Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-308/2024 16.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X40 İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X26) qarşı “torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 2-ci kvartal, 141 “A” saylı sahə ünvanındakı 0,12 ha torpaq sahəsinin planı ölçüsü sənədinin tərtib edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, elektron kadastr məlumatına əsasən yerləşmə cizgisi ilə faktiki sahənin yerləşməsində ciddi uyğunsuzluq mövcuddur. Həmçinin faktiki sahənin bir hissəsi (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş sahə ilə üst-üstə düşür. Bu səbəblərdən plan ölçünün tərtib edilməsi tərəfimizdən mümkün olmamışdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 2-ci kvartal, 141 “A” saylı sahə ünvanındakı 0,12 ha torpaq sahəsinin planı ölçüsü sənədinin tərtib edilib verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X26 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İİ. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 2-ci kvartal, 141“A” saylı sahəsi notarial qaydada alqısatqı yolu ilə almış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən onun adına **********79 Daşınmaz Əmlakın Reyestir nömrəsi ilə çıxarış verilmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınsa da, plan ölçü sənədi tərtib edilərək ona verilməmişdir. Bununla əlaqədar 03 fevral 2022-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə müraciət etsə də, onlar imtina cavabı vermişlər. Neçə ildir ki, o ailəsi ilə həmin ünvanda yaşamış, heç bir mübahisəyə səbəb olan hal görməmişdir. Ona məxsus torpağın çizgi planın (plan ölçü sənədinin) olmaması səbəbindən əmlakın tam mülkiyyətçisi olaraq bəzən hüquqları məhdudlaşdırılır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilən əsaslara istnad edərək qeyd etmişdir ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin yerləşmə cizgisi ilə faktiki sahənin yerləşməsində ciddi uyğunsuzluq mövcuddur. Həmçinin faktiki torpaq sahəsinin bir hissəsi X14 adına verilmiş, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Torpağın mülkiyyətə verilməsinə dair JN- 24640D saylı şəhadətnaməsi əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş sahə ilə üst-üstə düşür. Bu səbəblərdən plan ölçünün tərtib edilməsi mümkün olmamışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və üçüncü şəxslər məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: -JN-24641D nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.1998-ci il tarixli 03 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.12 ha torpaq sahəsinə X20, X7, X18, X21, X19, İddiaçı, X15, X22, X23, X24, X27, X16 və X8 mülkiyyət hüququ 20 sentyabr 2005-ci ildə qeydə alınmışdır. -xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 2-ci kvartal, 141 “A” saylı sahə ünvanında yerləşən 0.12 ha torpaq sahəsi İddiaçı (3/26 hissə), X9 (1/13 hissə), X1 (1/13 hissə), X5 (1/13 hissə), X10 (1/13 hissə), X6 (1/13 hissə), X2 (1/13 hissə), X11 (1/13 hissə), X12 (3/26 hissə), X13 (1/13 hissə), X17 (1/13 hissə) və X3 (1/13 hissə) paylı mülkiyyətindədir. -xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, Maştağa qəsəbəsində yerləşən daşınmaz əmlak hüquq müəyyənedici sənəd üzrə ümumi sahə 0.12 ha, faktiki sahə isə 0.0937 ha müəyyən edilmişdir. Torpaq sahəsinin üzərində 3 ədəd fərdi yaşayış evi mövcüddur. Sahənin azalmasına səbəb həmin sahənin bir hissəsinin məhəlləarası yola çıxmasıdır. -Cavabdehin xx.xx.2022-ci il tarixli, **********01 nömrəli məktubundan görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki göstərilən sahə ləğv edilmiş X25 Komitəsi tərəfindən verilmiş JN-24640 şəhadətnamə (X26) ilə JN-24641 şəhadətnamənin (X20) baza məlumatları üst-üstə düşür. Həmçinin sözügedən sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. -Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8873 nömrəli ekspert rəyindən görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq 950.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində üç ədəd yaşayış evi və köməkçi tikililər mövcuddur. Koordinatları verilmiş 950.0 kv.m torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən ləğv edilmiş X25 Komitəsi tərəfindən verilmiş JN-24640 saylı şəhadətnamə (X14 adına) və JN-24641 saylı şəhadətnamə (X20 başqaları adına paylı) ilə üst-üstə düşür. JN- 24641 saylı şəhadətnaməyə xx.xx.2022-ci il tarixdə **********79 reyestr nömrəli çıxarış verilsə də, yerləşmə və konfiqurasiya uyğunsuzluğu ilə bağlı plan ölçü verilməyib. Bu sahənin də nömrəsi ilkin sənəd olan JN-24641 saylı şəhadətnamədə eynilə Maştağa qəsəbəsi Savalan yaşayış massivi 2-ci kvartal 141A saylı sahə kimi göstərilib. Həmin sahəyə plan ölçü verilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsində 2-1(112)-10228/2022 nömrəli proses gedir. İddiaçıya aid sənədlər isə əlavə edilmədiyindən əlavə qeyd verilməsi mümkün olmamışdır. İş materialarından görünür ki, iddiaçı hazırda onun paylı mülkiyyətində olan faktiki istifadəsindəki torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 10.1ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən: -1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. -2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. -4. Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir. -5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. -6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. -7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. -8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. -9. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 93-cü maddəsinə əsasən: - 1. Torpaq sahəsinə dair əqdlər yazılı formada, əqdləri bağlayan tərəflər və ya onların müvəkkilləri tərəfindən imzalanan sənədlərin tərtib edilməsi yolu ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilir. - 2. Torpaq sahəsinə və ya onun üzərindəki daşınmaz əmlaka dair bağlanan əqd müqavilə ilə rəsmiləşdirilir. - 3. Qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, müqavilədə aşağıdakılar göstərilməlidir: müqavilənin tərəfləri; müqavilənin növü; müqavilənin predmeti, torpaq sahəsinin planı və ölçüsü, məhdudiyyətlər və servitutlar da daxil olmaqla, torpaq sahəsinin hüquqi rejimi, dövlət torpaq reyestrində qeydiyyat nömrəsi, torpaq sahəsində yerləşən daşınmaz əmlak barədə məlumatlar (tikililər, qurğular, çoxillik əkmələr, sututarlar və digər obyektlər); müqavilənin bağlanmasından əvvəl torpaq sahəsinin və onun üzərində yerləşən daşınmaz əmlakın əldə edilməsinin əsasları (alqı-satqı, vərəsəlik, bağışlama və ya digər əsas); torpaq sahəsi və onunla bağlı olan daşınmaz əmlaka dair qadağanlar qoyulması (əmlakın həbs edilməsi və ya digər səbəb nəticəsində) barədə qeydlər; torpaq sahəsi üzərində üçüncü şəxslərin məhdudiyyət öhdəliklərinin olub-olmaması barədə göstərişlər (ipoteka, icarə, xüsusi istifadə rejimi, servitutlar və digər göstərişlər); torpaq sahəsi üzərində hüquqların verilməsi tarixi; əqdin qiyməti və onun həqiqiliyi barədə tərəflərin öz imzaları ilə təsdiq edilmiş ərizələri; tərəflərin öhdəlikləri. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.16-cı yarımbəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq publik hüquqi şəxsin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaq sahəsinin planı və ölçüsünün təsviri”nə əsasən: - 3. Plan və ölçü ciddi hesabat sənədidir, onun bir hərfdən ibarət seriyası və altı rəqəmdən ibarət nömrəsi olur. - 5. Bu sənədin 4.5-ci, 4.6-cı və 4.7-ci bəndlərində göstərilən məlumatlar torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı hallarda plan və ölçüdə əks olunur. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları"nın 23.4-cü bəndinə əsasən daşınmaz əmlak obyektində əsaslı dəyişikliklər (yenidənqurma işləri, obyektin birləşməsi, bölünməsi, ayrılması) aparılmadığı hallarda, obyektin mülkiyyətçisi, icarəçisi və ya istifadəçisi dəyişdirildikdə daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka yeni yaranan hüquqların dövlət qeydiyyatı yeni texniki pasport tərtib edilmədən, mövcud texniki pasportun göstəriciləri nəzərə alınmaqla aparılır. Daşınmaz əmlak obyektinin texniki pasportu dövlət texniki inventarlaşdırma orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli 308 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları"nın 13-cü bəndinə əsasən daşınmaz əmlak obyektlərinə dair texniki sənədlərin verilməsi fiziki və hüquqi şəxslərin ərizələri əsasında həyata keçirilir (bənd 13.1). Texniki sənədlər, o cümlədən texniki pasport dövlət və ya bələdiyyə orqanlarının sorğusu, daşınmaz əmlak obyektlərinin mülkiyyətçilərinin və ya onların səlahiyyətli nümayəndələrinin isə ərizəsi əsasında verilə bilər (13.2). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 4-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir (bənd 4.1). Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur (bənd 4.2). Beləliklə, istinad olunan normalardan görünür ki, torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınarkən ilk növbədə həmin torpaq sahəsinə dair plan və ölçü tərtib edilməli, daha sonra hüquqların dövlət qeydiyyatı həyata keçirilməlidir. İşdən olan sənədlərdən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 2-ci kvartal, 141 “A” saylı torpaq sahəsinə dair mülkiyyət hüququ qeydə alınsa da, cavabdeh həmin torpaq sahəsi ilə bağlı plan və ölçü tərtib etməmişdir. Baxmayaraq ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələbinə əsasən torpaq sahəsinə mülkiyyət hüququ qeydə alınarkən təqdim edilməli sənədlədən biri də plan və ölçüdür, hansı ki, həmin sənəd cavabdeh tərəfindən tərtib edilməlidir. Belə olan halda ayındır ki, iddiaçı hazırda mülkiyyətində olan torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsini tələb etməkdə haqlıdır. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən torpaq sahəsinin yerləşmə cizgisi ilə faktiki sahənin yerləşməsində ciddi uyğunsuzluq mövcud olmasına və faktiki torpaq sahəsinin bir hissəsinin X14 adına verilmiş, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Torpağın mülkiyyətə verilməsinə dair JN-24640D saylı şəhadətnaməsi əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş sahə ilə üst-üstə düşməsinə istinad edir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılmışdır ki: 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin. İstinad olunan normalardan aydın olur ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə cavabdehin tabeliyində olduğu inzibati orqana tapşırılmışdır ki, hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar aradan qaldırılsın. İşdən görünür ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair tərtib edilmiş şəhdətnamə ilə faktiki yerləşmə yeri arasında uyğunsuzluq olmuş, lakin cavabdeh istinad edilən normaya əsasən mövcud olan uyğunsuzluğu aradan qaldırmamışdır. Halbuki cavabdeh Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının tələblərinə uyğun olaraq iddiaçının mülkiyyətində olan torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə hüquqlarını təsdiq edən sənəddə olan uyğunsuzluğu aradan qaldırmalı və iddiaçının torpaq sahəsi və fərdi yaşayış evinə dair mülkiyyət hüququnu qeydə almalı idi. Məhkəmə hesab edir ki, nə qədər ki, mübahisəli torpaq sahəsi iddiaçının paylı mülkiyyətindədir və bununla bağlı reyestrdəki qeyd qüvvədədir, iddiaçının həmin torpaq sahəsi ilə bağlı texniki sənəd olan olan və ölçünün tərtib edilməsini tələb etmək hüququ mövcuddur. Hüququn qeydiyyatını həyata keçirən orqan kimi cavabdeh isə, mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahəsinin planı və ölçüsünü tərtib etdikdən sonra hüququn qeydiyyatını aparmalı olduğundan, həmin plan və ölçünü tərtib etmək onun vəzifəsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 2-ci kvartal, 141 “A” saylı sahə ünvanında yerləşən torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməklə (hüquq müəyyənedici sənədi faktiki istifadə vəziyyətinə uyğunlaşdırmaqla) İddiaçı təqdim edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-308/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-308/2024
16.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver