Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3086/2021 15.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi ilə Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirаkı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğvi və qaçqın statusunun verilməsi” tələbinə dair iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona qaçqın statusu verilməsi ilə bağlı vəsatətin təmin edilməməsi barədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 19 may 2020-ci il, Vİ-15/1 nömrəli qərarının ləğv edilməsi və vəsatətinə yenidən baxılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Pakistan Respublikasının vətəndaşı İddiaçı (Pasport: XG1814081), 1999-cu il yanvar ayının 31-də Pakistan İslam Respublikasının X3 şəhərində anadan olmuş. 5 illik ibtidai təhsili bitirdikdən sonra, Madrasa Fizanul-Kuran adlı dini məktəbə daxil olmuş, iki il burada, bir il isə Jamia-Nizami adlı məktəbdə təhsil almış, lakin maddi imkansızlıq səbəbindən təhsilini yarıda qoyaraq, evdə uşaqlara dini dərslər keçməklə məşğul olmuş. Dini etiqadına görə müsəlmandır (sünni). 2019-cu il sentyabr ayında o, məsciddə olarkən şiələrlə sünnilər arasında toqquşma baş vermiş, bu hadisədən sonra şiə qrupuna mənsub olan şəxslərdən davamlı olaraq təhdidlər almış. Həmin hadisənin video-görüntüləri də vardır. Təhdidlərlə yaşaya bilmədiyindən, 17 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasına gəlmiş və qaçqın statusu alaraq burada məskunlaşmış. Bir müddət burada qaldıqdan sonra daha öncə yaşadığı yerdən fərqli olaraq, Azərbaycan Respublikasının azad, vətəndaşlar üçün əmin- amanlığı, təhlükəsizliyi təmin edən bir ölkə olduğunun şahidi olmuş və 04 may 2020-ci ildə qaçqın statusumun uzadılması məqsədi ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş. Vəsatətə baxıldıqdan sonra Dövlət Miqrasiya Xidməti tərəfindən onun təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Bu qərardan inzibati qaydada şikayət verilməsinə baxmayaraq, qərar olduğu kimi saxlanılmış, vəsatət təmin olunmamışdır. Vəsatətin təmin olunmaması səbəbləri kimi qaçqınlıq statusunu almaq üçün təqdim etdiyi dəlillərin “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən’anlayışın tələbləri ilə əhatə olunmadığı və müsahibədən sonra əldə edilən nəticələrə görə əsaslandırılmış təqib qorxusunun olmaması göstərilmişdir. Qeyd edilən qanunun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndi müəyyən edir ki, qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbam olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Onun daha öncə yaşadığı Lahor şəhərini tərk edərək, Azərbaycan Respublikasına gəlmək və burada yaşamağa davam etmək istəməyinin səbəbi, Şiə dini etiqadına mənsub olduğuna görə davamlı təhdidlərə məruz qalmağı və həyatının təhlükədə olması faktıdır. Bu fakt isə qeyd etdiyi qanuna əsasən, “qaçqın” statusunun verilməsi üçün müəyyən edilən əsasların tərkibində göstərilmişdir. Müsahibə zamanı da dini etiqadıma görə təqib olunmağı və həyatını təhlükə altına alan təhdidlər aldığını, bu səbəblərə görə Pakistana qayıtmaq istəmədiyini vurğulamağına baxmayaraq, vəsatətin təmin edilməməsi ilə bu Qanunda göstərilən “qaçqın” statusunun verilməsi halları gözlənilməmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən “qaçqın” statusu verilməsi ilə bağlı vəsatətinin təmin edilməməsi barədə qərar qanuni cəhətdən əsassızdır və yenidən bu məsələ araşdırılmalıdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli nümayəndəsi iddiaçının ərizəsinə əsasən açılmış inzibati işin araşdırılması nəticəsi iddiaçıya qaçqın statusunun verilməsini qeyri-mümkün etdiyini, cavabdeh orqan tərəfindən qanuni olaraq iddiaçıya imtina cavabı verildiyini, qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Beləliklə, Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin işin hazırlıq icraatı çərçivəsində keçirilmiş məhkəmə iclasında verdiyi izahatlarını, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 19.03.2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnam"nin 8.4-cü bəndinə əsasən, immiqrasıya haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icrasını təmin etmək, miqrasiyanın və daxili miqrasiyanın tənzimlənməsində iştirak etmək cavabdehin fəaliyyət istiqamətlərinə aiddir. İşdən görünür ki, İddiaçı Pakistan Respublikasının vətəndaşıdır, 31.01.1999-cu il təvəllüdlü İddiaçı 04.05.2020-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə cavabdehə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün qeydiyyata alınmış, adına 43-2020 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla müsahibə keçirilmişdir. Qaçqın statusu verilməsi haqqında vəsatətin (ərizə-anketin) qeydiyyatı və müsahibə zamanı Pakistan Respublikasının Pəncab vilayəti, Lahor şəhərində anadan olduğunu, milliyyətcə pəncabi, dini etiqadına görə müsəlman (sünni) olduğunu, 5 illik ibtidai təhsilini başa vurduqdan sonra Madrasa Fizanul-Kuran adlı dini məktəbə daxil olduğunu, iki il burada, bir il isə Jamia-Nizami adlı məktəbdə təhsil aldığını, maddi imkansızlıq səbəbindən təhsilini davam etdirə bilmədiyini, evdə uşaqlara dini dərslər keçməklə məşğul olduğunu, subay olduğunu, valideynlərinin və dörd qardaşının hazırda Pakistanın Lahor şəhərində yaşadıqlarını söyləmişdir. Ərizəçi ötən ilin məhərrəm ayının 8-də (2019-cu ilin sentyabr ayında) məsciddə olarkən şiələrlə sünnilər arasında toqquşma baş verdiyini, bundan sonra şiələr tərəfindən bir neçə dəfə təhdid edildiyini, bu səbəbdən Pakistanda yaşamaq istəmədiyini və ölkəsini tərk edərək 17 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasına gəldiyini bildirmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi etibarlı pasportunu təqdim edərək yaşını, vətəndaşlığını, doğulduğu sübut etmiş və bunlar doğru olara qəbul edilmişdir. Ərizəçi şiələr tərəfindən təhdid edildiyi üçün ölkəsini tərk etdiyini bildirsə də, söylədiklərindən onun ötən hadisədən təxminən 4 ay ölkəsində yaşadığı və həmin müddətdə heç bir ciddi təqibə məruz qalmadığı məlum olmuşdur. Bundan başqa, ərizəçi Safia Younas adlı xalasının uzun illərdir Azərbaycan Respublikasında Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının himayəsi əsasında yaşadığını bildirərək Azərbaycana gəlməkdə digər məqsədinin xalası qızı ilə gələcəkdə evlənməkdən ibarət olduğunu bildirmişdir. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, onun qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, cavabdehin 19.05.2020-ci il tarixli, Vİ-15/1 saylı qərarı ilə “Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarı”na əsasən iddiaçıya qaçqın statusunun verilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya qaçqın statusunun verilməsi ilə bağlı mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdaki qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır. «Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən «Qaçqın» - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həminölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 10-cu maddəsinin 2-ci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsində isə təsbit edilmişdir ki, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi? Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının preambulasına əsasən bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında «Qaçqın» statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Həmin «Qayda»nın 1-ci bəndinin 3-cü abzasına əsasən «Qaçqın» statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində «Qaçqın» statusu verilmə xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin «Qayda»nın 7-9-cu bəndlrinə əsasən: «Qaçqın» statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs «Qaçqın» statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona «Qaçqın» statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. «Qaçqın» statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya «Qaçqın» statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq «Qaçqın» statusu verməkdən imtina edilir. Göründüyü kimi, Azərbaycan Respublikasında qаçqın stаtusu irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib olunan, öz ölkəsinin himayəsindən istifadə edə bilməyən başqa ölkələrin vətəndaşlarına, yaxud vətəndaşlığı olmayan şəxslərə verilir. Halbuki iddiaçı tərəfindən verilmiş müsahibə və digər sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının təhdid və təqibə məruz qaldığı aşkar olunmamışdır. İddiaçı vətandaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olub-olmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Beləliklə, Məhkəmə belə nəticəyə gəlir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığından qaçqın statusu verilməkdən imtina edilərkən cavabdeh özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, iddiaçının cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vİ-15/1 nömrəli 19 may 2020-ci il tarixli qərarın ləğv edilməsi, İddiaçı “qaçqın” statusu verilməsi haqqında vəsatətə yenidən baxılması vəzifəsinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə iddiа tələbi əsаssız оlduğundаn rədd еdilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-in 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğvi və qaçqın statusunun verilməsi" tələbinə barədə iddiа tələbi rədd еdilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-3086/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3086/2021
15.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver