Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3074/2024 12.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı və nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 5 saylı Bakı «ASAN xidmət» Mərkəzində Qeydiyyat şöbəsinə qarşı (üçüncü şəxs X4 cəlb edilməklə) “adın, soyadın və ata adının dəyişdirilməsi” barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 5 saylı Bakı «ASAN xidmət» Mərkəzində Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək soyadınının "Elhamı” soyadına, adının ”Fateh” adına, ata adını isə ’’Shahzad oğlu”na dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixdə AR Ədliyyə Nazirliyinin 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə müraciət edərək soyadının, adının və ata adının dəyişdirilməsini xahiş etmişdir. Müraciət etməsinə səbəb o olmuşdur ki, iddiaçının anası X10 atası X2 iddiaçı anadan olandan qısa müddət sonra boşanmış, nikahın pozulması Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə 17 saylı nikahın pozulması haqqında akt qeydi ilə qeydə alınmışdır. Anası X7 ilə nikaha daxil olmuş, onların nikahları xx.xx.2016-cı il tarixdə 1822 saylı nikah haqqında akt qeydi ilə rəsmiləşdirilmişdir. İddiaçının tərbiyəsilə X7 məşğul olmuş, onun bütün qayğı və ehtiyaclarını o çəkmişdir. X7 iddiaçının onun adı ilə ata adı daşımasına etiraz etməmiş, bu barədə notarial qaydada ərizə də vermişdir. Lakin bütün bunlara baxmayaraq 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi qanunsuz olaraq iddiaçıya imtina vermiş, xx.xx.2023-cü il tarixdə verdiyi imtina sənədində X7-nın onu tərbiyələndirməsini müəyyən edə bilməmişdir, halbuki iddiaçı Qeydiyyat şöbəsinə həmin şəxsin anası ilə nikaha daxil olmasını, uzun müddət ərzində nikahda olduqlarını bildirmişdir. İddiaçı hesab edir ki, 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi düzgün nəticəyə gəlməmiş, işin hallarını hərtərəfli aydınlaşdırmamış, təqdim etdiyi sübutlara düzgün qiymət verməmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X4 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə göndərilmişdir. Cavabdeh və üçüncü şəxs məhkəməyə iddiaya dair yazılı münasibət təqdim etməmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh inzibati orqanın nümayəndəsi və üçüncü şəxs hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, iddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə növündə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, ““Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 №-li qərarının 6-cı bəndinin 4-cü yarımbəndinə əsasən ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. Ərizədə qeyd etdiyiniz şəxsin-X3 sizi tərbiyələndirməsini müəyyənləçdirə bilmədiyimizdən müraciətinizin təmin edilməsi mümkün olmamışdır.” -Biləsuvar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdə Biləsuvar rayonu, Xırmandalı kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə 530 nömrəli qeyd aparılmışdır. Atası- X4, anası- X6r. -Biləsuvar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, AZ-İ № 019695 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X9 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə 17 nömrəli qeyd aparılmışdır. Nikah ləğv olunduqdan sonra kişiyə “Höccətov”, qadına isə “Əskərova” soyadı verilmişdir. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 5 saylı Bakı «ASAN xidmət» Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİ №119641 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X10 arasında xx.xx.2016-cı il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə və arvada “Elhamı” soyadı verilmişdir. -ASAN 5 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdə Biləsuvar rayonu, Xırmandalı kəndində doğulmuşdur. Yaşayış yeri Biləsuvar rayonu, X16 küçəsi, 46A ünvanıdır. -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş MYİ ******* nömrəli vəsiqənin surətindən görünür ki, xx.xx.1981-ci il təvəllüdlü İran İslam Respublikası vətəndaşı X5 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmişdir. -5 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, Elhamı Shahzad xx.xx.2005-ci il təvəllüdlü İddiaçı onun adı ilə ata adı daşımasına etiraz etmir. -Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi tərəfindən verilmiş “İddiaçı barəsində aparılan yoxlamanın nəticəsinə dair” rəydən görünür ki, yoxlama zamanı İddiaçı cinayət mühakimə icraatına şübhəli və ya təqsirlənidirlən şəxs kimi cəlb edilməsi, götürülməmiş və ya ödənilməmiş məhkumluğunun olması, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq olunması müəyyən olunmamışıdır. -Biləsuvar RPŞ tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, xx.xx.2005-ci il tarixdə Biləsuvar rayon Xırmandalı kəndində anadan olmuş İddiaçı xx.xx.2006-cı il tarixdə AZE seriyalı 10092819 nömrəli vəsiqə verilmiş, vəsiqə əsasında xx.xx.2019-cu il tarixdə C02274753 nömrəli Ümumvətəndaş pasportu götürmüş və xx.xx.2020-ci il tarixdə İran İslam Respublikasına getməsi və xx.xx.2020-ci il tarixdə geri dönməsi müəyyən edilmişdir. Vətəndaş İddiaçı deportasiya olması, cinayət mühakimə icraatında şübhəli və ya təqsirləndirilən şəxs kimi cəlb edilməsi, götürülməmiş və ya ödənilməmiş məhkumluğunun olması, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilən şəxs olması halları müəyyən olunmamışdır. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı adını “Fariz”dən “Fateh”ə ata adını və soyadını isə hazırda anası X12 ilə evli olan İran İslam Respublikası vətəndaşı X3 adı və soyadı ilə dəyişdirilməsini istəyir. İddiaçı mövcud tələbi ilə bağlı cavabdeh qeydiyyat şöbəsinə müraciət etsə də, sonuncu müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”ndan: 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.4. Ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. 6.5. Ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. 6.6. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə (1 nömrəli əlavə) vətəndaşın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən isə konsulluğa verilir. 6.12. Adın, ata adının və soyadın dəyişdirilməsi məsələsinin düzgün həll olunması üçün qeydiyyat şöbəsi və ya konsulluq ərizə daxil olduğu vaxtdan 7 gün müddətində ərizə verən şəxsin doğumu, nikahdadırsa nikah haqqında, övladları vardırsa, onların doğum haqqında akt qeydlərinin surətlərini, müvafiq hallarda isə övladlığa götürmə, atalığın müəyyən edilməsi və nikahın pozulması haqqında akt qeydlərinin surətlərini əldə etmək məqsədi ilə bu aktların saxlanıldığı qeydiyyat orqanına, akt qeydi həmin orqanda olmadıqda isə X1 Reyestri Xidmətinə sorğu verir. 6.15. Ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir. 6.16. Rayon (şəhər) polis idarəsi (şöbəsi) sənədlər daxil olduğu vaxtdan 15 gün müddətində bütün sənədləri yoxlamanın nəticələri haqqında əsaslandırılmış rəylə birlikdə qeydiyyat şöbəsinə qaytarır. 6.17. Qeydiyyat şöbəsi və ya konsulluq əldə olunmuş sənədlərə əsasən ərizənin məzmununu və yoxlamanın nəticələrini nəzərə alaraq, 15 gün müddətində ərizə verən şəxsin soyadının, adının, ata adının dəyişdirilməsinin mümkünlüyünü əks etdirən rəy tərtib edir (2 nömrəli əlavə). 6.18. Adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq idarəsi bundan imtina edilməsi barədə bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır. 6.19. Ad, ata adı, soyad dəyişdirildiyi halda qeydiyyat şöbəsi və ya konsulluq 3 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və o, qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün adın, ata adının, soyadın dəyişdirilməsini qeydə alır və müvafiq şəhadətnamə verir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 1-ci bəndinə görə, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 4-cü bəndinə görə vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün əsaslardan biri kimi adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi nəzərdə tutulmuşdur. «İnzibati icraat haqqında» Qanunun: -2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. -4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. -14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. -15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. -17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -28.1-ci maddəsində inzibati icraatın başlanılması üçün əsaslardan biri kimi fiziki və ya hüquqi şəxsin ərizəsi nəzərdə tutulmuşdur. İstinad olunan normalardan Ggöründüyü kimi, qanunvericilik yetkinlik yaşına çatmış şəxsə qanunla müəyyən edilmiş hallar daxilində öz adını, ata adını və soyadını dəyişdirmək hüququ vermiş, müvafiq dəyişikliyin aparılması şərtlərini və qaydasını müəyyənləşdirmişdir. Lakin hazırkı işin hallarından cavabdeh inzibati orqan tərəfindən iddiaçının mütraciəti üzrə hərtərəfli inzibati icraatın aparılması müəyyən edilmir. Belə ki, məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən iddaçının müraciəti üzrə aparılmış inzibati icraat materialları təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki, inzibati orqanda inzibati icraat tam və hərtərəfli aparılmamış, imtina formal şəkildə əsaslandırılmış (müraciət adın, soyadın, ata adanın dəyişdirilməsi ilə bağlı olsa da, imtina yalnız adın dəyişdirilməsinə münasibətdə verilmişdir), bununla da «İnzibati icraat haqqında» Qanunun 15, 17, 24-cü maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının hazırkı müraciəti üzrə cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 5 saylı Bakı «ASAN xidmət» Mərkəzində Qeydiyyat şöbəsinin imtinası formal mülahizələrə söykənən hal qismində qiymətləndirilməli və iddiaçının adının, soyadının, ata adının dəyişdirilməsi ilə bağlı inzibati araşdırmanın aparılması öhdəliyi (iddiaçının yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsi (şöbəsi) tərəfindən yoxlamanın nəticələri haqqında əsaslandırılmış rəy və digər sənədlər nəzərə alınmaqla soyadının, adının, ata adının dəyişdirilməsinin mümkünlüyünü əks etdirən rəyin tərtib edilməsi, tələbin mümkünlüyü qiymətləndirilərək müvafiq qərarın qəbul edilməsi) məhkəmənin bu qərardan irəli gələn hüquqi mövqeyi nəzərə alınaraq və işin bütün digər halları araşdırılaraq yenidən baxılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. İnzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. İnzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. İnzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Həmin Məcəllənin 74-cü maddəsinə görə inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə, İddiaçı “adın, soyadın və ata adının dəyişdirilməsi” tələbi üzrə müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 5 saylı Bakı «ASAN xidmət» Mərkəzində Qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı “adın, soyadın və ata adının dəyişdirilməsi” tələbi üzrə müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 5 saylı Bakı «ASAN xidmət» Mərkəzində Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-3074/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3074/2024
12.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver