Məhkəmə qərarları › İş №2-1(112)-3074/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3074/2020

24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3074/2020 24.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, cavabdehin nümayəndəsi X5 (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Əjdər Xanbabayev 1; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hüquq şöbəsində böyük məsləhətçi) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 6/265 saylı qərarı ilə və X2 və İstismarı Birliyinin 22 saylı orderi ilə 201 saylı BTK nəzdində X4 ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən, 0,12 hektar torpaq sahəsindən ibarət olan 4629 saylı bağ sahəsinin X4 məxsus olması haqqında arayışın (çıxarışın) iddiaçıya verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının “Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 6/265 saylı qərarı ilə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən, 0,12 hektar torpaq sahəsindən ibarət olan 4629 saylı bağ sahəsinin X4 məxsus olması haqqında arayışın iddiaçıya verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində göstərilmişdir ki, keçmiş Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 6/265 saylı qərarına və X2 və İstismarı Birliyinin 22 saylı orderinə əsasən 201 saylı BTK nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində, 0,12 hektar torpaq sahəsindən ibarət olan 4629 saylı bağ sahəsi iddiaçının mərhum əri X4 verilmişdir. Ərinin razılığı əsasında əri 201 saylı BTK nəzdindən çıxaraq BTK- nın ümumi iclasının 2 saylı, xx.xx.1990-cı il tarixli protokoluna əsasən 133 saylı BTK-ya keçirilmişdir. Bu barədə arxivdə müvafiq sənədlər mövcuddur. Əri xx.xx.2008-ci il tarixidə vəfat etmişdir. Ərinin vəfatından sonra həmin bağ sahəsindən hal-hazıradək iddiaçı istifadə edir, bağ sahəsinə sahiblik edir, bağ sahəsini daş hasara almış, dəmir darvaza qoymuşdur. İddiaçı bağ sahəsinə sahiblik və istifadə hüququnu həyata keçirməklə bağ sahəsinə istifadə hüququnu qəbul etdiyini nümayiş etdirir, order üzrə hüquq və öhdəlikləri qəbul etmiş və onu daim yerinə yetirir. Hal-hazırda iddiaçı ərinə məxsus bağ sahəsini özəlləşdirmək istəyir. Bununla bağlı iddiaçı Bakı şəhəri 15 saylı Notariat Ofisinə müraciət etmişdir. Orada o, ərinin vərəsəsi kimi tanınmışdır. Notariat Kontoru tərəfindən cavabdehə bağ sahəsinin ərinə məxsus olmasını və bununla bağlı çıxarışının verilməsi xahiş edilmiş, lakin cavabdeh ərinə məxsus bağ sahəsinə dair çıxarışı verməmişdir. Bundan başqa o, ərizə ilə cavabdehə müraciət edərək həmin bağ sahəsinin ərinə məxsus olmasına dair arayışın verilməsni xahiş etmişdir. Lakin cavabdeh əsassız olaraq ona imtina məktubu vermişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsnin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçının mərhum əri X1 adına xx.xx.1992-ci il tarixli 22 nömrəli Orderlə Bakı Şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 6/265 nömrəli qərarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən, 0,12 hektar torpaq sahəsindən ibarət olan 4629 nömrəli bağ sahəsi ayrılmışdır. İddiaçı mərhum ərinin vərəsəsi kimi hazırkı cavabdehə müraciət edərək, ərinə məxsus olmuş əmlaka dair arayış verilməsini xahiş etmişdir. Cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Həmçinin qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında X1 adı aşkar olunsa da, H.N.Məcidovun öz razılığı əsasən 201 nömrəli X3 (BTK) üzvlüyündən çıxarılması barədə BTK-nın ümumi iclasının 2 saylı, xx.xx.1990-cı il tarixli protokolu mövcuddur və 133 saylı BTK-ya keçirilməsi barədə qeydlər var. Bununla bağlı məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi sənədlərdən görünür ki, 201 nömrəli BTK-nın ümumi iclasının 2 saylı, xx.xx.1990-cı il tarixli protokoluna əsasən Məcidov H.N. 201 nömrəli BTK-nın üzvlüyündən çıxarılmış, Bağlar Birliyi komissiyasının xx.xx.1991-ci il tarixli 44/220 nömrəli qərarına əsasən Məcidov H.N. 133 nömrəli kooperativin tərkibinə keçirilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən X1 adına 133 nömrəli BTK-nın ərazisindən bağ sahəsinin ayrılması barədə, həmçinin Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən, 0,12 hektar torpaq sahəsindən ibarət olan 4629 nömrəli bağ sahəsinin ayrılmasına dair xx.xx.1992-ci il tarixli 22 nömrəli Orderin ləğv edilməsi, etibarsız hesab edilməsi və ya qüvvədən düşməsi barədə hər hansı məlumat (sənəd) təqdim edilməmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında qeyd olunmuşdur ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Göründüyü kimi, müvafiq ünvanda olan bağ sahəsinin iddiaçının mərhum ərinə məxsus olması və hal-hazıradək həmin bağın reyestrdə qeydiyyata alınmaması cavabdeh tərəfindən də etiraf olunur. Mövcud qanunvericilik isə, şəxsin mülkiyyət hüququnu qeydiyyata alınanadək öldüyü halda, qeydiyyat orqanı tərəfindən onun vərəsələrinə “hüququn ölmüş şəxsə məxsus olması barədə arayış” verilməsini nəzərdə tutur. Belə olan halda, məhkəmə hesab edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsi cavabdeh tərəfindən iddiaçının ərinə məxsus bağ sahəsinə dair arayış verilməsini mümkün sayır. Yuxarıda qeyd edilənlərə əsasən cavabdehin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 6/265 saylı qərarının hazırda qüvvədə olmasını (yəni ləğv və ya etibarsız edilmədiyini) nəzərə alaraq, həmin qərar ilə ona ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən, 0,12 hektar torpaq sahəsindən ibarət olan 4629 saylı bağ sahəsinin X4 məxsus olması haqqında arayışın iddiaçıya verilməsi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 6/265 saylı qərarı ilə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən, 0,12 hektar torpaq sahəsindən ibarət olan 4629 saylı bağ sahəsinin X4 məxsus olması haqqında arayışın iddiaçıya verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar