Məhkəmə qərarları › İş №2-1(112)-3063/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3063/2022

30.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3063/2022 30.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı-İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona 60 (altmış) yaşından yaşa görə pensiya təyin olunması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx.xx.1961-ci ildə doğulmuşdur və 1982ci ildən əmək fəaliyyətinə başlamışdır, buna dair əmək kitabçası açılmış və qeyd aparılmışdır. 09 avqust 1982-ci il tarixdən X3 Bakı Tikint-Montaj İdarəsində lehimləyicimontajçı işinə qəbul olunmuşdur və hal-hazırda da həmin sahədə çalışır. İşlədiyi peşələr (vəzifələr) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №li Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 1 nömrəli Siyahısı”na; 01 yanvar 2006-cı ildən sonrakı vəzifə (peşə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq olunan siyahıya əsasən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən vəzifələrdir. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı **********7 saylı, 03.09.2021-ci il tarixli məktubu ilə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmasından imtina etmişdir. Hesab edir ki, imtina əsassızdır iddiası təmin olunmalıdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 22 oktyabr 2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, iddiaçı daha əvvəl ona yaşa görə əmək pensiya təyin olunması üçün ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 03.09.2021-ci il tarixli **********7 nömrəli iddiaçıya ünvanlanmış məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Rabitə bölməsində qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər-lehimləyicilər; qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan lehimləyici-rabitə montajçıları; qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsində məşğul olan xətti qurğuların telefon rabitəsinin və radiolaşdırmanın elektrik montyorları vəzifələri nəzərdə tutulmuşdur. İmtinanın əsasları kimi ərizəçinin təqdim etdiyi 26 noyabr 1984-cü il tarixli ИЕ-1 ******* nömrəli əmək kitabçasında 01.02.2007-22.04.2019-cu il tarixləri arasındakı dövr ərzində Texnoloji quğuların inkişafı sahəsində fibro-optik kabellərinin istismarı qrupunun kabel-calayıcısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifə yuxarıda qeyd olunan vəzifəyə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı müraciət etdiyi tarixə 12 il 06 aydan az (08 il 11 ay 23 gün (09.08.1982-26.04.1986-cı il, 02.01.2004- 01.02.2007-ci il və 22.04.2019- 29.06.2021-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan sonra cavabdeh orqanın ona ünvanlamış olduğu imtina məktubundan narazı qalaraq iddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 26 noyabr 1984-cü il tarixli ИЕ-1 ******* nömrəli əmək kitabçasında 01.02.2007-22.04.2019-cu il tarixləri arasındakı dövr ərzində Texnoloji quğuların inkişafı sahəsində fibro-optik kabellərinin istismarı qrupunun kabel-calayıcısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifə yuxarıda qeyd olunan vəzifəyə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı müraciət etdiyi tarixə 12 il 06 aydan az (08 il 11 ay 23 gün (09.08.1982-26.04.1986-cı il, 02.01.2004-01.02.2007-ci il və 22.04.2019-29.06.2021-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər sığorta stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. İddiaçı-İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X4 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən etirazda qeyd olunanların nəzərə alınaraq iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiasının təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: İddiaçıya məxsus AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1961-ci il tarixdə Qəbələ rayonunda doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. НЗ ******* №-li hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 19.04.1980-cı il tarixdən 06.05.1982-ci ilədək hərbi xidmətdə olmuşdur. ИТ-İ ******* №li 26.11.1984-cü il tarixli əmək kitabçasının notarial qaydada təsdiq və tərcümə olunmuş surətində qeyd olunmuş məlumatlara əsasən İddiaçı 09.08.1982-ci ildə “Telefontikintiittifaqının” Bakı Tikinti-Montaj İdarəsinə- Rabitə montajçısı, 2-ci dərəcəli lehimçi vəzifəsinə qbul edilmişdir (Əmr № OK/90, 26.08.1982); 26.04.1986-cı ildə 3-cü dərəcəli lehimçi vəzifəsinə qəbul edilmişdir (Əmr № OK/53, 27.04.1986); 01.01.1988-ci ildə 4-cü dərəcəli kabelçi vəzifəsinə keçirilmişdir (Əmr № ORQ/9, 28.01.1988); 27.01.1993-cü ildə 5-ci dərəcəli kabelçi vəzifəsinə qəbul edilmişdir (Əmr № OK/6, 01.02.1993); 27.06.1994-cü ildə 6-cı dərəcəli kabelçi vəzifəsinə qəbul edilmişdir (Əmr № OK/33, 29.06.1994); 03.01.2000-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir (Əmr 1/K, 03.01.2000); 03.01.200-ci ildə “AZ Evrotel” BM-də Kabel qurğuları üzrə təmir quraşdırma şöbəsinə qəbul olunmuşdur ( Əmr № 7, 04.01.2000); 16.07.2000-ci ildə Kabel qurğuları üzrə təmir quraşdırma şöbəsinin kabelçisinə 8-ci kateqoriya verilmişdir (Əmr № 146, 16.07.2001); 02.01.2004-cü ildə Kabel calayıcısı vəzifəsinə keçirilmişdir (Əmr № 11, 07.01.2004); 01.02.2007-ci ildə X1 informasiya və kommunikasiya texnologiyaları üzrə tövsiyyələrinə uyğunlaşdıraraq vəzifə adlarının dəyişdirilməsi ilə əlaqədar “TMQT və QD”nin “Texnoloji qurğularının inkişafı sahəsinin “Fibro-optik” kabellərinin istismarı qrupunun kabel-calayıcısı vəzifəsində sayılmışdır; 16.05.2011-ci ildə "xxxx" BM təşkilatı-hüquqi formasını dəyişdirərək "xxxx" MMC-yə çevrilmişdir ; 01.06.2022-ci ildə "xxxx" MMC-nin Texnoloji qurğuların istismarı şöbəsinin “İnkişafı üzrə fiber optik kabellərin istismarı qrupunun kabel-calayıcısı vəzifəsi sayılmışdır (Əmr № 11/t, 01.06.2011); 22.04.2019-cu ildə "xxxx" MMC-nin yeni təsdiq edilmiş strukturasına əsasən xətt qurğularının istismarı şöbəsinin kabel-kanalizasiya qurğularının tikintisi və təmiri sektoruna kabel-lehimləyici keçirilmişdir; 19.10.2021-ci il tarixdən hal-hazıradək "xxxx" MMC-də işləyir. "xxxx" MMC tərəfindən verilmiş 25.10.2021-ci il tarixli 17 nömrəli Güzəştli-arayışda göstərilmişdir ki, İddiaçı həqiqətən "xxxx" MMC-nin Xətt qurğuların istismarı şöbəsinin kabel-kanalizasiya qurğularının tikintisi və təmiri sektorunda 03.01.2000-ci il tarixdən (07 nömrəli 04.01.2000-ci il tarixli əmr) hal-hazıradək kabel-lehimləyicisi vəzifəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında nəzərdə tutulduğu kimi 09:00- 17:00-dək qurğuşunlaşdırılmış kabellərin polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə kabel-lehimləyicisidir (zərərli faktorla işlədiyindən xüsusi geyim və südlə təmin olunur). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li Qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 30-cu bəndinin 1-ci abzasındakı kabelçilər-lehimləyicilər (kabel-lehimləyiciləri ilə eyni əmək funksiyasını yerinə yetirir, beləki qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi ilə məşqul olur) vəzifəsi salınmasını nəzərə alaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyasına çıxma hüququ verilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 25.10.2021-ci il tarixli 18 nömrəli Güzəştli-arayışda göstərilmişdir ki, İddiaçı həqiqətən "xxxx" MMC-nin Xətt qurğularının istismarı şöbəsinin kabel-kanalizasiya qurğularının tikintisi və təmiri sektorunda 03.01.2000-ci il tarixdən (07 nömrəli 04.01.2000-ci il tarixli əmr) hal-hazıradək kabel-lehimləyicisi vəzifəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında nəzərdə tutulduğu kimi 09:00- 17:00-dək qurğuşunlaşdırılmış kabellərin polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə kabel-lehimləyicisidir (zərərli faktorla işlədiyindən xüsusi geyim və südlə təmin olunur). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21,06.1993-cü il tarixli 320 №-li Qərarının 2 nömrəli əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2№-li Siyahısının XXİX maddəsinin 23100000- 12624 bəndinə əsasən kabelçilər-lehimləyicilər (lehimləyici, kabelçi, kabel-calayıcısı, kabel-lehimləyiciləri ilə eyni əmək funksiyasını yerinə yetirir, beləki qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi ilə məşqul olur) vəzifəsi salınmasını nəzərə alaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyasına çıxma hüququ verilmişdir. Azərbaycan Respublikası Rəqamsal İnkişaf və Nəqliyyat Naziliyi Bakı X5 Məsuliyyətli Cəmiyyəti "xxxx" MMC tərəfindən verilmiş 25.10.2021-ci il tarixli 15 nömrəli arayışda qeyd olunmuşdur, İddiaçı "xxxx" MMC-nin Xətt qurğularının istismarı şöbəsində kabel-lehimləyicisi vəzifəsində 03 yanvar 2000-ci il tarixindən hal-hazıra kimi işləyir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 22.02.2022ci il tarixli 1-6-118/1504-22 saylı məktubu ilə təqdim olunmuş MA-54/21.02.2022 saylı arxiv arayışında göstərilmişdir ki, xx.xx.1961-ci ildə doğulmuş İddiaçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mərkəzi arxivində saxlanılan arxiv sənədlərinə əsasən: - 09.08.1982-ci il tarixdən (26.08.1982-ci il tarixli, kş/90 №-li əmr) İttifaq Telefon Tikinti Trestinin Bakı Tikinti Quraşdırma İdarəsinə (ATS-74) 2-ci dərəcəli rabitə quraşdırıcı lehimləyicisi vəzifəsinə işə qəbul olunmuşdur. - 26.04.1986-cı il tarixdən (24.04.1986-cı il tarixli, kş/ 53 №-li əmr) 3-cü dərəcəli rabitə quraşdırıcı lehimləyicisi vəzifəsinə keçirilmişdir. - 27.01.1993-cü il tarixdən (01.02.1993-cü il tarixli, kş/ 6 №-li əmr) 5-ci dərəcəli lehimləyici vəzifəsinə keçirilmişdir. - 27.06.1994-cü il tarixdən (29.06.1994-cü il tarixli, kş/ 33a-li əmr) 6-cı dərəcəli kabelçi vəzifəsinə keçirilmişdir. 03.01.2000-ci il tarixdən (03.01.2000-ci il tarixli, kş/10 №-li əmr) əmək müqaviləsinə xitam verilmişdir. İddiaçıya aid pensiya kapitalı barədə çıxarışdan müəyyən olunur ki, İddiaçı 1992-ci ilə qədər PSK-sı 7.638,18 manat, 1992-dən 2006-yadək PSK-sı 11383,1 manat, 2006-dan sonra 77.388,55 manat, cəmi PSK-sı 96.410,38 manat, pensiya kapitalına görə sığorta hissəsi 494,83 manat təşkil edir. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 03 sentyabr 2021-ci il tarixli **********7 №li imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Rabitə bölməsində qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər-lehimləyicilər; qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan lehimləyici-rabitə montajçıları; qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsində məşğul olan xətti qurğuların telefon rabitəsinin və radiolaşdırmanın elektrik montyorları vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş 26 noyabr 1984-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında 01.02.2007-22.04.2019-cu il tarixləri arasındakı dövr ərzində Texnoloji qurğuların inkişafı sahəsində fibro-optik kabellərinin istismarı qrupunun kabel-calayıcısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifə yuxarıda qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı müraciət ediyi tarixə 12 il 6 aydan az (8 il 11 ay 23 gün (09.08.1982-26.04.1986-cı il, 02.01.2004-01.02.2007-ci i! və 22.04.2019- 29.06.2021-ci il tarixləri arasındakı dövlər)) təşkil edir.Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının qanunvericiliyin tələbləri baxımından, mümkün hesab edilmir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar –55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı 60 yaşınadək mövcud olmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. “Ümumi iş stajı” anlayışı ilə bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2.3-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddət sığortaolunanın sığorta stajına daxil edilir. İddiaçı xx.xx.1961-cı il təvəllüdlüdür. İddiaçının 60 yaşına çatması (25.06.2021) və 25 il ümumi iş stajının olması işin mübahisəsiz hallarına aiddir. Belə ki, onun 60 yaşı tamam olana kimi 25 ildən artıq ümumi əmək stajının olması onun əmək kitabçası ilə təsdiq olunur və iddiaçının qanunla tələb olunan ümumi iş stajını tam olaraq toplaması cavabdeh tərəfindən mübahisələndirilmir. İddiaçının fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olması işin mübahisə doğurmayan hallarındandır İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuş və buna əsas kimi sonuncunun müəyyən dövrdə işlədiyi peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısına aid olmadığı və bu səbəbdən də güzəştli iş stajının 12 il 6 aydan az təşkil etdiyi qeyd edilmişdir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün müvafiq güzəştli iş stajı ilə bağlı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işçinin əmək kitabçasının doldurulması, o cümlədən işin adı, peşəsi yaxud vəzifəsinin qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb edən iddiaçının əmək kitabçasında qeyd edilmiş peşə adının Siyahı ilə müəyyən edilmiş peşə adlarına uyğun gəlib-gəlməməsinin müəyyən edilməsi üçün işəgötürən tərəfindən verilmiş müvafiq arayışlar (“Güzəştli arayış”)da qeyd olunmuş məlumatlar əsas götürülməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr “Rabitə” adlanan 30-cu bölməsində nəzərdə tutulmuşdur. qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər-lehimləyicilər; qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan lehimləyici-rabitə montajçıları. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının 25.06.2021-ci il tarixədək, qanunla müəyyən olunmuş məbləğdə pensiya kapitalının, 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq, güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı 25.06.2021-ci il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına və qanunla müəyyən olunmuş məbləğdə pensiya kapitalına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (01 iyul 2017-ci ilədək olan redaksiyası) 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. İş materiallarından görünür ki, iddiaçı hazırki tələblə cavabdeh inzibati orqana 29.06.2021-ci il tarixdə müraciət etmişdir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 60 yaşdan, yəni 25.06.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1961-ci il təvəllüdlü İddiaçı 60 yaşdan, yəni 25.06.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar