Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3072/2025 29.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2, Üçüncü şəxs Xəzər rayon Qala Bələdiyyəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "çıxarış və plan-ölçü sənədinin verilməsi" haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyətinin 15 avqust 2000-ci il tarixli, 595 saylı məktubu rəhbər tutularaq Qala Bələdiyyəsinin 22 dekabr 2005-ci il tarixli 56 saylı Sərəncamı və həmin Bələdiyyənin 22 dekabr 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Qala Qəsəbəsi ərazisində 1200,0 kv.m ölçüdə olan torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının aidiyyəti üzrə müraciəti və yaşayış şəraitinin ağır olması nəzərə alınaraq, Bakı şəhəri Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyətinin 15 avqust 2000-ci il tarixli, 595 saylı məktubu rəhbər tutularaq Qala Bələdiyyəsinin 22 dekabr 2005-ci il tarixli 56 saylı Sərəncamı və həmin Bələdiyyənin 22 dekabr 2005-ci il tarixli alqısatqı müqaviləsinə əsasən Qala Qəsəbəsi ərazisində 1200,0 kv.m ölçüdə olan torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün, təsdiq edilmiş plan-cizgi əsasında iddiaçının mülkiyyətinə verilmişdir. İddiaçı eyni zamanda bildirir ki, sözügedən torpaq sahəsinin plancizgisi də qanunamüvafiq qaydada tərtib edilərək təsdiqlənmişdir. Həmçinin, Bakı şəhəri Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyətinin 15 avqust 2000-ci il tarixli,595 saylı məktubu rəhbər tutularaq Qala Bələdiyyəsinin 22 dekabr 2005-ci il tarixli 56 saylı Sərəncamı və həmin Bələdiyyənin 22 dekabr 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Qala Qəsəbəsi ərazisində 1200,0 kv.m ölçüdə olan torpaq sahəsi hal-hazırda Xəzər rayonu, Qala Qəsəbəsinin ərazisinin hüdudları daxilində yerləşir. Sözügedən torpaq sahəsi 14 (on dörd) iddiaçı tərəfindən istifadə edilir və hal-hazırda da mübahisəsiz olaraq iddiaçının qanuni sahiblik və istifadəsindədir. Eyni zamanda, sözügedən torpaq sahəsinə dair bütün vergi ödənişlər iddiaçı tərəfindən həyata keçirilməkdədir. Həmçinin, həmin ərazidə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin qonşuluğunda və yaxınlığında olan torpaq sahələri üzərində də yaşayış evləri inşa edilmiş və hal-hazırda yaşayış mövcuddur və həmin torpaq və yaşayış evlərinin müəyyən hissəsində, eyni zamanda iddiaçı ilə qonşu olan şəxslərin də adlarına daşınmaz əmlakın dövlət reyestrində çıxarışlar verilmişdir. Bundan əlavə, sözügedən torpaq sahəsinin yaxınlığında hər hansı neft quyusu, neft və ya qaz kəmərləri, yüksək gərginlikli elektrik xətləri və s. yerləşmir və əvvəllər də mövcud olmamışdır. Müvafiq ünvanda yerləşən torpaq sahəsinə dair reyestrdən çıxarışın olmaması iddiaçının həmin ünvana qeydiyyata düşməyinə problemlər yaradır. Bu səbəbdən də, Xəzər (Əzizbəyov) rayonu, Qala Qəsəbəsi ərazisində yerləşən iddiaçıya ayrılmış müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı qanunvericiliklə tələb olunan hüquqmüəyyənedici sənədlərlə rəsmi qaydada xx.xx.2024-cü il tarixdə, ********** saylı ərizə ilə rəsmi qaydada cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-330/2-A-0796- 8/2024 **********52 nömrəli imtina məktubunda “torpaqların alqı-satqısına dair akt və torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə bələdiyyənin qərarına istinad olunmaması” kimi əsassız mülahizə irəli sürülərək ərizənin icrasından tamamilə əsassız imtina edilmiş və imtina məktubunda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.2-ci maddəsinə istinad edilmişdir.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş torpaqların alqısatqısına dair akt təqdim edilməmiş və torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.2-ci maddəsinə əsasən (hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən‘edilmiş tələblərə uyğun olmaması) hüquqların dövlət qeydiyyatından imtina edilmişdir.
4. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd olunmuşdur ki, , İddiaçı “Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 595 saylı məktubu rəhbər tutularaq Qala Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli. 56 saylı sərəncamı və həmin bələdiyyənin xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Qala Qəsəbəsi ərazisində 1200 kv.m ölçüdə olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi üzərinə qoyulması”na dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********32 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş torpaqların alqı-satqısına dair akt təqdim edilməmiş və torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamışdır. Bundan əlavə elektron kadastr baza məlumatına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməklə dövlət mülkiyyətindədir, bələdiyyə ərazisi olması barədə bazada məlumat aşkar edilməmişdir. Həmçinin sahəyə digər şəxsin (X1) müraciəti qeydə alınmışdır. Eyni zamanda təqdim olunan cizgidə istinad və məsafələr qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmadığını müəyyənləşdirmək mümkün olmamışdır. O cümlədən müvafiq sərəncamda ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin ölçüsü “X4 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda qeyd edilən normadan artıqdır. Belə ki, “X4 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla aşağıdakı hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilir: -8.0.1. fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən 1-4-cü zonalar üzrə - 0,04 hektaradək, 5-8-ci zonalar üzrə - 0,05 hektaradək, 9-12-ci zonalar üzrə - 0,06 hektaradək, Naxçıvan, Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir, Naftalan, Xankəndi, Şəki və Yevlax şəhərlərində - 0,07 hektaradək, digər rayon mərkəzlərində -0,08 hektaradək, qəsəbə və kəndlərdə - 0,12 hektaradək; -8.0.2. fərdi bağ evlərinin tikintisi üçün - 0,12 hektaradək. Əlavə olaraq, bələdiyyə tərəfindən qəbul edilmiş akt kollegial orqan olan bələdiyyənin qərarı ilə deyil, sədrin təkbaşına qəbul etdiyi sərəncamla həyata keçirilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Plenumun Qərarında hüquqi mövqe mövcuddur. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
5. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə Xəzər rayon Qala Bələdiyyəsi inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
6. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə X5 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
7. İddiaçı məhkəməyə ərizə təqdim edərək (dəftərxana vasitəsilə) iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasına etiraz etmədiyini bildirdi.
9. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasına etiraz etmədiyini bildirdi.
II. İddianın geri götürülmüş sayılması
10. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin iddia ərizəsinin baxılmamış saxlanılması və ya geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.
11. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
12. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı).
13. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
14. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin baxılmamış saxlanılması və ya geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.
15. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.
M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından
16. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X6 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).
17. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).
18. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.
19. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...
20. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir... ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.
21. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) və ya iddianın baxılmamış saxlanmasına dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.
22. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın əsaslılığını yoxlamaq zərurəti mövcud deyildir.
23. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.
24. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia geri çağırılmış hesab edilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva