Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3067/2021 28.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi ilə İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “iddiaçının güzəştli əsaslarla mənzil növbəsinə götürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun 1998-ci ildən güzəştli əsaslarla mənzil növbəsinə götürülməsinin bərpa edilərək bu barədə müvafiq qeydiyyatın aparılması və onun güzəştli əsaslarla mənzillə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1965-ci il tarixdə Ağdam rayonu Papravənd kəndində anadan olmuş, 1987-ci ildən Bakı şəhərinə köçərək Binəqədi rayonu Dərnəgül yaşayış massivində kirayədə yaşamış və bir müddət şin zavodda fəhlə işləmişdir. 1991-ci ilin may ayından erməni təcavüzü ilə əlaqədar Vətənin müdafiəsinə qalxaraq Ağdam rayonunda yaradılmış könüllülər dəstəsində Ağdam rayonunun sərhəd kəndlərinin qorunmasında iştirak etmişdir. 1991-ci ilin sentiyabr ayından isə Milli Ordunun tərkibində Şuşanın, Ağdamın müdafiəsində, bu ərazilərdə gedən bütün döyüşlərdə iştirak etmişdir. 1992-ci ildə Ağdam uğrunda gedən döyüşlərdə ağır yaralanmış, müalicə olunsa da sağlamlığını tam bərpa etmək mümkün olmamış, nəticədə 2-ci qrup müharibə əlil olmuşdur. İddiaçı 1997-ci ildə Bakı şəhəri Binəqədi rayonu, 9-cu mkr , M.Cəlal küçəsi ev 87-də yaxın dostuna məxsus 20-saylı mənzilə pasport qeydiyyatına götürülmüşdür. 1998-ci ildə Qarabağ Əlilləri Cəmiyyəti tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə və Binəqədi rayon İcra Hakimiyyətinə müraciət olunaraq iddiaçının müstəsna hal kimi yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi xahiş olunmuşdur. Bakı şəhər İcra Hakimiyyətinin 19.02.1998-ci il tarixli 2-99-saylı məktubuna əsasən Binəqədi rayon İcra Hakimiyyəti Başçısı 13.03.1998-ci ildə 255-saylı sərəncam vermişdir, sərəncamda göstəriİmişdir ki, 2-ci qrup Qarabağ müharibəsi əlili İddiaçı yaşayış yeri üzrə mənzil növbəsinə götürülsün və onun mənzil uçotu güzəştli əsaslarla mənzillə təmin olunan ailələrin siyahısına daxil edilsin. Binəqədi rayonunda qeydiyyatda olan şəhid ailələri və Qarabağ müharibəsi əlilləri mənzillə təmin olunsalar da, iddiaçı bu günə kimi mənzillə təmin olunmamış, bununla bağlı dəfələrlə Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etsə də, hər dəfə ona bir az gözləməyini bildirərək tezliklə mənzillə təmin olunacağını bildirmişlər. 2017-ci ildə Binəqədi rayon İcra Hakimiyyətinə etdiyi müraciətə verilmiş cavab məktubunda göstərilmişdir ki, aparılmış araşdırma nəticəsində iddiaçının mənzil uçot sənədləri və mənzil növbəsi Binəqədi rayon İcra Hakimiyyətində aşkar edilməmiş, iddiaçının mənzil növbəsinə götürülməyi barədə sərəncam Binəqədi rayon İcra Hakimiyyətinə təqdim edildikdən sonra müraciətinə yenidən baxıla bilər. İddiaçının 5 saylı Asan Xidmət Mərkəzinə müraciəti əsasında Azərbaycan Respublikası Milli Arxiv İdarəsi, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına sorğu verilmiş, sorğuya 07.06.2018-ci ildə cavab məktubu verilmiş və məktuba Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 13.03.1998-ci il tarixli 255-saylı sərəncamı əlavə edilmişdir. İddiaçı cavab məktubunu və Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 13.03.1998-ci il tarixli 255-saylı sərəncamını Binəqədi rayon İcra Hakimiyyətinə təqdim etdikdən sonra Binəqədi rayon İcra Hakimiyyətinin birinci müavinin imzası ilə 16 oktyabr 2020-ci ildə iddiaçıya cavab məktubu göndərilmiş, məktubda göstərilmişdir ki, “sizin ərizəyə əlavə etdiyiniz Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 13.03.1998-ci il tarixli 255-saylı sərəncamının 2-ci bəndində qeyd olunur ki, sizin Bakı şəhərində 7-il daimi pasport qeydiyyatı olmadığı üçün RİH-nin sərəncamı təsdiq olunmaq üçün mənzil-uçot sənədləri BŞİH-nin başçısı yanında mənzil məsələləri üzərə ictimai komissiyaya göndərilsin. Həmçinin, aparılmış araşdırma nəticəsində sizin mənzil uçot qovluğunuzun RİH-də mövcud olmadığı müəyyən edilmiş və adınız son 10 ildə mənzil növbəsinə götürülmüş şəxslərin siyahısında aşkar edilməmişdir”. İddiaçı Binəqədi rayon İcra Hakimiyyətinə qəbula gedərək ona 16 oktyabr 2020-ci il tarixdə verilmiş cavab məktubuna etiraz edərək, Bakı şəhər İcra Hakimiyyətinin 19.02.1998-ci il tarixli 2-99 saylı məktubu əsasında verilmiş Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 13.03.1998-ci il tarixli 255-saylı sərəncamının 1-ci bəndində iddiaçının yaşayış yeri üzrə mənzil növbəsinə götürüldüyünün göstərildiyini, həmin sərəncamın təsdiq olunmaq üçün mənzil-uçot sənədlərinin BŞİH-nin başçısı yanında mənzil məsələləri üzərə ictimai komissiyaya göndərilməsinin iddiaçının deyil, Binəqədi rayon İcra Hakimiyyətinin vəzifəsi olduğunu bildirmişdir. Binəqədi rayon İcra Hakimiyyətinin rəsmiləri onların nümayəndələrinin səhlənkarlığa yol verdiyini etiraf edərək, ona 2020-ci ildən güzəştli əsaslarla mənzil növbəsinə götürə biləcəklərini bildirmişlər. Lakin iddiaçı buna etiraz edərək onun 1998-ci ildən güzəştli əsaslarla mənzil növbəsinə götürülməyinin bərpa edilməsini və mənzillə təmin olunmağını tələb etmişdir. Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndələri bildirmişlər ki, onlar iddiaçıya kömək etmək istəyir və təqdim etdiyi sübutlar onun 1998-ci ildən güzəştli əsaslarla mənzil növbəsinə götürülməyinin bərpa edilməsini və mənzillə təmin olunmağını tələb etməyi əsaslıdır, lakin cavabdeh bunu edə bilmir. Cavabdeh məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. İddiaçı sonda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Sonradan iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddia tələbinin “iddiaçının 1998-ci ildən güzəştli əsaslarla mənzil növbəsinə götürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” variantda icraata qəbul ediləməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Cavabdeh Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinin iddiaya dair 22.01.2021-ci il tarixli 02/09-11-31/45 saylı etirazında göstərilmişdir ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan öncə eyni məsələ ilə bağlı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişdir. İnzibati icraat zamanı müəyyən edilmişdir ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 255 saylı 13.03.1998-ci il tarixli Sərəncamının 2-ci bəndində qeyd olunur ki, “vətəndaş İddiaçı Bakı şəhərində 7 il daimi pasport qeydiyyatı olmadığı üçün RİH-nin Sərəncamı təsdiq olunmaq üçün mənzil-uçot sənədləri BŞİH-nin başçısı yanında Mənzil Məsələləri üzrə İctimai Komissiyaya təsdiqə göndərilsin”. Belə ki, həmin dövrdə qüvvədə olan normaya əsasən mənzil növbəsinə götürülməsi üçün şərtlərdən biri qeydiyyat üzrə 7 il yaşaması tələb olunmuşdur. Bu səbəblərdən də vətəndaşın qeydiyyatının nəzərə alınmaması üçün Bakı Şəhər İcra Hakimiyyətinin mənzil-məişət komissiyası ilə razılaşdırılırdı. Belə olan halda Binəqədi rayon İcra Hakimiyyəti vətəndaşı mənzil növbəsinə götürməmiş və vətəndaş istər o dövr üzrə, istər qüvvədə olan iddia müddətlərini buraxmaqla növbədə olma tələbini irəli sürür. Araşdırma zamanı iddiaçının mənzil-uçot qovluğunun rayon İcra Hakimiyyətində mövcud olmadığı müəyyən edilmiş və adı son 10 ildə mənzil növbəsinə götürülmüş şəxslərin siyahısında aşkar edilməmişdir. Göründüyü kimi Binəqədi rayon İcra Hakimiyyəti inzibati məhkəmə icraatına əsassız olaraq cavabdeh qismində cəlb edilmiş və rayon İcra Hakimiyyəti tərəfindən iddiaçının hüquqları pozulmamışdır. Sonda iddianın mümkünsüz hesab edilməsi məhkəmədən xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməklə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirakı etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq cavabbdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarına əlavə edilmiş: - Asan 4 tərəfindən verilmiş iddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1965-ci il tarixdə Azərbaycan Respublikası Ağdam şəhərində anadan olmuşdur. - İddiaçıya məxsus 067960 saylı əlillik vəsiqəsindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı xəsarət səbəbi ilə 28.01.2014-cü il tarixdən 2-ci qrup əlildir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin ünvan 1 ünvanlanmış məktubu ilə iddiaçıya göndərilmiş Binəqədi rayon İcra Hakimiyyətinin 13.03.1998-ci il tarixli 255 saylı Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinin 19.02.1998-ci il tarixli 2-99 saylı məktubu nəzərə alınaraq İddiaçı yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüşdür. İddiaçı Bakı şəhərində 7 il daimi pasport qeydiyyatı olmadığı üçün RİH-nin Sərəncamı təsdiq olunmaq üçün mənzil-uçot sənədləri BŞİH-nin başçısı yanında Mənzil Məsələləri üzrə İctimai Komissiyaya təsdiqə göndərilmişdir. - Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinin 04.12.2017-ci il tarixli 02/09-11-11/Ə- 209-068 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, müraciətinə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılmışdır. Aparılmış araşdırma zamanı mənzil-uçot sənədləri və mənzil növbəsi Binəqədi Rayon İcra Hakimiyyətində aşkar edilməmişdir. Mənzil növbəsinə götürülməyi barədə sərəncamı Binəqədi Rayon İcra Hakimiyyətinə təqdim edildikdən sonra müraciətinə yenidən baxıla bilər. - Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinin 16.10.2020-ci il tarixli 02/09-11-11/Ə- 205-068 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Sizin mənzil növbəsinə götürülməyinizlə əlaqədar sənədlərin tapılması barədə Binəqədi rayon İcra Hakimiyyətinə müraciətiniz (daxil olma nömrəsi Ə-205-068, 18.09.2020-ci il tarixli) daxil olmuşdur. Ərizəyə əlavə edilmiş Binəqədi rayon İcra Hakimiyyəti başçısının 255 saylı 13.03.1998-ci il tarixli Sərəncamının 2ci bəndində qeyd olunur ki, “vətəndaş İddiaçı Bakı şəhərində 7 il daimi pasport qeydiyyatı olmadığı üçün RİH-nin Sərəncamı təsdiq olunmaq üçün mənzil-uçot sənədləri BŞİH-nin başçısı yanında Mənzil Məsələləri üzrə İctimai Komissiyaya təsdiqə göndərilsin”. Həmçinin aparılmış araşdırma zamanı Sizin mənzil-uçot qovluğunuzun rayon İcra Hakimiyyətində mövcud olmadığı müəyyən edilmiş və adınız son 10 ildə mənzil növbəsinə götürülmüş şəxslərin siyahısında aşkar edilməmişdir. Qeyd olunanlardan narazı qaldığınız halda məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilərsiniz”. - İİ-ЖГ seriyalı 384717 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X2 arasında nikah 03.08.1999-cu il tarixdə bağlanmışdır. - AZ-İ seriyalı 171900 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X5 28.11.2001-ci il tarixdə doğulmuşdur, atası İddiaçı, anası isə X1r. - AZ-İV seriyalı 265783 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X3 25.03.2019-cu il tarixdə doğulmuşdur, atası İddiaçı, anası isə X1r. - Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin ünvan 3 ünvanlanmış 28.09.2020-ci il tarixli 02/09/Ə-205-068 saylı məktubundan görünür ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 255 saylı 13.03.1998-ci il tarixli Sərəncamının BŞİH-nin başçısı yanında Mənzil Məsələləri üzrə İctimai Komissiyası tərəfindən təsdiqlənib-təsdiqlənməməsi barədə məlumat verilməsi və bununla bağlı müvafiq sənədlərin rayon İcra Hakimiyyətinə təqdim olunması barədə göstəriş verilməsi xahiş edilmişdir. - Bakı şəhəri İcra Hakimiyyəti başçısının Aparatının 24.06.2021-ci il tarixli 7-2018/17 saylı arxiv arayışından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 16.04.1998-cı il tarixli, 262 №-lı sərəncamı ilə Bakı Şəhər icra Hakimiyyəti başçısı aparatı yanında Mənzil məsələləri üzrə ictimai komissiyanın yığıncağının 13.04.1998-ci il tarixli, 2 №-li protokolu təsdiq edilmişdir. 2 №-li protokoldan çıxarışdan görünür ki, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 13.03.1998-ci il tarixli, 255 №-li sərəncamı -2-ci qrup Qarabağ müharibəsinin əlili – İddiaçı yaşayış yeri üzrə mənzil növbəsinə qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiyanın (2 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Fakültativ Protokoluna müvafiq bəyanatla qoşulmuşdur) 28-ci maddəsində qeyd edilmişdir ki, İştirakçı dövlətlər əlillərin və onların ailələrinin yetərli qidalanma, geyim və yaşayış yeri daxil edilməklə qənaətbəxş həyat səviyyəsinə, həyat şəraitinin daim yaxşılaşdırılmasına olan hüququnu tanıyır və əlillik əlamətinə görə diskriminasiyaya yol vermədən bu hüququn təmin və təşviq edilməsi üçün zəruri tədbirləri görür. O cümlədən, əlillərin pensiya müavinətlərindən və proqramlarından istifadə etmək imkanının təmin edilməsi üçün zəruri tədbirləri görür. Quberina (Guberina) Xorvatiyaya qarşı (CASE OF GUBERİNA v. CROATİA 22/03/2016 http://hudoc.echr.coe.int/eng?i=001-171698) işdə Avropa Məhkəməsi qeyd etdi ki, müvafiq qanunvericilik normalarında ümumi ifadələrdən istifadə edilsə də, digər qanunvericilik müddəalarında əlil şəxslərin tələbatlarının nəzərə alınması üçün zəruri tələblərə dair müəyyən istiqamətləndirici göstərişlər vardı. Bundan başqa, Əlillərin hüquqları haqqında BMT Konvensiyasını ratifikasiya etməklə cavabdeh dövlət cəmiyyətin həyatının bütün aspektlərində əlillərin tam və bərabərhüquqlu iştirakı ilə bağlı müvafiq prinsipləri, məsələn, əlillərin ağlabatan mənzil təminatı, hərəkət imkanları və ayrı-seçkiliyə məruz qalmaması kimi məsələləri nəzərə almağı öhdəsinə götürmüşdü. Çam (Çam) Türkiyəyə qarşı (CASE OF ÇAM v. TURKEY, ərizə № 51500/08 http://hudoc.echr.coe.int/eng?i=001-171664, 23.2.2016) işdə məhkəmə hesab etdi ki, əlilliyə əsaslanan ayrı-seçkilik bu insanlar üçün ağlabatan şəraitin yaradılmasından imtina edildiyi bütün hallara aiddir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər (51.2-ci maddə). Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra - uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir (51.3- cü maddə). 56.1. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. “Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı xəsarət səbəbi ilə 2-ci qrup əlildir. Buna görə iddiaçı Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 13.03.1998-ci il tarixli, 255 №-li sərəncamı ilə 2-ci qrup Qarabağ müharibəsinin əlili olduğu üçün yaşayış yeri üzrə mənzil növbəsinə qəbul edilmişdir. İddiaçı cavabdehə mənzil növbəsinə həmin sərəncamın verildiyi tarixdən götürülməsi barədə müraciət etmişdir. Cavabdeh tərəfindən onun müraciətinə cavab olaraq aparılmış araşdırma zamanı onun mənzil-uçot sənədlərinin və mənzil növbəsinin Binəqədi Rayon İcra Hakimiyyətində aşkar edilmədiyi bildirilmişdir. Halbuki, məhkəmə sorgusu ilə alınmış sənədlərdən müəyyən edilir ki, iddiaçının yaşayış yeri üzrə mənzil növbəsinə qəbul edilməsi barədə müvafiq sənədlər (Bakı Şəhər İcra Hakimiyyəti başçısının 16.04.1998-cı il tarixli, 262 №-lı sərəncamı, Bakı Şəhər icra Hakimiyyəti başçısı aparatı yanında Mənzil məsələləri üzrə ictimai komissiyanın yığıncağının 13.04.1998-ci il tarixli, 2 №-li protokolu) arxivdə mövcuddur. “İnzibati icraat haqqında” Qanunun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Beləliklə də, iddiaçının güzəştli əsaslarla mənzil növbəsinə götürülməsi barədə müraciətlərinə baxmayaraq cavabdeh inzibati orqan hərəkətsizlik göstərmiş, məhkəməyə təqdim etdiyi etirazında da göstərdiyi kimi iddiaçının mənzil-uçot qovluğunun rayon icra hakimiyyətində mövcud olmadığı müəyyən edilmiş və adı son 10 ildə mənzil növbəsinə götürülmüş şəxslərin siyahısında aşkar edilmədiyini, iddiaçının gözləntilərinin hansı vaxtda reallaşacagını bildirmədən, iddiaçını qeyri-müəyyən gözləmə vəziyyətində qoyaraq formal məktublar göndərməklə tələbin icrasından əsassız olaraq imtina etmişdir. Bununla yanaşı, cavabdeh nəzərə almalıdır ki, onun cavab məktubunda istinad etdiyi hal onu Mənzil Məcəlləsinin “yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınma” ilə bağlı normalarının tələblərini təmin etmək öhdəliyindən azad etmir. Başqa sözlə, iddiaçının əlil kimi güzəştli əsaslarla yaşayış sahəsi ilə təmin olunmaq hüququnun olduğu halda da, o, həmin kateqoriya şəxslərə aid qaydada uçota alınmalı, ona bu barədə təsdiqedici sənəd verilməlidir və iddiaçı qeyri-müəyyən durumda saxlanılmalı deyil. Azərbaycan Respublikası İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunan qanunvericiliyin normalarına əsasən məhkəmə hesab edir ki, işin materiallarında cavabdeh inzibati orqanın Mənzil Məcəlləsinin istinad edilən normalarının tələblərinə əməl olunduğuna dair məlumat olmadıgından, iddiaçının müraciəti üzrə inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduğundan və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadığından iddia qismən təmin edilməli, hazırkı vəziyyətdə iddiaçının güzəştli əsaslarla mənzil növbəsinə götürülməsi barədə müraciəti üzrə İnzibati Prosessual Məcəllənin 73-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh orqanın üzərinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı güzəştli əsaslarla mənzil növbəsinə götürülməsi barədə müraciəti üzrə məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 5 SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-3067/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3067/2021
28.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver