Məhkəmə qərarları › İş №2-1(112)-3077/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3077/2022

26.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3077/2022 26.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ.İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********37 nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubunda göstərmişdir ki, Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.2005-xx.xx.2020-ci il tarixləri arasındakı dövrdə “X7”nda işlədiyi rəngsaz briqadiri vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı’nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsində (10) nəzərdə tutulmamışdır. Bu səbəbdən iddiaçının güzəştli iş stajı yoxdur. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddianın dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim etmiş və ona 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ.Tərəflərin əsaslandırılması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 1998-ci ildən 2020-ci ilədək X2 LTD Şirkətində yarım batan üzən qazma qurğusunda dənizdə tam iş günü ilə istehsalat proseslərində bilavasitə iştirak edən rəngsazların briqadiri vəzifəsində işləmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarına əsasən 1 saylı X-bölmə, Neftin qazılması və hasilatı(dəniz neftçiləri üçün) güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı 22(iyirmi iki) il 03(üç) ay 15 (on beş) gün təşkil edir. İddiaçı “X7”nda rəngsaz briqadiri vəzifəsində işlədiyi vaxt briqadada özündən başqa cəmi 2 fəhlə olub və onlar eyni funksiyaları yerinə yetirmiş, yəni faktiki olaraq fəhlə işləmiş, fəhlə vəzifəsi isə Nazirlər Kabinetinin yuxarıda göstərilən qərarında güzəştli şərtlərlə pensiya almaq hüququ verən şəxslərin siyahısına daxil edilmişdir. Ona görə də, iddiaçı hesab edir ki, cavabdehin bu səbəbdən ona güzəştli şərtlərlə yaşa görə pensiya hüququndan imtina verilməsi barədə 17 may 2021-ci il tarixli qərarı tam qanunsuzdur. Cavabdeh xx.xx.2022-ci il tarixli iddiaya yazılı etirazında iddia tələbinin təmin olunmamasını xahiş etmiş və göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda 35-ci bölməsində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının təqdim etdiyi xx.xx.1978-ci il tarixli İT 00723226 nömrəli əmək kitabçasında xx.xx.1998-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində və xx.xx.2005-ci il tarixindən bugünədək “X2 LTD”-nin Dədə xx.xx.2020-ci il tarixli HA-017-2020 nömrəli arayışında iddiaçının rəngsaz peşəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. İddianın mümkünlüyünü yoxlayan məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Çünki iddiaçının onun barəsində əlverişli inzibati akt qəbul edilməsini tələb etdiyi hazırkı iddia inzibati mühakimə icraatı qaydasında baxılan iddiadır. İddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur və o, məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyin istinad olunan normasından görünür ki, aşağıdakı şərtlərin hamısı birlikdə olduğu halda şəxsə (kişilər üçün) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilər:

1. 60 yaşının tamam olması;

2. azı 25 il sığorta stajına malik olması;

3. 25 il sığorta stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması;

4. fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (bu tələb 2017-ci il iyulun 1-dən etibarən müəyyən olunmuşdur). İş materiallarından görünür ki, göstərilən tələblərdən hər biri iddiaçı tərəfindən ödənilir. İ tələb üzrə: Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuş, onun 60 yaşı xx.xx.2020-ci il tarixdə tamam olmuşdur. İİ tələb üzrə: İddiaçıya aid H3 №3941917 nömrəli hərbi biletdən görünür ki, o, xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilə qədər hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1978-ci ildə Bakı əlvan metal emalı zavodunda daşıyıcı vəzifəsinə qəbul edilmiş, xx.xx.1978-ci ildə hərbi xidmətə getməsi ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1978-ci ildə yenidən həmin vəzifəyə qəbul edilmiş, xx.xx.1978-ci ildə işdən azad edilmiş, xx.xx.1980-ci ildə yenidən həmin zavodda daşıyıcı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1984-cü ildə öz arzusu ilə işdən azad edilmiş, xx.xx.1984-cü ildə Bakı dayaq hissələri və stasionar dərin dəniz özüllərinin istehsalı zavodunda sapandçı (стропальщик) vəzifəsinə qəbul edilmiş, xx.xx.1996-cı ildə köçürmə yolu ilə müvəqqəti olaraq “RESL” müəssisəsinə keçməsinə görə işdən azad edilmiş, xx.xx.1997-ci ildə “RESL” müəssisəsinə işçi olaraq qəbul edilmiş, xx.xx.1996-cı ildən müqavilə müddətinin bitməsi ilə bağlı işdən azad edilmiş, xx.xx.1996-cı ildən xx.xx.2000-ci ilə qədər Bakı Dərin Özülləri zavodunda sapandçı (стропальщик) vəzifəsində işləmiş, xx.xx.1998-ci ildə "X4"də rəngsaz vəzifəsinə qəbul edilmiş, xx.xx.2003-cü ildə “X7”nda “takelajçı” vəzifəsinə keçirilmiş, xx.xx.2005-ci ildə “X7”nda rəngsaz briqadiri vəzifəsinə keçirilmişdir. Hazırda həmin vəzifədə işləyir. Məhkəmə qeyd edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... Yuxarıda adı çəkilən sənədlərdən məlum olur ki, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixə 25 ildən artıq, 41 il 7 ay 24 gün ümumi iş stajı olmuşdur. İİİ tələb üzrə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısına əsasən 23200000 XXXİİİ. Ümumi peşələr, 23200000— 13450- təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid edilmişdir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən 35. Ümumi peşələr - təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. İş materiallarında olan X2 LTD tərəfindən iddiaçıya verilmiş güzəştli arayışda göstərilmişdir ki, İddiaçı yarım batan üzən qazma qurğusunda dənizdə tam iş günü ilə istehsalat proseslərində bilavasitə iştirak edən Rəngsazların Briqadiri vəzifəsində işləyir. Azərbaycan Respublikasının Nazilrər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarına əsasən, 1 saylı siyahı X-bölmə, Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) güzəştli şərtlərlə pensiya hüququ verən iş staji 22 (iyirmi iki) il 03 (üç) ay 15 (on beş) gün təşkil edir. Arayışa əsasən iddiaçının xx.xx.2005-xx.xx.2020-ci illərdə işlədiyi vəzifə 23200000—13450- təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar peşəsinə uyğundur. X2 LTD tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli məktubda isə göstərilmişdir ki, İddiaçı "X5 Limited” MMC-də yarımdalma üzən qazma qurğusunda dənizdə tam iş günü ilə istehsalat proseslərində bilavasitə iştirak edən Rəngsazların Briqadiri (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007 -cil il tarixli 12 nömrəli Qərarı ilə təsbit olunmuş 11.8. Rəngləmə işləri istehsalı 3-cü sinif təhlükədən aşağı olmayan zərərli maddələrin tətbiq olunduğu yerlərdəki işlərdə məşğul olan sahələrin ustaları, böyük ustalar katigoriyasına uyğun olan), vəzifəsində işləyir. Onun əmək funksiyaları aşağıdakılardır: Qurğunun bütün boya işlərinin təşkil edilməsi və nəzarəti; Bütün boyama avadanlıqlarının, boyaların, respiratorların, tapança çiləyicilərin, hava xortumlarının texniki xidməti və təhlükəsizlik yoxlamaları; Qurğuda boyamanın keyfiyyətli, səmərəli, lazımi qaydada və vaxtında, insanların, ətraf mühitin, avadanlığın təhlükəsizliyini lazımi şəkildə nəzərə almaqla yerinə yetirilməsi və nəzarət edilməsi. İşçi vaxta üsulu ilə 21 gün dəniz şəraitində qazma qurğusunda çalışır və iş vaxtı aşağıdakı zərərli maddələrlə işləyir: İNTERSEAL GREY -670, STORM GREY – 670 K 724, ALUMİNİUM – 670, RED- 990, BLACK-990, QATMALAR, THİNNER – 220, THİNNER-713, THİNNER-822. İşçiyə zərərli olan işdə işləməsinə görə 6 gün əlavə məzuniyyət verilir və əmək haqqına 1.24 əmsalı ilə əlavə ödənilir. İşəgötürənin cavabdehə təqdim etdiyi güzəştli arayışla daha sonra məhkəməyə təqdim etdiyi güzəştli arayışda istinad olunan sahələr fərqli olduğundan X2 LTD-yə təkrar sorğu göndərilmiş, sorğuya cavab olaraq işəgötürən iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007 -cil il tarixli 12 nömrəli Qərarı ilə təsbit olunmuş 35. Ümumi peşələr təhlükəliliyi 3-cü sinif təhlükədən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar kateqoriyasına uyğun gəldiyini bildirmişdir. Məhkəmə cavabdehin bu arayışını mötəbər sübut kimi qəbul edir. Belə olan halda isə həmin arayışa əsasən müəyyən olunur ki, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2020ci il tarixə 20 il 2 ay 14 gün güzəştli iş stajı olmuşdur. İşdən görünür ki, cavabdeh iddiaçıya imtina cavabı verərkən rəngsaz briqadiri vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı’nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsində (10) nəzərdə tutulmadığına istinad etmiş, lakin bu zaman işəgötürənən həmin sahə üzrə deyil, ümumi peşələr üzrə koda istinad etdiyinə əhəmiyyət verməmişdir. Məhkəmə icraatı zaman təqdim etdiyi etirazda isə imtina əsasına deyil, digər bir hala, arayışda iddiaçının rəngsaz peşəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq edilən maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyinin qeyd olunmamasına istinad etmişdir. Halbuki bu halın müəyyən edilməsi iddiaçının deyil, cavabdehin vəzifəsi olmuşdur. Belə ki, əgər cavabdeh iddiaçının işlədiyi maddələrin təhlükəlilik sinifini mübahisələndirirdisə, onda həmin maddələrin hansı sinifə uyğun gəldiyini müəyyən etməli və yalnız bundan sonra iddiaçının tələbinin təmin və ya rədd olunması barədə qərar qəbul etməli idi. Çünki “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə qeyd edir ki, məsələnin araşdırılması ilə bağlı cavabdehin tabe olduğu yuxarı orqanı olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu verilmiş, Nazirlik sorğuya cavab olaraq xx.xx.2022-ci il tarixli məktubunda göstərmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1993-cü il 18 avqust tarixli 6-2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının aparılması qaydası haqqında” təlimatda İnterseal grey -670, Storm Grey - 670 K 724, Aluminium – 670, Red-990, Black- 990, Qatmalar - Thinner – 220, Thinner-713, Thinner-82 adlı maddələr nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş "İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları”nın 1.4-cü bəndinin 4-cü abzasına əsasən peşə xəstəliyi şübhəsi altında, peşə xəstəliyinin diapazonunun təyin olunması, eyni zamanda, mübahisələrin məhkəmə yolu ilə həll olunması, xəstəliyin peşə ilə bağlılığı məsələsinin həlli bu Qaydalara uyğun keçirilən əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticələrindən istifadə olunması məqsədlərindən biri olaraq müəyyən edilmişdir. Həmin Qərarın 1.6-cı bəndinə əsasən Təhlükəli və zərərli istehsal amillərinin parametrlərinin ölçülməsini, əmək proseslərinin ağırlıq və gərginlik göstəricilərinin müəyyən olunmasını müəssisənin laboratoriyası həyata keçirir. Bunun üçün müəssisədə lazımi texniki vasitələr və normativ sorğu bazası olmadıqda dövlət sanitariya nəzarəti orqanlarının, X3 Xidmətinin laboratoriyaları və bu sahədə göstərilən ölçülərin aparılması hüququna malik olan digər laboratoriyalar cəlb olunurlar. Sözügedən maddələrin təhlükəli olub-olmaması iş yerlərinin attestasiyasının nəticələrinə əsasən müəyyən edilə bilər. Göründüyü kimi, cavabdehin tabe olduğu inzibati orqan da həmin maddələrin təhlükəlilik dərəcəsini müəyyənləşdirə bilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Buna görə də, cavabdeh tərəfindən işəgötürənin verdiyi arayışın mötəbərliyini şübhə altına alan hər hansı bir sübut təqdim edilmədiyindən məhkəmə həmin arayışı mötəbər qəbul edir. Bu zaman məhkəmə onu da nəzərə alır ki, istehsalat prosesində insan orqanizminə təsirin dərəcəsinə görə bütün zərərli maddələr 4 sinfə bölür: 1-ci - fövqəladə təhlükəli maddələr; 2-ci - yüksək təhlükəli maddələr; 3-cü - orta təhlükəli maddələr; 4-cü - az təhlükəli maddələr. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahısı”da təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrin, yəni 1-3-cü siniflər arası maddələrin tətbiqindən söhbət gedir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin «18» avqust 1993-cü il tarixli 6-2 saylı qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının aparılması qaydası haqqında» Təlimata 5 saylı Əlavə olan "İş zonasının havasında tez-tez təsadüf edilən zərərli maddələr toplantısının buraxıla bilən həddi"ndə (TEH) hazırkı iş üzrə işəgötürənin təqdim etdiyi arayış verilən İnterseal grey -670-in tərkibini təşkil edən etilenxlorhidrin, fenol maddəsinin təhlükəlilik sinifi 2-ci sinif, İnterseal grey -670-in tərkibini təşkil edən digər bir maddə olan etilbenzol, habelə Aluminium maddələrinin təhlükəlilik sinifi isə 3-cü sinif kimi müəyyən edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iş materialları ilə iddiaçının işlədiyi peşə üzrə təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrin tətbiq edilməsi öz təsdiqini tapdığından cavabdehin heç bir əsası olmayan etirazının dəlilləri qəbul edilə bilməz. İV tələb üzrə: Cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 20655,02 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 110040,17 manat olmaqla cəmi pensiya kapitalı 130696,19 manat təşkil edir. Adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə Mərkəzi Filiala müraciətində qeyd etdiyi kimi 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 37800,00 manat məbləğində hesablanmışdır. Beləliklə, sadalananlara əsasən müəyyən olunur ki, hazırda iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilən bütün tələbləri ödədiyindən iddia tələbi əsaslı olmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar