Məhkəmə qərarları › İş №2-1(112)-3079/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3079/2024

18.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3079/2024 18.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun tanınması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023cü il tarixli **********32 saylı imtinasının əsaslı hesab edilməməsi və 1991-ci ildən istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun tanınması barədə qərar qəbul edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi özbaşına tikili olmaqla 1991-ci ildən 1997-ci ilə kimi orda yaşadıqdan sonra müraciəti əsasında Binəqədi rayon İcra Hakimiyyətiin xx.xx.1997-ci il tarixli 871 saylı Sərəncamı əsasında onun və 4 nəfər ailə üzvünün, yəni arvadının, iki qızının və oğlunun onunla birlikdə həmin evə pasport qeydiyyatına götürülməsinə qərar verilmiş və həmin qərar icra edilmişdir və hazıra kimi də həmin evdə ailə üzvləri ilə birlikdə yaşamaqla 1997-ci ildən pasport qeydiyyatındadırlar. Həmin evə dair eskiz layihəsi də hazırlanmış və məhkəməyə təqdim edilmişdir. Həmin ev üzrə 2001-ci ildən işıq, 2005-ci ildən qaz, 2003-cü ildən su istehlakçısı kimi qeydiyyatda olmaqla abonent kimi fasiləsiz ödənişlər edir. 2001-ci ildən həmin ev və altında olan torpaq üzrə vergi ödəyicisi kimi qeydiyyata alınmış və vergilərini ödəyir. Artıq 32 ildən artıqdır ki, həmin evdə yaşadığı üçün cavabdehə ərizə ilə xx.xx.2023-cü il tarixdə müraciət edərək həmin fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etsə də, cavabdeh xx.xx.2023-cü il tarixli **********32 saylı məktubla cavab verərək hüquqmüəyyənedici sənədlər olmadığından hüquqlarını həmin ev üzrə tanımaqdan imtina etmişdir. İmtina məktubu poçtla rəsmi qaydada xx.xx.2023-cü il tarixdə ona çatdırılmışdır. Cavabdeh imtina verməklə hüquqlarına və qanuni mənafeyinə toxunacaq akt qəbul etmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********32 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 3-21-3-30/2-S0471-8/2023 **********32 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən hüquqi yardım göstərərək bildirilir ki, müvafiq hüquqmüəyyənedici sənədlər təqdim ediləcəyi təqdirdə müraciətə yenidən qanunamüvafiq qaydada baxılacaqdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı tərəfindən 2012, 2016, 2023-cü il yerli (bələdiyyə) vergilər üzrə fiziki şəxsin şəxsi hesab vərəqəsi təqdim edilmişdir. Bakı Elektrikşəbəkə Açıq Səhmdar Cəmiyyətinin 075442 saylı protokolundan görünür ki, istehlakçı İddiaçı ünvanı Koroğlu 006, 005a-dır. Bakı Elektrikşəbəkə Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 033011 saylı xx.xx.2007-ci il tarixli aktdan görünür ki, istehlakçı İddiaçı ünvanı Koroğlu 006, 005a-dır. Bakı Elektrikşəbəkə Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş bildirişdən görünür ki, İddiaçı ünvanı Binəqədi rayonu Varovski qəsəbəsi Koroğlu Bina 0006 mənzil 005a-dır. X8 Cəmiyyəti tərəfindən təqdim edilmiş AB seriyalı 020983 saylı arayışa əsasən Binəqədi rayonu M.Ə.Rəsulzadə - 1 Koroğlu ev 0006 mənzil 005A ünvanında yaşayış İddiaçı xx.xx.2023-cü il tarixi üçün elektrik enerjisindən borcu yoxdur. X8 Cəmiyyəti tərəfindən tərtib edilmiş abunə haqqında çıxarışlardan görünür ki, abunəçi İddiaçı ünvanı Binəqədi rayonu M.Ə.Rəsulzadə - 1 Koroğlu ev 0006 mənzil 005Adır. X9 Cəmiyyəti tərəfindən tərtib edilmiş Binəqədi Rayon Sukanal İdarəsi üzrə ödənişlərin siyahısından görünür ki, İddiaçı ünvanı Binəqədi rayonu Koroğlu küçəsi 6-cı keçid ev 5/A-dır. X9 Cəmiyyəti tərəfindən təqdim edilmiş ******* saylı xx.xx.2023-cü il tarixli arayışa əsasən Binəqədi rayonu Koroğlu küçəsi 6-cı keçid ev 5/A ünvanında yaşayan İddiaçı Mirəli oğlunun (1956) xx.xx.2023-cü il tarixinə sudan istifadə və tullatı sularının axıdılması xidmətinə görə borcu yoxdur. Məişət qaz sayğaclarının quraşdırılması, yoxlanılması, istismara qəbulu və abonentə təhvil haqqında xx.xx.2005-ci il tarixli aktdan görünür ki, X4 Cəmiyyəti tərəfindən istehlakçı İddiaçı yaşadığı M.Ə.Rəsulzadə qəsəbəsi Koroğlu küçəsi ev 5A ünvanında qaz sayğaçı quraşdırılmışdır. Əhali istehlakçılarının təbii qazla təmin edilməsi, ondan istifadə, istismar və ödəniş qaydaları haqqında 119 saylı xx.xx.2006-cı il tarixli müqavilədən görünür ki, istehlakçı İddiaçı ünvanı Rəsulzadə qəsəbəsi Koroğlu küçəsi 3-cü keçid ev 5A-dır. Abonentin saldosundan görünür ki, abonent İddiaçı ünvanı ünvan 10 ev 5A-dır. xx.xx.2011-ci il tarixli qazdan istifadə edən abonentin qaz sayğacının çıxarılması haqqında aktdan görünür ki, abonent İddiaçı yaşadığı Rəsulzadə qəsəbəsi Koroğlu küçəsi ev 5A ünvanında qaz sayğacı qırıldığına görə aşkar edilərək çıxarılmışdır. Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyəti 1 saylı Rabitə Xidmətlər Mərkəzi tərəfindən təqdim edilmiş 16 saylı xx.xx.2023-cü il tarixli arayışa əsasən Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi 6-cı keçid ev 5 ünvanında yaşayan vətəndaş İddiaçı adına ***-**-** saylı nömrə həqiqətən də xx.xx.1999-cu il tarixdən işləyir. Bakı Elektrikşəbəkə Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş CVF seriyalı 668068 saylı xx.xx.2010-cu il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ünvanı Binəqədi Varovski qəsəbəsi Koroğlu bina 0006 mənzil 005a-dır. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanlanmış C-202 saylı xx.xx.1997-ci il tarixli məktubda bildirilmişdir ki, İddiaçı ailə tərkibi 5 nəfərlə (özü, arvadı, iki qızı, oğlu) 1986-cı ildən M.Ə.Rəsulzadə qəsəbəsində Koroğlu küçəsindəki 3-cü döngə 5a nömrəli özbaşına tikilmiş evdə qeydiyyatsız yaşayır, evin kommunal xərclərini ödəyir və xahiş edir ki, onun pasport qeydiyyatına götürülməsinə icazə verilsin. İddiaçı ailə tərkibi 5 nəfərlə (özü, arvadı, iki qızı, oğlu) M.Ə.Rəsulzadə qəsəbəsində Koroğlu küçəsindəki 3-cü döngə 5a nömrəli özbaşına tikilmiş evə pasport qeydiyyatına götürülməsi barədə müvafiq sərəncamın qəbul edilməsi tapşırılmışdır. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 871 saylı xx.xx.1997-ci il tarixli sərəncamına əsasən vətəndaş İddiaçı 5 nəfər ailə tərkibi ilə (özü, arvadı, iki qızı, oğlu) M.Ə.Rəsulzadə adına qəsəbə, Koroğlu küçəsi, 6-cı keçiddə yerləşən 5a nömrəli özbaşına tikilmiş yaşayış evinə pasport qeydiyyatına götürülmüşdür. Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti Azərsığorta tərəfindən təqdim edilmiş 02-03 saylı xx.xx.1997-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində 1997-ci ildən işləyir və işlədiyi müddətdə Şirkətdə mənzil növbəsində qeydiyyata alınmamışdır. Hal-hazırda Şirkətdə mənzil növbəsində olan işçilərə mənzil verilməsi dayandırılmışdır. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 44769/2023 **********69 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, keçid 6, 5a saylı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Vəkil iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. İddianın növü və mümkünlüyü “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; X5 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X1 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50). Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı tərəfindən fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər cavabdeh quruma təqdim edilməmişdir. Belə sənədlər məhkəmə araşdırması zamanı da iddiaçı tərəfindən təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüququna dair qeydiyyatın aparılmasından cavabdehin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüququna dair qeydiyyatın aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar