Məhkəmə qərarları › İş №2-1(112)-3078/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3078/2022

17.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3078/2022 17.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 (böyük mütəxəssis, ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı sosial müavinətin ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 19 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən X2 əlilliyinə görə 2020-ci il iyul ayından 2021-ci ilin fevral ayınadək ödənilməmiş 8 aylıq sosial müavinəti, yəni 1600 manat məbləğində pulun ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 24.08.2021-ci il tarixli qərardadları ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 19 saylı regional ərazi filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmiş və iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı övladı X2 əlilliyinə görə 200 manat məbləğində sosial müavinət alır. Həmin müavinət 2020-ci il iyul ayından 2021-ci ilin fevral aylarınadək verilməmişdir. İddiaçı hesab edir ki, övladına verilən sosial müavinətin əvvəlki aylarda qanunla müəyyən edilmiş qaydada ödənilməlidir. Bu barədə aidiyyəti orqanlara müraciət etsə də lakin heç bir nəticəsi olmamışdır. 2020-ci il iyul ayından 2021-ci ilin fevral aylarınadək ödənilməmiş sosial müavinət cavabdeh tərəfindən geri ödənilməlidir. Cavabdeh iddiaya dair yazılı etirazı məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçı tərəfindən cavabdeh orqana onun övladı İ.Dəmirovun sağlamlıq imkanları məhdudluğu ilə bağlı Dövlət Sosial Müdafiə fondunun Şəmkir rayon şöbəsi tərəfindən 05.06.2009-cu il tarixdən 30.06.2020-ci il tarixinədək 182 nömrəli qərarla sosial müavinətin təyin edilərək ödənilməsi qərara alınmışdır. İ.Dəmirovun sağlamlıq imkanlarının məhdudluğunun başlanğıc tarixi 05.06.2009, son tarixi isə 30.06.2020-ci il tarixi müəyyən edilmişdir. İddiaçı 08.04.2021-ci il tarixində DSMFnin 19 saylı regional ərazi filialına ərizə ilə müraciət edərək sağlamlıq imkanları məhdud övladının təkrar müayinədən keçdiyi üçün müavinətin ödənişinin davam etdirilməsinə sərəncam verilməsini xahiş etmişdir. Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair 29.01.2021-ci il tarixli arayışından məlum olur ki, iddiaçının oğlu İ.Dəmirovun 29.01.2021-ci il tarixdən 31.05.2023-cü il tarixədək (18 yaşının tamam olduğu) səbəbi ümumi xəstəlik olmaqla sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. Daha sonra Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filalı tərəfindən 29.01.2021-ci il tarixdən (tsek qərarının verildiyi tarixdən) Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filalı tərəfindən “Sosial müvinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 4.0.1.4-cü maddəsinə uyğun olaraq 150 manat məbləğində sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar görə elektron qaydada sosial müavinət təyin olunmuşdur. Bununla yanaşı iddiaçıya Azərbaycan Respublikası prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına uyğun olaraq 29.01.2021-ci il tarixdən 31.05.2023-cü il tarixədək aylıq 50 manat məbləğində sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Repsublikasının prezidentinin təqaüdü təyin edilmişdir. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 25 avqust 1992ci il tarixli Azərbaycan Respublikası Qanunun 4-1-ci maddəsinə əsasən, şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılır. Tibbisosial ekspert komissiyasının rəyi uşaqın sağlamlıq imkanları məhdudluqunu, əlillik qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəddir. Əlilə və ya sağlamlıq imkanları məhdud uşağa nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəsiqə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Həmin Əsasnamənin 1.5-ci bəndinə görə tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsi ilə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Xidmət) tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə uyqun olaraq şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. İstinad olunan qanunvericilik normalarının qarşılıqlı təhlilindən də məlum olur ki, 18 yaşınadək uşaqların sağlamlıq imkanları məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçının oğlu İ.Dəmirovun sağlamlıq imkanlarının məhdudluğu 29.01.2021-ci il tarixində müəyyən olunmuş və qeyd edilən tarixdən müvafiq olaraq sosial müavinət və prezident təqaüdü hesablanaraq ödənilməkdədir. Qeyd olunan qanunvericilik normalarından da aydın olur ki, sağlamlıq imkanlarının məhdudluğu barədə qərarın qəbul edildiyi tarix həmin şəxsin qeyd edilən tarixdən etibarən sosial ödənişləri alması üçün əsasdır. İddaçının 2020ci ilin iyul ayından 2021-ci ilin fevral ayınadək əlilliyə görə ödənilməmiş müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qeyd olunan səbəblərdən qanunsuz və əsassızdır. Bununla yanaşı, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun əlilliyin müəyyən edilməsi başlıqlı 3-cü maddəsinin 3.3-1-ci yarımbəndinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Qanun 2 iyul 2021-ci il tarixində yeni məzmunda əlavə edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı teleqramla məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanmaqla işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan AZ-İİ seriyalı 020691 saylı Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X4 31.05.2015-ci il tarixdə doğulmuş, atası X5, anası İddiaçıdır. İşdə olan AZE seriyalı 11279994 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 31.05.2015-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 19 saylı regional ərazi filialının 28.04.2021-ci il tarixli **********2 saylı arayışından görünür ki, iddiaçı, əlil uşağı X3 görə 150 manat sosial müavinət alır. İşdə olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, iddiaçının oğlu X4 29.01.2021-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinədən keçmiş və 29.01.2021-ci il tarixdən 31.05.2023-cü il tarixədək səbəbi ümumi xəstəlik olmaqla sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 19 saylı regional ərazi filialı tərəfindən iddiaçıya ünvanlanmış 01.06.2021-ci il tarixli, **********7 saylı imtina məktubundan görünür ki, “Sosial müavinət haqqında” Azərbaycan Respublikasının lanununun 7.0.4-cü maddəsinə əsasən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş gündən təyin olunur. Odur ki, iddiaçının övladı X2 əlilliyi sağlamlıq imkanları məhdud uşaq kimi 29.01.2021-ci il il tarixdən qiymətləndirilmiş, həmin tarixdən proaktiv qaydada müavinət və sağlamlıq imkanları məhdud uşaqlara qulluğa görə təqaüd təyin olunmuşdur. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia təmin olunmamalıdır. “Sosial müvinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 4.0.1.4-cü maddəsinə əsasən bu Qanunla sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət təyin edilir. Həmin Qanunun 7.0.4-cü maddəsinə əsasən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət-müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət - 18 yaşınadək uşaqların müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddətinə təyin edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir (02.07.2021-ci il tarixli 356-VİQD saylı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanunu ilə əlavə edilmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1dək əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Yuxarıda qeyd olunan normaların tələbindən göründüyü kimi 18 yaşınadək uşaqların sağlamlıq imkanları məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunmaqla bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir və müavinət həmin tarixdən hesablanmaqla ödənilir. İşin hallarından müəyyən olunur ki, iddiaçının oğlu İ.Dəmirova sağlamlıq imkanlarının məhdudluğu ilə bağlı 21.04.2009-cu il tarixdən 30.06.2020-ci il tarixədək müavinət təyin edilmiş, 30.06.2020-ci il tarixdə müavinətin verilməsi dayandırılmış, iddiaçının müraciət əsasında oğlu İ.Dəmirovun sağlamlıq imkanlarının məhdudluğu 29.01.2021-ci il tarixində müəyyən olunmuş və qeyd edilən tarixdən müvafiq olaraq sosial müavinət və prezident təqaüdü hesablanaraq ödənilməkdədir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtinası qanuni olduğundan iddia təmin oluna bilməz. Bundan əlavə, məhkəmə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə münasibətdə qeyd edir ki, göstərilən norma həmin maddəyə 02.07.2021-ci il tarixli 356-VİQD saylı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanunu ilə əlavə edilmişdir. Yəni həmin norma mübahisənin yarandığı, habelə iddiaçının müraciət etdiyi vaxtda qüvvədə olmamışdır. Hətta, yüngülləşdirici hal kimi geriyə tətbiq olunacağı halda belə, iddiaçı həmin normada nəzərdə tutulan 6 ay müddəti ötürmüşdür ki, bu halda da iddiaçının tələbi qanuni sayıla bilməz. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı yuxarıda qeyd olunan normalara əsasən ödənilməmiş müavinəti almaq hüququna malik olmadığından iddia təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A LDİ : İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar