Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-307/2022 30.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Təhməzov Əli Azər oğlunun katibliyi ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı su ilə təmin edilmə tələbinə dair inzibati iş materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda ona məxsus quşçuluq fermasının su ilə təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1992-ci ildə yağı düşmənlərin etdikləri vəhşiliklər nəticəsində o hərbiçi olaraq yağı düşmənlərdən qisas almaq qərarına gəlmişdir. 1993-cü ildə C.Naxçıvanski adına hərbi litseyə daxil olmuş, 1996-ci ildə oranı bitirdikdən sonra həmin ildə Ümummilli lider Heydər Əliyev adına Bakı Ali Birləşmiş Komandanlıq məktəbinə daxil olmuş, həmin məktəbi X6 Komandiri ixtisası üzrə tam kurs bitirmiş, dövlət imtahanı komissiyasının qərarı ilə zirehli tank və avtomobil texnikasının istismarı üzrə mühəndis ixtisasını bitirmişdir. 1996-cı ildən 2013-cü ilədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tərkibində olan N saylı hərbi hissələrdə müxtəlif vəzifələrdə xidmət etmiş və mayor rütbəsinə, taborun qərargah rəisi vəzifəsinə kimi yüksəlmişdir. Ümumi olaraq 18 il həqiqi hərbi xidmətdə olmuşdur. Xidmətinin 8 ilini yağı düşmənlə təmasda olan şəraitdə Qazax rayon ərazisində yerləşən döyüş bölgələrində xidmət etmişdir. Xidmət müddətində 2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi Yubiley medalı ilə, 2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik medalı ilə və 2011-ci ildə 3-cü dərəcəli Qüsursuz xidmətlərə görə medalı ilə təltif olunmuşdur. Hal hazırda 2-ci qrup hərbi əlil, Prezident təqaüdçüsü, ehtiyatda olan mayordur. Təxris olduqdan sonra Xəzər rayon, Binə qəsəbəsi, Südçülük sovxozunda fərdi quşçuluq ferması tikdirmişdir ki, həmin sahədə özünü və ailəsini dolandırsın, lakin bir müddətdən sonra həmin fermada su olmadığı üçün işlədə bilməmiş və o istiqamətdə fəliyyətini dayandırmışdır. Bu barədə məcbur qalıb Cavabdeh ASC-nə müraciət etmiş, lakin cavabdeh müraciətinə biganə cavab verdiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qeyd etmək istəyir ki, Su təchizatı haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Cavabdeh ASC tərəfindən Xəzər rayon, Binə qəsəbəsi, Südçülük Sovxozunda yerləşən ona məxsus qeyri-yaşayış sahəsində su xətti çəkilməlidir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq hərbi əlil olduğu üçün məhkəmə baxış və hazırlıq iclasının iştirakı olmadan keçirilməsini və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək verdiyi izahatında bildirmişdir ki, İddiaçı tərəflərindən ünvanlanmış məktub imtina hesab edilə bilməz. Belə ki, iddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş sənədlər onlara təqdim edildiyi halda müraciətinə yenidən baxıla bilər. Lakin iddiaçı tərəfindən belə sənədlər onlara təqdim edilməmişdir. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Növbəti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AA******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildə doğulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsindən (16.03.2020-ci il tarixli) görünür ki, İddiaçı 12.10.2016-ci il tarixdən hərbi xidmət vəzifəsinin yerinə yetirmək səbəbi ilə, “Dəqiqləşdirilmiş hərbi əməliyyatlar nəticəsində zədələnmələr. Postkontuzion sindrom, tez-tez təkrarla simpadoadrenergik. Paroksizlərlə. Xoşxassəli paroksimal başgicəllənmə. Digər rubrikalarda təsnif olunan xəsətəliklərdə başqa retinal pozğunluqlar.” diaqnozu ilə 12.10.2021-ci il tarixədək qüvvədə olan ikinci dərəcəli əlillik təyin edilmişdir. - Abşeron rayon İcra Hakimiyyəti Başçısının “Abşeron rayonuna təhkim olunmuş, X7 saxlanılmış torpaqlardan X2 Abşeron rayon Hövsan Südçülük sovxozu ərazisindən torpaq sahəsi ayrılması barədə tərtib olunmuş icarə müqaviləsi və digər torpaqayırma sənədlərinin təsdiq edilməsi haqqında” 17.10.2013-cü il tarixli, 642 №-li sərəncamın surətindən görünür ki, Abşeron rayonunun X11 Fondunda saxlanılmış torpaqlardan Abşeron rayonunun Hövsan Südçülük sovxozunun ərazisindən kənd təsərrüfatı məqsədilə 2,0 hektar 99 (doxsan doqquz) il müddətinə icarə qaydasında X2 torpaq sahəsi ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq edilmişdir. - Bakı şəhəri, 18 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 11.10.2017-ci il tarixli, AR İN 566205 №-li etibarnamənin surətindən görünür ki, X1 RİH-nin 17.10.2013-cü il tarixli, 642 saylı sərəncamına əsasən adına olan Abşeron rayon Hövsan südçülük sovxozu ərazisində yerləşən 2,0 ha torpağı özəlləşdirməyi, 1700 kvm. sərəncam verməyi, tikməyi, RİH-də, Bələdiyyədə, DTXK-də onu təmsil etməyi, DƏDRXİ-dən çıxarışı almağı, kommunal xətlərin çəkilməsi, ödənilməsi daxil olmaqla tikilini və torpağı satmağı, bağışlamağı, ipotekaya qoymağı, bank əməliyyatlarını aparmağı, müqavilə imzalamağı, pulunu almağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olaraq bütün hərəkətləri etməyi 50 il müddətinə, 11.10.2067-ci il tarixədək İddiaçı etibar etmişdir. - Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya ünvanlanmış 08.07.2020-ci il tarixli, 04/04-2/8378 nömrəli məktubdan görünür ki, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən qeyri-yaşayış obyektinin su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulmasına Texniki Şərtlərin verilməsi barədə 29 iyun 2020-ci il tarixli, N-7678 nömrəli müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 2014-cü il tarixli, 275 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nın 2.10.3-cü bəndinə əsasən tikinti ərazisinin vəziyyət planı, obyektin tikintisinə dair layihənin surətləri, obyektin suya olan tələbatı, axıdılacaq tullantı sularının miqdarı barədə məlumatları Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə təqdim etdikdən sonra Texniki Şərtlərin verilməsi məsələsinə baxılacaqdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 2014-cü il tarixli, 275 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nın: - 1.2.1-ci bəndinə əsasən su təchizatı və tullantı sularının axıdılması sistemi (bundan sonra - STTSAS) - suyu mənbədən götürən, təmizləyən və istehlakçıya çatdıran bir və ya bir qrup qurğu, o cümlədən magistral (ümumiləşdirilmiş) və paylayıcı (daxili) su kəmərləri (xətləri) şəbəkəsi, həmçinin yaşayış məntəqəsi və sənaye müəssisələrində formalaşan tullantı sularını qəbul edən, nəql edən, təmizləyən və kənarlaşdıran şəbəkə və qurğular kompleksidir. - 1.2.2-ci bəndinə əsasən texniki şərtlər - obyektlərin STTSAS-a qoşulması məqsədi ilə layihənin hazırlanmasına əsas verən, su təchizatının və kanalizasiya xidmətlərinin təmin edilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir. - 1.2.3-cü bəndinə əsasən sifarişçi - su təchizatı və kanalizasiya müəssisəsinin (bundan sonra - STKM) STTSAS-a qoşulması nəzərdə tutulan tikinti obyektlərinə mülkiyyət (sahiblik) və ya digər əşya hüququ əsasında sahiblik edən hüquqi və ya fiziki şəxs olan istehlakçıdır. - 1.5-ci bəndinə əsasən bu Qaydalara uyğun olaraq, hər bir sifarişçinin STTSAS-a qoşulma hüququ vardır. - 2.1-ci bəndinə əsasən sifarişçinin tikinti obyektinin STTSAS-a qoşulması STKM tərəfindən verilən texniki şərtlər əsasında həyata keçirilir. - 2.6-cı bəndinə əsasən tikintiyə icazə icraatı çərçivəsində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq, tikinti obyekti üçün texniki şərtlər (tələbatından asılı olmayaraq) sifarişçinin tikintiyə icazə verən orqana (quruma) müraciətinə (ərizəsinə) əsasən tikintiyə icazə verən orqanın (qurumun) STKM-ə sorğusu əsasında verilir. Tikintiyə icazə verən orqan (qurum) sorğu ilə yanaşı sifarişçinin ərizəsinin surətini, habelə bu Qaydaların 2.9.2-ci bəndinə uyğun olaraq həmin ərizəyə əlavə edilmiş sənədlərin surətlərini də STKM-ə təqdim etməlidir. - 2.7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.2-ci və 80-ci maddələrinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektləri, həmçinin tikintisinə icazə tələb olunmayan tikinti obyektləri üçün texniki şərtlər (tələb edilən gücdən asılı olmayaraq) həmin yaşayış evinin və ya tikinti obyektinin məxsus olduğu sifarişçinin STKM-ə bilavasitə müraciəti əsasında verilir. - 2.9-cu bəndinə əsasən bu Qaydaların 2.6-cı bəndində nəzərdə tutulmuş sifarişçinin tikintiyə icazə verən orqana (quruma) təqdim etdiyi ərizədə aşağıdakılar göstərilməlidir: 2.9.1. sifarişçi hüquqi şəxs olduqda - adı, hüquqi ünvanı və VÖEN-i barədə məlumatlar, fiziki şəxs olduqda isə - adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsi (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslər - həmçinin VÖEN-i) barədə məlumatlar, tikinti obyektinin təyinatı və fəaliyyət növü; 2.9.2. tikinti ərazisinin vəziyyət planı, obyektin tikintisinə dair layihənin surətləri, binanın (binaların), qeyri-yaşayış sahələrinin bütün yeraltı kommunikasiyaları, xarakteristikası (binaların, qeyri-yaşayış sahələrinin hündürlüyü və ya mərtəbəliliyi, mənzillərin sayı, suya olan tələbatı, axıdılacaq tullantı sularının miqdarı (həcmi) barədə məlumatlar. - 2.10-ci bəndinə əsasən bu Qaydaların 2.7-ci bəndində nəzərdə tutulmuş sifarişçinin təqdim etdiyi ərizədə aşağıdakı məlumatlar göstərilir: 2.10.1. fiziki şəxsin - adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsi barədə məlumatlar; 2.10.2. sifarişçinin STTSAS-a qoşulması nəzərdə tutulan tikinti obyektinin ünvanı; 2.10.3. tələb olunan su sərfiyyatı və tullantı sularının miqdarı (həcmi). - 2.20-ci bəndinə əsasən texniki şərtlərin verilməsindən aşağıdakı hallarda səbəbləri konkret əsaslandırılmaqla rəsmi qaydada imtina edilir: 2.20.1. Qaydaların 2.9-cu və 2.10-cu bəndlərində nəzərdə tutulmuş sənədlərin bu Qaydaların 2.14-cü bəndi ilə müəyyən edilmiş müddətdə tam təqdim edilməməsi (çatışmazlıqların və uyğunsuzluqların aradan qaldırılmaması); 2.20.2. texniki şərtlərin verilməsinin STKM-in indiki və gələcək məişət (təsərrüfat) içməli məqsədli su istehlakçıları qarşısındakı öhdəliklərinin yerinə yetirilməsinə maneələr yaratması; 2.20.3. istehlakçının daxili su və kanalizasiya xidmətlərinin şəbəkəsinin vəziyyəti su və kanalizasiya şəbəkələrinin xətlərinin texniki istismarı üzrə normativ hüquqi aktlara uyğun gəlməməsi; 2.20.4. sifarişçinin qoşulma barədə müraciətindən imtina etməsi; 2.20.5. tikinti sahəsində mövcud su təchizatı və ya kanalizasiya şəbəkə və qurğularının mühafizəsi və ya köçürülməsinin mümkün olmaması. Qanunvericiliyin tələblərindən göründüyü kimi su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması nəzərdə tutulan tikinti obyektlərinə mülkiyyət (sahiblik) və ya digər əşya hüququ əsasında sahiblik edən hüquqi və ya fiziki şəxs olan sifarişçi tikinti ərazisinin vəziyyət planını, obyektin tikintisinə dair layihənin surətlərini, binanın (binaların), qeyri-yaşayış sahələrinin bütün yeraltı kommunikasiyaları, xarakteristikası (binaların, qeyriyaşayış sahələrinin hündürlüyü və ya mərtəbəliliyi, mənzillərin sayı, suya olan tələbatı, axıdılacaq tullantı sularının miqdarı (həcmi) barədə məlumatları, həmçinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması nəzərdə tutulan tikinti obyektinin ünvanı, tələb olunan su sərfiyyatı və tullantı sularının miqdarı (həcmi) məlumatları su təchizatı və kanalizasiya müəssisəsinə təqdim etməlidir. Hazırki işin araşdırılması zamanı İddiaçı Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən qeyri-yaşayış obyektinin su təhcizatı və kanalizasiya şəbəkələrinə qoşulması ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də qanunvericiliyin qeyd olunan tələblərinə uyğun sənədləri, yəni tikinti obyektinin ünvanı, tikinti ərazisinin vəziyyət planını, obyektin tikintisinə dair layihənin surətlərini, obyektin suya olan tələbatı, axıdılacaq tullantı sularının miqdarı barədə məlumatları nə inzibati orqana, nə də məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda məhkəməyə təqdim edilmiş sənədlərdə onun su təhcizatı və kanalizasiya şəbəkələrinə qoşulmasını tələb etdiyi qeyri-yaşayış obyektinə mülkiyyət (sahiblik) və ya digər əşya hüququ əsasında sahiblik etməsi müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, iddiaçının ilk növbədə arzuladığı inzbati aktın qəbul edilməsinə dair ərizə ilə inzibati orqana müraciət etməsi, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli, 5 nömrəli qərarının qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına toxunan hər hansı hallara yol verilmədiyindən, bununla da iddianın mümkünlük şərtləri yerinə yetririlmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-307/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-307/2022
30.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver