Məhkəmə qərarları › İş №2-1(112)-3084/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3084/2020

30.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3084/2020 30.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1, 3-cü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X5 üzrə Mərkəzi Filialının nümayəndəsi X3, 3-cü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X5 üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində cəlb edilməklə “20% məbləğində əlavənin təminat xərcliyinə hesablanması” barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi xidmət şəraitinə görə vəzifə maaşının 20 % həcmində aylıq üstəlik əlavənin; məxfi və tam məxfi sənədlərlə və ya digər məlumat daşıyıcıları ilə (2-ci forma üzrə məlumatlarla işləmək üçün buraxılış üzrə) işləyən kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı kimi vəzifə maaşının 15% həcmində artımın; həmçinin rus dilini (şərq dilləri qrupu) bildiyi üçün vəzifə maaşının 15% həcmində pul əlavəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçının təminat xərcliyinə hesablanmasına və təminat xərcliyində baş verən artımlar barədə məlumatların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3084/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X5 üzrə Mərkəzi Filialı və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi iş üzrə üçüncü şəxslər qismində cəlb olunmuşdur. İddia tələbi onunla əsaslandırmışdır ki, ehtiyatda olan 3-cü dərəcəli kapitan İddiaçı, 2019-cu ilin dekabr ayında Azərbaycan Ordusu sıralarından (N nömrəli hərbi hissə, X7) xüsusi təyinatlı taborun (sualtı hücum) komandiri-dalğıc mütəxəssisi vəzifəsindən ehtiyata buraxılmışdır. Bu zaman, iddiaçıya əmək pensiyasının təyin edilməsi üçün, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təminat xərcliyi barədə məlumatlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunmuşdur. Lakin iddiaçı hesab edir ki, təminat xərcliyi barədə məlumatlar tərtib edilərkən vəzifə maaşından hesablanan müəyyən əlavələr (artımlar) təminat xərcliyinə əlavə olunmamışdır. İddiaçı qeyd edir ki, o, sonuncu dəfə paraşütlə tullanmaları 2010-cu ildə yerinə yetirmiş və həmin il iddiaçı artıq pensiya hüququna malik olmuşdur. Yəni iddiaçı həmin ildən xx xxxxxxx 2017-ci il tarixinədək Azərbaycan Ordusu sıralarından tərxis olunsa idi, bu əlavə təminat xərcliyinə hesablanacaqdır. Çünki, bu tarixədək Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx 2002-ci il tarixli 220 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında Əsasnamə” qüvvədə olub. Bu Əsasnamədə paraşütdən tullanmalara olan yanaşma hazırda qüvvədə olan Əsasnamədəki yanaşmadan köklü fərqlənirdi. Belə ki,xx xxxxxxx 2017-ci il tarixədək qüvvədə olan Əsasnamədə “ötən il üzrə paraşütdən tullanış normalarını yerinə yetirdikdə” tələbi mövcud deyildir. Əks halda belə çıxır ki, iddiaçı Azərbaycan Ordusu sıralarında qalaraq Vətənin müdafiəsinə xidmət etməyi ilə ziyanına, yəni pensiya məbləğinə 20% əlavənin hesablanmamasına və nəticədə maddi rifahının aşağı düşməsinə səbəb olub. İddiaçı artıq 2015-ci ildə təminat xərcliyinin100%-i həcmində əmək pensiyasına hesablanması hüququna malik idi. Nəticə olaraq iddiaçı hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə və Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanunun 87-ci maddəsinin tələblərinə əsasən bu əlavə iddiaçının təminat xərcliyinə əlavə edilməlidir. İddiaçı həmçinin, hüquqi presedent olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair Qərarına əsaslanır. Bundan başqa,iddiaçı “Kəşfiyyət və əks kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2004-cü il tarixli, 179-23 nömrəli Qərarının tələbləri, həmçinin, Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununa əsasən normayaratma fəaliyyətinin əsas prinsiplərindən biri-aşağı dövlət orqanları aktlarının yuxarı dövlət orqanlarının aktlarına uyğunluğu pozulmuşdur. Nəticə olaraq iddiaçı hesab edir ki, Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.7 və 2.8 bəndlərinin tələblərinə əsasən bu artım iddiaçının təminat xərcliyinə əlavə edilməlidir.İddiaçı qeyd edir ki, o, rus dilindən hərbi xidmət dövrü geniş istifadə etmiş və buna ehtiyac olduğu üçün 2012-ci ildə Slavyan universitetində öz hesabına kurslara da qatılmışdır. Bu kursları əla bitirməyi ilə bağlı sertifikat almışdır.Bundan başqa, xidməti zəruriyyətlə və ixtisası ilə bağlı azərbaycan dilinə tərcümə də etmişdir. Bunlardan “Xüsusi təyinatlı bölmələrin döyüş hazırlığı Proqramı”, “X7in zabitlərinin komandir hazırlığı proqramı”, “Kəşfiyyat bölmələrinin hazırlığı üzrə metodik tövsiyyələr”, “Dalğıc-kəşfiyyatçıların fəaliyyətinin bəzi xüsysuyyətləri” və s. misal çəkmək olar. 2000-ci ilədək Azərbaycan Ordusuna, hər halda N nömrəli hərbi hissədə, kargüzarlıq rus dilində aparılırdı. 1999-cu ildən 2002-ci ilədək iddiaçı hərbi hissənin qərargahı rəisi vəzifəsini icra etmişdir. Bu zaman hərbi hissənin kargüzarlığının azərbaycan dilinə keçirilməsini və aparılmasını bilavasitə həyata keçirmişdir. İddiaçı qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçı 2018, 2019-cu illərdə paraşütdən tullanış normalarını yerinə yetirmədiyindən xüsusi xidmət şəraitinə görə üstəlik əlavənin almaq hüququ olmadığından Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçlarının pul təminatı haqqında Əsasnamə”nin tələblərinə görə pul mükafatı ödənilə bilməz. Çunki, yuxarıda qeyd olunan Əsasnamənin 12.2.2.4-cü yarımbəndinə əsasən, aviasiya, xüsusi təyinatlı və kəşfiyyat hərbi hissələrində paraşüt sınaqçıları vəzifələrində olanlara və döyüş hazırlığı planları üzrə paraşütlə tullanma edən(ötən il üzrə paraşütdən tullanış normalarını yerinə yetirdikdə) zabitlərə, gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına xüsusi xidmət şəraitinə görə vəzifə maaşının 20% həcmində üstəlik əlavə ödənilir. Paraşütlə tullanmaq üçün pul mükafatının miqdarı və verilmə qaydası həmin Əsasnamənin 18-ci bəndinə öz əksini tapmışdır. İddiaçı məlumatla işləmək və dil biliyinə görə tələblərlə bağlı inzibati orqana müraciət etməsi və imtina olunması ilə bağlı ərizəyə hər hansı inzibati aktı əlavə etmədiyindən ərizənin həmin hissəsi AR İPM-nin 35-ci maddəsinə görə mümkünsüz sayılmalıdır. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3084/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X5 üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində cəlb edilməklə iddia tələbi “məxfi və tam məxfi sənədlərlə və ya digər məlumat daşıyıcıları ilə (2-ci forma üzrə məlumatlarla işləmək üçün buraxılış üzrə) işləyən kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı kimi vəzifə maaşının 15% həcmində artımın; həmçinin rus dilini (şərq dilləri qrupu) bildiyi üçün vəzifə maaşının 15% həcmində pul əlavəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçının təminat xərcliyinə hesablanmasına və təminat xərcliyində baş verən artımlar barədə məlumatların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması” hissəsində mümkün sayılmamışdır. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Quliyeva iddia tələbinə verilmiş yazılı etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X5 üzrə Mərkəzi Filialının nümayəndəsi X6 iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin xx xxxx 2002-ci il tarixli, 220 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında” Əsasnamənin tələblərini tətbiq etmək məqsədəmüvafiq deyildir. Belə ki, İddiaçı Əmək pensiyasının təyin edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli, **********0 saylı qərarı ilə xx.xx.2020-ci il tarixdən 1.584 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiyanın məbləği isə müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyin tərəfindən tərtib olunan məlumat vərəqəsi əsasında hesablanmışdır. İddiaçı barəsində tərtib olunmuş təminat xərcliyi isə müvafiq olaraq onun son illərdə aldığı vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarətdir. İddiaçının 2018-2019-cu illərdə paraşut tullanış normalarını yerinə yetirməməsi, onun həmin əlavələrin almaması nəticəsinə gətirir. Belə olan halda, isə hərbi xidmətdən buraxıldığı günə ödənilməmiş əlavələrin təminat xərcliyinə əlavə edilməsi qanunaziddir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin nümayəndəsi X8 iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı HDQ-nin X2 xüsusi taborunun (sualtı hücum) komandir –dalğıc mütəxəssisi vəzifəsindən “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin b bəndi ilə xx.xx.2020-ci il tarixində tərxis olunmuşdur. Bu zaman hərbi xidmətdən buraxıldığı günə aldığı miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan təminat xərcliyi barədə məlumat vərəqəsi pensiya təyin edən orqana göndərilmişdir. İddiaçı hərbi xidmətdən buraxıldığı ildə paraşütlə tullanma normasının yerinə yetirilməsinə görə əlavələr almadığı üçün həmin əlavələr də təminat xərcliyinə axil edilməmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan: - AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1968-cı ildə doğulmuşdur, Bakı şəhərində yaşayır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş 000667 nömrəli, xx xxxx 1997-ci il tarixli vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, 11/372 saylı məktubundan görünür ki, iddiaçının müracıətinə cavab olaraq bildirilmişdir ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə müvafiq sorğu göndərilmiş və həmin idarənin xx xxxxxx 2020-ci il tarixli, 12/101 nömrəli cavab məktubunda şəxsi işində saxlanılan sənədlərə istinad olunaraq, iddiaçının 2000, 2001, 2002 və 2009-cu illərdə paraşütlə tullanış normalarını yerinə yetirdiyini və qeyd edilənlərin N nömrəli hərbi hissə komandirinin əmrləri ilə rəsmiləşdirilməsi göstərilmişdir. Həmçinin, məktubda 2018-ci və 2019-cu illərdə paraşütdən tullanış normalarını yerinə yetirmədiyinə (paraşütlə tullanış həyata keçirmədiyinə) görə yuxarıda qeyd edilən üstəlik əlavənin və həmin Əsasnamənin18-ci bəndində nəzədə tutulmuş paraşütlə tullanmaq üçün pul mükafatının iddiaçıya ödənilməməsi qeyd edilmişdir. Yuxarıda qeyd edilənləri və 2018-ci, 2019-cu illərdə paraşütdən tullanış normalarını yerinə yetirmədiyinə (paraşütlə tullanış həyata keçirmədiyinə) görə xüsusi xidmət şəraitinə görə üstəlik əlavənin almaq hüququnun olmadığını nəzərə alaraq, əmək pensiyasının təyinatı üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan Məlumat vərəqinə aviasiya, xüsusi təyinatlı və kəşfiyyat hərbi hissələrində paraşüt sınaqçıları vəzifələrində olanlara və döyüş hazırlığı planları üzrə paraşütlə tullanma edən (ötən il üzrə paraşütdən tullanış normalarını yerinə yetirdikdə) zabitlərə, gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularına xüsusi xidmət şəraitinə görə vəzifə maaşının 20% hesablanması haqda məlumatının əlavə edilməsi qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə sorğusu əsasında təqdim olunmuş Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx xxxx 2020-ci il tarixli, 15/525 saylı məktubundan görünür ki, sonuncu tutduğu vəzifə Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2019-cu il tarixli müvafiq əmri ilə təsdiq olunmuş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti” subyektlərinin siyahısına daxil edilməmişdir. Məhkəmə gedişatı zamanı təqdim olunmuş 030111 pensiya işindən görünür ki, İddiaçı xx xxxxxx 2020-ci il tarixdə ərizə ilə Azərbaycan Respublukası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsinə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş və Əmək pensiyasının təyin edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli, **********0 saylı qərarı ilə İddiaçı xx.xx.2020-ci il tarixdən 1.584 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya işinə əlavə olunmuş məlumat vərəqəsindən görünür ki, İddiaçı güzəştli xidmət illəri – 16 il 09 ay 13 gün, təqvim xidmət illəri 29 il 11 ay 04 gün, cəmi iş stajı 46 il 08 ay 17 gün təşkil edir. 1584 manat hesablanmış təminat xərcliyinə - 700 manat vəzifə maaşı, 150 manat rütbə maaşı, 425 manat xidmət illərinə görə əlavə (50%), 64 manat ərzaq payı əvəzinə kompensasiya, 245 manat məbləğində “usta” məharət dərəcəsinə görə əlavə (35%) daxildir. İşin faktiki hallarından görünürü ki, iddiaçı hazırki iddia tələbi ilə xüsusi xidmət şəraitinə görə vəzifə maaşının 20% həcmində əlavənin təminat xərcliyinə hesablanmasını tələb edir və bu halı Azərbaycan Respublikası Müdafiə Nazirinin xx xxxx 2002-ci il tarixli 220 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında” Əsasnamə ilə əsaslandırır. İşin mübahisələndirilməyən halı odur ki, İddiaçı xx.xx.1968-ci il təvəllüdlüdür, müharibə veteranıdır, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” (yaşa görə) bəndi ilə xx.xx.2020-ci il tarixdə təxris olunmuşdur. Məhkəmə tərəfindən araşdırılmalı hal odur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyində işlədiyi dövrdə xidməti vəzifəsi uyğun olaraq paraşütlə tullanış normasının yerinə yetirib-yetirməməsi, yerinə yetirdiyi təqdirdə həmin tullanışların hansı dövrü əhatə etdiyi müəyyənləşdirilməlidir. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, hazırki iddia tələbinin əsasını “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu və “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında” Əsasnaməsi təşkil edir. Belə ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinin 1-ci abzasında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. Həmin Qanunun 12-ci maddəsinin a bəndinə əsasən, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular xidmət illərinə görə pensiya hüququna malikdirlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən hərbi qulluqçularının pensiya təminatı bu Qanunla müəyyən edilir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı)—hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydaların 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci hissəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Qanunvericiliyin qeyd edilən tələblərindən aydın görünür ki, hərbi qulluqçulara yaşa görə əmək pensiyası xidmət etdiyi orqanın tərtib etdiyi məlumat vərəqinə əsasən xidmətdən buraxıldığı günə aldıqları təminat xərcliyindən hesablanır.Təminat xərcliyinin nədən ibarət olması isə “Əmək pensiaları haqqında” Qanunun 1.0.5-ci maddəsində göstərilmişdir. İddiaçı qeyd edir ki, o, Azərbaycan Ordusu sıralarından xüsusi təyinatlı taborun komandiri-dalğıc mütəxəssisi vəzifəsindən 2019-cu il tarixdə ehtiyata buraxılsa da, onun pensiyası hüququ 2010-cu il tarixdən yaranmışdır. Bu səbəbdən, iddiaçı iddia edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx xxxx 2002-ci il tarixli, 220 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında Əsasnamə”yə uyğun olaraq paraşütlə tullanış normalarına görə 20 % həcmində əlavə onun təminat xərcliyinə əlavə edilməlidir. Göründüyü kimi iddiaçının tələbinin əsasında duran hal odur ki, 2018, 2019-cu illərdə paraşütlə tullanış normalarını yerinə yetirmədiyi üçün əlavə almasa da, sonuncu dəfə 2010-cu ildə paraşütlə tullanma normasını yerinə yetirdiyi və həmin ildə pensiya hüququ yarandığı üçün həmin əlavə təminat xərcliyində qeyd edilməlidir. Məhkəmə iddianın “20% həcmində ödənilmiş əlavənin təminat xərcliyinə hesablanmasına” münasibətdə Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18-ci maddəsinə istinad edərək, bildirir ki, həmin maddənin normasına görə səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Qanunvericiliyin tələblərinə əsasən hərbi qulluqçular xidmətdən buraxılarkən 2 halda səhhəti ilə və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Məhkəmə xidməti vəzifəsinə uyğun olaraq İddiaçı 2010-2019-cu illər ərzində işlədiyi vəzifələr və aldığı əmək haqları ilə bağlı müvafiq olaraq sorğu göndərmiş, lakin sorğuya cavab məhkəməyə daxil olmamışdır. İddiaçı isə ümumiyyətlə pensiya hüququ yaranan tarixə səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilib-keçirilməməsini mübahisələndirməmişdir. Əksinə, təxris olduğu günədək xüsusi təyinatlı taborun komandiri-dalğıc mütəxəssisi vəzifəsindən ehtiyata buraxıldığını bildirmişdir. Məhkəmənin qənaətinə görə, İddiaçı pensiya hüququ yaranan tarixə səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmədiyindən, o, ehtiyata buraxıldıqdan sonra, ona buraxıldığı günə aldığı aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət təminat xərcliyi tərtib olunmuşdur. Bu hal isə bir mənalı göstərir ki, iddiaçının 2010cu ilədək paraşütlə tullanış normalarını yerinə yetirdiyi üçün aldığı 20 % həcmində əlavənin təminat xərcliyinə hesablanması qanunvericiliyin tələblərinə ziddir. Bundan əlavə iddiaçı paraşütlə tullanma edənlərə vəzifə maaşının 20% faizi məbləğində əlavə haqqın təminat xərcliyinə hesablanması ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2002-ci il tarixli 220 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında” Əsasnamənin 97-ci maddəsinə istinad etsə də, həmin normanın iddiaçıya tətbiq olunması mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx xxxxxxx 2017-ci il tarixli, 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçuların pul təminatı haqqında” Əsasnamənin 12.2.2.4-cü yarımbəndinə əsasən,aviasiya, xüsusi təyinatlı və kəşfiyyət hərbi hissələrində paraşüt sınaqçıları vəzifələrində olanlara və döyüş hazırlığı planları üzrə paraşütlə tullanma edən (ötən il üzrə paraşütdən tullanış normalarını yerinə yetirdikdə) zabitlərə, gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına xüsusi xidmət şəraitinə görə vəzifə maaşının 20 % həcmində üstəlik əlavə ödənilir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2002-ci il tarixli 220 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında” Əsasnamənin 97-ci maddəsinə görə aviasiya hissələrində və havadesant qoşunlarının qərargahlarında, xüsusi təyinatlı hissələrdə, desant-hücum birləşmə və hissələrində, Quru Qoşunlarının kəşfiyyat-desant bölmələrində, Azərbaycan HDQ-nin kəşfiyyat-desant (xüsusi təyinatlı) hissə və bölmələrində, aviasiya axtarış-xilasetmə və paraşüt-desant xidmətlərində, paraşüt sınaqları vəzifələrində olanlara və döyüş hazırlığı planları üzrə paraşütlə tullanma edənlərə vəzifə maaşının 20% faizi məbləğində əlavə haqq verilir. Beləliklə, iddiaçının pensiya hüququ yarandığı dövrdən ehtiyata buraxıldığı vaxtadək, qüvvədə olan qanunvericiliyin tələblərinə görə, hərbi qulluqçulara vəzifə maaşının 20 % həcmi yalnız, o, halda ödənilir ki, onlar ötən il üzrə paraşütdən tullanış normalarını yerinə yetirsinlər. Nəzərə alsaq ki, iddiaçının təminat xərcliyi ilə bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18-ci maddəsinə istinad olunmadığından, yəni ona təminat xərcliyi xidmət keçdiyi günə pul təminatına uyğun hesablandığından, iddiaçının buraxıldığı günə aldığı əlavələr nəzərə alınır. Son dövrün əlavələri isə hazırki mübahisə üzrə müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin xx xxxxxxx 2017-ci il tarixli, 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçuların pul təminatı haqqında” Əsasnamənin 12.2.2.4-cü yarımbəndi ilə tənzimlənir. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı ehtiyata buraxıldığı vaxtadək, nə 2018-ci, nə də 2019-cu illərdə paraşütdən tullanış normalarını yerinə yetirmədiyindən, almadığı əlavələrin onun təminat xərcliyinə hesablanması mümkün deyildir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair xx xxx 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. İddiaçı 2018-2019-ci illərdə paraşütdən tullanış normalarını yerinə yetirmədiyindən, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx xxxxxxx 2017-ci il tarixli, 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçuların pul təminatı haqqında” Əsasnamənin 12.2.2.4-cü yarımbəndində nəzərdə tutulmuş 20% əlavəni almamışdır. Məhkəmənin hüquqi mövqeyinə görə iddiaçıya qulluq keçdiyi dövrdə (2010-cu ildən sonra) almadığı və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun olmadığından hazırkı işdə həmin əlavələr iddiaçının təminat xərcliyinə əlavə edilməsi üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən, Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X5 üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində “20% məbləğində əlavənin təminat xərcliyinə əlavə edilməsi”nə dair iddiası əsassız olduğundan, iddia tələbi təmin olunmamaldıır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual-Məcəlləsinin 2-ci, 34-cü, 68-ci, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X5 üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində “20% məbləğində əlavənin təminat xərcliyinə əlavə edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar