Məhkəmə qərarları › İş №2-1(112)-3075/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3075/2025

18.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3075/2025 18.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4, üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) qarşı “arayışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, X6ndan miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəməmin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “İddiaçı ünvan 1 ünvanında yerləşən 0.0664 ha torpaq sahəsinə və üzərində tikilən A tikiliyə dair mülkiyyət hüququnun mərhum Mailəxanım Qürbət qızına məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir.

3. Məhkəmənin qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində (zəruri cəlbetmə) işə cəlb edilmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum nənəsi X10 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi, 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müracət etmişdir. Ancaq, xx.xx.2022-ci il tarixdə, **********59 sayılı məktubla ərizəsinə Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş aldı. Hesab edir ki, imtina əsassız və qanunsuzdur. Belə ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə mərhum nənəsi X12 adına Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi Şəxsi Mülkiyyət Hüququ ilə X3 və Qiymətləndirilməsi İdarəsi tərəfindən həmin torpaq sahəsinə və bir otaqlı tikiliyə dair 1963-cü ildə şəxsi mülkiyyət hüququ əsasında Texniki Pasport tərtib edilmişdir. O hazırda X12 miras əmlakına qanun üzrə vərəsəlik hüququ olan yeganə övladıdır. X6 mərhum atası X8 anasıdır. Bununla əlaqədar, o Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 39 sayılı Notariat Ofisinə müraciət etdi və xx.xx.2022-ci il tarixdə X6nın adına vərəsəlik işinin açılması barədə arayış almışdır. İmtina məktubunda bildirilir ki, elektron kadastr məlumatına əsasən, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Halbuki, həmin ərazidə neft hasilatını həyata keçirən heç bir buruq və ya neft çıxarma qurğuları mövcud deyildir. Onların və qonşularının ərazisində də belə qurğular mövcud deyildir. Ümumiyyətlə, həmin ərazilərdə heç vaxt neft hasilatı işləri aparılmamışdır. Onların yaşadığı evlərdə onlardan əvvəl ata-babaları və ulu babaları yaşamışdırlar. Həmin ərazilərdə heç vaxt neft yatağı olmamışdır və faktiki olaraq, həmin ərazilər hər zaman onların istifadəsində və mülkiyyətində olmuşdur. Həmin torpaq sahələri heç vaxt neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olmamışdır. Hesab edir ki, imtina əsassız və qanunsuzdur. Mərhum nənəsi X10 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkündür. Bu barədə xx.xx.2023-cü il tarixində Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdi. Onun ərizəsi əsasında 2-1(112)- 6241/2023 sayılı iş (Ləman Musayevanın sədrliyi ilə) icraata götürülmüşdür. Ancaq, daha sonra səhhətindəki problemlər səbəbi ilə məhkəməyə müraiət edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Ərizəsinə həmin iş üzrə qərardadın surətini də əlavə edir.

5. Cavabdeh qurumun iddiaçıya ünvanlanan imtina məktubunda qeyd olunmuşdur ki, elektron kadastr məlumatlarına əsasən qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin texniki pasport ilə faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur. Qeyd olunanlarla yanaşı, torpaq sahəsinin ölçüsü texniki pasportda 693 kv.m qeyd olunsa da, faktiki olaraq 664 kv.m təşkil edir.

6. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin texniki pasport ilə faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur. Qeyd olunanlarla yanaşı, torpaq sahəsinin ölçüsü texniki pasportda 693 kv.m qeyd olunsa da, faktiki olaraq 664 kv.m təşkil edir.

7. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi SOCAR-ın daimi istifadəsində olan ərazilərin (Azneft İB “Balaxanıneft” NQÇİ) hüdudları daxilində yerləşir. Bu səbəblərdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız neft-qaz əməliyyatlarının aparılması məqsədilə istifadə oluna bilər. Hesab edirik ki, iş üzrə cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtinası əsaslı olmuşdur. SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, Saziş ərazilərinin hüdudları və eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrıayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, eləcə də SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda SOCAR-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, Konstitusiyanın və Mülki Məcəllənin qeyd olunan normalarına əsasən, vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə Dövlətə əsaslı şəkildə maddi ziyan dəyir.

8. Məhkəmənin sorğusuna cavab olaraq cavabdehin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2- 45792/2024 nömrəli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sadıqcan küçəsi, 13 saylı fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatadan keçməsi barədə məlumat aşkar edilməmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Qılman Salahov küçəsi, döngə 2, 4 saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0.01492 ha torpaq sahəsi (**********21-10301 reyestr nömrəli) X1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sadıqcan küçəsi, 17 saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0.05034 ha torpaq sahəsi (**********95-10301 reyestr nömrəli) X9 (1/8 hissə), X7 (6/8 hissə), X5 (1/8 hissə) adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Musavat küçəsi, 51 saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0.03683 ha torpaq sahəsi (**********19-10301 reyestr nömrəli) X11 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sorğu ilə əlaqədar olaraq Balaxanı qəsəbəsi, Pleşakov küçəsi, 13 saylı fərdi yaşayış evinə dair 1963-cü il tarixli texniki pasportun, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sadıqcan küçəsi, 13 saylı fərdi yaşayış evinə dair müayinə aktının və koordinatların təsdiq edilmiş surətini təqdim edirlər.

9. İşdə olan xx.xx.2022-ci il tarixli xx/xx.2012 nömrəli arayışda qeyd edilmişdir ki, Mailəxanım Qüdrət qızı xx.xx.1964-cü il tarixdə vəfat etmişdir.

10. İşdə olan xx.xx.2022-ci il tarixli AZ-İİ seriyalı 278716 nömrəli ölüm haqqında şəhadətnamədə qeyd edilmişdir ki, X13 xx.xx.1976-cı il tarixdə vəfat etmişdir.

11. İşdə olan ünvan 2 ünvanlandığı xx.xx.2022-ci il tarixdə 406 nömrəli məktubda qeyd edilmişdir ki, mərhum Mailəxanım Qürbət qızından miras qalmış əmlaka dair "Vərəsəlik hüququ haqqında şəhadətnamə"-nin verilməsi ilə bağlı vətəndaş İddiaçı tərəfindən Bakı şəhəri 39 saylı Notariat ofisinə müraciət daxil olmuşdur. Mailəxanım Qürbət qızının xx.xx.1964-cü il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq vərəsələrin ərizəsi əsasında tərəflərindən vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə əsasən İddiaçı miras qoyanın vərəsəsi olması barədə məlumat verilir. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair çıxarışın verilməsi xahiş edilmişdir.

12. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun olaraq izahat verməklə iddia tələbinə uyğun izahat verdi.

13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

14. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

15. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

16. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

17. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.

18. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

19. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

20. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

21. İş materiallarından görünür ki, 1963-cü il tarixdə tərtib edilmiş texniki pasportda Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Pleşkova küçəsi, 13 saylı fərdi yaşayış evi “A” literlidir, cəmi tikintinin sahəsi 261,0 kv.metr, cəmi meydançanın sahəsi 693,2 ha təşkil edir, həmin evin sahibi kimi Mailəxanım Qürbət qızı qeyd edilmişdir. Mailəxanım Qüdrət qızı xx.xx.1964-cü il tarixdə vəfat etmişdir. Notariat ofisi tərəfindən cavabdehə məktub ünvanlanaraq sözügedən əmlaka dair ölmüş şəxsin adına hüquqmüəyyənedici sənəd verilməsi xahiş edilmişdir.

22. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir.

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1. Şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”.

25. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

26. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

28. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda);

29. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi X2 Bürosu tərəfindən 1963-cü il tarixdə Balaxanı qəsəbəsi keçmiş Pleşakov küçəsi, ev 13 ünvanında yerləşən fərdi yaşayış evinə dair Mailəxanım Qürbət qızının adına “Şəxsi mülkiyyət hüququ ilə X3 və qiymətləndirilməsinə aid” Pasport tərtib edilmişdir (Texniki pasportun surəti cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir).

30. Məhkəmə hesab edir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi X2 Bürosu tərəfindən verilmiş 1963-cü il tarixli “Şəxsi mülkiyyət hüququ ilə X3 və qiymətləndirilməsinə aid” Pasport torpaq sahəsinə və fərdi yaşayış evinə dair Mailəxanım Qürbət qızının (iddiaçının mərhum nənəsi) hüququnu təsdiq edən ilkin sübutu təşkil edir.

31. Cavabdehin həm imtina məktubunda, həmdə iddia tələbinə dair etirazında olan dəlillərindən biri elektron kadastr məlumatlarına əsasən qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsi olmuşdur.

32. Qeyd edilməlidir ki, torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş torpaqların hüdudları daxilində yerləşsə belə, bu hal iddianın təmin edilməsini istisna edən hal deyil. Belə ki, iddiaçı hazırkı halda mülkiyyət hüququna dair qanuni gözləntiyə malik olmuş və bu hüquq mülkiyyət hüququna bərabər hesab edilir. Qanuni gözləntiyə malik olmaları dövlət daxili konkret qanunvericilik aktından, yəni «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanundan irəli gəlir. Həmin Qanunda müəyyən edilmiş şərtlərə və qaydaya əməl ediləcəyi təqdirdə iddiaçı torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqları əldə edəcəyi üçün cavabdeh inzibati orqanın özəlləşdirməni həyata keçirməkdən imtinası nəticəsində onun mülkiyyət hüquqlarına müdaxilə baş vermişdir.

33. Həmçinin qeyd edilməlidir ki, iddiaçının mübahisəli torpaq sahəsinə və fərdi yaşayış evinə hüquqları 1963-cü ildən etibarən yarandığından və həmin dövrdə torpaq sahəsinin neft və qaz yataqlarının işlənməsi üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə verilməsi sübuta yetirilmədiyindən iddiaçının daşınmaz əmlak üzərində hüquqlarının yaranması təkzib olunmaz haldır.

34. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, torpaq sahəsinin təqdim olunmuş baş planından məlum olur ki, sahənin bir tərəfi yolla sərhəddir, digər üç tərəfi qonşu torpaq sahələri ilə həmsərhəddir. Qeyd edilən torpaq sahəsi Dövlət Neft Şirkətinin torpağı olduğu halda belə, qonşuluqda yerləşən torpaq sahələri yaşayış məntəqə torpaqlarına aid edilmiş və ayrı-ayrı şəxslərə ayrılmış torpaq sahələrinə dair çıxarışlar verilmişdir. Həmin hal cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli məktubu ilə müəyyən edilir.

35. Göründüyü kimi, cavabdeh inzibati orqan bərabərlik hüquqlarının təməl prinsipini pozaraq iddiaçıya münasibətdə fərqli mövqeyini nümayiş etdirmişdir ki, məhkəmənin qənaətinə görə bu hal iddiaçının mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilir.

36. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanının 1-ci hissəsi ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsə də, Fərmanın 2-ci hissəsində müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

37. Məhkəmə qeyd edir ki, iddia olunan torpaq sahəsi magistral boru kəmərlərinin, eləcə də neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyindən, habelə hazırda mübahisənin predmetini ərazidə tikinti işlərinin aparılması deyil, torpaq sahəsinə və fərdi yaşayış evinə hüququnun qeydiyata alınması təşkil etdiyindən, cavabdehin bu dəlili əsassızdır.

38. Cavabdehin digər dəlili ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə sorğusuna əsasən cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə baxış aktı məhkəməyə təqdim edilmiş, həmin aktda ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 144,3 kv.metr 3 otaqdan ibarət olduğu, torpaq sahəsinin faktiki 0.0664 ha olduğu müəyyən edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, məhz faktiki istifadəsində olan 0.0664 ha torpaq sahəsinə və üzərində tikilən A tikiliyə dair mülkiyyət hüququnun mərhum Mailəxanım Qürbət qızına məxsus olması barədə arayışın verilməsini xahiş etmişdir.

39. Beləliklə, iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.11-ci bəndinə əsasən sənəd təqdim edilmişdir.

40. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

41. Məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

42. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

43. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

44. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

45. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 0.0664 ha torpaq sahəsinə və üzərində tikilən A tikiliyə dair mülkiyyət hüququnun mərhum Mailəxanım Qürbət qızına məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar