Məhkəmə qərarları › İş №2-1(112)-3080/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3080/2025

21.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3080/2025 21.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddiaçı hesab edir ki, onun ümumi iş stajı 25 ildən, güzəştli iş stajının isə 12 il 06 aydan çox olmasına baxmayaraq cavabdeh əsassız imtina verərək onun güzəştli iş stajının olmadığını qeyd etmişdir.Halbuki, onun əmək stajını təsdiq edən əmək kitabçası və arayışlar mövcuddur. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim edilmiş və bildirilmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda, 2) xx.xx.2006-ci il tarixədək azı 25 il sığorta stajı olduqda, 3) stajın 12 il 6 ayını əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.1982-ci il tarixli ******* nömrəli əmək kitabçası və ona əlavə olunmuş sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi, İddiaçı 01 yanvar 2006-ci il tarixədək ümumi iş stajı 25 ildən azdır. İddiaçının əmək şəraiti zərərli və aqır işlərdə işləməsi faktı AR Nazirlər Kabinetinin 12 №-li qərarına istinadən müəssisə tərəfindən təqdim edilmiş arayışda qeyd olunur. İddiaçı tərəfindən təqdim olunmuş arayışa əsasən güzəştli iş stajı yoxdur. Göründüyü kimi qanunla tələb olunan şərtlər ödənilmir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1963-cü il təvəllüdlü iddiaçının 60 yaşı xx.xx.2023-cü il tarixdə tamam olmuşdur. Hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1982-xx.xx.1983-cü il tarixlərdə orduda xidmət etmişdir. Əmək kitabçasından görünür ki, iddiaçı: xx.xx.1982-xx.xx.1982-ci il tarixlərdə sürücü; xx.xx.1983-xx.xx.1984-cü il tarixlərdə sürücü; xx.xx.1984-xx.xx.1985-ci il tarixlərdə sürücü; xx.xx.1985-xx.xx.1986-cı il tarixlərdə satıcı; xx.xx.1986-xx.xx.1987-ci il tarixlərdə satıcı; xx.xx.1987-xx.xx.1992-ci il tarixlərdə sürücü; xx.xx.1996-xx.xx.1996-cı il tarixlərdə sürücü; xx.xx.2008-xx.xx.2009-cu il tarixlərdə 4-cü dərəcəli operator; xx.xx.2009-xx.xx.2010-cu il tarixlərdə operator; xx.xx.2010-xx.xx.2022-ci il tarixlərdə qaz paylayıcısı işləmişdir. SOCAR “Qaz İxrac” İdarəsi X4 Kəmərləri Sahəsi tərəfindən verilmiş arxiv arayışına əsasən iddiaçı xx.xx.2010-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" idarəsinin Abşeron Magistral X2 3 saylı Xətti İstismar Xidmətində 4- cü dərəcəli qaz paylayıcı stansiyanın operatoru peşəsində çalışmışdır. xx.xx.2022-ci il tarixindən başqa işə götürənlə əmək müqaviləsi bağlaması ilə əlaqədar işdən azad edilmişdir. (Əmr № 188-k, xx.xx.2022) Cavabdeh tərəfindən verilmiş imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Mərkəzi Filiala təqdim olunan 20 may 1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında “Azəriqaz” İB Bakı Regional Qaz İstismarı Departamentinin iddiaçıya dair arayışında xx.xx.2010-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində Abşeron Magistral X2 qaz paylayıcı stansiyanın operatoru vəzifəsində işlədiyi qeyd edilib. Göründüyü kimi, işlədiyi sahə sözügedən arayışda istinad olunan, yuxarıda qeyd edilən neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı sahəsinə aid deyil. Bu səbəbdən də, güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. SOCAR “Qaz İxrac” İdarəsi X4 Kəmərləri Sahəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz ixrac” İdarəsinin Abşeron Magistral X2 3 saylı Xətti İstismar Xidmətində 4-cü dərəcəli qaz paylayıcı stansiyanın operatoru peşəsində çalışmışdır. xx.xx.2022-ci il tarixindən başqa işə götürənlə əmək müqaviləsi bağlaması ilə əlaqədar işdən azad edilmişdir. (Əmr № 188-k, xx.xx.2022) İşlədiyi müddətdə peşə təlimatına əsasən qaz paylayıcı stansiyanın operatoru İddiaçı əmək funksiyaları aşağıdakı kimi qeyd olunub: Aparatlara, tənzimləmə, ölçü və qazın uçotunu aparan cihazlara, avtomatik avadanlıq sisteminə, gündəlik məhsuldarlığı 1,0 milyon kubmetrdən çox olan avtomatlaşdırılmamış qazpaylayıcı stansiyada və ya qaz paylayıcı məntəqədə (və yaxud gündəlik məhsuldarlığı 1,0 milyon kubmetrə qədər olan avtomatlaşdırılmış QPS və QPM-də) boru kəmərləri kommunikasiyalarına xidmət edilməsi; İstehlakçılara qaz verilməsi, rejimin təmin edilməsi; Qoyulmuş rejimə uyğun olaraq cihazların,armaturların və aparatların başqa lazım olan rejimlərə keçirilməsi; Rejim jurnalında qazın texnoloji rejimində aparılan dəyişikliyin qeydiyyatının aparılması; Qaz xəttinə “odaran”ın (etil mel kaptan) verilməsinin təmin edilməsi; Armaturların, cihazların və aparatların işində qaz sızmaları və nasazlıqların aşkar edilməsi; Təzyiq tənzimləyicilərini və qazın uçotu cihazlarının işlək olmasına nəzarət edir; Cihazların dövlət yoxlamasına vermək üçün hazırlanması; Qaz paylayıcı məntəqələrdə(QPM) avadanlıq və kommunikasiyaların cari təmirində iştirak edilməsi; Avadanlığın, kommunikasiyann, otaqların və qazpaylayıcı stansiyanın (QPS), QPM ərazisinin təmiz saxlanıması; Odarantın və separatorlardan yığılan maye kondensat qarışığının uçotunun aparılması; Xidmət rəisinin tapşırıq və göstərişlərini yerinə yetirmək; İstifadəsində olan alət və vəsaitlərin saz vəziyyətdə olmasına nəzarət etmək; Təhvil-təslim sənədləşmənin aparılmasında iştirak etmək; Korroziyadan qorunma, qəzaların qarşısını almaq üçün tədbirlərin görülməsi; Qəza və bədbəxt hadisələrin araşdırılmasında müvafiq qaydada iştirak etmək; Qüsurlar cədvəli üçün bütün nasazlıqlar və çatımamazlıqların siyahıya alınmasında müvafiq qaydada iştirak etmək; Sahə üzrə tətbiq edilən beynəlxalq standartların tələblərinə riayət etmək; Sahənin abadlıq işləri ilə əlaqədar keçirilən tədbirlərində iştirak etmək; İş yerinin təmiz saxlanmasına cavabdehlik (otlardan təmizləmək); Əməyin mühafizəsi,təhlükəsizlik texnikası,sanitariya və yanğından mühafizənin norma və qaydalarına riayət edilməsi. İşlədiyi müddət qaz paylayıcı stansiyanın operatoru peşəsi 12 il 4 ay 1 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə xx.xx.2007-ci il 12 saylı nömrəli və xx.xx.2024-cü il tarixli 81 nömrəli qərarda göstərilmişdir: e) Fəhlələr 10.2 və 1.2.1.1.4 bəndinin qaz paylayıcı stansiyanın operatoru peşəsinə uyğundur. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1963-cü ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətinə qiymət verilən zaman, cavabdeh imtina üçün bir əsas gətirmişdir:

1. İddiaçının güzəştli iş stajının 12 il 06 aydan az olmasıdır.

Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi müəyyən edilməli, bundan başqa mübahisələndirilən vəzifələrin Siyahıda nəzərdə tutulub-tutulmadığına qiymət verilməlidir. Məhkəmə bu istiqamətdə zəruri qiymətləndirmənin aparılması üçün “Əmək pensiyaları haqqında” Qanunun müddəalarına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Əvvəla Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü olduğundan, onun 60 yaşı xx.xx.2023-cü il tarixdə tamam olur. Bu səbəbdən də Məhkəmə hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinin hazırki redaksiyası iddiaçıya münasibətdə tətbiq olunmalıdır. Məhkəmə diqqətə çatdırır ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır: a)İddiaçının 60 yaşına çatması; b)İddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; c)İddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması Hazırki işin faktiki hallarından görünür ki, iddiaçının yaş ilə bağlı şərtin ödənilməsi işin mübahisələndirilməyən hallarına aiddir. Eyni zamanda, cavabdeh iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az olduğuna istinad etsə də, pensiya hüququ yarandığı tarixə ümumi iş stajının 25 ildən çox olduğunu mübahisələndirməmiş, həmçinin bu hal məhkəmə araşdırılması zamanı da öz təsdiqini tapmışdır. Tərəflər arasında mübahisə açan məsələ məhz iddiaçının güzəştli iş stajının olmaması ilə bağlıdır. Məhkəmə cavabdehin imtina məktubunda göstərdiyi əsasa münasibətdə bildirir ki, iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün güzəştli iş stajına malik olmamışdır. İlkin olaraq qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə iddiaçının güzəştli iş stajına münasibətdə bildirir ki, cavabdeh iddiaçının güzəştli iş stajının ümumiyyətlə olmadığını hesab etsə də, aparılmış araşdırma zamanı iddiaçının 60 yaşı tamam olduğu vaxtadək güzəştli iş stajının olması, lakin tələb olunan 12 il 06 aydan az olması müəyyən olunmuşdur. Başqa sözlə desək, həmin dövr güzəştli iş stajına daxil edilsə belə, iddiaçının 60 yaşı tamam olduğu tarixə cəmi güzəştli stajı 12 il 04 ay 01 gün olmuşdur ki, bu da qanunvericilikdə tələb olunan normadan az olduğuna dəlalət edir. Beləliklə Məhkəmə hesab edir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulan güzəştli iş stajına malik olmadığından, onun güzəştli şərtlərlə pensiya hüququ yaranmamışdır. Azərbaycan Respublikasının İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar