Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3072/2022 28.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 29 iyul 1998-ci il tarixdə Rusiya Federasiyası, Kastroma vilayəti, Kastroma şəhərində anadan olmuş İddiaçı vətəndaşlıq mənsubiyyətinin (Azərbaycan Respublikası vətəndaşı olub-olmamasının, Rusiya Federasiyası vətəndaşı olmasının) müəyyən edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı müvafiq sorğunun Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 mart 2018-ci il tarixli 84 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın tələblərinə və Qaydaya əlavə müvafiq ərizə-anket nümunəsinə uyğun şəkildə tərtib olunaraq Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə, xarici dövlətlərdə isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluq idarələri vasitəsi ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə təqdim olunması vacibdir. Göründüyü kimi qanunvericilik vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını konkret müəyyən etmişdir. Qeyd olunanlar nəzərə alınmaqla şəxsin ünvanına Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar təqdim olunan ərizə anket nümunəsi və həmin sorğu vərəqinə əlavə edilən sənədlərin siyahısı göndərilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmiş, məhkəmə iddiaçının iştirakı olmadan iddianın mümkünlüyü məsələsini araşdırmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə nümayəndənin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarından görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X6 ərizə ilə Dövlət Miqrasiya Xidmətinə müraciət edərək 29 iyul 1998-ci il tarixdə Rusiya Federasiyası, Kastroma vilayəti, Kastroma şəhərində anadan olmuş İddiaçı vətəndaşlıq mənsubiyyətinin (Azərbaycan Respublikası vətəndaşı olub-olmamasını) müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin İddiaçı ünvanladığı 05.08.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, sizin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə 27.07.2021-ci il tarixdə daxil olmuş və İ-2919/3677/ə daxilolma nömrəsi ilə qeydiyyatdan keçmiş elektron müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Qeyd olunan məsələ ilə əlaqədar bildirilir ki, sizin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinizin müəyyənləşdirilməsi ilə bağlı araşdırmanın aparılması zəruridir. Bu məqsədlə müvafiq sorğunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 2015-ci il tarixli 84 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın tələblərinə və Qaydaya əlavə olunmuş müvafiq ərizəanket nümunəsinə uyğun şəkildə tərtib olunaraq Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə, xarici dövlətlərdə isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluq idarələri vasitəsi ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə təqdim olunması vacibdir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar təqdim olunan ərizə-anket nümunəsi (əlavə olunur) və həmin sorğu vərəqinə əlavə edilən sənədlərin siyahısı (əlavə olunur) ünvanınıza göndərilir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Katibliyinin X5 ünvanlandığı 23.09.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, sizin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə poçt vasitəsilə daxil olmuş X2 aid Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi üçün Ərizə-anket və 6 ədəd fotoşəkil müraciətin qanunvericiliklə müəyyən olunmuş qaydada təqdim olunmaması səbəbindən geri qaytarılır. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.03.2015-ci il tarixli 84 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.1-ci bəndinə görə şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraata şəxsin özünün və ya mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarının, prokurorluq və məhkəmə orqanlarının sorğusu əsasında başlanılır. X4 nümayəndəsi vasitəsilə məhkəməyə təqdim etdiyi hazırkı iddia ərizəsində cavabdehin üzərinə onun vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi vəzifəsinin qoyulmasını mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -28.1-ci maddəsinə görə inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. -28.2-ci maddəsinə görə bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 2015-ci il tarixli 84 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın: -2.1-ci bəndinə görə şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olduğu təqdirdə aparılır. -3.1-ci bəndinə görə şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraata şəxsin özünün və ya mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarının, prokurorluq və məhkəmə orqanlarının (bundan sonra – dövlət orqanları) sorğusu (bundan sonra – sorğu) əsasında başlanılır. -3.2-ci bəndinə əsasən dövlət orqanları tərəfindən sorğu verilərkən, müvafiq sorğu vərəqinə (1 nömrəli əlavə) bu Qaydanın 3.4.1-ci və 3.4.3–3.4.10-cu yarımbəndlərində nəzərdə tutulan sənədlər əlavə edilir və müşayiət məktubu ilə Dövlət Miqrasiya Xidmətinə göndərilir. Bu Qaydanın 3.4.3–3.4.6-cı yarımbəndlərində nəzərdə tutulan sənədlər Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən əldə edilməsi mümkün olduğu təqdirdə təqdim edilir. -3.3-cü bəndinə əsasən Dövlət Miqrasiya Xidmətinə şəxs özü sorğu verdikdə, müvafiq ərizə-anketə (2 nömrəli əlavə) bu Qaydanın 3.4.1–3.4.10-cu yarımbəndlərində nəzərdə tutulan sənədləri əlavə edir. -3.5-ci bəndinə əsasən bu Qaydanın 3.4.4–3.4.10-cu yarımbəndlərində nəzərdə tutulan sənədlərin surətlərinin həmin sənədlərin əsli və ya onların notariat qaydasında, yaxud ona bərabər tutulan qaydada təsdiq olunmuş surətləri ilə tutuşdurulması və məsul icraçının iştirakı ilə razılıq ərizələrinin yazılması Dövlət Miqrasiya Xidmətinə şəxs özü sorğu verdikdə sənədlər qəbul edilərkən, dövlət orqanları sorğu verdikdə isə sorğu verən dövlət orqanlarında həyata keçirilir. -3.6-cı bəndinə görə sorğu şəxsin qanuni nümayəndəsi tərəfindən verildikdə, bu hüququ təsdiq edən müvafiq sənəd sorğuya əlavə edilməlidir. -3.11-ci bəndinə görə Dövlət Miqrasiya Xidməti sorğunun bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və həmin tələblərə uyğun təqdim olunmuş sorğuya qeydiyyata alındığı vaxtdan 20 günədək müddətdə baxmaqla, müvafiq qərar qəbul edir. -3.12-ci bəndinə görə şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar sorğu bu Qaydaya uyğun təqdim edilmədikdə, habelə toplanılmış sübutlar yetərli olmadıqda və əlavə sübutların toplanılmasına ehtiyac olduqda, bu Qaydanın 3.11-ci bəndində nəzərdə tutulmuş müddət Dövlət Miqrasiya Xidmətinin əsaslandırılmış qərarı ilə 20 günədək uzadıla bilər və müddət uzadıldıqda, bu barədə Dövlət Miqrasiya Xidməti tərəfindən sorğu verən tərəfə məlumat verilir. Beləliklə, işin sadalanan hallarından müəyyən olunur ki, İddiaçı vətəndaşlıq mənsubiyyətinin (Azərbaycan Respublikası vətəndaşı olub-olmamasının) müəyyən edilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, cavabdeh orqan şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı araşdırmanın aparılması üçün zəruri olan yuxarıda adı çəkilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.3, 3.4.1-3.4.10-cu bəndləri ilə sadalanan ərizə-anket nümunəsinin və həmin sorğu vərəqinə əlavə edilən sənədlərin siyahısının təqdim olunmalı olduğunu, yalnız bundan sonra mənsubiyyətin müəyyən edilməsi məsələsinə baxıla biləcəyini qeyd etmiş, lakin iddiaçı tərəfindən qanunla müəyyən edilmiş qayadada bu sənədlərin təqdim edilməməsi səbəbindən iddiaçının ərizəsini geri qaytarmışdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqanda iddiaçının tələbi - vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi üzrə inzibati icraat aparılmamışdır. Üstəlik bu icraat cavabdeh inzibati orqanın hərəkətsizliyi nəticəsində deyil, iddiaçının özünün qanunla tələb olunan şəkildə cavabdehə müraciət etməməsi, müvafiq ərizə-anket və sənədlərin təqdim edilməməsi səbəbindən baş tutmamışdır. Halbuki, cavabdeh inzibati orqan tələb olunan formada müraciət edilməsi ilə bağlı iddiaçını məlumatlandırmış, bununla bağlı zəruri olan ərizə-anket nümunəsi və sənədlərin siyahısını sonuncunun ünvanına göndərmişdir. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanılır. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan publik hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. Hazırkı məhkəmə inzibati məhkəmə icraatında inzibati orqanın apardığı inzibati icraatın və ya inzibati orqanın özünün hərəkətsizlik nümayiş etdirməsi ilə baş tutmayan icraatın qanuniliyini yoxlamalı olduğunu vurğulayaraq hesab edir ki, vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı qanunla tələb olunan formada iddiaçı cavabdeh inzibati orqana müraciət etmədiyindən, cavabdeh orqanın iddiaçıya münasibətdə onun hüquq və qanunla müəyyən olunmuş mənafelərinin pozulmasına səbəb olacaq hərəkət və ya hərəkətsizliyə yol verməsi müəyyən olunmur. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Beləliklə, hazırkı halda iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə onun hüquq və qanunla qorunan mənafeləri pozulmasını əsaslandıra bilmədiyindən ona qarşı yönəlmiş hazırkı iddia tələbi mümkün hesab edilə bilməz. Bununla yanaşı, məhkəmə iddiaçıya qanunla tələb olunan formada inzibati orqana müraciət edəcəyi, cavabdeh orqanın müvafiq imtina cavabından və ya hərəkətsizliyindən narazı qaldığı təqdirdə yenidən iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun saxlanıldığını izah edir. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-3072/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3072/2022
28.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver