Məhkəmə qərarları › İş №2-1(112)-3066/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3066/2021

14.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3066/2021 14.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvanı: Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ev 152, mənzil 115), cavabdehin nümayəndəsi X3 (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Əjdər Xanbabayev 1; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hüquq şöbəsində böyük məsləhətçi) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə 3-cü şəxs - Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 152-də yerləşən 115 saylı mənzil üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin mənzilə dair onun adına çıxarışın və texniki pasportun verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində göstərilmişdir ki, "xxxx" Dövlət Şirkətinin müdriyyəti ilə X1 Təşkilatının 04 noyabr 1994-cü il tarixli birgə iclasının qərarına əsasən (45 nömrəli protokol) "xxxx" Dövlət Şirkəti üçün tikilmiş yaşayış binasında 1 ədəd dörd otaqlı mənzil "xxxx" Dövlət Şirkətinin 1 nömrəli Təmir Tikinti İdarəsi üçün ayrılmışdır. "xxxx" 1 nömrəli Təmir Tikinti İdarəsinin Həmkarlar Komitəsinin müdriyyətlə birgə iclasının xx.xx.1994-cü il tarixli qərarı ilə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 152-də, 6-cı blok 8-ci mərtəbədə yerləşən 115 saylı həmin mənzil mərhum ailə başçısı X7 ayrılmışdır. Ailə başçısı X12 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Qeyd edir ki, onlar 1995-ci ildən həmin mənzildə yaşayırlar. İddiaçı, cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə və Xətai Rayon Polis İdarəsinə qarşı həmin mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddia qaldırmışdır. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)- 6668/2019 saylı, xx.xx.2019-ci il tarixli qətnaməsi ilə sözügedən mənzilin 1994-cü ildən onun istifadəsində olması müəyyən olunmuş və onların (onun və qızı X2) həmin mənzilə istifadə hüquqları tanınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 12 saylı, xx.xx.2020-ci il tarixli Sərəncamı əsasında onunla 1 saylı Xüsusi təyinatlı MKTB-nin 118 saylı Mənzil Kommunal İstismar Sahəsi arasında Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 152-də yerləşən 115 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli kirayə müqaviləsi bağlanmışdır. O, sözügedən mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh imtina cavabı vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, vətəndaş İddiaçı adına qeyd olunan mənzilə dair Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş 12 saylı sərəncamın xx.xx.2020-ci il tarixdə verildiyi müəyyən edilmiş və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Bu barədə vətəndaşa **********27 saylı, xx.xx.2020-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Belə ki, 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və ya bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələri mülkiyyətə deyil, yalnız istifadəyə verilə bilər. Əlavə olaraq qeyd edirik ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 62.2-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu il tarixli fərmanına əsasən Məcəllənin 62.2-ci maddəsinə nəzərdə tutulan orqan funksiyasını Nazirlər Kabineti həyata keçirməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş 3cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin – vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 59.4-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə (48-108-ci maddələrə) əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Sadalanan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu sosial təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Lakin Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 12 nömrəli xx.xx.2020-ci il tarixli sərəncamından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 152 ünvanında İddiaçı Abbas qızına ayrılmış 115 saylı mənzil dövlət mənzil fonduna aiddir. Hazırda qeyd olunan mənzil Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansındadır. Məhkəmə qeyd edir ki, iddiaçıya verilmiş mənzil sosial təyinatlı olmadığından, hazırkı iddia tələbinə qiymət verilərkən cavabdeh orqanın yuxarıda qeyd edilən maddi hüquq normalarına istinadı düzgün deyildir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Yekun müddəalarına əsasən: 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ―İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. Məcəllənin qeyd olunan normalarından göründüyü kimi, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunu vətəndaşlara 1 oktyabr 2009-cu il tarixdən sonra verilən dövlət mənzil fondunun yaşayış sahələrinə münasibətdə şamil olunmur. Belə yaşayış sahələrinin özəlləşdirilməsi yalnız qanunla nəzərdə tutulduğu hallarda mümkün ola bilər. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti xx.xx.2020-ci il tarixli məktubla məhkəmənin sorğusuna cavab olaraq 12 nömrəli xx.xx.2020-ci il tarixli Sərəncamın və həmin sərəncamın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətini məhkəməyə göndərmişdir. İş materiallarından görünür ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-6668/2019 saylı qətnaməsinə əsasən İddiaçı Abbas qızının və X2 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 152, 115 saylı mənzilə istifadə hüquqları tanınmışdır. İş materiallarından görünür ki, Xətai Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli məktubla məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, iddiaçılar İddiaçı və X2 cavabdehlər Xətai Rayon Polis İdarəsinə və Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması” tələbinə dair 2(011)-6668/2019 saylı mülki iş üzrə 08 oktyabr 2019-cu il tarixdə qəbul edilmiş qətnamə 29 noyabr 2019-cu il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin “Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 152 saylı evin 115 saylı mənzilinə İddiaçı adına kirayə müqaviləsinin bağlanılması haqqında” 12 nömrəli xx.xx.2020-ci il tarixli Sərəncamından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 152 saylı evin, yaşayış sahəsi 52,7 kv.metr olan 4 otaqlı 115 saylı mənzilinə 2 nəfər ailə üzvü ilə (özü və qızı) İddiaçı adına kirayə müqaviləsi bağlanılması və onun, həmin mənzilin kirayəçisi hesab olunması göstərilmişdir. Həmin Sərəncamda qeyd edilmişdir ki, İddiaçı ailə üzvləri ilə birlikdə 1995-ci ildən həmin ünvanda (ünvan 2 materiallarında olan 12 nömrəli xx.xx.2020-ci il tarixli kirayə müqaviləsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 152 saylı evin 115 saylı mənzilində yerləşən dövlət mənzil fonduna aid ümumi sahəsi 94 kv.m 4 otaqlı yaşayış sahəsi müddətsiz İddiaçı sahibliyinə və istifadəsinə verilmişdir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş "xxxx" Dövlət Şirkəti X1 Komitəsinin "xxxx" D.Ş. 1 №-li TTİ-nin rəisi, Həmkarlar Təşkilatının rəisi və Xətai Rayon İcra Hakimiyyətinin rəisinə ünvanlanmış 177 nömrəli xx.xx.1994-cü il tarixli məktubundan görünür ki, "xxxx" Dövlət Şirkəti müdiriyyəti ilə X1 Təşkilatının 04 noyabr 1994-cü il tarixli birgə iclasının qərarına əsasən "xxxx" Dövlət Şirkəti üçün tikilmiş yaşayış binasında 1 ədəd 4 otaqlı mənzil ayrılmışdır: M.Hadi küçəsi, 152 nömrəli evdə, 6-cı blok, 8-ci mərtəbədə yerləşən 52.7 kv.m. sahəli, 115 nömrəli mənzil. İş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş 28 dekabr 1994-cü il tarixli "xxxx" Dövlət Şirkətinin Həmkarlar komitəsinin müdiriyyətlə birgə iclasının 66 nömrəli protokolundan çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 152 nömrəli mənzil, 6-cı blok, 8-ci mərtəbədə yerləşən 115 saylı mənzil siyahı üzrə X7 düşmüşdür. Akif Əsgərov 1978-ci ildən həmin idarədə işləmiş, 1984-cü ildən mənzil növbəsində dayanmışdır. Həmin mənzil 5 nəfər ailə tərkibində X8 ayrılmışdır. İş materiallarında olan Vətəndaşlıq vəziyyəti aktlarının AQİS-dən Çıxarışdan görünür ki, X13 və X9 20 mart 1984-cü il tarixdə nikahlarını bağlamışlar. İş materiallarında olan AZ-İ seriyalı 985646 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 25 dekabr 2018-ci il tarixdə ölmüşdür. İş materiallarında olan X5, X2 və X4 notarial qaydada veilmiş ərizələrindən görünür ki, X11, X6 və X10 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 152, 115 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə və onun adına çıxarış verilməsinə və İddiaçı xeyrinə qərar qəbul edilməsinə etiraz etmirlər. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2021-ci il tarixli məktubla məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 152, 115 saylı mənzilin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. İşin faktiki hallarından göründüyü kimi, Azərbaycan Respublikası dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar özəlləşdirilən dövlət müəssisələrinə, ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinə, digər təşkilatların isə müraciətlərinə əsasən onlara məxsus olan yaşayış binaları, o cümlədən, yataqxanalar (idarə mənzil fondu) əvəzsiz olaraq Bakı Şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə Departamentin balansına verilmişdir. Həmçinin, iddiaçının kirayəçisi hesab olunduğu mənzil ona "xxxx" Dövlət Şirkəti tərəfindən ayrıldığından, iddiaçının həmin mənzili müvafiq qanunvericiliyə uyğun olaraq özəlləşdirmək hüququ olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisə predmeti olan mənzilə dair kirayə müqaviləsinin Mənzil Kommunal Təsərrüfatı Birliyi ilə bağlaması, həmin mənzilin yerləşdiyi binanın Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olmasına dəlalət edir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan mənzilin yerləşdiyi binanın Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verildiyindən, həmin mənzilin iddiaçının istifadəsinə Mənzil Məcəlləsinin qüvvəyə mindiyi 1 oktyabr 2009-cu ildən əvvəl verildiyindən, həmçinin iddiaçının faktiki olaraq həmin mənzildə yaşaması işin mübahisələndirilməyən halı olduğundan və iddiaçı ilə mənzil fondunun mülkiyyətçisi arasında mənzil kirayə müqaviləsi bağlandığından, həmin Məcəllənin 146.2-ci maddəsinin tələbinə əsasən iddiaçının “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna (6-cı maddə) istinadla özəlləşdirmə qaydasında mənzilə mülkiyyət hüququna dair çıxarış almaq hüququ olmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmiş mənzilinin özəlləşdirilməsi ilə bağlı iddiası «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinin və «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə zidd deyildir. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 9-cu maddəsinin 1-ci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayırlar. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir (12.1). İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır (12.2). İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır (12.3). İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir (12.4). Məhkəmənin qənaətinə görə, iddiaçı 1995-ci ildən yaşadığından, Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmiş mənzilinin özəlləşdirilməsi ilə bağlı iddiası «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinin və «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olmadığından, hazırkı iddia əsaslıdır və cavabdeh inzibati orqanın imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 152 ünvanda yerləşən 115 saylı mənzilinə mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq texniki pasportun tərtib olunması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 152 ünvanda yerləşən 115 saylı mənzilinə mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq texniki pasportun tərtib olunması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar