Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3075/2021 25.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi ilə tərəflərin iştirakı olmadan İddiaçı Cavabdehnə qarşı «qazdan istifadə üzrə yaranmış borc barədə aktın ləğv edilməsi və icraata xitam verilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh İB-yə qarşı «qazdan istifadə üzrə yaranmış borc barədə aktın ləğv edilməsi və icraata xitam verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, 17 avqust 2020-ci il tarixdə iddiaçının yaşadığı ünvan 1 ünvanında əvvəldən binanın blokunda quraşdırılmış elektron qaz sayğacını Cavabdeh İBnin səlahiyyətli nümayəndələri onun xəbəri olmadan açıb aparmışlar. Bu barədə 17 avqust 2020-ci il tarixdə ******* nömrəli akt tərtib etmişlər. Aktda göstərilmişdir ki, guya o (iddiaçı), özbaşına sayğaca müdaxilə etmişdir və bu səbəbdən qaz enerjisi üzrə hüquqi şəxsə 216 manat məbləğində ziyan vurmuşdur. İddiaçı tərəfindən dəfələrlə Cavabdeh İB-nin səlahiyyətli nümayəndələrinə həmin borcun ləğv olunması ilə bağlı müraciət olunmuşdur. Qurumun nümayəndələri tərəfindən iddiaçıya məxsus evə mexaniki sayğac quraşdırılsa da, ona qeyd olunan 216 manat borcun ödənilməli olduğu bildirilmişdir. Göstərilənlərə və İPM-in 2-ci maddəsinə əsaslanaraq, Cavabdeh İB-nin 17 avqust 2020-ci il tarixli ******* nömrəli 216 manat cərimə məbləğinin tətbiqinə dair aktının ləğv edilməsi və bu iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdeh İB-nin nümayəndəsinin məhkəməyə ünvanlanmış 16 may 2021-ci il tarixli məktubunda aşğıdakılar bildirilir: - İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olan X2 məxsus **********00160 nömrəli istehlakçı hesabına 31 mart 2021-ci il tarixinə verilmiş son göstərici 1.017 kub metr təşkil edir. Abonent kodu **********00160 nömrəli istehlakçı hesabına 7 may 2021-ci il tarixə X1 Sistemində borc mövcud deyil. İstehlakçının ödəniş cədvəli məktuba qoşmada təqdim edilir. Müvafiq qərar qəbul olunması məhkəmədən xahiş edilir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 1.3-cü bəndinə görə qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qeyd olunmalıdır ki, iddiaçının qaz təchizatı üzrə yaranmış 216manat borc hazırda mövcud deyil. Lakin bundan asılı olmayaraq, hazırkı İddiaçı ilə Cavabdeh İB arasında evin qaz təchizatı ilə bağlı yaranmış borcun mübahisələndirilməsi üzərə məsələlər tərəflər arasındakı müqavilədən irəli gəlmiş olur və tərəf arasındakı mübahisə mülki xarakterli qiymətləndirilir. Odur ki, məhkəmənin qənaətinə görə hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasına baxıla bilməz və bu səbəbdən də iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-3075/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3075/2021
25.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver