Məhkəmə qərarları › İş №2-1(112)-3064/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3064/2022

16.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3064/2022 16.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 2 ünvanında yerləşən mənzilə dair X3 adına verilmiş 14.08.2018-ci il tarixli, ******* nömrəli çıxarışın ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə hazırlıq iclası təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, X10 küçəsi, ev 84, mənzil 1 ünvanında yerləşən mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən MH seriyalı, ******* nömrəli çıxarış verilmişir. Həmin çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, X10 küçəsi, ev 84, mənzil 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə X3 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 14.08.2018-ci il tarixdə qeydə alınmışdır. Həmin əmlakın əldə edilməsi onların “Sovetski” deyilən məhəllədə daha əvvəlki evlərinin sökülməsi müqabilində verilən təzminata əsasən alınmışdır. Belə ki, satılan evə onun payı da, var idi. Qeyd edir ki, hazırda Bakı şəhəri, Səbail rayonu, X10 küçəsi, ev 84, mənzil 1 ünvanında yerləşən evi alğı-satqı ilə əldə edərkən pulun təqribən ½ hissəsi, yəni 30.000 manatı onun şəxsi vəsaitin hesabına ödənilməlidir. Bakı şəhəri, Səbail rayonu, X10 küçəsi, ev 84, mənzil 1 ünvanında yerləşən mənzilə o və övladları 14.08.2018-ci ildən qeydiyyatda olmaqla yaşasalar da, onların həmin mənilə hüquqları daha əvvəl, keçmiş evlərindən yaranmışdır. Həmin evdə də, o və ailə üzvləri qeydiyyatda olmaqla yaşamışlar. Həmin məhəllələr sökülərkən X5 ilə razılıqları olmuşdur ki, evi alarkən onlara mülkiyyət hüququ və ya daimi yaşamaq hüququ veriləcəkdir. Hətta bunun üçün o, evin alğı-satqısı üçün nəzərdə tutulan məbləğin yarısını ödəmişdir. X6 qaynanası olduğu üçün, el ənənlərinə zidd getməyərək hazırki mübahisə obyekti olan evin onun adına rəsmiləşdirilməsinə etiraz etməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakları olmadan, hazırlıq icraatı mərhələsində məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisənin mahiyyətindən müəyyən edilir ki, İddiaçı ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyyət hüququ ilə X4 məxsus 1 saylı mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, 14.08.2018-ci il qeydiyyat tarixli çıxarışı mübahisələndirir. Məhkəmə tərəfindən ünvan 2 ünvanına dair sənədlərin təqdim edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu göndərilmiş, sözügedən sorğuya sonuncu tərəfindən **********46 nömrəli, 22.02.2022-ci il tarixli məktubla verilmiş cavab məktubundan müəyyən edilmişdir ki, X3 adına mübahisəli çıxarışın verilməsinə əsas olmuş sənəd, Pyatkin Aleksandr X1 arasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli, 04.08.2018-ci il tarixli “daşınmaz əmlakın alğı-satqı müqaviləsi” olmuşdur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 17-ci bəndində qeyd edilir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Göründüyü kimi, hazırki iş üzrə mübahisə predmetini təşkil edən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, 14.08.2018-ci il qeydiyyat tarixli çıxarış mülki-hüquqi əqd (alğı-satqı müqaviləsi) əsasında verildiyindən, hazırki mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddia tələbi mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar