Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3080/2023 09.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Üçüncü şəxs "xxxx" MMC-nin vəkili Vəkil iştirakı ilə, İddiaçı MMM-in cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın qismən ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı MMM iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən, 1279,6 kv.m-dən ibarət olan qeyri yaşayış sahələrinə dair "xxxx" MMC-nin adına verilmiş RX seriyalı, ******* saylı çıxarışın qismən, yəni iddiaçının istifadəsində olan və 1,85x6,20 kv.metrdən ibarət tikilinin və həmçinin 0,80 ha ibarət torpaq sahəsinə dair hissədə ləğv edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC-nin istifadəsində olmuş və ünvan 1 ünvanında yerləşən, 1279,6 kv.m-dən ibarət olan qeyri-yaşayış sahələrinə dair çıxarış verərkən qanun pozuntusuna yol vermişdir. Belə ki, cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi maraqlı şəxs "xxxx" MMC-nin istifadəsində olmuş və ünvan 1 ünvanında yerləşən 1279,6 kv.m-dən ibarət olan qeyri yaşayış sahələrinə dair çıxarış verərkən iddiaçının istifadəsində olan və 1.85x6.20 kv.metrdən ibarət tikilinin maraqlı şəxsin adına qeydiyyata almış və müvafiq çıxarış vermişdir. Bu hal iddiaçıya maraqlı şəxs tərəfindən iddiaçıya qarşı mübahisəli sahənin boşaldılması, pilləkənin və binanın giriş hissəsinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciətindən sonra bəlli olmuşdur. Belə olan halda hazırkı iddia ərizəsi ilə İnzibati Məhkəməyə müraciət etmişdir. Maraqlı şəxsə cavabdeh tərəfindən verilmiş çıxarış üzrə ekspertiza keçirilmiş və verilmiş rəyə əsasən müəyyən olunmuşdur ki, maraqlı şəxs cavabdehlə sövdələşməsi nəticəsində iddiaçının istifadəsində olan sahə maraqlı şəxsin çıxarışla qeydiyyatına salınmışdır. Həmçinin müəyyən edilmişdir ki, çıxarış verilərkən servituta yüklü olunmuş sahələr də maraqlı şəxsin istifadəsində saxlanılmışdır. Belə ki, mübahisə tərəflərini ayıran torpaq sahəsi onların birgə istifadəsində saxlanılmalı olduğu halda bu sahələr də maraqlı şəxsə çıxarışla “ötürülmüşdür” ki, bu da qanunla yolverilməzdir. Digər tərəfdən maraqlı şəxsin mülkiyyətinə keçirdiyi sahələr keçmiş “BAKİ” kinoteatrının ərazisi kimi tanınır və maraqlı şəxs qanunsuz olaraq nəzərdə tutulmayan tikinti normalarına zidd olaraq kinoteatrı qazlaşdırmışdır ki, bu da yanğın qaydalarına ziddir. Həmçinin nəzərə alınmalıdır ki, ictimai yerlərdə xidmət göstərilən ərazilərdə partlayış və yanğın riski olan qazlaşdırmanın aparılması yolverilməzdir. İş mahiyyəti üzrə araşdırılarkən maraqlı şəxsə verilmiş texniki şərtlərə dair sənədlər təqdim ediləcək və yalnız bundan sonra iddianın həcminin artırılması və yaxud dəqiqləşdirilməsinə dair ərizə təqdim ediləcəkdir. Mülkiyyətində olan və maraqlı şəxslə qonşuluqda yerləşən ərazidə Turan-97 MMM-in nəzdində fəaliyyət göstərən Turan Klinikası 2,304 m2 binada yerləşir. Bunlar Cərrahiyyə şöbəsi 12 çarpayı və 2 çarpayılıq reanimasiya otağı ilə təmin olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü maddəsinə görə əmlak və ya qeyriəmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyrimaddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər. Həmin Məcəllənin 5-ci maddəsinin müddəalarına əsasən istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Mülki qanunvericiliyin prinsipləri-mülki hüquq subyektlərinin bərabərliyini; mülki hüquq subyektlərinin iradə sərbəstliyini; mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyini; mülkiyyətin toxunulmazlığını; müqavilələr azadlığını; şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyini; mülki hüquqların maneəsiz həyata keçirilməsinə şəraitin yaradılmasını, pozulmuş hüquqların bərpasının təmin edilməsini; mülki hüquqların məhkəmə müdafiəsini özündə ehtiva edən Bu Məcəllənin 6-cı maddəsində öz əksini tapmışdır. Belə olan halda iddiaçı pozulmuş mülkiyyət hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edir. Həmçinin bəllidir ki, Mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsində deyilir ki, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. (170.2.)- Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 173.1-ci maddəsinə əsasən, başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər. (173.2.)- Üst tikiliyə hüquq daşınmaz əmlakın dövlət reyestrində servitut kimi qeydə alına bilər. (173.3.)- Əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər.
3. Məhkəmənin hazırki iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə "xxxx" MMC hazırki iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
4. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 2304 kv.m. iki mərtəbəli qeyri-yaşayış binası "xxxx" MMC-in mülkiyyətindədir.
5. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 2033.6 kv.m. dörd mərtəbəli qeyri-yaşayış binası "xxxx" MMC-in mülkiyyətindədir.
6. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili iddiaçının hüquqi marağı olmadığından iddianın mümkün sayılmamasını xahiş etmişdir.
7. İddiaçı və cavabdeh tərəf məhkəmə iclasında iştirak etmirlər.
II. İddianın mümkünlüyü
8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
9. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli qərarına əsasən: 17.Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.
10. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqi marağını təsdiq edən sübutlar təqdim edilməyib, eləcə də iddia lazımi qaydada qaldırılmayıb. Belə ki, qeydiyyat özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqısı müqaviləsinə, özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahəsinin satılmasına dair şəhadətnaməyə, dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnamə əsasında aparılmış, iddiaçı tərəfindən isə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mübahisələndirilmişdir. İddiaçı hüquqi marağını sübut etdiyi halda, çıxarışın verilməsi üçün əsas olmuş sənədləri ona aid hissədə mübahisələndirməklə çatmaq istədiyi məqsədə nail ola bilər.
11. Belə ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
12. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə oxşar tələblə məhkəməyə müraciət etmiş (əvvəlki tələblə çıxarışın tamamilə, hazırki tələblə qismən ləğvi tələb edilir), məhkəmənin 08 dekabr 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qeyd edilən qərardadla məhkəmə mümkün hüquqi müdafiə vasitələri izah edilmiş, iddiaçı buna baxmayaraq oxşar tələblə təkrar olaraq məhkəməyə müraciət etmişdir.
13. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin İddiaçı MMC-yə qarşı qanunsuz istifadəyə son qoyulması, cəmiyyətə təhvil verilməsi və dəmir pilləkənlərin və artıq tikilinin cavabdehin maddi vəsaiti hesabına sökülməsi tələbinə dair iddia üzrə Bakı Kommersiya Məhkəməsinin tikinti-texniki ekspertizasının təyin edilməsinə dair qərardadı onun hazırki iddia üzrə hüquqi marağını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.
17. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
18. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva