Məhkəmə qərarları › İş №2-1(112)-3065/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3065/2023

06.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3065/2023 06.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq arayışının verilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı X6 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək, atası X12 miras qalmış və miras kütləsinə daxil olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən hüquqlarının mövcud vəziyyətdə tanınması və tanınmış hüququ barədə cavabdeh tərəfindən arayış verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun valideynləri ünvan 2 ünvanda yaşayıb və həmin ünvanda ölmüşlər. X9 ilə anası X15 11 dekabr 1939-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. X2 07 iyul 1942-ci ildə və o, X8 09 iyun 1946-cı il tarixdə doğulmuşdur. O, 09 iyun 1946-cı il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində doğulmuşdur. Doğulduğu gündən hazırki vaxtadək Xəzər rayonu, Şüvəlan qəsəbəsi M.Müşfıq (Dəmirçi) küçəsi, ev 50-də yaşayır. X10 26 may 1991-cı il tarixdə, anası X16 isə 07 dekabr 1974-cü il tarixdə ölmüşdür. X2 17 dekabr 2018-ci ildə ölmüşdür və bacısı ailə qurmamışdır. Valideynləri öldükləri günə kimi Bakı şəhəri, ünvan 3 ünvanda atasına məxsus 1925-ci ildə tikilmiş olan iki otaq və aynabənddən ibarət fərdi yaşayış evi və köməkçi sahələrdən ibarət sahəsi 0.20 ha olan həyətyanı torpaq sahəsi olmuşdur. Ev atası tərəfindən 1925-ci ildə tikilmiş, ev və torpaq sahəsi ailəsinin istifadəsində olmuş və onlar həmin evdə doğulub həmin evdədə indiyə kimi yaşayır. O, bacısı ilə birgə 30 noyabr 2018 ci ildə 7 saylı notariat kontoruna müraciət edərək, X10ndan miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. Bundan sonra X2 17 dekabr 2018-ci ildə vəfat etmişdir. Atasının yeganə vərəsəsi odur. 1 saylı Bakı Ərazi İdarəsinin ona 07 yanvar 2019-cu il tarixli cavabına əsasən onlara məxsus evə dair arxivdə heç bir sənəd aşkar olunmamışdır. Atasından miras qalmış ünvan 4 ünvanında yerləşən evə və torpaq sahəsinə miras əmlakı qəbul etməklə, həmin evin və torpaq sahəsi üzərində mülkiyyət hüquqları tanınmalıdır. İddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 14 oktyabr 2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2022-ci il tarixdə “Elektron Məhkəmə Sistemi” vasitəsilə cavabdehin iddia ilə bağlı yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmuşdur. 1 saylı Bakı Ərazi İdarəsinin yazılı etirazında göstərilmişdir ki, sözügedən fərdi yaşayış evinin iddiaçı tərəfindən təqdim edilmiş kommunal təsərrüfatı tərəfindən verilmiş texniki pasport idarənin arxivində aşkar olunmamışdır. Həmçinin əmlakla bağlı 2 saylı Bakı İnzibati-İqtisad Məkəməsinin 2-1(82)-2311/2019 saylı qərardadı daxil olmuş, lakin həmin qərardadın qanuni qüvvəyə minməsi barədə məhkəmədən idarəyə məlumat daxil olmamışdır. İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2022-ci il tarixində ünvana keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsinin sənəd üzrə sahəsi 1512 kv. m., faktiki 1912 kv. m. təşkil edir. Bundan əlavə, təqdim olunan texniki pasportda göstərilən torpaq sahəsinin 335 kv. m. hissəsi və “A” tikilisi elektrik xəttinin mühafizə zolağında yerləşir. Qeyd olunanlarla yanaşı təqdim olunan texniki pasportda soyad “Manafov”, notariusun məktubunda “Manaf” kimi qeyd olunmuşdur. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə 13 yanvar 2015-ci il tarixli, 439 saylı Azərbaycan Respublika Prezidentinin Fərmanının 1.11-ci bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3065/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə X3 inzibati iş üzrə iddiaçı qismində iştirakına xitam verilməsi (öldüyü üçün), İddiaçı qismində (X3 hüququ varisi kimi) işə cəlb olunması qərara alınmışdır. Bundan sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən avqust 1963-cü ildə tərtib edilmiş texniki pasporta əsasən ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə mülkiyyət hüququnun X3 atası X21 məxsusluğu barədə arayışın (çıxarış) verilməsi öhdəliyinin cavabdeh 1 saylı Bakı şəhər Ərazi idarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil yenidən məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən avqust 1963cü ildə tərtib edilmiş texniki pasporta əsasən ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə və həmin fərdi yaşayış evinin yerləşdiyi 1512 kv. m. torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X21 məxsusluğu barədə arayışın (çıxarış) verilməsi öhdəliyinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X11 məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü: “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №li Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları: İş materiallarında olan: Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən ünvan 6 ünvanının avqust 1963-cü il tarixə olan vəziyyətinə dair tərtib edilmiş texniki pasportun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X13 məxsus daşınmaz əmlakın (yaşayş evi və s. ibarət) ümumi sahəsi 155.9 kv. m., torpaq sahəsi 1512,0 kv. m. qeyd olunmuşdur. Bakı şəhəri Əzizbəyov rayon VVAQ şöbəsi tərəfindən 04 iyun 1991-ci il tarixdə verilmiş İV-ЖГ seriyalı, 319500 №-li ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X25 xx.xx.1991-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1991-ci ilin iyun ayının 04-cü günündə 86 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən verilmiş M-166 №-li xx.xx.2019cu il tarixli arxiv arayışının surətindən müəyyən olunur ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1939-cu ilə dair Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu üzrə nikah haqqında qeydiyyat kitablarında 11 dekabr 1939-cu ildə Manaf Əbdüləhməd (sənəddə olduğu kimi) oğlu ilə Babayeva Həlimə (sənəddə olduğu kimi) Hacıəli qızının nikahı qeyd olunur. Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş AZ-İİ seriyalı 322822 №-li “Ölüm haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X6 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023-cü ilin 01-ci ayının 28-ci günündə 127 № ilə qeyd edilmişdir. 10 aprel 2019-cu il tarixdə Bakı şəhəri 7 saylı xüsusi notariat kontorunda tərtib olunmuş vəsiyyətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, ünvan 7 ünvanında yaşamış X6 ötən günədək ona məxsus olan və gələcəkdə onun adına keçən bütün daşınar və daşınmaz əmlaklarını həmçinin ünvan 8 ünvanında yerləşən evi və torpaq sahəsini İddiaçı vəsiyyət etmişdir. Bakı şəhəri 25 saylı Notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış: - x/o135/23 №li xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, X6 tərəfindən xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 7 saylı notariat ofisində 2V-124 reyestr nömrəsi ilə tərtib edilmiş vəsiyyətnamənin qüvədə olub-olmaması barədə müraciətinə baxılmışdır. Yoxlanılmış məlumatlara əsasən qeyd olunan vəsiyyətnamənin ləğv olunması və ya dəyişdirilməsi barədə hər hansı qeyd edilməmişdir. - x/o155/23 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri 25 saylı notariat ofisində qanun üzrə vərəsə İddiaçı müraciəti, mirasqoyanla qohumluq əlaqəsini təsdiq edən həmçinin, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2023-cü il tarixdə vəfat etmiş X3 mirası üzrə vərəsəlik işi açılmışdır. Məhkəmə tərəfindən verilmiş müvafiq sorğulara cavab olaraq; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 3-16-18/2-24/2023 saylı xx.xx.2023cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, X3 doğumu, nikahı və valideyinləri barədə Əhalinin Dövlət Reyestrinin X1 sistemində hər hansı bir məlumat tapılmamışdır. Məktuba xx.xx.1946-cı il təvəllüdlü, ünvan 10 ünvanında qeydiyyatda olan X4 aid Əhalinin Dövlət Reyestrindən çıxarış əlavə olunmuşdur. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 3-48-2F/2- 01339/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, mənzilə dair “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarlaşdırılması və qiymətləndirilməsinə aid” pasportlar Dövlət Arxivinin Bakı Filialında saxlanılmır. Dövlət Arxivinin Bakı Filialının 3-48-2F/2-01463/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “şəxsi mülkiyyət hüquq ilə evlərin texniki inventarlaşdırılması və qiymətləndirilməsinə aid” pasportlar Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 13-13/2-1/16-2821/2023 №li, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 11 ünvanında yerləşən torpaq sahəsi 322 saylı komplekt transformator məntəqəsini qidalandıran 6 kv.-luq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. Qeyd olunan bağ sahəsi elektrik verilişi xəttinin istismarına, texniki xidmət göstərilməsinə hər hansı bir maneəçilik törətmədiyindən qeydiyyata alınmasına etiraz etmirlər. ünvan 12 ünvanlanmış 983 №-li, xx.xx.2018-ci il tarixli məktubda qeyd olunmuşdur ki, X17 xx.xx.1991-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin xx.xx.2018-ci il tarixli ərizəsi əsasında mərhumun vərəsəsinin qızı X7, qızı X6 olması barədə məlumat verilir. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, M.Müşfiq küçəsi, 50 ünvanında yerləşən evə və torpaq sahəsinə dair çıxarış verilməsi xahiş olunmuşdur. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X4 ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd olunmuşdur ki, ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evinə aid dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2019-cu il tarixli poçt vasitəsi ilə daxil olmuş ərizəyə baxılmışdır. Ərizəyə əlavə olunmuş sənədlər surətdir. Sözügedən fərdi yaşayış evinin təqdim edilmiş kommunal təsərrüfatı tərəfindən verilmiş texniki pasport idarənin arxivində aşkar olunmamışdır. Həmçinin əmlakla bağlı 2 saylı Bakı İnzibatı-İqtısad Məkəməsinin 2-1(82)-2311/2019 saylı qərardadı daxil olmuş lakin həmin qərardadın qanuni qüvvəyə minməsi barədə məhkəmədən idarəyə məlumat daxil olmamışdır və sözügedən ünvanda yerləşən fərdi yaşayış evində idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının; - 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.11-ci bəndində nəzərdə tutulmuşdur ki, 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar qeydiyyat üçün əsas hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. - 8.0, 8.0.8-ci maddələrinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. "İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi hаqqındа" Kоnvеnsiyаnın 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn "mülkiyyət" və "əmlаk" аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. “Thе Trаktоrеr İsvеçə qаrşı” məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. "Axverdiyev Azərbaycana qаrşı" məhkəmə işində Аvrоpа Məhkəməsi qeyd etmişdir ki, "mülkiyyət" anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və "qanuni gözləntisi" olan əmlakı da əhatə edə bilər. "Gözlənti" mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir. Həmin işdə ərizəçi evinə aid olan torpaq sahəsinə və həyətyanı sahəyə mülkiyyət hüququnun qeydiyyata alınması üçün heç vaxt müraciət etməmişdir. Buna görə də formal olaraq o, evin sökülməsi zamanı torpağa hər hansı hüququ olmadığından mülkiyyət hüququna malik olmamışdır. Buna baxmayaraq qüvvədə olan qanunvericiliyə uyğun olaraq ərizəçi evə mülkiyyət hüququ əsasında torpağın qanuni istifadəçisi olmuşdur. Bundan başqa, onun milli qanunvericiliyə əsasən torpağa əvəzsiz qaydada mülkiyyət hüququnun əldə olunmasına diar hüquqi gözləntisi var idi. Həm ev, həm də torpaq sahəsi 1 saylı protokolun 1-ci maddəsinə əsasən ərizəçinin mülkiyyəti olmuşdur. "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsinə əsasən, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə"nin 3.0.11, 3.0.23 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat"ın 7.2-ci bəndində deyilir ki, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış tərtib edilir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Göründüyü kimi, həm Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.11-ci bəndinə, həm də “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən mərhum X17 qanuni əsaslarla istifadəsində olan fərdi yaşayış evi və onun altında yerləşən torpaq sahəsinə hüququ yaranmışdır. Cavabdeh inzibati orqanın dəlillərinə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki: 1) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi mübahisəli fərdi yaşayış evinə dair təqdim edilmiş kommunal təsərrüfatı tərəfindən verilmiş texniki pasportun nüsxəsinin cavabdeh idarənin arxivində aşkar olunmaması qanunvericiliyin tələbinə görə həmin sənədin mötəbərliyinə şübhə etməyə əsas vermir. 2) İddiaçı tərəfindən məhz qanuni əsaslarla mərhum X17 və daha sonra onun vərəsələrinin istifadəsində olmuş mübahisəli torpaq sahəsinin sənəd üzrə müəyyən edilmiş 1512 kv. metrinə dair mülkiyyət hüququnun məxsusluğu barədə arayışın (çıxarış) verilməsi tələb olunmuşdur. 3) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.3-cü maddəsinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7-ci bəndinə əsasın, torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Belə ki, mübahisəli daşınmaz əmlakın elektrik verilişi xəttinin mühafizə zonasında yerləşməsi mərhum X21 məxsus hüququn qeydə alınmasını tələb etmək imkanına təsir etmir. Eyni ilə, torpaq sahəsinə hüququn qeydə alınması - bunun üçün əsaslar yarandığı halda, istinad edilən normanın tətbiqi imkanını aradan qaldırmır. Bundan əlavə "xxxx" ASC tərəfindən mübahisəli torpaq sahəsinin komplekt transformator məntəqəsini qidalandıran 6 kv.-luq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşdiyi, qeyd olunan sahənin elektrik verilişi xəttinin istismarına, texniki xidmət göstərilməsinə hər hansı bir maneəçilik törətmədiyindən qeydiyyata alınmasına etiraz etmədikləri bildirilmişdir. 4) 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(82)-2311/2019 saylı iş üzrə çıxartdığı xx.xx.2019-cu il tarixli qərardadından müəyyən olunur ki, iddiaçı X6 cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, atası X12 miras qalmış və miras kütləsinə daxil olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin texniki sənədinin Azərbaycan Respublikası DƏDRX-in Bakı Ərazi İdarəsi tərəfindən mövcud vəziyyətdə tanınması, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi, mövcud vəziyyətdə torpaq sahəsinə onun tərəfindən atası X12 mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə onun mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi və ünvan 15 ünvanda yerləşən fərdi yaşayış evinin və mövcud vəziyyətdə torpaq sahəsinə onun adına çıxarışın verilməsi Azərbaycan Respublikası DƏDRX-in Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qeyd olunan qərardadı ilə iddiaçının məhkəmədə mübahisləndirdiyi tələb ilə, cavabdeh orqana etdiyi müraciət arasında fərq olduğuna görə cavabdeh idarə tərəfindən hər hansı hərəkət və ya hərəkətsizlik nəticəsində iddiaçının hər hansı hüquqlarının pozulması müəyyən edilmədiyindən iddiaçı X3 cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “texniki sənədin mövcud vəziyyətdə tanınması, fərdi yaşayış evinin və mövcud vəziyyətdə torpaq sahəsinə çıxarışın verilməsi” tələbi barədə iddiasının mümkün sayılmaması qərara alınmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 8-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir (8.1.). Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir (8.2.). Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir (8.3.). Beləliklə cavabdehin imtinasından və iddiaya dair etirazından görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, iş materialları ilə sübuta yetirilməyən, yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3-cü maddəsinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən avqust 1963-cü ildə tərtib edilmiş texniki pasporta əsasən ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə və həmin fərdi yaşayış evinin yerləşdiyi 1512 kv. metr torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X21 məxsusluğu barədə arayışın (çıxarış) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar