Məhkəmə qərarları › İş №2-1(112)-3071/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3071/2025

17.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3071/2025 17.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlu, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “sərəncamın qismən ləğv edilməsi” iddiasına dair inzibati iş üzrə iddiaçıların “iddiadan imtina” barədə ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), məhkəmə iclasından kənar qaydada baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 55 saylı sərəncamının Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 12, mənzil 21-ə dair hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq məhkəmənin icraatına qəbul edilərək iş üzrə məhkəmə hazırlıq icraatı başlanılmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, "xxxx" MMC üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçılar xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddiadan imtina etdiklərini bildirmiş və icraata xitam verilməsini xahiş etmişdirlər. Məhkəmə iddiaçıların ərizəsi və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddiaçıların “iddiadan imtina” barədə ərizəsi qəbul edilməlidir. Belə ki, İPM-in: 15.2-ci maddəsinə əsasən, İnzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər; 16.3-cü maddəsinə əsasən, bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər; 55.1-ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır; 55.2-ci maddəsinə əsasən, şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir; 55.4-cü maddəsinə əsasən, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir; 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Sadalanan inzibati prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, inzibati məhkəmə icraatında tərəflər dispozitivlik prinsipindən çıxış edərək öz pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edirlər. Tərəflərin öz maddi hüquqları üzərində sərəncam vermək imkanları saxlanılır. Prosesin gedişində tərəflər mübahisə predmetinə dair öz mövqelərini müəyyən dərəcədə dəqiqləşdirə və ya ümumiyyətlə mübahisədən imtina edə bilərlər. Hətta iddiadan imtina ilə bağlı iddiaçının imkanları inzibati məhkəmə icraatında daha da irəli gedərək, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər olan dövrü də əhatə edir. Məhkəmə hesab edir ki, həmin ərizənin müsbət həlli üçün, yəni onun qəbul edilməsi və iş üzrə icraata xitam verilməsi üçün qanunvericiliyin yuxarıda göstərilən tələbləri ödənilir. Odur ki, iddiaçının “iddiadan imtina” barədə ərizəsi qəbul edilməlidir. İPM-in 81.1-ci maddəsinə əsasən, inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Məhkəmə həmçinin vurğulayır ki, yuxarıda da qeyd edildiyi kimi, iddiadan iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Göstərilənlərə əsasən və İPM-in 55, 80, 81 və 85.1-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 “iddiadan imtina” barədə ərizəsi qəbul edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “sərəncamın qismən ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar