Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3075/2022 11.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Təhməzov Əli Azər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri, Cavabdehnə qarşı sosial kirayə müqaviləsinin bağlanması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri, Yasamal Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 ünvanında yerləşən 13 nömrəli evin 73-cü mənzilinə dair sosial kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, uzun illərdir Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 ünvanında yerləşən 13 nömrəli evin 73-cü mənzilində yaşayır. Həmin mənzil dövlət mənzil fonduna daxildir və Yasamal rayon MKTB-nin balansındadır. Balans saxlayıcı Yasamal Rayon MKTB, 19 nömrəli MKİS-in xidməti ərazisidir. Həmin mənzildə onunla birlikdə qohumları da yaşayırlar. Əvvəllər mənzil təmirsiz olduğundan öz vəsaiti hesabına mənzili təmir etdirib yararlı vəziyyətə gətirmişdir. Yaşadığı uzun müddət ərzində mənzil qanunvericiliyində nəzərdə tutulan mənzil kirayəçisinin bütün öhdəliklərini yerinə yetirmişdir. Mənzili həmişə istifadəyə yararlı vəziyyətdə saxlamaqla, bütün mənzil haqlarını vaxtında ödəmişdir. Yaşadığı mənzilə daimi qeydiyyata düşməyi ilə bağlı Yasamal rayon Polis İdarəsinə müraciət etmişdir. Lakin onu qeydiyyata almaqdan imtina etdilər. Bununla bağlı Bakı İnzibati məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəmsəinin 2-1(112)-4234 saylı 07.04.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. 16.06.2021-ci il tarixdən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 ünvanında yerləşən 13 nömrəli evin 73-cü mənzilində daimi qeydiyyatdadır. Mənzildə yaşadığı müddət ərzində mənzil qanunvericiliyində nəzərdə tutulan bütün hüquqları faktiki olaraq əldə etsə də Cavabdeh ilə yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmadığından müvafıq hüquq və vəzifələrini reallaşdıra bilmir. Rayon İcra Hakimiyyətinə onunla kirayə müqaviləsinin bağlanması üçün müraciət etsə də İcra Hakimiyyəti Ş-29-068 nömrəli, 12.07.2021-ci il tarixli imtina məktubunda müvafiq məhkəməyə müraciət etməyini bildirmişdir. Mənzilə dair hər hansı üçüncü şəxslərin iddia və tələbi mövcud deyildir. Bakı şəhəri Cavabdeh onunla yaşadığı mənzilə dair sosial kirayə müqaviləsi bağlaması qanunvericiliyin tələblərinə zidd deyildir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 verdiyi izahatında bildirdi ki, iddiaçının yaşadığı mübahisəli mənzil cavabdehin balansındadır və cavabdeh inzibati orqan iş üzrə qəbul olunacaq qərarı məhkəmənin mulahizəsinə buraxır. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AA******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci ildə doğulmuşdur. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4234/2021 nömrəli, 07.04.2021-ci il tarixli qərarından görünür ki, həmin qərar ilə iddia təmin edilmiş, İddiaçı ünvan 1 ünvanına qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhər Yasamal rayon Polis İdarəsinə həvalə edilmişdir. - Həmin qərardan həmçinin görünür ki, iddiaçının qeydiyyata düşmək istədiyi Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal-1, ev 13 ünvanında yerləşən 73 saylı mənzil onun istifadəsində olmaqla daimi yaşayış yeri olmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 23.06.2021-ci il tarixli, ******* nömrəli arayışından görünür ki, İddiaçı 16 iyun 2021-ci il tarixdən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, ev 13, mənzil 73 ünvanında qeydiyyatdır. Qeydiyyatda başqa şəxslər yoxdur. - Bakı şəhər Yasamal rayonu İcra Hakimiyyəti Yasamal rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən məhkəməyə ünvanlanmış 04/g №-li, 10.01.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, ev 13 Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Qeyd olunan yaşayış binası 1992-ci ildən istismara qəbul olunmuşdur. - Bakı şəhər Yasamal rayonu İcra Hakimiyyəti Yasamal rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən məhkəməyə ünvanlanmış 04/g №-li, 10.01.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, ev 13, mənzil 73 ünvanı ilə bağlı kirayə müqaviləsi bağlanmamışdır. MKTB-yə verilən məlumata əsasən İddiaçı 2000-ci ildən ünvan 3 ünvanında yaşayır. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan Ş-29-068 №-li, 12.07.2021-ci il tarixli məktubdan görünür ki, təqdim etdiyi ünvan 7 ünvanında yerləşən 73 saylı mənzilə yalnız qeydiyyata alındığından həmin mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması ilə bağlı xahişini yerinə yetirilməsi mümkün deyildir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. - 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan mənzildə həm faktiki olaraq, həm də qeydiyyata alınmaqla 2009-cu ilin oktyabrından əvvəlki dövrdə (2000-ci ildən) yaşadığından mənzil münasibətləri də həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsi ilə tənzimlənməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 08.07.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 01.10.2009-cu il tarixədək qüvvədə olan): - 52-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. - 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. - 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla birlikdə yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər («Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə, 43-cü maddəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğunluğu haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14.04.2000-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinin “müəyyən edilmiş qaydada” müddəası qüvvədən düşmüş hesab edilmişdir). - 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. 01.10.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 81-ci maddəsinə görə bir mənzildə yaşayan və mənzildəki yaşayış sahələrindən ayrı-ayrı sosial kirayə müqavilələri əsasında istifadə edərək, bir ailədə birləşmiş vətəndaşların yaşadıqları bütün yaşayış sahələrinin sosial kirayə müqaviləsini onlardan biri ilə bağlamağı tələb etmək ixtiyarı vardır. Kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4234/2021 nömrəli, 07.04.2021-ci il tarixli qərarına əsasən İddiaçı ünvan 1 ünvanına qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhər Yasamal rayon Polis İdarəsinə həvalə edilmişdir. Həmin iş üzrə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı uzun müddətdir həmin ünvanda yaşayır, başqa yaşayış yeri yoxdur və onun yaşadığı yer üzrə qeydiyyata alınması zəruridir. Qeyd olunan qərar qanuni qüvvəyə minmiş və icra edilmişdir. İddiaçının sosial kirayə müqaviləsi bağlanmasını istədiyi mənzil Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Həmin mənzilin yerləşdiyi yaşayış binası 1992-ci ildən istismara qəbul olunmuşdur. Hazırda iddiaçı mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşayır, mənzil iddiaçının istifadəsində olmaqla sonuncunun yaşayış yeridir. Azərbaycan Respublikası İnzibati Prosessial Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.9.8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyətinin başçısının səlahiyyətinə aiddir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 ünvanında yerləşən 13 nömrəli evin 73-cü mənzilinə dair İddiaçı ilə sosial kirayə müqaviləsinin bağlanması öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 ünvanında yerləşən 13 nömrəli evin 73-cü mənzilinə dair İddiaçı ilə sosial kirayə müqaviləsinin bağlanması öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-3075/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3075/2022
11.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver