Məhkəmə qərarları › İş №2-1(112)-3090/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3090/2021

26.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3090/2021 26.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Ramazanova Nigar Cavanşir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında təkrar şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona aid doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, xx xxx 1975-ci il tarixdə anadan olmuşdur. Bu barədə o, qanunvericiliyin tələblərinə uyğun olaraq Masallı rayon qeydiyyat şöbəsi tərəfindən qeydiyyata alınmaqla doğum haqqında şəhadətnamə almışdır. Lakin doğum haqqında şəhadətnaməni itirmiş və hal-hazıra kimi tapa bilməmişdir. O, 2008-ci il tarixdə X6 ilə ailə həyatı qurmuşdur. Birgə nikahdan 04.08.2009-cu il tarixdə X16 adlı övladları doğulmuş və birgə ailə olaraq yaşayırlar. Hazırda o, doğum şəhadətnaməsinin yenidən dublikatını çıxarmaq üçün Binəqədi rayon qeydiyyat şöbəsinə müraciət etsə də, ona şəhadətnamənin verilməsindən imtina edilmiş, əsas kimi onun 16 yaşına çatması və mövcud vəziyyətdə şəxsiyyət vəsiqəsinin olmadığı bildirilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində bildirdi ki, məhkəmə iclasında olan iddiaçı qismində iştirak edən şəxsin İddiaçı olduğunu təsdiq edir. Valeh onun doğma qardaşıdır. Qardaşı Valehin doğum haqqında şəhadətnaməsi olmuşdur, lakin itirmişdir. Valeh məktəbə getməmiş, onun təhsili olmamışdır. Valeh doğum haqqında şəhadətnaməsini itirmişdir, bu günə qədər tapa bilməmişdir, təkrar şəhadətnamə almaq üçün müraciət etsə də, şəxsiyyət vəsiqəsi olmadığı üçün şəhadətnaməni verməmişlər. Valeh doğum haqqında şəhadətnaməsini itirdiyi üçün şəxsiyyət vəsiqəsini ala bilməmişdir, o, təkrar şəhadətnamə almaq istəsə də, şəxsiyyət vəsiqəsi olmadığı üçün təkrar şəhadətnamənin verilməsində imtina edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirdi ki, məhkəmə iclasında olan iddiaçı qismində iştirak edən şəxsin İddiaçı olduğunu təsdiq edir. Valeh ailəsi ilə birlikdə Binəqədi rayonu, Göradil bağ massivində yerləşən ona məxsus bağda qalır. O, artıq 12-13 ildir ki, Valehi tanıyır. Valeh doğum haqqında şəhadətnaməsini itirmişdir, bu günə qədər tapa bilməmişdir, təkrar şəhadətnamə almaq üçün müraciət etsə də, şəxsiyyət vəsiqəsi olmadığı üçün şəhadətnaməni verməmişlər. Şəhadətnaməni almaq üçün o da Valehə kömək edir. Lakin bu günə qədər şəhadətnaməni ala bilmirlər. Məhkəmə iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 10.11.2020-ci il tarixli məktubda qeyd olunur: Sizin Binəqədi rayon qeydiyyat şöbəsində qeydə alınmış doğum haqqında təkrar şəhadətnamənin verilməsi barədə müraciətinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 9.7-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və faəliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələri valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Yetkinlik yaşına çatdığınız səbəbindən və şəxsiyyətinizi təsdiq edən sənəd olmadığından ərizənizi təmin edə bilmirik. İş materiallarında olan AZE seriyalı 09795177 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 21.10.1977-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan AZ-İİ seriyalı 326953 nömrəli 03.09.2009-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 04.08.2009-cu il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydlərin kitabında 03.09.2009-cu il tarixdə 40 nömrə ilə qeyd edilmişdir, atası X10, anası isə X4r. İş materiallarında olan AZ-İİ seriyalı 432808 nömrəli 29.03.2010-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 16.02.1984-cü il tarixdə Sumqayıt şəhərində doğulmuşdur, bu barədə doğum haqqında akt qeydlərin kitabında 29.02.1984cü il tarixdə 908 nömrə ilə qeyd edilmişdir, atası X12, milliyyətli azərbaycanlı, anası isə X8, milliyyətli azərbaycanlı qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 25 noyabr 2020-ci il tarixli arayışından görünür ki, İddiaçı X1 məxsus Binəqədi rayonu, Göradil bağ massivi, 649 saylı bağ evində müvəqqəti qeydiyyatsız olaraq yaşayır. İş materiallarında olan Masallı rayon qeydiyyat şöbəsinin 13.06.2015-ci il tarixli 12/1201 saylı arayışından görünür ki, İddiaçı xx xxx 1975-ci ildə Masallı rayonu, Ərkivan kəndində anadan olmuşdur, bu barədə 24.06.1075-ci ildə 141 nömrə ilə qeydiyyat aparılmışdır, atası X12, anası isə X5r, valideynlərinin milliyyəti azərbaycanlı qeyd edilmişdir (şəhadətnamə İİİ-JQ, 427840) İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 27.01.2021-ci, 11.03.2021-ci, 25.06.2021-ci və 27.07.2021-ci il tarixli məktublarından görünür ki, cavabdeh iddiaçının iddiasına etiraz etmir və mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxmışdır. İş materiallarında olan Masallı rayon qeydiyyat şöbəsi tərəfindən 04.03.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş İddiaçı məxsus 24.06.1975-ci il tarixli 141 saylı doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci ildə Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur, atası X13, milliyyəti azərbaycanlı, anası isə X9, milliyyəti azərbaycanlı qeyd edilmişdir. Şəhadətnamə verilmişdir – seriya İİİ-JQ, №427840). İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəməyə ünvanlanmış 28.05.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon Şöbəsi tərəfindən 29.07.2021-ci il tarixli 935 saylı məktubla məhkəməyə təqdim edilmiş İddiaçı şəxsi işində olan Çağırışçının uçot kartasının təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı hərbi qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 12.07.2021-ci il tarixli 05/3826 saylı məktubda qeyd olunur: Sizin 16 06.2021-ci il tarixli, 2-1(112)-3090/2021 nömrəli məktubunuza Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, xx.xx.1975-ci ildə Azərbaycan Respublikasının Masallı rayonunda anadan olmuş İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti araşdırılmış və onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.03.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Bu barədə şəxsə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 28.09.2018-ci il tarixli ******* nömrəli qərarı təqdim edilmişdir. Şəxsin digər dövlətin vətəndaşlığını əldə etməsinə dair Dövlət Miqrasiya Xidmətinə məlumat daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Cəlilabad Hərbi Məhkəməsi tərəfindən 13.07.2021-ci il tarixli 57 saylı məktubla məhkəməyə təqdim edilmiş İddiaçı barəsində Lənkəran Qarnizonu Hərbi Məhkəməsinin 27.11.1998-ci il tarixli 659/1998 nömrəli hökmünün təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 243-cü maddəsilə təqsirli bilinib 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və barəsində Azərbaycan Respublikası Milli Məclisinin «Hərbi cinayətlər törətmiş şəxslər barəsində X22 münasibəti ilə amnistiya haqqında» qərarının 1-ci bölməsinin 3-cü maddəsi tətbiq edilmiş, o, ona təyin edilmiş cəzadan azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 01.07.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Tələbnamədən görünür ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı oglu Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 27.11.1998-ci il tarixli hökmü ilə CMnin 243-cü maddəsinə əsasən 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 17.10.1997-ci il 17.10.1997-ci il tarixli amnistiya qərarının 3-cü maddəsinə əsasən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 21.05.2021-ci il tarixli məktubdan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı oglunun barəsində idarədə məlumat yoxdur, İddiaçı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 01.02.2021-ci il tarixli məktubundan görünür ki, atası 02.06.1941-ci il təvəllüdlü X14, anası 12.04.1947-ci il təvəllüdlü X9 olan xx.xx.1975-ci il təvəllüdlü İddiaçı doğumu Masallı rayon Ərkivan kənd icra nümayəndəliyində dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda qeyd edilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 28.01.2021-ci ilədək daxil edilmiş məlumatlar öyrənilərkən İddiaçı ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəlləsinin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın: 1.7-ci bəndinə əsasən qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlər barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur; 1.12-ci bəndinə əsasən qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir; 1.14-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər; 2.24-cü bəndinə əsasən doğum haqqında akt qeydləri əsasında doğum haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi doğum haqqında akt qeydində göstərilir; 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir; 9.2-ci bəndinə əsasən təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər; 9.7-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, sosial xidmət müəssisələrinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinə verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər; 9.8-ci bəndinə əsasən qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir; 9.9-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamələr vətəndaşlıq vəziyyəti akt qeydlərinə və ya kağızı kitablarına uyğun yazılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı doğum haqqında şəhadətnaməsini itirmişdir. O, təkrar şəhadətnamə almaq üçün cavabdehə müraciət etsə də, şəxsiyyət vəsiqəsinin olmaması səbəbindən doğum haqqında təkrar şəhadətnamənin verilməsindən imtina edilmişdir. Lakin inzibati orqanın istinad etdiyi əsasla təkrar şəhadətnamənin verilməsindən imtina edilməsi halı qanunvericilikdə nəzərdə tutulmamışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. İş materiallarında olan İddiaçı məxsus 24.06.1975-ci il tarixli 141 saylı doğum haqqında akt qeydinə əsasən İddiaçı xx.xx.1975-ci ildə Masallı rayonu, Ərkivan kəndində anadan olmuşdur, atası X12, anası isə X9 qeyd edilmişdir. “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən İddiaçı ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Eyni zamanda məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər məhkəmə iclasında olan iddiaçı qismində iştirak edən şəxsin İddiaçı olduğunu, onun doğum haqqında şəhadətnaməsi olmadığı üçün şəxsiyyət vəsiqəsi ala bilmədiyini və şəxsiyyət vəsiqəsi olmadığı üçün təkrar doğum haqqında şəhadətnamə ala bilmədiyini təsdiq etmişlər. Məhkəmə qeyd edir ki, iddiaçının doğum haqqında akt qeydi mövcuddur, o, doğum haqqında təkrar şəhadətnamə almaq hüququna malikdir. Onun şəxsiyyət vəsiqəsinin olmaması onu doğum haqqında təkrar şəhadətnamə almaq hüququndan məhrum edə bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar