Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3064/2021 06.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Vəkil Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı (üçüncü şəxs Ləğv prosesində olan "xxxx" ASC) “kredit müqaviləsi üzrə borcun restrukturizasiya siyahısına daxil edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı (üçüncü şəxs Ləğv prosesində olan "xxxx" ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 13.11.2014-cü il tarixli, GY- 0899 №-li kredit müqaviləsinə görə borcun restruktrukturizasiya edilməli olan fiziki şəxslərin siyahısına daxil edilməsi öhdəliyinin Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddiaçı ilə "xxxx" ASC-nin “Göyçay” filialı arasında 60 ay müddətinə, illik 20% olmaqla 11.000 (on bir min) manat məbləğində kreditin verilməsi ilə bağlı 13.11.2014-cü il tarixli, GY-0899 №-li Kredit müqaviləsi bağlanmışdır. İddiaçının götürdüyü kredit üzrə öhdəliyini ödəniş qrafikinə uyğun olaraq, gecikmə olmadan davam etdirmişdir. Lakin bir neçə aydan sonra baş verən kəskin devalvasiyadan sonra manatın alıcılıq qabiliyyətinin əhəmiyyətli dərəcədə aşağı düşməsi iddiaçının maliyyə vəziyyətinin pisləşməsinə səbəb olmuş və təbii olaraq ödənişlərində problemlər yaratmışdır. Məlum olduğu kimi, «Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikasının Prezidenti tərəfindən 28 fevral 2019-cu il tarixli Fərman imzalanmış və bu Fərmanda bu sənədin qüvvəyə minməsinə qədər əsas borcu 17.000 manat olan kredit borclarına güzəştli şərtlərin tətbiq edilməsi nəzərdə tutulurdu. İddiaçının kredit müqaviləsinin və qalıq borcunun bütün əlamətləri Fərmanda güzəştli şərtlərin tətbiqi ilə bağlı müəyyən edilmiş rekvizitlərə tam uyğun olsa da, iddiaçının adı siyahıya salınmamış və bu imkanlardan istifadə edə bilməmişdir. Bununla bağlı iddiaçının müraciətləri nəticəsində "xxxx" ASC Mərkəzi Banka ünvanladığı 06.03.2020-ci il tarixli cavab məktubunda etiraf etmişdir ki, İddiaçı şəxsiyyət vəsiqəsinin məlumatları bankın sisteminə səhv daxil edildiyindən həmin şəxsin kredit ödəyicisi olması və borcu barədə Mərkəzləşdirilmiş Kredit Reyestrində heç bir qeyd aparılmamışdır. Bu isə vətəndaşı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanın verdiyi güzəştlərdən yararlanmaq imkanından məhrum etmişdir. Göründüyü kimi bankın özünün də etiraf etdiyi məlum səhv nəticəsində bank vətəndaşa aid məlumatları o zaman mövcud olan Maliyyə Bazarlarına Nəzarət Palatasına və Mərkəzi Banka göndərməmişdir. Bu isə öz növbəsində vətəndaşın siyahıdan kənarda qalması ilə nəticələnmişdir. Həmçinin vətəndaş tərəfindən verilən ərizəyə o zaman mövcud olan Maliyyə Bazarlarına Nəzarət Palatasının Apellyasiya Komissiyasında da baxılmış və bank tərəfindən vətəndaşın krediti barədə uçot məlumatlarının düzgün aparılmaması faktı təsbit edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankına bu yalnışlığın düzəldilməsi və iddiaçıya sözügedən Fərmanın imkanlarından istifadə ilə bağlı lazımi tədbirlərin görülməsi ilə bağlı iddiaçının etdiyi müraciət mənfi cavablandırılmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının 20 oktyabr 2020-ci il tarixli cavab məktubu əsassızdır. Birincisi, iddiaçının kredit müqaviləsi 01 yanvar 2012-ci il tarixindən sonra bağlanmışdır və gecikmə günləri 360 gündən çox olmuşdur. İkincisi, iddiaçının kredit borcu üzrə əsas məbləğ sözügedən Fərmanda göstərilən 17.000 manat limitini keçməmişdir. "xxxx" ASC tərəfindən kreditin uçotunun düzgün aparılmaması, Mərkəzi Kredit Reyestrinə daxil edilmiş məlumatlarda fərqliliklərin olması iddiaçının səhvi deyil. Üçüncüsü, iddiaçının siyahıya daxil edilməməsinin səbəbi Bankın səhlənkarlığı nəticəsində baş vermişdir və bu fakt Bankın özünün nəzarət orqanına ünvalanladığı məktubda etiraf edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X3 iddianın təmin edilib-edilməməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Kredit verən "xxxx" ASC-nin Göyçay filialı ilə Kredit alan İddiaçı arasında bağlanmış 13.11.2014-cü il tarixli GY-0899 saylı kredit müqaviləsinin və kassa məxaric qəbzinin surətindən görünür ki, İddiaçı 60 ay müddətinə, illik 20% olmaqla 11.000 (on bir min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Əfrayıl Abdullayevə ünvanlanmış 20 oktyabr 2020-ci il tarixli məktubda qeyd edilir: Sizin müraciətinizə Azərbaycan Respublikasının Mərkəzi Bankında baxılmışdır. Cavab olaraq bildirilir ki, “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasında fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulunun 2019-cu ilin dekabrın 31-də başa çatması nəzərdə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən İddiaçı ünvanlanmış 06.11.2019-cu il tarixli məktubda qeyd olunur: Sizin müraciətinizə Maliyyə Bazarlarına Nəzarət Palatasının apellyasiya komissiyasında baxılmışdır. Cavab olaraq bildirilir ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən aparılan Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanır. Sizin kredit tarixçəniz barədə kredit təşkilatları tərəfindən uçotun düzgün aparılmaması nəticəsində Mərkəzi Kredit Reyestrinə Fərman tarixinədək heç bir məlumat daxil edilməmişdir. Bununla əlaqədar, sorğu edilən kreditlərin devalivasiya tarixlərində və Fərman tarixində mövcud olmasına, habelə təqdim olunmuş müqavilələrin həqiqiliyinə məhkəmə ekspertizası nəticəsində qərar verilməsi zərurəti yaranmışdır. Odur ki, məsələnin tam və hətərəfli araşdırılması məqsədi ilə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən məhkəməyə ünvanlanmış 01 fevral 2021-ci il tarixli məktubda qeyd edilir: İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankına (Mərkəzi Bank) qarşı “kredit borcunun restrukturizasiya edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinə və bu iddiaya qarşı Mərkəzi Bankdan öz münasibətini yazılı şəkildə bildirmək tələbinə dair məhkəmədən Sərəncam daxil olmuşdur. Bununla bağlı qeyd olunur ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Ölkə Başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası Mərkəzi Bankın 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında ləğv prosesində olan "xxxx" ASC ilə kredit müqaviləsinin bağlanılması barədə hər hansı qeydlər daxil edilməmişdir. Həmçinin nəzərinizə çatdırılır ki, “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır. İş materiallarında olan cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən məhkəməyə ünvanlanmış 10 iyun 2021-ci il tarixli məktubda qeyd edilir: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına (Mərkəzi Bank) qarşı "kredit borcunun restrukturizasiya edilməsi” tələbinə dair iş üzrə sorğunuza cavab olaraq bildirilir ki, məlum Fərman üzrə restrukturizasiya üçün kredit borcu ən azı aşağıdakı tələblərə cavab verməlidir: 1. Kredit borcunun verilməsinə dair fiziki şəxslə kredit təşkilatı arasında müvafiq kredit müqaviləsi 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1-dək bağlanmalıdır; 2. Fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas kredit borcunun (balans və (və ya) balansdankənar hesablarında olan əsas kredit borcları) qalıq məbləğinin cəmi 17.000 manatdan və ya 10.000 ABŞ dollarından (Mərkəzi Bankın 2019-cu il martın 1-nə elan etdiyi məzənnəyə uyğun olaraq, 10.000 ABŞ dolları ekvivalentindən) çox olmamalıdır; 3. Fiziki şəxsin bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş olmalıdır. Qeyd edilməlidir ki, məhkəmə tərəfindən sorğu vasitəsilə əldə edilmiş sənədlər üzrə kredit borcunun Fərmanın qüvvəyə mindiyi tarixə qədər neçə gün gecikdirildiyini müəyyən etmək mümkün deyildir. Əlavə olaraq bildirilir ki, 01.03.2019-cu il tarixinə sözügedən kredit müqaviləsi üzrə borcun gecikdirilmiş günlərinin sayı müəyyən edildikdən sonra sorğunu mahiyyəti üzrə cavablandırmaq mümkün olacaqdır. İş materiallarında olan Ləğv prosesində olan "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş 17 may 2021-ci il tarixli maliyyə arayışlarından görünür ki, LPO "xxxx" ASC ilə X4 arasında bağlanmış 13 noyabr 2014-cü il tarixi, GY-0899 saylı kredit müqaviləsi üzrə: - 21.02.2015-ci il tarixinə yaranmış tələb - müqavilə üzrə əsas borc - 10.626,54 manat; müqavilənin müddəti - 13 noyabr 2014-cü il - 13 noyabr 2019-cu il; müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər - 64,94 manat; müqavilə üzrə borcu gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə - 0 manat; müqavilənin tələbləri əsasında yaranmış ümumi borc - 10.691,48 manat; - 21.12.2015-ci il tarixinə yaranmış tələb - müqavilə üzrə əsas borc - 9959,67 manat; müqavilənin müddəti - 13 noyabr 2014-cü il - 13 noyabr 2019-cu il; müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər - 425,43 manat; müqavilə üzrə borcu gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə - 2,85 manat; müqavilənin tələbləri əsasında yaranmış ümumi borc - 10.387,95 manat; - 03.05.2021-ci il tarixinə yaranmış tələb - müqavilə üzrə əsas borc - 9.667,67 manat; müqavilənin müddəti - 13 noyabr 2014-cü il - 13 noyabr 2019-cu il; müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz – 6772,19 manat; müqavilə üzrə borcu gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə - 7319,04 manat; gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi - 5%, həmin faizin hesablanması düsturu - (əsas borc/100*5)/360, həmin düsturla hesablanan günlük faiz məbləği və gecikdirilmiş gün sayı - 1,34*530; gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği - 710,20 manat; müqavilənin tələbləri əsasında yaranmış ümumi borc - 24.469,10 manat. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının: 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi; 2-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin; 7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: 7.1. banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin; 8-ci bəndinə əsasən bu Fərmanın məqsədləri üçün: 8.1. fiziki şəxslərin xarici valyutada 10 000 (on min) ABŞ dollarınadək və ya milli valyutada 17 000 (on yeddi min) manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 8.2. 10 000 (on min) ABŞ dollarınadək və ya 17 000 (on yeddi min) manatadək məbləğ dedikdə müvafiq olaraq 10 000 (on min) ABŞ dollarının və ya 17 000 (on yeddi min) manatın da daxil olduğu məbləğ; 8.3. bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 8.4. bank dedikdə banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla); 8.6. vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar; 8.7. restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi; 8.8. güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər nəzərdə tutulur. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ********** nömrəli 27 mart 2019-cu il qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası»nın: 6.1-ci bəndinə əsasən Fərmana əsasən kredit təşkilatları tərəfindən fiziki şəxslərin restrukturizasiya olunacaq əsas kredit borcları aşağıdakı tələblərə cavab verməlidir: 6.1.1. həmin kredit borcunun verilməsinə dair fiziki şəxslə kredit təşkilatı arasında müvafiq kredit müqaviləsi 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1-dək bağlanmalıdır; 6.1.2. fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas kredit borcunun (balans və (və ya) balansdankənar hesablarında olan əsas kredit borcları) qalıq məbləğinin cəmi 17 000 manatdan və ya 10 000 ABŞ dollarından (Mərkəzi Bankın 2019-cu il martın 1-nə elan etdiyi məzənnəyə uyğun olaraq, 10 000 ABŞ dolları ekvivalentindən) çox olmamalıdır; 6.1.3. fiziki şəxsin bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş olmalıdır; 6.2-ci bəndinə əsasən fiziki şəxsin kompensasiya ödəniləcək əsas kredit borcu kompensasiya məbləği qədər azaldıldıqdan sonra əsas kredit borcunun qalıq məbləği bu Qaydanın 6-cı hissəsində nəzərdə tutulmuş qaydada restrukturizasiya olunur; 6.3-ci bəndinə əsasən kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır. Məhkəmə tərəfindən müəyyən edildi ki, Kredit verən "xxxx" ASC-nin Göyçay filialı ilə Kredit alan İddiaçı arasında bağlanmış 13.11.2014-cü il tarixli GY-0899 saylı kredit müqaviləsinə əsasən İddiaçı 60 ay müddətinə, illik 20% olmaqla 11.000 (on bir min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə iddiaçının 21.02.2015-ci il tarixinə əsas borcu 10.626,54 manat, 21.12.2015-ci il tarixinə əsas borcu 9959,67 manat və 03.05.2021-ci il tarixinə əsas borcu 9.667,67 manat təşkil edir. İddiaçının kredit müqaviləsi üzrə məlumatları Bank tərəfindən Mərkəzləşdirilmiş Kredit Reyestrinə qeyd olunan Fərman tarixinədək daxil edilməmişdir. X1 Kredit Reyestrinin məlumat bazasına və Fərman çərçivəsində yaradılmış məlumat bazasına əsasən İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında ləğv prosesində olan "xxxx" ASC ilə kredit müqaviləsinin bağlanılması barədə hər hansı qeydlər daxil edilmədiyi üçün həmin kredit borcu restrukturizasiya siyahısına daxil edilməmişdir. İşin hallarından görünür ki, hazırkı iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan məbləğ, həm borclarının ödənilməsinin gecikdirilmə müddəti, həm də digər əsaslara görə Fərmanın təsiri altına düşür. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 13.11.2014-cü il tarixli GY-0899 nömrəli kredit müqaviləsi üzrə kredit borcunun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən restrukturizasiya olunmalı kreditlər siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vəkil
Məhkəmə qərarları › İş №2-1(112)-3064/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3064/2021
06.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver