Məhkəmə qərarları › İş №2-1(112)-3083/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3083/2022

14.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3083/2022 14.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları İddiaçı (bundan sonra – İddiaçı) 09.06.2021-ci il tarixdə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən sənədlərdən görünür ki, onun 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az (12 il 2 ay (01.11.1993-31.12.2005-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə hazırda 45000,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı həmin günə cəmi 42191,50 manat təşkil edir. Bundan sonra iddiaçı 05.08.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 06.09.2021-ci il tarixli, 2-1(116)-1246/2021 saylı qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. II. Tərəflərin əsaslandırılması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 01.11.1993-cü il tarixdən 05.01.2009cu il tarixədək Azərbaycan DRES-də Köməkçi Avadanlıqların Təmiri sexində çilingər vəzifəsində işləmiş, 05.01.2009-cu il tarixdə öz xahişi ilə işdən azad olmuşdur. 10.12.2012-ci il tarixdə yenidən "xxxx" MMC-nin Mərkəzləşdirilmiş Təmir sexinə kimya avadanlıqlarının təmiri briqadasına 5-ci dərəcəli təmirçi-çilingər vəzifəsinə işə qəbul edilmişdir. Həmin sexdə əmək müqaviləsinə 17.01.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Zərərli işə görə iddiaçının həmin sahədə iş stajı 15 il, 02 ay, 05 gün təşkil edir. Ümumi stajı isə 40 ilə yaxındır. Cavabdeh 01.11.1993-31.12.2005-ci il tarixləri arasındakı dövrü əsas götürmüşdür. İddiaçı 1993-cü ildən 2009-cu ilə və 2012-ci ildən 2019-cu ilə kimi zərərli işdə işləmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi 15.11.2021-ci il tarixli, **********0 saylı iddiaya yazılı etirazında göstərmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az (12 il 2 ay (01.11.1993-31.12.2005-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə hazırda 44000,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı bu günə cəmi 36291,64 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı 11.02.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək maddi vəziyyəti çətin olduğu üçün məhkəməyə gələ bilmədiyini, iştirakı olmadan iddiaya baxılmasını və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. III. Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki sosial təminat hüquqlarının pozulduğunu güman edən iddiaçının hazırkı tələbi irəli sürmək üçün subyektiv hüququ vardır. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl eyni tələblə cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, qüvvədə olan qanunvericilik güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 60 yaşın tamam olmasını şərt kimi müəyyən etmişdir. İşdən görünür ki, AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuş, 57 yaşı 16.02.2020-ci il tarixdə tamam olmuşdur, onun hazırda 60 yaşı yoxdur və o, hazırkı tələbi ilə ona 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində və ƏPQ-nin 01.07.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsində nəzərdə tutulurdu. İşin hallarını hər iki qanunvericiliyə uyğun olaraq yoxladıqda aydın olur ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən: Qüvvədə olan ƏPQ-nin 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. ƏPQ-nin qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində göstərilirdi ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan normalardan görünür ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 12 il 6 aydan, ümumi staj 25 ildən az olmamalıdır. İş materiallarından (iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçası və НЗ ******* nömrəli hərbi bilet) görünür ki, İddiaçı 27.06.1980-ci il tarixdə Orconakidze adına üzümçülük sovxozuna fəhlə qəbul edilmiş, 05.04.1981-ci il tarixdə hərbi xidmətə getdiyi üçün fəhləlikdən azad edilmiş, 16.04.1981-16.05.1983-cü illərdə hərbi xidmətdə olmuş, 15.06.1983-cü il tarixdə yenidən Orconakidze adına üzümçülük sovxozuna fəhlə qəbul edilmiş, 04.08.1988-ci il tarixdə çilingər təyin edilmiş, 01.11.1993-cü il tarixdən 05.01.2009-cu il tarixədək "Azərbaycan DRES’’-nin Köməkçi Avadanlıqların istismar və təmiri sahəsində 5-ci dərəcəli yanacaqötürücü avadanlıqların təmiri üzrə çilingər, 05.01.2009-cu ildən 05.01.2010-cu il tarixədək "xxxx" MMC-də X1 Təmir və Sazlama İdarəsinin Kimya avadanlıqlarının təmiri sexinə 5-ci dərəcəli təmirçi çilingər vəzifəsində işləmiş, 06.01.2010-ci il tarixdə "xxxx" ASC-də Energetika Avadanlıqlarının Təmiri idarəsinin Mingəçevir Sahəsinin KAT sexində 5-ci dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, 07.12.12-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı 10.12.2012-ci il tarixdə "xxxx" MMC-də "Mərkəzləşdirilmiş təmir sexinə Kimya avadanlıqlarının təmiri briqadası"na beşinci dərəcəli təmirçi-çilingər vəzifəsinə qəbul edilmiş, 17.01.2019-cu il tarixdə əmək müqaviləsinə xitam verilmiş, 24.01.2019-cu ildən 01.06.2020-ci il tarixədək "xxxx" MMC-nin "Mingəçevir İES’’ layihəsində beşinci dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, 12.06.2020-ci il tarixdən 15.12.2020-ci il tarixədək "Enerjiservistikinti təmirsazlama’’ MMC-nin Turbin və Köməkçi avadanlıqları üzrə təmir quraşdırma və sazlama qrupunun Qərb sahəsində beşinci dərəcəli çilingər vəzifəsində işləmişdir. Sadalanan sənədlərdən müəyyən olunur ki, iddiaçının 01.01.2006-cı il tarixə 25 il 4 ay 27 gün ümumi iş stajı olmuş, bununla iddiaçı tələb olunan ilkin şərti ödəmişdir. İddiaçının güzəştli iş stajına gəldikdə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İşdə olan "xxxx" MMC-nin 08.01.2021-ci il tarixli, 07-05 saylı işin xarakteri haqqında arayışından görünür ki, iddiaçı 01.11.1993-cü il tarixdən 05.01.2009-cu il tarixədək "Azərbaycan DRES’’-nin Köməkçi Avadanlıqların Təmiri sexində 5-ci dərəcəli yanacaqötürücü avadanlıqların təmiri üzrə çilingər vəzifəsində işləmişdir. 05.01.2009-cu il tarixdən Azərbaycan Respublikası ƏQM-nin 69-cu maddəsinin 3-cü maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. 10.12.2012-ci il tarixdən yenidən "xxxx" MMC-nin Mərkəzləşdirilmiş Təmir sexinə Kimya avadanlıqlarının təmiri briqadasına 5-ci dərəcəli təmirçi çilingər vəzifəsinə işə qəbul edilmişdir. 23.02.2015-ci il tarixdə struktur dəyişikliyi ilə əlaqədar olaraq Qazan və Köməkçi Avadanlıqların Təmiri sexinin Kimya avadanlıqlarına xidmət və təmir edən briqadaya 5-cı dərəcəli təmirçi çilingər vəzifəsinə keçirilmişdir. 17.01.2019-cu il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən xitam verilmişdir. İddiaçı 01.11.1993-cü il tarixdən 05.01.2009-cu il tarixədək və 10.12.2012-ci il tarixindən 17.01.2019-cu il tarixədək əmək funksiyalarını ağır və zərərli iş şəraitində yerinə yetirmişdir. Belə ki, iddiaçı işlədiyi müddət ərzində 01.11.1993-cü il tarixdən 05.01.2009-cu il tarixədək zərərli sahədə 8 saatlıq iş günü ərzində 3-4 sinif təhlükəsizlik sinfi, havanın hərəkət surətinin, iş yerində havanın temperaturun yüksək, nisbi rütubətin normadan yuxarı olması, titrəmə,səs-küy faktorları mövcud olmuşdur. İş şəraiti ağır və zərərli olduğuna görə İddiaçı işlədiyi müddət ərzində 01.11.1993-cü il tarixdən 05.01.2009-cu il tarixədək aylıq məvacibinin 8% miqdarında, 10.12.2012-ci tarixindən 17.01.2019-cu il tarixədək 20% miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə əmək qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə 06 təqvim günü məzuniyyət günü verilmişdir. İddiaçı işlədiyi illər ərzində 01.11.1993-cü il tarixdən 05.01.2009-cu il tarixədək tutduğu yanacaqötürücü avadanlıqların təmiri üzrə çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin, vəzifələrin və göstəricilərin siyahı"sının Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində, qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsinə uyğundur (kod 2140000a-18455). Həmin sahədə iş stajı 15 il 02 ay 05 gün təşkil edir. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisənin verdiyi arayışa əsasən iddiaçının 01.01.2006-cı il tarixə güzəştli iş stajı 12 il 2 ay 1 gün təşkil edir. Belə olan halda aydın olur ki, iddiaçı 01.01.2006-cı il tarixədək qüvvədə olan qanunvericiliyin tətbiqi üçün ikinci şərti, azı 12 il 6 ay güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə stajın olması tələbini ödəmir, buna görə də ona həmin qanunvericiliyə əsasən pensiya təyin edilə bilməz. 01.07.2017-ci il tarixədək qüvvədə olan ƏPQ-nin 9.1-ci maddəsinə əsasən: ƏPQ-nin 9.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Normadan göründüyü kimi, iddiaçıya ƏPQ-nin 9.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən pensiya təyin edilməsi üçün onun: 1) həmin tarixədək 57 yaşının tamam olması; 2) həmin tarixə azı 25 il sığorta stajına malik olması və bu stajın azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması tələb olunur. Lakin iddiaçı bu tələblərdən ilkini, yəni yaş tələbini ödəmir. Belə ki, iddiaçının 57 yaşı 16.02.2020-ci il tarixdə tamam olduğundan ona Qanunun 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyası da tətbiq oluna və həmin tarixədək qüvvədə olan Qanunun tələblərinə əsasən pensiya təyin edilə bilməz (iddiaçı ilkin tələbi ödəmədiyindən ikinci və üçüncü tələbə qiymət verilmə zərurəti aradan qalxır). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, cavabdehin ona pensiya təyin edilməsindən imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar