəyyən edilib ödənilməlidir.” Göründüyü kimi, cavabdeh iddiaçıya həmin ərazidə "xxxx" ASC-yə məxsus 0,4 kVluq şəbəkənin olmaması səbəbindən tələbinin təmin edilməsinin mümkün olmamasını bildirsə də, Agentlik "xxxx" ASC-nin X2 və Satışı İdarəsinin balansında olan 694 saylı 10/0,4 kV-luq 630 kVA gücündə komplekt transformator yarımstansiyası (KTYS) ilə mübahisəli fərdi yaşayış evi arasındakı məsafənin düz xətt üzrə 356 metr olduğunu müəyyən etmişdir. Məhkəmə hazırkı iş üzrə Agentlik tərəfindən təqdim edilən rəyi mötəbər qəbul edir və yuxarıda istinad olunanlar nəzərə alınaraq belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdeh iddiaçının tələbini təmin etməməklə onun hüquqlarının pozulmasına yol vermişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 538 saylı bağ sahəsində yerləşən fərdi yaşayış evinə texniki şərtin verilməsi, həmin yaşayış sahəsinin enerji təchizatı şəbəkəsinə qoşulması və elektrik sayğacının quraşdırılması vəzifəsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-3061/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3061/2023
18.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver