Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3085/2021 27.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinin layihə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və texniki pasportun verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının layihəyə uyğun dövlət qeydiyyatına alınaraq, reyestrdən “Çiçək" Kooperativinin adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası “Çiçək" kooperativinin xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın ümumi sahəsi 148.6 kv.m-dir. Bildirir ki, qeyri-yaşayış sahəsində müəyyən dəyişikliklər edilmişdir. Daşınmaz əmlakın ümumi sahəsi artmışdır. Bununla bağlı eskiz layihə hazırlanmış və təsdiq edilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə göndərilmiş və layihə razılaşdırılmışdır. İddiaçı yeni layihəyə uyğun yeni çıxarışın və texniki pasportun alınması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli imtina məktubu ilə bildirilmişdir ki, qeyri-yaşayış binasına əlavə edilmiş sahələrinin tikintisinə icazə sərəncamı təqdim olunmamış və qəbul komissiyasının aktı nəzərdə tutulan bütün dövlət qurumlarının möhürləri ilə təsdiq edilməmişdir. Halbuki, lazımi bütün sənədləri təqdim edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, bildirirlər ki, iddiaçı "Çiçək” Müstəqil Kooperativinin ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası layihəyə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə həvalə edilməsi barədə iddiası etirazla qarşılanır. Bildirirlər ki, iddiaçı tərəfindən sözügedən məsələ ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə ********** saylı ərizə ilə rəsmi qaydada müraciət edilmişdir. Lakin, qeyri-yaşayış binasına əlavə inşa edilmiş sahələrin tikintisinə icazə sərəncamı təqdim olunmamış və qəbul komissiyasının aktı nəzərdə tutulan bütün dövlət qurumlarının möhürləri ilə təsdiq edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” əsasnamənin 4.11.11.5 və 4.11.12-ci bəndlərinə əsasən yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək vəzifələri göstərilsədə, əsasnamənin 4.18.2-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyəti şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyi qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən 148.6 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 70 nömrəli reyestr kitabının 6642 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə 29 dekabr 2015-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş **********41-06301 reyestr nömrəli Texniki Pasportdan görünür ki, 29 dekabr 2015-ci il tarixli, M/2176 nömrəsi ilə qeyd edilən qeyri-yaşayış sahəsinin texniki pasportu tərtib edilərək təsdiq edilmişdir. -Tikinti-Quraşdırma İşləri Başa çatmış obyektin istismara qəbul edilməsi haqqında Qəbul Komissiyasının 30 mart 2006-cı il tarixli Aktından görünür ki, ünvan 3 ünvanda tikilmiş İddiaçınə məxsus ictimai iaşə obyektində tikinti quraşdırma işləri tamamlanmış və obyekt mövcud vəziyyətdə istifadəyə yararlı olması Azərbaycan Respublikası DİN-nin Baş X1 İdarəsi Nəsimi rayon X1 Xidməti tərəfindən təsdiq edilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının Müavini tərəfindən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı T.Quliyevə ünvanladığı 21 may 2003-cü il tarixli 7-1953/7 saylı məktubundan görünür ki, Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 0110/140 №-li razılıq məktubunu nəzərə alaraq, İddiaçı tərəfindən həmin kooperativə məxsus 5-ci mikrorayonun ərazisində, 3005-ci məhəllədə yerləşən iaşə obyektinə bitişik boş torpaq sahəsində əlavə tikiləcək qeyri-yaşayış sahəsinin inşasına etiraz etmirlər və bu qeyri - yaşayış sahəsinin memarlıq - planlaşdırma həllinin təqdim edilən eskiz layihəsini razılaşdırır. Nəzərdə tutulan inşaat işləri rayon icra hakimiyyətinin müvafiq sərəncamı əsasında yerinə yetirilməli olduğu, iaşə obyektinin yerləşdiyi sahənin yeraltı mühəndis xətlərindən təmizlənməsi bildirilmişdir. İşdə olan "xxxx" MMM tərəfindən tərtib edilmiş eskiz layihədən görünür ki, ünvan 6 ünvanda yerləşən İddiaçınə məxsus sahədə əhaliyə iaşə xidməti məqsədilə inşa olunacaq qeyri-yaşayış sahəsinin layihəsi tərtib edilərək, Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmışdır. Hazırda iddiaçı razılaşdırılmış layihə əsasında inşa edilmiş və tikintisinə icazə verilmiş qeyri-yaşayış sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının eskiz layihəyə uyğun olaraq İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestirndə qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın texniki pasportun verilməsini istəyir. İş materiallarından görünür ki, iddiaçı bununla bağlı Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. İşdə olan cavabdeh tərəfindən verilmiş xx.xx.2020-cu il tarixli, **********86 saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 20 noyabr 2020-ci il tarixli, **********86 saylı imtina məktubundan görünür ki, qeyri yaşayış binasına əlavə inşa edilmiş sahələrinin tikintisinə icazə sərəncamı təqdim olunmadığı, qəbul komissiyasının aktı nəzərdə tutulan bütün dövlət qurumlarının möhürləri ilə təsdiq edilmədiyi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyriyaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktının təqdim edilməli olduğu əsası ilə imtina edilmişdir. Məhkəmə araşdırması zamanı İddiaçı Müstəqil Kooperativinə torpaq sahəsinin ayrılması barədə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 880 saylı, xx.xx.1998-ci il tarixli sərəncamının, həmin sərəncamın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti və həmin sərəncam əsasında ayrılmış torpaq sahəsinin yerləşmə cizgisini məhkəməyə təqdim edilməsi Azərbaycan Respublikası Milli Arxiv İdarəsindən və Bakı şəhər İcra Hakimiyyətindən sorğu əsasında tələb olunmuşdur. Sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış Azərbaycan Respublikasının Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş Şəhadətnamədən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 3005-ci məhəllədə yerləşən 148,6 kv.metr qeyri-yaşayış sahəsi İddiaçınə satılmış, 5550 (beş min beş yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsinə köçürülmüşdür. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sorğu əsasında məhkəməyə təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının 11 sentyabr 1998-ci il tarixli 880 №li obyektin təhkim edilməsi haqqında olan sərəncamdan görünür ki, Nəsimi rayon İcra Hakimiyyətinin 23 mart 1998-ci il tarixli 0104/77 №li məktubu nəzərə alınaraq, Nəsimi rayonu, 5-ci mikrorayon, 3005-ci məhəllədə ictimai-iaşə obyektinin tutduğu ərazi mövcud istifadə vəziyyətində İddiaçınə təhkim edilmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hesab olunur. Həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». Məhkəmə imtinanın əsasları ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının müraciəti qeyri yaşayış binasına əlavə inşa edilmiş sahələrinin tikintisinə icazə sərəncamı təqdim olunmadığı, qəbul komissiyasının aktı nəzərdə tutulan bütün dövlət qurumlarının möhürləri ilə təsdiq edilmədiyi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyriyaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktının təqdim edilmədiyi əsası ilə təmin edilməməsi qanunauyğun olmamışdır. Belə ki, iddiaçıya məxsus ünvan 3 ünvanda tikilmiş İddiaçınə məxsus ictimai iaşə obyektinin tikinti quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqqında komissiya tərəfindən qəbul edilmiş 30 mart 2006-cı il tarixli Akt həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin 30 dekabr 1999-cu il tarixli, 7 №li Qərarı ilə təsdiq edilmiş 01 yanvar 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Tikinti X3 Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydalarının tələblərinə riayət edilməklə qəbul edilmişdir. Sözügedən Qaydaların 6.4-cü bəndinin ç) yarımbəndinə əsasən Kollektiv və ictimai təşkilatların vəsaiti və şəxsi vəsait hesabına tikilən sosial-məişət və mənzil obyektləri yerli icra hakimiyyətinin, bələdiyyənin təyin etdiyi dövlət qəbul Komissiyası, inzibati və istehsalat təyinatlı obyektləri isə sifarişçinin (investorun) təyin etdiyi qəbul Komissiyası istismara qəbul edirlər. Obyekt dövlət qəbul Komissiyası tərəfindən istismara qəbui edilərkən sifarişçi tərəfindən istismara qəbulun ilkin mərhələsini yerinə yetirmək üçün işçi Komissiyası yaradılır (sifarişçi və podratçı eyni hüququ ve fiziki şəxs olduğu hallar istisna olmaqla). Göründüyü kimi ünvan 3 ünvanda tikilmiş İddiaçınə məxsus ictimai iaşə obyektinin tikinti quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqqında komissiya tərəfindən qəbul edilmiş 30 mart 2006-cı il tarixli Akt sözügedən Qaydaların istinad olunan müddəalarının tələblərinə uyğun olaraq qəbul edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında” Əsasnamənin 32-ci bəndinin 2-ci yarımbəndinə əsasən Mənzil-kommunal təsərrüfatı, ticarətin və əhali üçün digər xidmətlərin təşkil edilməsi sahələrində rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti başçısının müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyət formasından asılı olmayaraq ticarət, ictimai-iaşə, məişət xidməti müəssisələrinin lazımi istismarına və əhaliyə xidmətin təşkil edilməsinə nəzarəti həyata keçirmək hüququnun olduğunu əsas götürərək, cavabdehin imtinada göstərdiyi dəlillərə münasibətdə qeyd edir ki, həmin istismara qəbul aktı qanuni əsaslarla qəbul edildiyindən hazırda qüvvədədir. O cümlədən “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin Fərmanına əsasən “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə Fərmanın 4.9-cu bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 49.2.11-ci maddəsində (birinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini əsasnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirilməsi nəzərdə tutulmuşdur. Məhkəmə eyni zamanda İddiaçı tərəfindən həmin kooperativə məxsus 5-ci mikrorayonun ərazisində, 3005-ci məhəllədə yerləşən iaşə obyektinə bitişik boş torpaq sahəsində əlavə tikiləcək qeyri-yaşayış sahəsinin inşasının Bakı şəhər İcra Hakimiyyəti Başçısının razılıq məktubunu iradə ifadəsi olaraq qiymətləndirir və tikintiyə icazə kimi qəbul edir. Beləliklə məhkəmə işin araşdırılan halları ilə bağlı məcmu halda gəldiyi nəticəyə əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının İddiaçı tərəfindən həmin kooperativə məxsus 5-ci mikrorayonun ərazisində, 3005-ci məhəllədə yerləşən iaşə obyektinə bitişik boş torpaq sahəsində əlavə tikiləcək qeyri-yaşayış sahəsinin inşasının razılaşdırıldığını, eskiz layihəsinin təsdiq edildiyini, binanın istismara qəbul edilməsi və buna dair istismara qəbul aktının verildiyini, müraciətin təmin edilməsindən imtina üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsasların olmadığını nəzərə alaraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə sadalanan xüsusatları, o cümlədən qanunvericiliklə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin imtinası qanunaziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunsuz hesab edilməli, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının layihəyə uyğun dövlət qeydiyyatına alınaraq, reyestrdən “Çiçək" Kooperativinin adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2., 34.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunsuz hesab edilsin, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının layihəyə uyğun dövlət qeydiyyatına alınaraq, reyestrdən “Çiçək" Kooperativinin adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-3085/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3085/2021
27.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver