Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3080/2022 06.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 20 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək onun 1978-ci ilin may ayından 1990-cı ilin aprel ayına kimi sovxozda, 02.12.1991-ci ildən 25.12.2001-ci ilədək "xxxx" X7 Cəmiyyətində və 2008-ci ildən 2011-ci ilədək Qazax rayon avtobazasında işlədiyi müddətin sosial sığorta stajı hesab edilməklə ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh 20 saylı Regional Ərazi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1412/2021 nömrəli, 25.08.2021-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 20 saylı Regional Ərazi Filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1412/2021 nömrəli, 25.08.2021-ci il tarixli qərardadı ilə iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İnzibati iş 12.10.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı orta məktəbi bitirdikdən sonra 1978ci ilin may ayından başlayaraq müxtəlif yerlərdə işləməyə başlamışdır. Onun həmin dövrlərdə harada işlədiyi barədə əmək kitabçasında qeydlər aparılmışdır. 1978-ci ilin may ayından 1990-cı ilin aprel ayına kimi o, Qovlar rayonunda yerləşən M.B.Qasımov adına sovxozda traktorçu vəzifəsində işləmişdir. 02.12.1991-ci ildən 25.12.2001-ci ilədək "xxxx" X7 Cəmiyyətində “Kamaz” markalı avtomaşında sürücü kimi işləmişdir. 2008-ci ildən 2011ci ilədək Qazax rayon avtobazasında “Kamaz” markalı avtomaşında sürücü vəzifəsində işləmiş, sonra “Kamaz” markalı avtomaşını özəlləşdirmiş və bir müddətdən sonra avtobazaya gedib əmək kitabçasını almaq istəmişdir, lakin avtobaza ləğv olunduğu üçün əmək kitabçasını götürə bilməmiş, hazırda da həmin avtobazanı axtarıb tapa bilmir. Ümumilikdə onun 25 il sığorta iş stajı var. İddiaçı gözdən İ qrup əlil olduğu üçün sosial pensiya alır. Hazırda sosial pensiyanı əmək pensiyasına dəyişmək istəyir. Bununla bağlı o, 20 saylı Regional Ərazi Filialına müraciət edərək işlədiyi müddəti onun sığorta stajına hesablamaqla əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin ona imtina məktubu verilmişdir. Hal-hazırda işlədiyi müəssisələr ləğv olduğundan və həmin İdarələrin arxivi olmadığından istənilən sənədləri toplaya bilmir. Onun həmin vaxt həmin müəssisələrində işləməyini onunla işləyən şahidlər təsdiq edə bilərlər. Ona əmək pensiyasının təyin edilməsindən 20 saylı Regional Ərazi Filialı imtina etməsində haqlı olmamışdır, həmin sənədlərin tapılmaması onun təqsiri deyil. Bu ona əmək pensiyası təyin edilməməsi üçün əsas ola bilməz. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı 10 fevral 2021-ci il tarixində Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına əlilliyə görə əmək pensiyasının təyin olunması üçün ərizə müraciət etmişdir. ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.2-ci bəndinə əsaslanaraq vətəndaş inzibati orqana əmək kitabçasını təqdim etmədiyi üçün imtina məktubu ilə iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığını bildirmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Belə ki, iddiaçı əmək kitabçası təqdim etmədiyi üçün təqdim edilən arxiv arayışlarındakı əmək fəaliyyəti ilə bağlı iddia edilən illər vətəndaşın sosial sığorta stajına daxil edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci müddəasına əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Belə ki, iddiaçının təqdim etdiyi arxiv arayışlarında işlədiyini iddia etdiyi illərin sosial sığorta stajına daxil edilməsi üçün mötəbər sübut kimi hesab olunmadığı üçün həmin illər sosial sığorta stajı kimi hesablana bilməz. Bu səbəbdən də iddiaçıdan tələb olunan sosial sığorta stajı tələbi ödənmədiyi üçün iddiaçıya əlilliyə görə əmək pensiyası təyin etmək mümkün deyildir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbi üzrə iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilir. İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 11.02.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək İddiaçı 25.07.2019-cu il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 13061849 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən 23.05.1963-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsinin 25.07.2019-cu il tarixdə verdiyi 027520 nömrəli vəsiqənin surətinə əsasən İddiaçı 25.07.2019-cu il tarixdən müddətsiz İ (birinci) dərəcə əlildir. Məhkəmənin sorğusuna cavab olaraq Tovuz rayon Dövlət Arxivinin 01.11.2021-ci il tarixli, 251 nömrəli məktubu ilə təqdim edilmiş 01.11.2021-ci il tarixli, 251 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, “M.B.Qasımov” adına sovxozun Tovuz rayon Dövlət arxivində saxlanılan sənədlərində vətəndaş İddiaçı 20 may 1978-ci il tarixdə 241 №-li əmrlə “M.B.Qasımov” adına sovxozun 7 №-li traktor briqadasına traktorçu təyin edilmiş, 15 noyabr 1991-ci il tarixdə 601 №-li əmrlə 2 №-li traktor briqadası üzrə traktorçu, Azərb SSR ƏQM-in 37-ci maddəsinə uyğun olaraq öz arzusu ilə 01 oktyabr 1991-ci il tarixdən başqa işə getdiyinə görə işdən azad edilməsi göstərilmişdir. Əsas: fond № 75, siyahı 2. iş 50 v 32 iş 124 v 4. Qeyd edilən məktuba əlavə edilmiş İddiaçı “M.B.Qasımov” adına sovxozda əmək haqqı arayışından görünür ki, İddiaçı 1978-1990-cı illər üzrə əmək haqqı ödənişləri edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Tovuz rayon Dövlət Arxivinin 27.12.2021-ci il tarixli, 275 nömrəli məktubu ilə İddiaçı “M.B.Qasımov” adına sovxozda 1978-1991-ci illərdə işləməsinə dair şəxsi hesab kitablarının və əmr kitablarının təsdiq edilmiş surətləri təqdim edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) 14.02.2022-ci il tarixli, 01/06 nömrəli məktubunda qeyd edilmişdir ki, sabiq sürücü: İddiaçı 02.12.1991-ci il tarixdən 25.12.2001-ci il tarixədək Cəmiyyətdə sürücü vəzifəsində işləmişdir. Sürücü təşkilatlara müqavilə əsasında nəqliyyat xidməti işlərində deyil, “icarə” əsasında fəaliyyət göstərmişdir. Sürücü: İddiaçı aşağıdakı illərin aşağıdakı aylarında, aşağıdakı əmək haqqı hesablanmışdır: Təqdim olunmuş cədvələ əsasən 1992-1999-cu illər üzrə əmək haqları ödənilmişdir. Qeyd: Aşağıdakı məbləğlər mükafat olduğu üçün əmək haqqı hesablama cədvəlinə daxil edilməmişdir. İİİ-1993-cü ildə - 891,00 manat, Vİ-1995-ci ildə - 101375,00 manat, V-1996-cı ildə - 122985,00 manat. 13-cü əmək haqqı alıb - 1992-ci ilin hesabına, 13-cü əmək haqqı alıb - 1994-cü ilin hesabına, 13-cü əmək haqqı alıb - 1995-ci ilin hesabına, cəmi 225251,00 manat. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 14.02.2022-ci il tarixli, 01/08 nömrəli arayışında qeyd edilmişdir ki, verilir: İddiaçı 02.12.1991-ci ildən (Əmr № 86 ş/h 02.12.1991) 25.12.2001-ci il (Əmr № 96 ş/h 25.12.2001) tarixinə qədər müəssisədə KAMAZ markalı avtomaşında sürücü işləmişdir. Qeyd: 1982-2013-cü illərdə müəssisənin adı dəfələrlə dəyişdirilmişdir: Azərbaycan SSR Nəqliyyat Nazirliyinin Tikinti-Quraşdırma Trestinin təsərrüfat hesablı maşın və mexanizm avtobazası 01.04.1982-ci ildən Azərbaycan SSR Nəqliyyat Nazirliyinin Tikinti X3 Avtonəqliyyat Müəssisəsi adlandırılmışdır. 01.01.1989-cu ildən Bakı Sənaye Tikinti X1 10 saylı Avtonəqliyyat Müəssisəsi adlandırılmışdır. 01.11.1994-cu ildən Bakı Sənaye Tikinti X1 10 saylı X4 Müəssisəsi adlandırılmışdır. 11.02.1998-ci ildən özəlləşdirilmə ilə əlaqədar olaraq müəssisə "xxxx" X7 Cəmiyyəti (Əmr № 11.02.1998) adlandırılmışdır. 27.12.2013-cü ildən (Əmr № 31 27.12.2013) Nizamnamənin dəyişdirilməsi ilə əlaqədar müəssisə "xxxx" Acıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 14.03.2022-ci il tarixli, **********54 nömrəli məktubunda bildirilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilmə vəziyyətinə və İddiaçı həmin müəssisədə işləməsinə dair məlumatların təqdim olunması barədə müraciətinizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar bildirilir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin 15.12.1997-ci il tarixli, 1197 nömrəli sərəncamı ilə “Azəravtonəqliyyat” Dövlət Konserninin tabeliyində olmuş Bakı 10 saylı Yük avtonəqliyyat müəssisəsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və cəmiyyətin səhmlərinin özəlləşdirilməsi 07.03.1998-ci il tarixində tam başa çatdırılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılan zaman müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən hazırlanmış sənədlərə əsasən bildirilir ki, İddiaçı adı əmək kollektivinin üzvü kimi (sürücü vəzifəsində, 01.10.1997-ci il vəziyyətinə 19 il 5 ay iş stajı ilə) səhmləri güzəştlə almaq hüququ olan şəxslərin siyahısına daxil edilmişdir. İnzibati icraat materiallarından görünür ki, İddiaçı 10.02.2021-ci il tarixdə ərizə ilə müraciət edərək ona əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 20 saylı Regional Ərazi Filialının İddiaçı ünvanladığı 18.03.2021-ci il tarixli, **********3 nömrəli əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubda qeyd edilmişdir ki, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi haqqında qaydalar”ın 3.2.2-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə sosial sığorta stajının hesablanması proseduru həyata keçirilə bilər. Qeyd olunanlara əsasən bildirilir ki, sizə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün arxiv arayışlarının məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə birlikdə Tovuz regional “ASAN” xidmət mərkəzinə və ya Fondun 20 saylı regional ərazi filialına təqdim etməyiniz tövsiyə olunur. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı İ qrup əlil olmaqla ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının iş stajını təsdiq edən əmək kitabçasının olmadığına əsaslanaraq müraciətin təminindən imtina etmişdir. Hazırkı iddiasında iddiaçı iş stajının arxiv arayışları əsasında təsdiq edildiyini əsas gətirməklə cavabdehin qeyd olunan imtinasını əsassız hesab edir və ona əlilliyə görə əmək pensiyasının təyin edilməsini inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia, həmçinin mahiyyət üzrə əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -4.3.1-ci bəndinə görə əlilliyə görə əmək pensiyaları Qanunla müəyyən edilmiş aşağıdakı şərtlərlə təyin edilir: -4.3.2-ci bəndinə görə əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. -4.3.3-cü bəndinə əsasən İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, 5 ildən az olmamaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlana bilməz. Beləliklə, sadalanan normalardan müəyyən olunur ki, İ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərt əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı hesablanmaqla 5 ildən az olmamaq şərtilə ümumi sığorta stajının olmasıdır. Hazırkı iş üzrə iddiaçı 25.07.2019-cu il tarixdən müddətsiz İ dərəcə əlildir. İddiaçıya tələb olunan sığorta stajına gəlincə isə adıçəkilən Qaydaların 4.3.2-ci yarımbəndinə uyğun olaraq 23.05.1963-cü il təvəllüdlü olmaqla əlillik təyin olunduğu vaxt 56 yaşı olmuşdur. 56 yaşlı sığortaolunan üçün 13 il 07 ay (ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla (56 yaş - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 41) x 4 ay = 164 ay/12 = 13 il 7 ay) sığorta stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. Cavabdehin pensiya təyin edilməsindən imtinasının əsas dəlili iddiaçının əmək fəaliyyəti barədə qeydləri özündə əks etdirən əmək kitabçasının olmamasıdır. Cavabdeh iddiaçının arxiv arayışlarına əsasən işlədiyi dövrün sığorta stajı kimi qəbul edilməsini mümkün hesab etmir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin mövqeyi ilə razılaşmır. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin q bəndinə görə arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: -1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir; -3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə yuxarıda qeyd edilən qanunvericiliyin tələblərindən çıxış etməklə hesab edir ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. İş üzrə əldə edilmiş dövlət arxiv arayışına əsasən iddiaçı 20 may 1978-ci il tarixdə “M.B.Qasımov” adına sovxozda traktorçu təyin edilmiş, 15 noyabr 1991-ci il tarixdə işdən azad edilmişdir. Məhkəmənin sorğusu əsasında iddiaçının qeyd edilən sovxozda işləməsi barədə arayışın tərtib edilməsi zamanı əsas götürülmüş əmrlər kitabından çıxarışlar, şəxsi hesab kitablarından İddiaçı aid olan hissələr təqdim edilmişdir. Qeyd edilən arxiv sənədlərinin mötəbərliliyini şübhə altına ala biləcək hallar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Beləliklə, iddiaçının “M.B.Qasımov” adına sovxozda işlədiyi dövr onun ümumi sığorta stajına daxil edildikdə 13 il 05 ay 26 gün stajı təşkil edir. Bundan əlavə, İddiaçı "xxxx" ASC-də (keçmiş Bakı 10 saylı Yük avtonəqliyyat müəssisəsi) 02.12.1991-ci il tarixdən 25.12.2001-ci il tarixədək sürücü işləmişdir. Qeyd edilməlidir ki, “Azəravtonəqliyyat” Dövlət Konserninin tabeliyində olmuş Bakı 10 saylı Yük avtonəqliyyat müəssisəsi 07.03.1998-ci ildə özəlləşdirilərək "xxxx" ASC yaradılmışdır. "xxxx" ASC-nin təqdim etdiyi arxiv arayışında, əmək haqqı cədvəlində iddiaçının müəssisədə sürücü işlədiyi qeyd edilmiş, işlədiyi dövrə aid aldığı əmək haqqı barədə cədvəl məhkəməyə təqdim edilmişdir. İddiaçının "xxxx" ASC-də işləməsi həm də Dövlət Əmlak Komitəsinin 15.12.1997-ci il tarixli, 1197 nömrəli sərəncamı ilə Bakı 10 saylı Yük avtonəqliyyat müəssisəsinin özəlləşdirilməsi zamanı müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş emissiya prospektində (özəlləşmə planı) səhmləri güzəştlə almaq hüququ olan əmək kollektivinin siyahısında İddiaçı adının qeyd edilməsi ilə də sübut olunur (məhkəmə nəzərə alır ki, adıçəkilən emissiya prospektində iddiaçının təkcə həmin müəssisədə işlədiyi dövr deyil, bütövlükdə, yəni sovxozda işlədiyi dövr daxil edilməklə ümumi iş stajı 19 il 05 ay olaraq qeyd edilmişdir). İddiaçının "xxxx" ASC-də 02.12.1991-ci il tarixdən 25.12.2001-ci il tarixədək sürücü işlədiyi dövr 10 il 24 gün təşkil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə, iddiaçının əlillik təyin olunduğu 25.07.2019-cu il tarixə ümumilikdə topladığı 23 il 06 ay 20 gün sığorta stajı iddiaçıya İ qrup əlilliyə görə tələb olunan 13 il 7 ay sığorta stajından çoxdur. İddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlər ödənilir. Cavabdehin iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtinası qanunazidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı X2 25.07.2019-cu il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı X2 25.07.2019-cu il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-3080/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3080/2022
06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver