Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-308/2025 11.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil Surxay oğlunun, Cavabdehin nümayəndəsi X11 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı Bakı şəhəri, Sabunçu rayonu Ləhiş Bağ massivində yerləşən 5824 saylı, 1200 kvadrat metr torpaq sahəsinə dair mülkiyyət hüquqlarının X6 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 24 iyul 1991-ci il tarixli, 10/517 N-li Qərarına və Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi Üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin 01 iyun 1992-ci il tarixli, 16 N-li Orderinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş Bağ massivində yerləşən 5824 saylı, 1200 kvadrat metr bağ torpaq sahəsi iddiaçının mərhum atası X6 ayrılmışdır. Bunu Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialının 25 oktyabr 2021-ci il tarixli, BA-04973-2021 N-li Arxiv Arayışının əsli də təsdiq edir və halhazırda da iddiaçının istifadəsindədir. İddiaçının mərhum atası X2 miras qalmış Ləhiş Bağ massivində yerləşən 5824 saylı, 1200 kvadrat metr bağ torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri 15 saylı Notarat Ofisinin 26 oktyabr 2921-ci il tarixli,1415 N-li Vərəsə olmağım barədə arayışını da əlavə etməklə ********** qeydiyyat nömrəli, 26 oktyabr 2021-ci il tarixli ərizəsinə baxılmış və 29 noyabr 2021-ci il tarixli, **********35 N-li Bildirişlə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina qanunsuz və əsassızdır və bu iddiaçının mülkiyyət hüquqlarını pozur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1065/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə X18 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı müvafiq iddia tələbi ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin mövcud arxiv məlumatlarına əsasən “5824” saylı bağ sahəsinə dair digər fiziki şəxsin adına müqavilə aşkar edilmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən bağ sahəsinə digər fiziki şəxsin (X9) Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5885 saylı bağ sahəsinə aid plan və ölçünün tərtib edilməsinə və dövlət reyestrindən çıxarışın verilməsinə dair müraciəti qeydə alınmışdır. Bağ sahəsinə dair verilən orderin əsli təqdim edilməmişdir. Həmçinin, orderin arxiv nüsxəsi aşkar edilməmişdir. Bundan başqa, təqdim edilən Bakı şəhər XDS-nin İK-nin qərarının arxiv arayışında ərizəçiyə ayrılan bağ sahəsinin nömrəsi və ölçüsü qeyd olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş edirlər. İddiaçının nümayəndəsi (vəkili) xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən sahəsi 5824 saylı, 1177 kv.metr torpaq sahəsinə dair mülkiyyət hüququnun X6 məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs öz izahatında mübahisə predmeti olan bağ sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınaraq mərhum X6 məxsus olmasına dair arayışın verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhər 15 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli 1414 nömrəli məktubunda qeyd edilmişdir ki, X2 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhdaətnamənin verilməsi ilə bağlı vərəsəsi oğlu İddiaçı Bakı şəhər 15 saylı Notariat Ofisinə daxil olmuşdur. Miras qoyanın adında xx.xx.1991-ci il tarilxi 10/517 aylı qərarına əsasən ünvan 2 ünvanında 0.12 ha torpaq sahəsi olan 5824 nömrəli bağın özəlləşdirilməsinə və çıxarış verilməsinə etiraz etmirik. İş materiallarına əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağ Təsərrüfatı İdarəsinin 16 nömrəli xx.xx.1992-ci il tarixli orderində göstərilmişdir ki, Bakı şəhər XDS İKnin xx.xx.1991-ci il tarixli, 10/517 nömrəli qərarına əsasən Ləhiş bağlar massivindəki 229 nömrəli BTK nəzdində 0.12 ha ölçüdə 5824 saylı bağ torpaq sahəsi X6 ayrılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3- 30/2-27182/2024 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş X10 barəsində keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli, 10/517 saylı qərarına əlavə edilmiş 229 saylı Ləhiş Bağ Tikinti Kooperativi üzvlərinin siyahısının təsdiq edilmiş ksero surətlərindən görünür ki: - Bakı şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli, 10/517 saylı qərarına əsasən vətəndaşlara bağ-tikinti kooperativlərinin tərkibində bağ sahəsinin ayrılması qərara alınmışdır. -Bakı şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli, 10/517 qərarına əlavə edilmiş 229 saylı Ləhiş Bağ Tikinti Kooperativi üzvlərinin siyahısında X4 adı 16-cı sırada göstərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********91 nömrəli məktubu ilə göndərilmiş xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyərini əks etdirən müayinə (baxış) aktı”na əsasən torpaq sahəsi həm hüquqmüəyyənedici sənəd üzrə 0.12 ha, həm də faktiki olaraq 0.12 ha-dır. Mişar daşından olan hasar daxilindədir. Tikili yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə göndərilmiş Bağlar Təsərrüdafı İdarəsi ilə X18 arasında bağlanmış xx.xx.2005-ci il tarixli 36616 nömrəli icarə müqaviləsinə əsasən Sabunçu rayonu, Ləhiş ərazisində 0.12 ha 5824 nömrıli bağ sahəsi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 289 nömrəli sərəncamı ilə X13 icarsəinə verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3- 30/2-11637/2025 nömrəli məktubu ilə Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 5824 nömrəli torpaq (bağ) sahəsinin (ətrafında qonşu bağ nömrələri göstərilməklə) ortofoto görüntüsü məhkəməyə təqdim edilmiş, görüntüdə iddia olunan 5824 nömrəli bağ sahəsinin ətrafında 5822, 5823, 5825 nömrəli bağ sahələri qeyd edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, məktubunda bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirillmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi faktiki olaraq 0.1177 ha təşkil edir. Sahə üzərində köməkçi tikili mövcuddur. Vahid elektron baza məlumatlarına əsasən torpaq sahəsinin yerləşməsi təqribi olaraq qonşu özəl bağ nömrələrinin ardıcıllığına uyğun gəlir. Lakin ümumi ərazidə hasarlamalar tam olaraq 25x48 ölçüyə uyğun aparılmadığından ərazinin hər hansı hissəsinin baların bölgüsünə dair sxematik xəritəyə əsasən hansısa bağın ərazisinə düşməsini dəqiqləşdirmək mümkün olmadı. Hər hansı qeydiyyatdan keçmiş sahə ilə üst-üstə düşmür. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuda bidlirilmişdir ki, sözügedən bağ sahəsinə dair vətəndaş X5 ********** qeydiyyat nömrəli ərizəsinə xx.xx.2015-ci il tarixli **********83 qeydiyyat nörməli məktubu ilə cavab verilmişdir. “Arxiv işinin təkmilləşdirilməısi haqqında” xx.xx.2002-ci il tarixli 816 saylı Fərmana və digər normativ hüquqi sənədlərin tələblərinə uyğun olaraq qeyd edilən ********** qeydiyyat nömrəli ərizənin və xx.xx.2015-ci il tarixli **********83 qeydiyyat nörməli cavba məktubunun saxlanılması müddəti başa çatdığından məhv edilmişdir. Bu səbəbdən qeyd olunan sənədlərin surətlərini təqdim etmək mümkün olammışdır. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********84 nömrəli məktubu ilə göndərilmiş Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5822, 5823 və 5825 saylı bağ sahələrinin ilkin qeydiyyata alınmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surətindən görünür ki: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ********** qeydiyyat nömrəli çıxarışına əsasən ünvan 3 ünvanında yerləşən, yaşayış məntəqələrinin torpaq sahələri kateqoriyasına aid olan torpaq sahəsinə X1 mülkiyyət hüququ xx.xx.2019-cu il tarixində, qeydiyyata alınmışdır. -Bağlar Təsərrüfatı İdarəsi tərəfindən X3 verilmiş 68 saylı orderə əsasən Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1993-ci il tarixli, 1053 saylı qərarına əsasən Ləhiş qəsəbəsində 241 nömrəli BTK tərkibində 0.12 ha 5825 nömrəli bağ sahəsi X3 verilmişdir. -Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli, RX seriyalı çıxarışına əsasən ünvan 4 ünvanında yerləşən, yaşayış məntəqələrinin torpaq sahələri kateqoriyasına aid olan torpaq sahəsinə tam xüsusi mülkiyyət hüququ X7 adına xx.xx.2018-ci il tarixində, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Bağlar Təsərrüfatının inkişafı və istismarı İdarəsi ilə Aşurova (Əsgərova) Sevil Əlihüseyn qızı arasında bağlanmış xx.xx.2003-cü il tarixli 31524 saylı müqaviləyə əsasən Bakı ŞİH-nin xx.xx.2003-cü il tarixli 03 saylı protokoluna əsasən Sabunçu rayonu, Ləhiş ərazisində 0.12 ha 5822 nömrəli bağ sahəsi Aşurova (Əsgərova) Sevil Əlihüseyn qızının icarəsinə verilmişdir. -Bağlar Təsərrüfatı İdarəsi tərəfindən X8 verilmiş 79 saylı orderə əsasən Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1993-ci il tarixli, 531 saylı qərarına əsasən Ləhiş qəsəbəsində 241 nömrəli BTK tərkibində 0.12 ha 5822 nömrəli bağ sahəsi X8 verilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, idarənin mövcud arxiv məlumatlarına əsasən 5824 saylı bağ sahəsinə digər fiziki şəxsinn adına müqavilə aşkar edilmişdir. Bundan əlavə elektron kadastr məlumatlarına əsasən tərəfinizdən göstərilən bağ sahəsinə dair digər fiziki şəxsin müraciəti qeydə alınmışdır. Bağ sahəsinə dair verilən orderin əsli təqdim edilməmişdir. Həmçinin, təqdim edilən Bakı şəhər XDS-nin İK-nin qərarının arxiv arayışında ərizəçiyə ayrılan bağ sahəsinin nömrəsi və ölçüsü qeyd olunammışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən vərəsənin müraciəti əsasında əmlak üzərində hüquq sahibi olan şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmədən öldüyü halda verilir. Dolayısı ilə müvafiq arayışın verilməsi üçün ilk növbədə vəfat etmiş şəxsin müvafiq əşya üzərində qanun, müqavilə və s. əsasında əmələ gəlmiş əmlak hüquqları (mülkiyyət, sahiblik, istifadə, məhdud əşya hüquqları və s.) mövcud olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrə müəyyən olunur ki, Bakı şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli, 10/517 saylı qərarı ilə X6 Sabunçu rayonu, Ləhiş ərazisində 229 BTK tərkibində 0.12 ha ölçüdə 5824 nömrəli bağ torpaq sahəsi ayrılmış, bu barədə Bakı şəhər XDS İK-nin bağ təsərrüfatının inkişafı və istismarı birliyinin 16 nömrəli xx.xx.1992-ci il tarixli order verilmişdir. Beləliklə, Bakı şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli, 10/517 saylı qərarı əsasında verilmiş adıçəkilən bağlar təsərrüfatı idarəsinin 16 nömrəli orderi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində sahəsi 0,12 ha olan 5824 №li saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Cavabdehin mübahisəli torpaq sahəsi ilə bağlı imtina və etirazının dəlilləri aşağıdakılardan ibarət olmuşdur: - 5824 saylı bağ sahəsinə dair digər fiziki şəxsin adına müqavilə aşkar edilir. -təqdim olunan orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. - iddiaçı tərəfindən göstərilən bağ sahəsinə digər fiziki şəxsin (X9) plan və ölçünün tərtib edilməsinə və dövlət reyestrindən çıxarışın verilməsinə dair müraciəti qeydə alınmışdır. Məhkəmə ilk öncə cavabdehin etirazında qeyd etdiyi bağ sahəsinə dair order nüsxəsinin idarənin arxivində olmaması ilə bağlı bildirir ki, qeyd edilən digər şəxsin adına orderin olması və yaxud iddiaçının təqdim etdiyi orderin bir nüsxəsinin idarənin arxivində aşkar edilməməsi hüququn qeydiyyatından imtinaya əsas vermir. İddiaçı tərəfindən təqdim edilən orderin nüsxəsinin idarənin arxivində aşkar edilməməsi iddiaçının məsuliyyət dairəsinə aid olan məsələ deyildir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Nəzərə alınmalıdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. İddiaçı sözügedən 16 nömrəli orderin əslini məhkəməyə təqdim etmiş, həmin orderin verilməsinə əsas olmuş ilkin torpaqayırma sənədi olan 07.1991-ci il tarixli, 10/517 saylı qərarı Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Cavabdehin və Dövlət Arxivinin Bakı Filialının məhkəmənin sorğusuna cavab məktublar ilə təqdim edilmiş 229 nömrəli BTK üzvlərinin siyahısında iddiaçının adı mövcuddur. BTK-ya aid bölgü sxemin hansı tarixdə tərtib edildiyi müəyyən olmadığından, bölgü sxemin 229 nömrəli BTK üzvlərinin siyahısına uyğun xx.xx.1991-ci ildəki vəziyyətinə aid olması da öz təsdiqini tapmır. Eləcə də nəzərə alınsa ki, bağ sahəsinə dair order xx.xx.1992-ci il tarixlidir, bu halda torpaq sahəsinin ilkin bölgüdən sonra verildiyindən BTKya aid bölgü sxemdə 5824 nömrəsinin olmaması ağlabatan və mümkün hesab olunur. İddiaçının iddia etdiyi 5824 nömrəli bağ sahəsi Ləhiş bağ massivinə aid sxematik xəritədə əks olunmuş və məhkəmə sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş sxematik xəritədən çıxarışda bağ massivində 5824 nömrəli bağ sahəsinin 5822, 5823, 5825 nömrəli bağ sahələri ilə eyni sırada yerləşdiyi müəyyən olunur. Eyni zamanda, iddia olunan torpaq sahəsinin ortofoto görüntüsündə mübahisələndirilən torpaq sahəsinin qonşuluğunda 5822, 5823 və 5825 nömrəli bağ torpaq sahələrinin yerləşdiyi görünür. Cavabdeh özü də xx.xx.2024-cü il tarixli, **********08 nömrəli məktubunda elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin yerləşməsinin təqribi olaraq qonşu özəl bağ nömrələrinin ardıcıllığına uyğun gəldiyini qeyd etmişdir. Başqa sözlə, cavabdeh tərəfindən təqdim edilən Ləhiş bağ massivinə aid ortofoto görüntüsü, eləcə də sxematik xəritədən çıxarışla müqayisəli şəkildə təhlili zamanı müəyyən edilir ki, iddia edilən torpaq sahəsi 5823 nömrəli bağ sahəsi ilə 5825 bağ sahəsinin arasında eyni sırada (istiqamətdə) yerləşir, bununla da Ləhiş bağ massivində 5824 nömrəli bağ sahəsinin olduğu və həmin bağın iddiaçı tərəfindən iddia olunan sahə ilə eyni olduğu sübuta yetirilir. 5824 saylı bağ sahəsinə dair digər fiziki şəxsin adına müqavilə aşkar edilməsi gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Təqdim edilmiş arxiv sənədlərindən müəyyən olunur ki, Sabunçu rayonu, Ləhiş ərazisində 0.12 ha 5824 nömrəli bağ sahəsi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 289 nömrəli sərəncamı ilə X13 icarəsinə verilmiş və sonuncu ilə xx.xx.2005-ci il tarixli 36616 nömrəli icarə müqaviləsi bağlanmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının eyni nömrəli bağ sahəsi ilə bağlı təqdim etdiyi sənəd 16 nömrəli order xx.xx.1992-ci il tarixli olmaqla X13 adına verilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 289 nömrəli sərəncamından daha öncə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1991-ci il tarixli qərarı əsasında verilmişdir. Bundan əlavə müəyyən olunur ki, iddiaçı tərəfindən naturada göstərilən bağ torpaq sahəsi faktiki olaraq iddiaçının sahiblik və istifadəsindədir. Ümumi hasar daxilində yerləşən ərazi, eləcə də həmin ərazi daxilində iddia olunan 5824 nömrəli bağ sahəsinin baş planı, həmin torpaq sahəsinin yerləşdiyi ərazinin coğrafi koordinatları cavabdehin mütəxəssisləri tərəfindən müəyyən edilmiş və həmin koordinatlarda olan bağ sahəsinin hər hansı şəxsin adına qeydiyyata alınması və digər şəxsin istifadəsində olması halı müəyyən edilməmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X18 məhkəməyə verdiyi izahatda, eləcə də yazılı ərizəsində 5824 nömrəli 1200 kv.m ölçüdə torpaq sahəsinə dair heç bir iddia və tələbinin olmadığını bildirərək İddiaçı iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, qonşu bağ sahələrinə dair tələb olunan hüquqmüəyyənedici sənədlərdən də müəyyən olunur ki, qonşu bağ sahələri ilkin olaraq 2005-ci ilə aid müqavilə əsasında deyil, məhz bağ tikinti kooperativi daxilində olmaqla iddiaçı ilə eyni vaxtlara təsadüf edən 1993-cü ilə aid orderlər əsasında istifadəyə verilmişdir. Beləliklə, iddiaçının faktiki istifadəsində olan bağ torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasını istisna edən hüquqi əsas mövcud deyildir. Cavbadeh imtinada qeyd etdiyi iddiaçı tərəfindən göstərilən bağ sahəsinə dair digər fiziki şəxsin müraciətinə dair icraat materiallarını məhkəməyə təqdim etmədiyindən və yuxarıda sadalanan hüquqi və faktiki hallar hazırkı iddianın təmin edilməsinə əsas verdiyindən məhkəmə cavabdehin qeyd edilən müraciətlə bağlı dəlilini formal mülahizə kimi qiymətləndirmiş və əlavə şəxsin məhkəmə icraatına cəlb edilməsinə zərurət görməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0,1177 ha ölçüdə 5824 nömrəli bağ torpaq sahəsinə dair mülkiyyət hüququnun X6 məxsus olmasına dair arayışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0,1177 ha ölçüdə 5824 nömrəli bağ torpaq sahəsinə dair mülkiyyət hüququnun X6 məxsus olmasına dair arayışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-308/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-308/2025
11.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver