Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3069/2022 09.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 01 iyul 2017-ci il tarixli Qanunun tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyasının 65 yaşı tamam olduğu 26 fevral 2021-ci il tarixindən təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1956-cı il tarixdə doğulmuşdur. Əmək kitabçasının və hərbi biletinin sürətlərindən görünür ki, 24 aprel 1972ci il tarixdən 23 aprel 1975-ci il tarixinədək (1 il 11 ay 29 gün) “Azneftkəşfiyyat” trestinin X6 (FTŞ) satıcı vəzifəsində işləmiş, 02 may 1975-ci il tarixdən 13 may 1977-ci il tarixinədək (2 il 11 gün) Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 28 iyun 1977-ci il tarixdən 08 dekabr 1979-cu il tarixinədək (2 il 5 ay 10 gün) “Azneftkəşfiyyat” trestinin X6 (FTŞ) satıcı vəzifəsində, 25 fevral 1980-ci il tarixdən 22 oktyabr 1984-cü il tarixinədək (4 il 7 ay 27 gün) “Dəniznəqliyyatticarət” İdarəsinin yeməkxanasında bufetçi, 16 aprel 1985-ci il tarixdən 25 oktyabr 1988-ci il tarixindək (3 il 5 ay 9 gün) Bakı şəhəri İctimai İaşə İdarəsinin “Tatral” restoranında bufetçi, 01 noyabr 1988-ci il tarixdən 10 iyul 1989-cu il tarixinədək (8 ay 9 gün) Məktəbli və Tələbə Qidalanma trestinin 29 №-li yeməkxanasında bufetçi, 05 oktyabr 1989-cu il tarixdən 01 sentyabr 2006-cı il tarixinədək (16 il 10 ay 26 gün) “Abşeron” mehmanxanasında kafe-mağaza satıcısı və bufetçi vəzifələrində işləmişdir. Göründüyü kimi 01 sentyabr 2006-cı il tarixinədək ümumi iş stajı 32 il 2 ay 01 gün təşkil etmişdir. Qeyd olunanlara əsasən ona yaşa görə əmək pensiyası təmin edilməsi məqsədi ilə inzibati orqana müraciət etmişdir. Lakin müraciətinə inzibati orqan tərəfindən **********6 saylı 07 iyun 2021-ci il tarixli məktubla imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək üzrə verdiyi izahatında bildirdi ki, iddiaçının 15.05.1972-ci il tarixində tərtib edilmiş əmək kitabçasına əsasən 01.01.2006-cı il tarixinədək sığorta stajı 18 il 7 ay olmaqla tələb olunan müddətdən, yəni 25 ildən azdır. Belə ki, X4 və araşdırmalar şöbəsinin 07.05.2021-ci il tarixli xidməti məruzəsinə əsasən 05.10.1989-cu il tarixindən 01.01.2006-cı il tarixinədək işlədiyi "Abşeron" turist mehmanxanasının faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması imkan xaricində olduğundan həmin dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Eyni zamanda iddiaçının 01.01.2006-cı il tarixindən pensiya hüququ yararan tarixədək fərdi hesabınının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Ona görə də iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından düzgün hesab edilmir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. - İddiaçı məxsus ******* №-li hərbi biletin surətindən görünür ki, o, 03.05.1975-ci ildən 13.05.1977-ci ilə qədər (2 il 11 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - İddiaçıya məxsus əmək kitabçasının tərcümə edilmiş və təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 24.04.1972-ci ildən 23.04.1975-ci ilə qədər ORS Azneftkəşfiyyat 11 saylı mağazada satıcı (3 il), 02.05.1975-ci ildən 13.05.1977-ci ilə qədər Sovet Ordu sıralarında xidmət etmişdir (02 il 12 gün), 28.06.1977-ci ildən 08.12.1979-cu ilə qədər ORS Azneftkəşfiyyat 57 saylı mağazada satıcı (02 il 05 ay 11 gün), 25.02.1980-cı ildən 22.10.1984-cü ilə qədər Dəniz Nəqliyyatı ticarətidə yeməkxana büfətçisi (04 il 07 ay 28 gün), 16.04.1985-ci ildən 25.10.1988-ci ilə qədər “Qostern” bufetində büfətçi (03 il 06 ay 10 gün), 01.11.1988-ci ildən 10.07.1989-cü ilə qədər Məktəbli və tələbə yataqxanası trestinin 29 saylı yeməkxanada 3-cü dərəcəli bufetçi (00 il 08 ay 10 gün), 05.10.1989-ci ildən 01.09.2006-cı ilə qədər Turist mehmanxanası “Abşeron”da satıcı, 3-cü dərəcəli bufetçi, ofisiant (16 il 10 ay 27 gün) vəzifələrində işləmişdir. - "xxxx" MMC tərəfindən verilmiş 05.07.2021-ci il tarixli, 56/10 №-li arayışın sürətindən görünür ki, İddiaçı həqiqətəndə 1989-cu ilin 10 oktyabr (əmr№ 167-k - 10/10/1989-cu ilin tarixli əmrə əsasən) o vaxt ki müəssisə adı belə adlanan - Azərbaycan Respublikası Həmkarlar İttifaqının nəzdində olan X2 nəzdində 1-ci mərtəbədə fəaliyyət göstərən kafedə-satıcı vəzifəsinə qəbul edilmişdir, sonra isə (14/08/1990-ci ildə AP 140/K tarixli əmrə əsasən) 3-cü dərəcəli bufetçi vəzifəsinə, daha sonra isə (22/11/1990 il tarixli пp 187/k əsasən) icarədə olan “Abşeron” ümumi yeməkxanasında həmin vəzifələrində çalışmışdır və 1992-ci ilin 12 yanvar (12/01/1992 il tarixli np 256/k əsasən) həmin müəssisədə köçürmə ilə öz xahişi ilə (əmr №147- K 02/11/1995-ci ilin tarixli əmrə əsasən) X2 nəznində 1-ci mərtəbədə fəaliyyət göstərən kafedə-satıcı maddi məsuliyyətli-vəzifəsinə qəbul edilmişdir, daha sonra isə 20.09.1995-ci il tarixində (20/09/1995 il tarixli np 129/k əsasən) üçüncü dərəcəli ofisant vəzifəsinə keçirilmişdir. 2006-ci ilin 01 sentyabrında öz xahişi ilə vəzifədən işdən azad edilmişdir. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış məktubdan görünür ki, "xxxx" MMC-nin (VÖEN: **********) təsisçisi olduğu "xxxx" MMC (VÖEN: **********) 07.02.2013-cü ildə ləğv edilərək kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. - "xxxx" MMC tərəfindən təsdiq edilmiş "xxxx" MMC-nin (VÖEN: **********) təsisçisi olduğu və 07.02.2013-cü ildə ləğv olunan "xxxx" MMC (VÖEN: **********) adından 167-k saylı, 04.10.1989-cu il tarixli, 53/ƏÇ №-li, 19.11.2021-ci il tarixli əmrdən çıxarışdan görünür ki, İddiaçı 04.10.1989-cu il tarixindən Cəmiyyətə satıcı vəzifəsinə işə qəbul edilmiş, işçi ilə cəmiyyət arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanılmışdır. - "xxxx" MMC tərəfindən təsdiq edilmiş "xxxx" MMC-nin (VÖEN: **********) təsisçisi olduğu və 07.02.2013-cü ildə ləğv olunan "xxxx" MMC (VÖEN: **********) adından 167-k saylı, 04.10.1989-cu il tarixli, 54/ƏÇ №-li, 19.11.2021-ci il tarixli əmrdən çıxarışdan görünür ki, Cəmiyyətin ofisiantı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən öz xahişi ilə 01.09.2006-cı il tarixindən xitam verilmiş, işçinin 04.10.2005-ci il tarixindən 01.09.2006-cı il tarixinədək olan iş ilinə görə istifadə edilməmiş 28 məzuniyyət gününün son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə departamentinə həvalə edilmiş, işçinin əmək kitabçasında lazımı qeydlər aparılaraq özünə təhvil verilmişdir. - Filial tərəfindən iddiaçıya ünvanlanmış **********6 №-li, 07.06.2021-ci il tarixli məktubdan görünür ki, daxil olmuş 17.03.2021-ci il tarixli ərizəsinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən olunub. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyi 15.05.1972-ci il tarixində tərtib edilmiş əmək kitabçasına əsasən 01.01.2006-cı il tarixinədək 18 il 7 ay sığorta stajı olmaqla tələb olunan müddətdən (25 il) azdır. Eyni zamanda 01.01.2006-cı il tarixindən pensiya hüququ yararan tarixədək fərdi hesabınının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilmişdir ki, Filialın Monitorinq və araşdırmalar şöbəsinin 07.05.2021-ci il tarixli xidməti məruzəsinə əsasən 05.10.1989-cu il tarixindən 01.01.2006cı il tarixinədək işlədiyi "Abşeron" turist mehmanxanasının faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması imkan xaricindədir. Bu səbəblə həmin dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Qeyd olunanlara əsasən bildirilmişdir ki, ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından düzgün hesab edilmir. Eyni zamanda bildirilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən ona 26.02.2021-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmişdir. Məhkəmə işdə iştirak edən şəxlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. "Andreyeva Latviyaya qarşı" işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; - 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı – müvafiq olaraq fərdi hesabına sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; - 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmişdir; - 6-1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır; Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunvericiliyin tələblərinə əsasən iddiaçıya 65 yaşına çatmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda ona yaşa görə əmək pensiyası təyin edilə bilər. Cavabdeh inzibati orqan iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinasını iddiaçının 01.01.2006-cı il tarixinədək 18 il 7 ay sığorta stajı olmaqla tələb olunan müddətdən az olması, 01.01.2006-cı il tarixindən pensiya hüququ yararan tarixədək fərdi hesabınının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, Filialın Monitorinq və araşdırmalar şöbəsinin 07.05.2021-ci il tarixli xidməti məruzəsinə əsasən 05.10.1989-cu il tarixindən 01.01.2006-cı il tarixinədək işlədiyi "Abşeron" turist mehmanxanasının faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılmasının mümkün olmaması səbəbindən həmin dövrlərin sığorta stajına əlavə edilməsinin qanunauyğun hesab edilməməsi ilə əsaslandırmışdır. Göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının sığorta stajının hərbi xidmət və əmək kitabçasına əsasən 01.01.2006-cı il tarixinədək 18 il 7 ay təşkil etdiyini qəbul edir. Cavabdeh inzibati orqanın qəbul etmədiyi dövr iddiaçının əmək kitabçasında qeyd edilmiş 05.10.1989-ci ildən 01.09.2006-cı ilə qədər "Abşeron" turist mehmanxanasında işlədiyi dövrlərdir. Məhkəmə qeyd edir ki, "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə əsasən əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranır ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Bundan başqa adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Hazırki işdə iddiaçının əmək kitabçasında əmək kitabçalarının dodurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. Əmək kitabçasındakı qeydləri şübhə altına alan halların mövcud olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə – Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır. Göründüyü kimi qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübut kimi qəbul edir. Belə olan halda məhkəmə cavabdeh inzibati orqanın iddiaçının 05.10.1989-cu il tarixindən 01.01.2006-cı il tarixinədək işlədiyi "Abşeron" turist mehmanxanasının faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrün sığorta stajına daxil edilməməsi barədə gətirdiyi dəlili əsaslı hesab etmir. Bundan əlavə iddiaçının 05.10.1989-ci ildən 01.09.2006-cı ilə qədər Turist mehmanxanası “Abşeron” faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmaması iddiaçının iradəsindən asılı olan hal deyildir və bu hal iddiaçının pensiya təminatı hüququnu məhdudlaşdıra bilməz. Həmçinin iddiaçının həmin müəssisəyə işə qəbul edilməsi və işdən azad edilməsi barədə əmrlərdən çıxarışlar hazırda həmin müəssisənin təsisçisi olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edillmişdir. Eləcə də oxşar tələblə bağlı işlər üzrə formalaşmış Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyindən görünür ki, iddiaçının 05.10.1989-ci ildən 01.09.2006cı ilədək işləməsi onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı hərbi xidmət müddəti, əmək kitabçasında qeyd edilən işlədiyi müddətlər nəzərə alınmaqla 01.01.2006-cı il tarixədək artıq 32 il 07 ay 7 gün sığorta stajı mövcuddur. Məhkəmə həmçinin qeyd edir ki, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. - 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. - 5-ci maddəsinə əsasən bu Qanun 2018-ci ilin aprelin 1-dən qüvvəyə minir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə işin müəyyən edilmiş faktiki hallarına qeyd olunan maddi hüquq normalarının tələblərinə müvafiq qiymət verərək hesab edir ki, İddiaçı 01.01.2006-cı il tarixədək 25 ildən artıq sığorta stajına malik olduğu halda ona 65 yaşının tamam olduğu vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmamışdır. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı 65 yaşının tamam olduğu vaxtdan, yəni 26.02.2021-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 65 yaşının tamam olduğu vaxtdan, yəni 26.02.2021-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-3069/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3069/2022
09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver