Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3089/2021 14.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, cavabdehin nümayəndəsi X11 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək atası X6 və anası X1 miras qalmış və miras kütləsinə daxil olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi bağ sahələri 689-689A-691 saylı bağlar üzərində mövcud vəziyyətdə mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən onun icarəsində olan 689 A saylı bağ sahəsinə mülkiyyət hüqularının qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1956-cı il tarixində, Bakı şəhərində anadan olmuşdur. X18 Əİi Ağa oğlu ilə anası X4 13 fevral 1947-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Uzun illər öncə atasına və anasına Xəzər rayonu, Şüvəlan qəsəbəsində bağ sahəsi ayrılmışdır. Bağ sahəsinin bir hissəsi anasından 689 saylı, digər hissəsi ilə atasından 689 A saylı bağ sahəsi ona qalmışdır. 689 saylı bağ sahəsindəki yaşayış evi ilə birlikdə dövlət qeydiyyatında olduğu halda 689 A bağ sahəsi ilsə 19945 №-li icarə müqaviləsindədir. Hər iki bağ sahələri hal-hazırda bir hasar daxilində yerləşir. 689A bağ sahəsinin onun adına mülkiyyət kimi qeydə alınmasına dair dəfələrlə müraciətinə baxmayaraq cavabdeh ona yüksək gətginlikli elektrik xəttinin onun 689 A sahəsindən keçdiyinə görə imtina etmişdir. "xxxx" ASC-dən verilmiş məktuba əsasən yüksək gərginlik hava xətlərinin mühafizə zonasına 689A bağ sahəsinin qətiyyən aidiyyəti yoxdur. "xxxx" ASC-nin məktubu ilə sənədləri təkrarən təqdim etməyinə baxmayaraq yenə imtina cavabı almışdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, İddiaçı müvafiq torpaq sahələrinə dair çıxarışın və bölgü sxeminin verilməsi ilə bağlı İdarəyə müxtəiif vaxtlarda müraciəti daxil olmuşdur. Belə ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 689 saylı torpaq sahəsinə dair çıxarışın verilməsi ilə bağlı müraciəti üzrə aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, sənəd üzrə 689 saylı torpaq sahəsi 1200.0 kv.m, faktiki 2300.0 kv.m olduğundan notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim edilməmişdir. Həmçinin bildirilmişdir ki, 689 saylı bağ evi və yerləşdiyi torpaq sahəsinin bir hissəsi yaxınlıqdan keçən elektrik xəttinin mühafizə zolağına aiddir. İddiaçı 689 və 689a saylı torpaq sahələrinin bölgü sxeminin tərtib edilməsi ilə əlaqədar müraciətinə cavab olaraq bildirilmişdir ki, istifadəsində olan ümumi ərazi daxilində 691 saylı bağ sahəsi də mövcuddur, lakin həmin bağ sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. İddiaçı İdarəyə müvafiq torpaq sahələrinə dair məlumatınvə sənəd surətlərinin verilməsi ilə bağlı müraciəti də olmuşdur. Bununla bağlı İdarə tərəfindən iddiaçıya ünvanlanan **********81 qeydiyyat nömrəli 27.09.2019-cu il tarixli məktubda aşağıdakı məlumatlar qeyd olunmuşdur: Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 0.05 hektar torpaq sahəsi olan 689a nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X10 və İstismarı Birliyi ilə X16 arasında bağlanılmış 05.04.2002-ci il tarixli, 19945 nömrəli müqavilə İdarənin arxivində mövcuddur. Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 689 nömrəli bağ evi 5 may 2011-ci il tarixli, 4Ə-02-314 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən 18.06.2011-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 691 nömrəli bağ sahəsinin X13 və X2 adına ayrılmasına dair məlumat aşkar olunmamışdır. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimiənir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 62ci maddəsinə əsasən elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçiliqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X14 iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı lazımi qaydada xəbərdarlıq edilmiş, iddiaçı məhkəməyə ərizə ünvanlayaraq iş üzrə məhkəmə iclasının onun iştirakı olmadan keçirilib iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı ildə Bakı şəhərində doğulmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən ümumi sahəsi 0.006412 ha. olan 689 №-li bağ evi xüsusi mülkiyyət hüququ üzrə 18.06.2011-ci il tarixdən İddiaçı məxsusdur. - İdarə tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 689 №-li bağ evinə dair tərtib edilmiş 17.06.2011-ci il tarixli reyestr nömrəsi **********54- 11301 olan texniki pasportun surətindən görünür ki, torpaq sahəsinin faktiki ölçüsü 0,12 ha.-dır. Yaşayış evinin ümumi sahəsi 28,40 kvm-dir. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış 03.03.2021-ci il tarixli, **********94 №-li və 26.07.2021-ci il tarixli, **********01 №-li məktublarına əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhər İcra Hakimiyyətin nizamnaməsi əsasında fəaliyyət göstərən X10 və istismarı birliyi ilə X9 arasında bağlanmış 23 iyun 1994-cü il tarixli, 833 №-li bağın icarəyə verilməsi haqqında müqaviləyə əsasən Şüvəlan qəsəbəsində, sahəsi 0,12 ha olan 689 №-li bağ sahəsi X5 icarəsinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyətin nizamnaməsi əsasında fəaliyyət göstərən X10 və istismarı birliyi ilə X16 arasında bağlanmış 05 aprel 2002-ci il tarixli, 19945 №-li bağın icarəyə verilməsi haqqında müqaviləyə əsasən Şüvəlan qəsəbəsində, sahəsi 0,5 ha. olan 689 A №-li bağ sahəsi X13 icarəsinə verilmişdir. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış **********3 №-li, 23.01.2014-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 689 A saylı bağın torpaq sahəsinin sxematik bölgüsünün aparılması üçün bölgü sxeminin verilməsinə dair ərizəsinə və əlavə edilmiş sənədlərə baxılmışdır. Bakı şəhər Ərazi İdarəsinin arxiv sənədlərinə əsasən hüquqmüəyyənedici sənəd üzrə bağ torpağının ümumi sahəsi 500.0 kvm. təşkil edir. Yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mıitəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, iki bağ bir hasar daxilindədir, ara sərhədləri mövcud deyil. Əlavə 580.0 kvm. torpaq sahəsi istifadə edilməkdədir. Əlavə torpaq sahəsi ilə bağlı heç bir hüquqmüəyyənedici sənəd, torpaq sahəsinin ayrılmasına dair şəhər (rayon) icra hakimiyyətinin sərəncamının və ya XDS-in (ZDS- in) qərarının təsdiq edilmiş surəti, və ya bələdiyyənin qərarı, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsinin ayrıc aktı (planı) və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və bələdiyyə tərəfındən təsdiq edilmiş alqı-satqı aktı (01.12.2007-ci il tarixdən sonra isə hərrac protokolu və ya hərracın nəticələrinə uyğun olaraq bağlanmış alqı-satqı müqaviləsi) təqdim edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən torpaqların özbaşma tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Bağ sahəsinin sərhədlə hüdudlanması və yaxud qonşu bağın sahibi ilə birlikdə notarial qaydada təsdiq edilmiş bölgü sxeminin Bakı şəhər Ərazi İdarəsinə təqdim edilməsi zəruridir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasımn Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176-cı maddəsinə əsasən bağ sahəsində hasarlanma və mərzçəkmə işləri aparılması zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış **********968 №-li, 05.07.2019-cu il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 689 ünvanda yerləşən bağ evinə aid texniki pasportun tərtib edilməsi, dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka ünvan verilməsi ilə bağlı ərizəsinə baxılmışdır. Bununla əlaqədar olaraq bildirirlər ki, sənəd üzrə torpaq sahəsi 1200.0 kvm, faktiki 2300 kvm. olduğundan notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim edilməmişdir. Həmçinin bildirilir ki, sözügedən bağ evi və yerləşdiyi torpaq sahəsini bir hissəsi yaxınlıqdan keçən elektrik xəttinin mühafizə zolağına aid olduğundan müraciətinin təmin edilməsi tərəflərindən mümkün olmamışdır. Elektrik şəbəkələrinin mühafizə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir, torpaq sahəsi elektrik şəbəkəsinin mühafizə zonasına düşür. Azərbaycan Respublikasının Mülki Məcəlləsini 176-cı maddəsinə əsasən tərəfindən torpaq sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılması zəruridir. - "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanmış 02.08.2019-cu il tarixli, 6-01/06/J- 144/1940 №-li məktubun surətindən görünür ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən X12 adına seriya MA № ******* saylı çıxarışı olan yaşayış evinin yerləşdiyi 689 saylı orpaq sahəsinin və ona bitişik Bakı şəhər İcra Hakimiyyətinin nəzdində X10 və İstismar Birliyinin 19946 saylı, 05 aprel 2002-ci il tarixli müqaviləsi ilə İddiaçı ayrılmış 689 a saylı, 0,08 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün elektrik xətlərin mühafizə zonaları ilə bağlı arayış verilməsinə dair ərizəyə (İ-144) "xxxx" ASC-də baxılmışdır. 689 saylı torpaq sahəsinin kənarından, təhlükəsiz məsafədən yolun digər tərəfindən keçən 6 kV-luq PQ 396 - KTM 176 elektrik hava xəttinin istismarında çətinlik yaranmadığını və 689 a saylı torpaq sahəsi elektrik xətlərinin mühafizə zonasında yerləşmədiyini nəzərə alıb, 689 və 689 a torpaq sahələrinin və yaşayış evinin üzərində mülkiyyət hüququnun daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasına etiraz etmirlər. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış **********8 №-li, 27.09.2019-cu il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 0.05 hektar torpaq sahəsı olan 689a nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X10 və İstismarı Birliyi ilə X16 arasında bağlanılmış 05.04.2002-ci il tarixli, 19945 nömrəli müqavilə İdarənin arxıvındə mövcuddur. Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 689 nömrəli bağ evi 5 may 2011-ci il tarixli, 4Ə-02-314 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən 18.06.2011-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 691 nömrəli bağ sahəsinin X13 və X2 adına ayrılmasına dair məlumat aşkar olunmamışdır. Əlavə olaraq bildirilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmış əmlaka dair sənəd surətləri müvafiq məhkəmə qərarına əsasən verilə bilər. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış **********99 №-li, 14.01.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ünvanında yerləşən 689; 689a; 691 saylı bağ sahələri üzərində vahid əmlak kimi hüquqların daşınmaz əmlakın dövlət reyestində qeydiyyata alınması ilə bağlı ərizəsinə baxılmışdır. Ərizəyə əlavə olunmuş sənədlər sürətdir. Müraciəti əlaqədar olaraq bildirilmişdir ki, Xəzər rayonu, Şüvəlan bağ massivi ünvanında yerləşən 689; 689a; 691 saylı bağ sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı **********68 nömrəli, 05.07.2019-cu il tarixli və **********81 nömrəsil, 27.09.2019-cu il tarixli məktublarla cavab verilmiş və həmin cavab məktubunda qeyd olunan iradlar tam aradan qaldırılmamışdır. Bu səbəbdən ərizəsinin icrası mümkün olmamışdır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 689A №-li bağ sahəsi X10 və istismarı Birliyi ilə bağlanmış 05 aprel 2002-ci il tarixli, 19945 saylı bağın icarəyə verilməsi haqqında müqaviləyə əsasən iddiaçının istifadəsinə verilmiş və həmin bağ sahəsi həmin tarixdən onun qanuni istifadəsində olmuşdur. Bundan əvvəl isə 689 №-li bağ sahəsi X10 və istismarı Birliyi ilə bağlanmış 23 iyun 1994-cü il tarixli, 833 №-li müqaviləyə əsasən iddiaçının anası X3 icarəyə verilmişdir. Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 689 nömrəli bağ evi 5 may 2011-ci il tarixli, 4Ə-02-314 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən 18.06.2011-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 689A №-li bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciəti cavabdeh inzibati orqan tərəfindən iki bağın bir hasar daxilində olması, ara sərhədlərinin mövcud olmaması, əlavə 580 kvm. torpaq sahəsindən istifadə edilməsi, torpaq sahəsinin bir hissəsinin yaxınlıqdan keçən elektrik xəttinin mühafizə zolağına aid olması əsas gətirilərək imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin 2-ci hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin 2-ci hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. - 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. - Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə qeyd edir ki, iddiaçı İddiaçı 05 aprel 2002-ci il tarixli, 19945 №-li bağın icarəyə verilməsi haqqında müqaviləyə əsasən mübahisəli Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 689A saylı bağ sahəsindən istifadə etməsi işin mübahisəsiz haldır və həmin müqavilə ləğv edilmədiyindən, etibarsız sayılmadığından, eləcə də mübahisələndirilmədiyindən mötəbər sübut kimi qiymətləndirilməlidir. Mübahisəli bağ sahəsinin elektrik xətlərinin mühafizə zonasında yerləşməməsi barədə "xxxx" ASC-nin 02.08.2019-cu il tarixli, 6-01/06/J-144/1940 №-li məktubu mövcuddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2010-cu il tarixli, 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin: - 2.1-ci bəndinə görə mərzçəkmə işləri kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişahlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. - 2.2-ci bəndinə görə mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrinə verilir. - 7.2-ci bəndinə görə mövcud torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq struktur bölməsinin mütəxəssisinin, həmin Komitənin rayon (şəhər) şöbəsinin nümayəndəsinin, bələdiyyənin və sərhədləri müəyyən olunacaq torpaq sahəsinin mülkiyyətçisinin (istifadəçisinin) və ya onların müvafiq qaydada verilmiş etibarnaməsi əsasında vəkil etdikləri nümayəndələrin iştirakı ilə aparılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nətcəyə gəlir ki, cavabdeh inzibati orqanın gətirdiyi dəlillər iddiaçının qanuni daimi istifadəsinə verilmiş 689A saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina üçün əsas ola bilməz. Cavabdeh inzibati orqan öz imtinasını formal mülahizələrlə əsaslandırmış və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş qeydiyyatdan imtina üçün hallarla bağlı heç bir tutarlı dəlil təqdim etməmişdir. Odur ki, cavabdeh inzibati orqanın imtinası qanuna zidd sayılmalı və İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 05.04.2002-ci il tarixli, 19945 nömrəli icarə müqaviləsinə əsasən İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 689A saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq İddiaçı adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. 05.04.2002-ci il tarixli, 19945 nömrəli icarə müqaviləsinə əsasən İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 689A saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq İddiaçı adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-3089/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3089/2021
14.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver