Məhkəmə qərarları › İş №2-1(112)-3084/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3084/2022

07.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3084/2022 07.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ HakimAbdullayeva Aygün Abdulla qızınınsədrliyi, MəhkəməiclaskatibiCəfərov Murad Şadtat oğlununkatibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı Şəki İnzibati Məhkəməsinə müraciət edərək,mərhum həyat yoldaşı 1955-ci il təvəllüdlü Hüseynov Sahib Kərim oğlunun Yevlax rayonu X14 adıa kolxozda 1972-1974, 1976-1996-cı illərdə işləməsi və əmək haqqı almasını, həmçinin 20.05.1974- 26.05.1976-cı il tarixədək keçmiş SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət keçməsi müddətinin sosial sığorta stajı kimi müəyyən edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, əri Hüseynov Sahib Kərim oğlu 1955-ci il təvəllüdlü olmaqla, 22.10.2019-cu il tarixdə vəfat etmişdir. Yəni, əmək pensiyası yaşına çıxdığı vaxt vəfat etmişdir. Ərinin 64 yaşı olmuşdur. Ancaq yuxarıda qeyd etdiyi kimi onun ölümü ilə əlaqədar bu proses başa çatmamışdır. O özü pensiya yaşındadır. İndiyə kimi uşağının sayına görə sosial pensiya alırdı. Artıq əmək pensiyası yaşına çatmışdır. Hazırda o, Sosial pensiyadan ailə başçısını itirilməsinə görə əmək pensiyasına keçmək istəyir. Ailə başçısını itirdiyinə görə əmək pensiyası hüququ mərhum əri X13 kitabçası olmdığından mümkün olmur. “Əmək pensiyaları haqqında” Azəbraycan Respublikası Qanununun 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının ata, ana, ər, arvad bu qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu Qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Onun əri 22.10.2019-cu il tarixdə vəfat etmişdir. Əri Yevlax rayonu Qaramanlı kəndində həmin dövrdə Nizami kolxozunda 1972-1974, 1976-1996-cı il tarixində təsərrüfatda işləmiş və əmək haqqı almışdır. Yəni, həmin tarixlərdə Nizami adına kolxozda işləməklə 23 il əmək stajına malik olmuşdur. Onun əmək kitabçası kolxozun arxivində olmadğından əmək kitabçasını əldə edə bilməmişdir. Ancaq buna baxmayaraq, arxiv arayışı mövcuddur. X2 müraciət edilmiş, Dövlət X8nın 23.04.2021-ci il tarixli arayışı ilə həyat yoldaşı X6 1972-1996-cı illərdəki adam günü və əmək haqqı müəyyən edilməklə 23 illik əmək stajı olduğu bu arayışda əks edilmişdir. Ancaq aidiyyəti cavabdeh orqan arxiv arayışı ilə əmək pensiyasının mümkün olmadığı qənaətinə gələrək, ona məhkəməyə müraciət etməsini bildirmişdir. Həmçinin, mərhum əri 2 il ərzində SSRİ Silahlı Qüvvələrində xidmət etdiyindən həmin xidmət illəri 20.05.1974-cü il tarixindən 26.05.1976-cı il tarixi əhatə etdiyindən həmin dövründə sosial sığorta stajına əlavə edilməsini istəyir. Beləliklə, mərhum əri Hüseynov Sahib Kərim oğlunun Yevlax rayonu X14 adına kolxozda 1972- 1974, 1976-1996-cı illərdə 23 il müddətində kolxozda təsərrüfatda işləməsi, arxiv arayışına müvafiq olaraq adam günü və əmək haqqı qazanması, habelə 20.05.1974-cü il tarixdən 26.05.1976-cı il tarixədək keçmiş SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət keçməsi dövrünün sosial sığorta stajına aid edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini qanuni və əsaslı hesab edir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1154/2021 saylı, 31.08.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı sosial sığorta stajının müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə baxılması üçün inzibati iş Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun 17 saylı regional ərazi filialına müraciət edərək, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin, mərhum əri Hüseynov Sahib Kərim oğlunun ümumi iş stajı qanunla tələb olunan müddətdən az olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 14-cü maddəsinə əsasən müraciətinin müsbət həlli mümkün olmamışdır.Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır.Həmin qanunun 17.1 –ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1 –ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur.Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur.Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir.Belə ki, həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası,əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuşsınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İdərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən aktvə sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajın» təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir.Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın.Həmçinin qeyd edirlər ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”yə əsasən İdarə arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən orqan olsa da, onun sosial sığorta stajını təsdiq edən sənəd vermək səlahiyyəti müəyyən edilməmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli qərar ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə“ Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinə əsasən İddiaçı münasibətdə ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yaranması üçün mərhum əri Hüseynov Sahib Kərim oğlunun 21 il 05 ay sosial sığorta stajı olması tələb olunur Lakin, araşdırma zamanı iddiaçının mərhum əri Hüseynov Sahib Kərim oğlunun sosial sığorta stajının mövcud olmadığı müəyyən edilmişdir. İddiaçı mərhum əri Hüseynov Sahib Kərim oğlunun 1972-1974,1976-1996-cı illərdə Yevlax rayonu Qaramanlı kənd “Nizami” adına kolxozda işlədiyini iddia etdiyi illər əmək kitabçasında mövcud olmadığından həmin illərin əmək stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Beləliklə, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yaranması üçün tələb olunan şərti ödəmədiyindən, yəni mərhum əri Hüseynov Sahib Kərim oğlunun ən azı 21 il 05 ay sosial sığorta stajı olmadığından ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ yaranmamışdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, mərhum əri 1955-ci il təvəllüdlü Hüseynov Sahib Kərim oğlunun Yevlax rayonu X14 adına kolxozda 1972-1974, 1976-1996-cı illərdə işlədiyi illərin, həmçinin 20.05.1974-26.05.1976cı il tarixədək keçmiş SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət keçdiyi illərin sosial sığorta stajına daxil edilməklə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində hər-hansı bir məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Ailə başçısını itirməyə görə əmək pensiyası haqqında” 22 iyun 2021-ci il tarixli, **********5 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Məhkəmə cavabdehin nümayəndəsinin mülahizələrini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. İşdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon Şöbəsi tərəfindən verilmiş 610 nömrəli, 01.07.2021-ci il tarixli arayışın surətindən görünür ki, 1959-cu il təvəllüdlü İddiaçı mərhum həyat yoldaşı 1955-ci il təvəllüdlü Hüseynov Sahib Kərim oğlu 20.05.1974-cü il tarixdən 26.05.1976-cı il tarixədək keçmiş SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət keçmişdir. Əsas: NZ seriyalı, ******* nömrəli hərbi bilet. İşdə olan Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 171030 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Hüseynov Sahib Kərim oğlu 22.10.2019-cu il tarixdə ölmüşdür. İşdə olan Azərbaycan Respublikası Dövlət X8 tərəfindən verilmiş 23.04.2021-ci il tarixli, 155/10 nömrəli arxiv arayışından görünür ki, Dövlət Arxivində mühafizə olunan Yevlax rayon X14 kolxozunun 1972-1974-1976-1996-cı illər şəxsi heyətə dair sənəd materiallarına əsasən Hüseynov Sahib Kərim oğlu təsərrüfatda işləyərək aşağıda göstərilən miqdarda adam günü və əmək haqqı qazanmışdır. Kolxozda minimum adam günü norması 240 gün olmuş, S.Hüseynov 1972-ci il üzrə 37 adam günü, 1973-cü il üzrə 155 adam günü, 1974-cü il üzrə 79 adam günü, 1976-cı il üzrə 75 adam günü, 1977-ci il üzrə 215 adam günü, 1978-ci il üzrə 150 adam gün, 1979-cu il üzrə 191 adam günü, 1980-ci il üzrə 203 adam günü, 1981-ci il üzrə 164 adam günü, 1982-ci il üzrə 232 adam günü, 1983-cü il üzrə 272 adam günü, 1984-cü il üzrə 365 adam günü, 1985-ci il üzrə 200 adam günü, 1986-cı il üzrə 342 adam günü, 1987-ci il üzrə 162 adam günü, 1988-ci il üzrə 156 adam günü, 1989-cu il üzrə 63 adam günü, 1990-cı il üzrə 103 adam günü, 1991-ci il üzrə 206 adam günü, 1992-ci il üzrə 231 adam günü, 1993-cü il üzrə 137 adam günü, 1994-cü il üzrə 184 adam günü, 1995-ci il üzrə 107 adam günü, 1996-cı il üzrə 115 adam günü yerinə yetirmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 22.06.2021-ci il tarixli, **********5 nömrəli “Ailə başçısını itirməyə görə əmək pensiyası haqqında” imtina məktubunun surətindən görünür ki, iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 17 saylı regional ərazi filialından 03.05.2021-ci il tarixində daxil olmuş ərizəsi və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə baxılaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının ata, ana, ər, arvadı bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu Qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək ailə başçını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra – sığorta stajı)əmək penisyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcuri dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də, müvafiq qanuncericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3.2-ci bəndinə uyğun olaraq 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası və ya əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında X1 X10 Sisteminə daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Müraciəti ilə əlaqədar olaraq, onun ailə başçısını itirməyə görə əmək pensiyası hüququna mərhum əri X5 əmək kitabçasını və ya əmək fəaliyyəti barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarını Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 17 saylı regional ərazi filialına təqdim etdikdən sonra baxıla bilər. İşdə olan məhkəmənin sorğusuna əsasə Azərbaycan Respublikası Dövlət X8 tərəfindən verilmiş 03.02.2022-ci il tarixli, 11/10 nömrəli cavab məktubundan görünür ki, Yevlax rayon X14 adına kolxozun əmrlər kitabları mühafizə olunmaq üçün X11 verilməmişdir. Onun işə girmə, işdən azad edilməsi və məzuniyyətləri haqqında heç bir məlumat yoxdur. Odur ki, vətəndaşın kolxozda işləyib əmək haqqı alması barədə Nizami kolxozunun kolxozçularla hesablaşma kitablarından istifadə olunmuşdur. Bu kolxozda kişilər üçün adam günü norması 240 gündən hesablanmışdır. X4 Nizami kolxozunda işləyib əmək haqqı alması barədə olan arxiv arayışı ona göndərilir. Sənəddə gün norması, vətəndaşın qazandığı adam günü və əmək haqqı yazılmışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət X8 tərəfindən verilmiş 03.02.2022-ci il tarixli, 10/10 nömrəli arxiv arayışının surətindən görünür ki, Dövlət Arxivində mühafizə olunan Yevlax rayon Qoyunbinəsi Aqroservis İdarəsinin (Qaramanlı kəndi üzrə) 1997- 1998-ci illər şəxsi heyətə dair sənəd materiallarına əsasən S.Hüseynov aqroservisdə işləyərək aşağıdakı məbləğdə əmək haqqı qazanmışdır. 1997-ci il üzrə aprel, iyun, iyul, avqust, sentyabr, noyabr ayları, 1998-ci il üzrə aprel, may, avqust, sentyabr ayları. Məhkəmə aşağıdakı qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan ə ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxu İ və ya İİ qrup əlildirsə ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün vəfat etmiş ailə başçısı, mərhum əri S.Hüseynovun 16 il 4 ay ((64 yaş – 15 yaş = 49 yaş) × 4 ay = 196 ay : 12 = 16 il 4 ay) sığorta stajının olması zəruridir. İddiaçının mərhum ərinin sığorta stajının məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mərhum əri 20.05.1974-26.05.1976-cı illərdə keçmiş SSRİ SQ-də müdətli həqiqi hərbi xidmətdə olmuşdur (iş materiallarında olan 610 nömrəli, 01.07.2021-ci il tarixli arayışa əsasən). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə daxil edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mərhum əri S.Hüseynovun 20.05.1974-cü il tarixdən 26.05.1976-cı il tarixədək (2 il 6 gün) keçmiş SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət dövrü onun sığorta stajına daxil edilməlidir. Eləcə də, Azərbaycan Respublikası Dövlət X8 tərəfindən verilmiş arayışlara əsasən müəyyən edilmişdir ki: - S.Hüseynov Yevlax rayon Qoyunbinəsi Aqroservis İdarəsində 1997-ci il üzrə 6 ay, 1998-ci il üzrə 4 ay işləmiş və müvafiq aylar üzrə əmək haqqı almışdır; - Yevlax rayon X14 Kolxozunun 1972-1974-1976-1996-cı illər şəxsi heyətə dair sənəd materiallarına əsasən Kolxozda minimum adam günü norması 240 gün olmuş, S.Hüseynov tərərrüfatda işləyərək aşağıda göstərilən miqdarda adam günü və əmək haqqı qazanmışdır - 1972-ci il üzrə 37 adam günü, 1973-cü il üzrə 155 adam günü, 1974cü il üzrə 79 adam günü, 1976-cı il üzrə 75 adam günü, 1977-ci il üzrə 215 adam günü, 1978-ci il üzrə 150 adam gün, 1979-cu il üzrə 191 adam günü, 1980-ci il üzrə 203 adam günü, 1981-ci il üzrə 164 adam günü, 1982-ci il üzrə 232 adam günü, 1983-cü il üzrə 272 adam günü, 1984-cü il üzrə 365 adam günü, 1985-ci il üzrə 200 adam günü, 1986-cı il üzrə 342 adam günü, 1987-ci il üzrə 162 adam günü, 1988-ci il üzrə 156 adam günü, 1989-cu il üzrə 63 adam günü, 1990-cı il üzrə 103 adam günü, 1991-ci il üzrə 206 adam günü, 1992-ci il üzrə 231 adam günü, 1993-cü il üzrə 137 adam günü, 1994-cü il üzrə 184 adam günü, 1995-ci il üzrə 107 adam günü, 1996-cı il üzrə 115 adam günü. Cavabdeh tərəfindən iddiaçının mərhum ərinin Yevlax rayon Qoyunbinəsi Aqroservis İdarəsi və Yevlax rayon X14 Kolxozundə işlədiyi illər iddiaçının iş stajını təsdiq edən sənədin əmək kitabçası olması əsası ilə nəzərə alınmamışdır. Halbuki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxoz da iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Beləliklə, iddiaçının mərhum ərinin kolxozda və Aqroservis İdarəsində işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçının mərhum ərinin həmin dövrlərdə kolxozda və Aqroservis İdarəsində işlədiyi Azərbaycan Respublikası X9 rayon Filialı tərəfindən verilmiş arxiv arayışları ilə təsdiqləndiyindən sözügedən dövrlər iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışlarında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da, müəyyən edilməmişdir Bununla bağlı cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının işlədiyini bildirdiyi illər əmək kitabçası ilə təsdiq olunmadığından sosial sığorta stajına daxil edilə bilməz. Cavabdeh bu zaman “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2-ci bəndinə əsaslanmaqla göstərmişdir ki, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Məhkəmə aşağıda göstərilənlərə əsasən sözügedən dəlilləri əsassız hesab edir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının mərhum ərinin Yevlax rayon X14 Kolxozunda və Yevlax rayon Qoyunbinəsi Aqroservis İdarəsində işlədiyi illərdə qüvvədə olan qanunvericilik normaları arxiv arayışları əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu. Ona görə də, həmin dövrə aid iş stajı Azərbaycan Respublikası X9 rayon Filialı tərəfindən verilmiş arxiv arayışları ilə təsdiqləndiyindən və müvafiq olaraq sözügedən dövrlər iddiaçının mərhum ərinə əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Beləliklə, qeyd edilən müddəaları hazırkı işin hallarına tətbiq etdikdə müəyyən olunur ki, iddiaçının mərhum ərinin əmək kitabçası olmasa da, onun 1972 – 1996-cı illərdə və 1997-1998-ci illərdə Yevlax rayon X14 adına Kolxozda və Yevlax rayon Qoyunbinəsi Aqroservis İdarəsində işlədiyini təsdiq edən sənədləri başqa qaydada, yəni arxivdə saxlanılan sözügedən kolxoza və idarəyə məxsus sənədlərə istinadla arxiv arayışı formasında əldə etmək mümkündür. Bu hal, iş materiallarında olan Azərbaycan Respublikası X9 rayon Filialı tərəfindən verilmiş arxiv arayışları ilə təsdiqlənmişdir. Odur ki, bu halda, fakt təsdiqi qaydasında məhkəməyə müraciət etməli olduğuna dair mövqe də, əsaslı deyildir. Çünki iddiaçının Qaydaların 3.2.2-ci bəndində təsbit edilmiş imkandan istifadə etməklə məhkəmə qaydasında hüquqi əhəmiyyətli fakt kimi iş stajını müəyyən etdirməsi, başqa sözlə, hüquqi faktın təsdiqinə dair ərizənin uğurlu olması mümkün görünmür. Ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada almaq imkanına malik olduğuna görə məhkəmə hüquqi əhəmiyyətli faktı müəyyən etməkdən imtina etməli olacaqdır. Göründüyü kimi, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. Beləliklə, iddiaçının mərhum ərinin 1972 – 1996-cı illərdə və 1997-1998-ci illərdə Yevlax rayon X14 adına Kolxozda və Yevlax rayon Qoyunbinəsi Aqroservis İdarəsində işlədiyi müddət onun sığorta stajına daxil edilərək, müəyyən edilmişdir ki, iddiaçının mərhum ərinin Yevlax rayon X14 adına Kolxozda və Yevlax rayon Qoyunbinəsi Aqroservis İdarəsində işlədiyi müddət ümumilikdə 17 ildən artıqdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçının mərhum ərinin iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 16 il 4 aydan çox iş stajının olması öz təsdiqini tapdığından və iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş qaydada pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X7 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın əticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 68-69, 73, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı mərhum əri 1955-ci il təvəllüdlü Hüseynov Sahib Kərim oğlunun Yevlax rayonu X14 adına Kolxozda işlədiyi 1972-1996-cı illərin, həmçinin 20.05.1974-26.05.1976cı il tarixədək keçmiş SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət keçdiyi illərin sosial sığorta stajına daxil edilməklə İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar