Məhkəmə qərarları › İş №2-1(112)-3074/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3074/2025

22.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3074/2025 22.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona məxsus 0,12 hektar torpaq sahəsinin onun adına mövcud vəziyyətə uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona məxsus olan Ləhiş bağlar sahəsində 226 nömrəli BTK nəzdində 0,12 ha sahəsi olan 5151B nömrəli bağ sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər XDS İK-nın (indiki Bakı şəhər İH-nin) 195 saylı, 02 iyul 1988-ci il tarixli qərarı ilə Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin İdarə Heyətinin 8/447 saylı, 20 iyun 1991-ci il tarixli çıxarışa əsasən Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin Bağ massivində hal-hazırda istifadəsiz qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 hektar torpaq sahəsi göstərilmiş və həmin siyahıya əsasən ona 5151 b saylı bağ sahəsi ayrılmışdır. Bundan əlavə 4 saylı Bakı Asan Xidmət Mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli müraciətə əsasən keçmiş Bakı şəhər XDS İK-nın (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli, 8/447 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışı 1 vərəqdən ibarət iddiaçıya təqdim olunmuşdur. İddiaçı ona məxsus 0,12 hektar torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar cavabdehə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur və onun hüquqlarını məhdudlaşdırır. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı cavabdehə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********53 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı torpaq sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılmadığı müəyyən edilmişdir. Elektron kadastr məlumatlarına əsasən ümumi ərazidə hasarlama sxematik xəritəyə uyğun aparılmamışdır. Bundan əlavə, təqdim edilmiş 5 nömrəli orderin arxiv nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 23 yanvar 2024-cü il tarixli məhkəmə sorğusuna cavab məktubu ilə keçmiş Bakı şəhər XDS İK-nın (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli, 8/447 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışı məhkəməyə təqdim edilmişdir. Qərara cizgi sənədinin əlavə edilmədiyi bildirilmişdir. Bakı şəhər XDS İK-nın (indiki Bakı şəhər İH) xx.xx.1991-ci il tarixli, 8/447 saylı qərarından görünür ki, bağ-tikinti kooperativi üzvlərinin siyahısı təsdiqlənmiş, 226 nömrəli bağ-tikinti kooperativi üzvlərinin sayı 36 olmaqla İddiaçı adı 226 nömrəli Ləhiş bağ-tikinti kooperativi üzvlərinin siyahısında 8-ci sırada göstərilmişdir. Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsində 226 nömrəli BTK tərəfindən verilmiş 5 nömrəli orderin əsli məhkəməyə təqdim edilmişdir. Bakı şəhər İcraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsində 226 nömrəli BTK tərəfindən verilmiş 5 nömrəli orderdən görünür ki, Bakı şəhər icraiyyə komitəsinin 20 iyun 1991-ci il tarixli 8/447 nömrəli qərarına əsasən iddiaçıya Ləhiş bağlar sahəsində 226 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 5151 B nömrəli bağ ayrılmışdır. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən ümumi sahəsi 0,12 ha olan 5151b (eləcə də 5151v) saylı bağ sahəsinə dair sənəd idarənin arxivində aşkar edilməmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktına əsasən Ləhiş bağ massivi 5151V saylı bağ hüquqmüəyyənedici sənəd üzrə 0,12 ha, faktiki 0,1223 ha (23 kv.metr artıq) təşkil edir. Bağ sahəsinin sərhədləri şimal tərəfdən qonşu 2-3 sıra mişar daşı hörülərək ayrılmış, digər tərəfləri isə şərtidir. Tikili yoxdur. Yerli baxış zamanı vətəndaş 1223 kv.metr sahəni şərti göstərərək iddia etdiyini bildirmişdir. Göstərilən sahənin koordinatları ərizəyə əlavə olunmuşdur. Sahənin yerləşməsinə elektron baza məlumatlarına baxılması məqsədə uyğundur. Cavabdeh tərəfindən iddiaçıya etirazla oxşar məzmunlu imtina məktubu verilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.7.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.7.). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, iddiaçı ona Bakı şəhər XDS İK-nın xx.xx.1991-ci il tarixli, 8/447 saylı qərarı ilə 226 nömrəli bağ-tikinti kooperativi nəzdində ayrılmış 0,12 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. Cavabdeh öz imtinasını onunla əsaslandırmışdır ki, torpaq sahəsində hasarlanma və mərzçəkmə işləri aparılmamış, ümumi ərazidə hasarlama sxematik xəritəyə uyğun aparılmamışdır. Bundan əlavə, təqdim edilmiş 5 nömrəli orderin arxiv nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən hallar iddiaçını tələbinin təmin edilməsindən imtina üçün əsas deyildir. Belə ki, iddiaçıya torpaq sahəsinin qanuni əsaslarla ayrılması iş materialları ilə müəyyən edilmişdir. Ərazidə hasarlama işlərinin sxematik xəritəyə uyğun aparılmaması isə iddiaçının təqsiri ucbatından baş verməyib. Belə ki, həmin bağların ümumi bölgüsünün sxematik xəritəyə uyğunlaşdırılması cavabdehin vəzifəsidir. Eyni zamanda iddiaçı tərəfindən bağ sahəsinin ayrılması barədə orderin əsli məhkəməyə təqdim edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, orderin cavabdehdə arxiv nüsxəsinin olmaması iddianın təmin edilməsi üçün maneə deyildir. İPM-in 14.3-cü maddəsində göstərilmişdir ki, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Cavabdeh torpaq sahəsinin ididaçıya ayrılması barədə orderin əsassızlığı ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə tərəfindən aparılmış araşdırma çərçivəsində verilmiş sorğulara alınmış cavablarda isə həmin sənədin qanuniliyini şübhə altına alan hər hansı məqam aşkar edilməmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, bağ sahəsi iddiaçının istifadəsindədir və digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşmür. Məhkəmə hesab edir ki, cavabdehin göstərdiyi əsaslar həmin daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün əsas deyildir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Bu səbəbdən iddia təmin edilməli, Ləhiş bağlar sahəsində 226 nömrəli BTK nəzdində 0,12 ha sahəsi olan 5151B nömrəli bağ sahəsinin üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Ləhiş bağlar sahəsində, 226 nömrəli BTK nəzdində, 0,12 hektar sahəsi olan 5151B nömrəli bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar