Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3080/2021 20.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı iştirakı ilə , İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “aylıq 190 manat müavinətin verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işsiz kimi qeydiyyata alınmağı, 190 manat birdəfəlik ödəmənin verilməsi, sonrakı aylardan etibarən işlə təmin olunana kimi əmək haqqının 70 faizinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, “e-sosial” portalında “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyatına 16.04.2020-ci il tarixdə alınmış, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın müvəqqəti ləğv edilməsi” xidmətindən istifadə edərək “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə verilməsi nəzərdə tutulan birdəfəlik ödəmənin alınması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ona birdəfəlik ödəmə verilməsindən imtina edib və bu barədə ona 16.10.2020-ci il tarixdə məlumat vermişdir. “İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu”nun 61-ci maddəsinin 2-ci bəndinə əsasən yazılı formada təsbit olunmuş inzibati aktın əsaslandırılması zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Onun işi üzrə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi imtina aktında həmin imtina aktının qəbul edilməsinə əsas olan qanun və ya digər normativ hüquqi akt əsassiz göstərmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hansı qanun və ya digər normativ hüquqi akt əsasında ona birdəfəlik ödəmə verilməsindən imtina etməsi ona məlum olmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öz qərarında əsas kimi Sığorta altsistemindən əldə edilmiş məlumatlara əsasən fərdi uçot sistemində gəliri olduğuna görə ona 190 manat birdəfəlik ödəmədən imtina edildiyini göstərmişdir. İddiaçı işlədiyi Lider-Modern MKT-dan 15.01.2020-ci il tarixdə əmək müqaviləsinə xitam verilərək işdən azad olunmuşdur. Həmin tarixdən adına heç bir ödəniş olmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin egov.az saytından çıxarılmış sənədlərdə bu fakt öz əksini tapmışdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Tural Vəliyev tərəfindən məhkəməyə təqdim edilən iddia ərizəsinə dair etirazda göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmçinin “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işsiz şəxsin əsas meyarlarından biri olan işə başlamağa hazır olan şəxs kateqoriyasına aid olmamışdır. Onların müraciət etməkdə məqsədləri yalnız ödəmə ilə bağlı olmuşdur. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılmışdır. Beləliklə Nazirliyin Mərkəzləşdirilmiş X1 (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 3.8-ci bəndinə, əsasən yoxlamalar nəticəsində iddiaçının fərdi uçot sistemində adı aşkarlanmamışdır. İddiaçının fərdi uçot sistemində gərinin olması səbəbindən həmin qaydanın 2.3.15-ci yarımbəndi əsas götürülərək birdəfəlik ödəmənin verilməsindən imtina edilmişdir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh Məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3080 nömrəli, 20.10.2021-ci il tarixli qərardadı ilə iddia “işsiz kimi qeydiyyata alınması, işlə təmin olunana kimi əmək haqqının 70 faizinin ödənilməsi” hissəsində mümkün sayılmamışdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia rədd edilməlidir. İşin materiallarına olan sənədlər : - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X3 7 saylı Ərazi Məşğulluq mərkəzi filialının 25 sentyabr 2020-ci il tarixli müraciətə cavab məktubundan görünür ki, İddiaçı müraciəti əsasında o işsiz kimi qeydiyyata alınmış, lakin “Sığorta” altsistemindən əldə edilmiş məlumata əsasən fərdi uçot sistemində gəliri olduğundan 190 manat birdəfəlik ödəmədən imtina edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı müraciətinə cavab olaraq göndərilmiş **********123900 nömrəli, 07 aprel 2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı vergi orqanında vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat aşkar edilməmişdir. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 05 iyul 2021-ci il tarixli, **********9 nömrəli məktuba qoşma kimi əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş X1 “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş əmək müqaviləsi barədə məlumatdan görünür ki, İddiaçı işə götürən ”Lider Modern MTK” ilə 19.11.2018-ci il tarixdə əmək müqaviləsi bağlanılmış, 15.01.2020-ci il tarixdə xitam verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 22 iyul 2021-ci il tarixli, **********95 nömrəli məktubdan müəyyən olunur ki, İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. - Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən Məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 14.07.2021-ci il tarixli, 81489-1221 nömrəli sorğuya cavab məktubundan və əlavə edilmiş etibarnamə ilə İddiaçı istifadəsinə verilmiş nəqliyyat vasitələri barədə məlumatların kompüter çıxarışından görünür ki, X4 məxsus 90 GR030 nömrə nişanlı, X9 markalı avtomobil etibarnamə ilə 03.10.2011-ci il tarixdən, 16.07.2021-ci il tarixədək İddiaçı, həmçinin X2 məxsus 44BL294 nömrə nişanlı, Vaz 21043 Minik markalı avtomobil etibarnamə ilə 24.01.2012-ci ildən 16.03.2028-ci ilədək İddiaçı verilmişdir. - İş materiallarına əlavə edilmiş 18 oktyabr, 2213 nömrəli Sumqayıt şəhəri 3 saylı Notariat ofisindən verilmiş arayışdan görünür ki, ** BL *** dövlət nömrə nişanlı avtomobilə sərəncam vermək üçün ona verilmiş etibarnamədən 15.04.2013-cü il tarixdə X5 həmin avtomobilə sərəncam vermək üçün etibar edilmişin başqasına etibaretmə qaydasında etibarnamə vermişdir və etibarnamə İddiaçı adından çıxmışdır. Beləliklə, Məhkəmə iş materiallarından və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatından müəyyən etdi ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarını rəhbər tutaraq, 190 manat birdəfəlik ödəmənin verilməsini xahiş etmişdir. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunun 1.1.6-cı maddəsinə əsasən, işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs işsiz şəxs hesab olunur. “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarının 1.1-ci, 1.2-ci və 1.4-cü maddələrinə əsasən, koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş X1 (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir. Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qərarın 2.1-ci bəndinə əsasən, birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Həmin Qərarın 2.3-cü bəndinə əsasən, Dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə (2.3.1); əmək pensiyaçılarına (2.3.2); aylıq müavinət alanlara (2.3.3.); aylıq təqaüd alanlara(2.3.4); özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə(2.3.5); işsizlikdən sığorta ödənişi alanlara (2.3.6); peşə hazırlığına görə təqaüd alanlara (2.3.7); 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə(2.3.8); əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara(2.3.9); əri və ya arvadı bu Qaydanın 2.3.1-ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə (2.3.10). “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 aprel 2020-ci il tarixli, 149 saylı Qərarın 2.3-cü bəndinə 2.3.11-2.3.15-ci yarımbəndlər əlavə edilmişdir: mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara (2.3.11); mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara(2.3.12); birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara(2.3.13); yaşı 18-dən aşağı olanlara(2.3.14); Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi tərəfindən bu Qaydaların 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara. Həmçinin, 2.3.10-cu bəndində, bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarımbəndlərində göstərilən şəxslərin əri və ya arvadı kimi qeyd olunması qərara alınmışdır. Göründüyü kimi, koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejimi tətbiq olunduğu zaman, işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi həyata keçirilirdi. Lakin, işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi üçün onlar müvafiq meyarlara uyğun olmalıdırlar. Nəzərə alsaq ki, bunun ilə bağlı Nazirlər Kabineti tərəfindən 07 aprel 2020-ci il tarixdə Qərar qəbul edilmiş, sonradan 25 aprel 2020-ci il tarixli Qərarla həmin Qərara dəyişiklik edilmiş, işsiz kimi qeydiyyatda olan, lakin səciyyəvi xüsuslara malik olan şəxslərə həmin birdəfəlik ödəmənin nəzərdə tutulması müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı ona birdəfəlik ödəmənin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə inteqrasiya edilmiş məlumatlar əsasında sistem tərəfindən aparılmış araşdırma nəticəsində fərdi uçot sistemində iddiaçının gəliri olduğu qeyd olunaraq imtina edilmişdir. İş materiallarında olan iddiaçıya göndərilmiş SMS ismarıcında imtinanın əsası kimi "fərdi uçot sistemində gəliri olduğuna görə” səbəbi qeyd olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh inzibati orqanın verdiyi imtinanın əsasını təşkil edən məlumatlar real vaxt rejimində «Koronavirus (COVlD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın 3.8-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla əldə olunmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbinin təmin olunmasından imtina edilərkən fərdi uçot sistemində iddiaçının gəliri olduğu aşkar edilmiş və bu zaman müxtəlif dövlət orqanlarının informasiya ehtiyatlarındakı məlumatlar əsas götürüldüyü üçün, həmin məlumatların götürüldüyü dövrdə də cavabdeh inzibati orqan tərəfindən həmin məlumatlara istinadən iddiaçıya imtina edilməklə hər hansı qanun pozuntusuna yol verilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müvafiq qurumların informasiya ehtiyatları və sistemlərində qeyd olunan məlumatlar əsasında Qaydaların 2.2-ci, 2.3.9-cu, 2.3.10-cu və 2.4-cü bəndlərinin iddiaçıya uyğunluğunu müəyyənləşdirmək üçün aparılan təhlil prosesinin yekunlaşdırılması mümkün olmadığından, cavabdeh tərəfindən iddiaçıya birdəfəlik ödəmə ödənilməsi barədə müraciətinin təmin olunmasından qanuni əsaslarla imtina edilmişdir. Həmçinin Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, X4 məxsus 90 GR030 nömrə nişanlı, X9 markalı avtomobil etibarnamə ilə 03.10.2011-ci il tarixdən, 16.07.2021-ci il tarixədək İddiaçı, həmçinin X2 məxsus 44BL294 nömrə nişanlı, Vaz 21043 Minik markalı avtomobil etibarnamə ilə 24.01.2012-ci ildən 16.03.2028-ci ilədək İddiaçı istifadəsinə verilmişdir. Burdan da aydın olur ki, iddiaçının 190 manat birdəfəlik ödəmənin verilməsi üçün cavabdehə müraciət etdiyi dövrdə istifadəsində Vaz 21043 Minik markalı və X9 markalı avtomobillər mövcud olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-3080/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3080/2021
20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver