Məhkəmə qərarları › İş №2-1(112)-307/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-307/2020

12.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-307/2020 12.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, iddiaçı -İddiaçı cavabdeh -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı cavabdehin “Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma haqqında” xx.xx.2019-cu il tarixli, 609/D saylı qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və iddiaçının müvəqqəti yaşayış ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtlərinə, o cümlədən prosessual müddətə əməl etmişdir. İddia ərizəsində bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin şöbə rəisi Yusif Əsədlinin iddiaçı barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma haqqında xx.xx.2019-cu il tarixli, 609/D saylı Qərar qəbul etmişdir. Qərar onunla əsaslandırılmışdır ki, Sonaev Faig AR CM-nin 200-1.2.3-cü və 206.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində AR CM-nin 62-ci maddəsi tətbiq edilməklə 800 manat cərimə cəzasına məhkum edilmişdir. Sonaev Faigin Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarması məsələsinə baxılması zərurəti yaranmışdır. Qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 59-cu maddəsi və Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 79.1.3-cü və 79.2-ci maddələri rəhbər tutulmuşdur. Göründüyü kimi qərarın faktiki əsası kimi iddiaçı Azərbaycan Respublikasının CM-nin 200- 1.2.3-cü və 206.1-ci maddəsi ilə təqsirli bilinib 800 manat cərimə cəzasına məhkum edilməsi, maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 79.1.3-cü nəzərdə tutulmuşdur. Həmin qərarın ləğv edilməsini xahiş edir. Xahişini onunla əsaslandırır ki, iddiaçı Azərbaycan Respublikasının CM-nin 200-1.2.3-cü və 206.1-ci maddəsi ilə təqsirli bilinib Qazax rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli hökmü ilə cərimə cəzasına məhkum edilmişdir. Lakin, məhkəmə onun Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarmasına zərurət görməmiş, ona görə də barəsində Azərbaycan Respublikasının CM-nin 52-ci maddəsini tətbiq etmədi. Məhkəmə 12 iyul 2019-cu il tarixli hökmündə göstrəmişdir ki, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, ona əlavə cəza olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilməsi onun və ailəsinin həyat şəraitinə mənfi təsiredə bilər. Məhkəmə qərara gəlmişdir ki, ona Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilməməlidir. Göründüyü kimi, cinayət faktına görə ölkə hüdudlarından kənara məcburi çıxarılması məhkəmə hökmü ilə istisna olunmuşdur, lakin, həmin fakta əsaslanıb yenidən eyni mahiyyətli qərar qəbul edilməsi dövlət orqanları tərəfindən hüquq noramlarını fərqli tətbiqinə səbəb olmuşdur ki, bu da qanunçuluq prinsipinə ziddir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(023)-66/2019 saylı Hökmünə əsasən Gürcüstan Respublikasının vətəndaşı İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 600 (altı yüz) manat miqdarda cərimə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 800 manat miqdarda cərimə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə İddiaçı qəti olaraq 1000 (bir min) manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhər Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən xx.xx.1981-ci il tarixdə Gürcüstan Respublikasında doğulmuş, Gürcüstan Respublikası vətəndaşı Faiq Sonayev barəsində Qazax Rayon Məhkəməsinin 1(023)-66/2019 saylı xx.xx.2019-cu il tarixli hökmünə əsasən AR CM-nin 200-1.2.3 və 206.1 maddələri ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilməsinə dair hökm xx.xx.2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş və Faiq Sonayev cəriməni tam ödədiyi üçün xx.xx.2019-cu il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli 609/D nömrəli “Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma haqqında” Qərarına əsasən Gürcüstan vətəndaşı (17AA89402 nömrəli Pasport) Sonaev Faigin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması; Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmış Gürcüstan (17AA89402 nömrəli Pasport) Sonaev Faigin Azərbaycan Respublikasına gəlmək hüququnun 1 il müddətinə məhdudlaşdırılması qərara alınmışdır. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 23.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində olan şəxslərin ölkədə olması arzuolunmaz hesab edildikdə müvafiq icra hakimiyyəti orqanları bu barədə məlumatı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması, habelə həmin şəxslər barəsində bu Məcəllənin 79-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması haqqında qərar qəbul edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakı hallarda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir: 45.1.1. Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda; 45.1.2. ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyduqda; 45.1.3. Azərbaycan Respublikasının ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakı və ya Azərbaycan Respublikasının banklarında həmin məbləğdə pul vəsaiti olduqda; 45.1.3-1. Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara müddətli əmanət müqaviləsi əsasında azı 100.000 manat məbləğində pul vəsaiti qoyduqda; 45.1.4. iqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda; 45.1.4-1. bu Məcəllənin 64.0.8-1-ci maddəsində nəzərdə tutulmuş mütəxəssis olduqda; 45.1.5. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda; 45.1.6. xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutduqda; 45.1.6-1. Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda; 45.1.7. Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda; 45.1.7-1. bu Məcəllənin 64.0.6-cı, 64.0.6-1-ci, 64.0.7-ci, 64.0.9-cu, 64.0.10-cu, 64.0.11-ci və 64.0.17-ci maddələrində nəzərdə tutulan hallarda; 45.1.8. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün bu Məcəllə ilə müəyyən edilmiş qaydada iş icazəsi aldıqda; 45.1.9. Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada və ümumtəhsil müəssisələrində təhsil aldıqda; 45.1.10. dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olduqda; 45.1.10-1. insan alverindən zərər çəkmiş şəxs hesab olunduqda; 45.1.10-2. cinayət təqibi orqanlarına yardım göstərdikdə; 45.1.11. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda. Həmin Məcəllənin 78.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 79-cu maddəsinə uyğun olaraq əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması haqqında qərar qəbul edildikdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıla bilərlər. Həmin Məcəllənin 79.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı aşağıda göstərilən hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində kənara çıxarma haqqında qərar qəbul edir: 79.1.1. vizası və ya müvəqqəti olma müddətinin uzadılması barədə qərarı, yaxud müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi ləğv edildikdə; 79.1.2. Azərbaycan Respublikası ərazisində olması arzuolunmaz hesab edildikdə; 79.1.3. cəza çəkməkdən azad edilmiş əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında yaşamaları üçün bu Məcəllənin 45-ci maddəsində müəyyən edilmiş əsaslar olmadıqda; 79.1.4. qaçqın statusu verilməsindən imtina edildikdə. Həmin Məcəllənin 79.2-ci maddəsinə əsasən kənara çıxarma haqqında qərarla həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 5 ilədək müddətə ölkə ərazisinə gəlməsinə məhdudiyyət qoyulur. Həmin Məcəllənin 79.8-ci maddəsinə əsasən kənara çıxarma haqqında qərardan məhkəməyə şikayət verilə bilər. Şikayətin verilməsi kənara çıxarma haqqında qərarın icrasını dayandırmır. İddia ərizəsindən görünür ki, iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı cəza çəkməkdən azad edilmiş şəxs olmadığından, cavabdeh orqan onun barəsində Miqrasiya Məcəlləsinin 79.1.3-cü maddəsinə əsaslanaraq qərar qəbul edə bilməzdi. Məhkəmə bununla bağlı qeyd edir ki, mövcud qanunvericliyin müddəalarından müəyyən edilir ki, cəza çəkməkdən azad edilmiş şəxslərin sırasına cəzasını çəkmiş şəxslər də aid edilir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 2.3-cü maddəsinə əsasən Məcəllə qarşısına qoyulmuş vəzifələrə uyğun olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cəzaların icrasının ümumi müddəaları və prinsiplərini, digər cinayət-hüquqi xarakterli tədbirləri, məhkumlara islah edilmə vasitələrinin tətbiqini, cəzaların icrası və çəkilməsi qaydalarını və şərtlərini, məhkumların hüquqi vəziyyətini, cəzanı icra edən müəssisə və orqanların fəaliyyət qaydasını, məhkumların islah edilməsində müvafiq icra hakimiyyəti orqanlarının, digər müəssisə, idarə və ya təşkilatların ictimai birliklərin və vətəndaşların iştirakını, məhkumların cəza çəkməkdən azad edilməsi və cəza çəkməkdən azad edilmiş şəxslərə yardım edilməsi qaydalarını müəyyənləşdirir. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Həmin Məcəllənin 167.0.6-cı maddəsinə əsasən xəstəliyə və qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslara görəməhkumlar cəza çəkməkdən azad edilirlər. Məhz cəza çəkməkdən azad edilmiş şəxslərə də yardım edilməsi onu göstərir ki, həmin kateqoriyadan olan şəxslər cəzanı çəkib və azad olunmuş şəxslərdir (qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslar), hansı ki, onlara müvafiq yardımın edilməsi zərurəti qanuvericilikdə bilavasitə təsbit edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Gürcüstan Respublikası vətəndaşı İddiaçı barəsində Qazax Rayon Məhkəməsinin 1(023)-66/2019 saylı xx.xx.2019-cu il tarixli hökmünə əsasən AR CM-nin 200-1.2.3 və 206.1 maddələri ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilməsinə dair hökmün qanuni qüvvəyə minməsi və İddiaçı tərəfindən cərimənin tam ödənilməsi və beləliklə də, onun cəza çəkməkdən azad edilmiş şəxs olması, iddiaçının Azərbaycan Respublikasında yaşaması üçün Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 45-ci maddəsində müəyyən edilmiş əsasların olmaması iş materialları ilə öz təsdiqini tapdığından, həmçinin cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən inzibati akt qəbul edilərkən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi iş materialları ilə öz təsdiqini tapmadığından, hazırkı iddia əsassızıdır və təmin edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasəninzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı cavabdehin “Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma haqqında” xx.xx.2019-cu il tarixli, 609/D saylı qərarının ləğv edilməsinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və İPM-in 75 və 85-ci maddələrini rəhbər tuturaq, məhkəmə Qərara aldı: İddia təmin edilməsin. Qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar