Məhkəmə qərarları › İş №2-1(112)-3092/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3092/2024

05.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3092/2024 05.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X5 adına verilmiş ünvan 1 ünvanında yerləşən mənzilə dair mülkiyyət hüququ haqqında xx.xx.2021-ci il tarixli çıxarışın və onun əsası olmuş qeydlərin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Babayeva (Vahabova) İradə Sabirbəy qızı xx.xx.1957-ci ildə Bakı şəhərində doğulmuşdur. 1958-ci ildə iddiaçının atası X11 ünvan 2 ünvanında torpaq sahəsi almış, 28 nömrəli evin tikilişinə başlamış və 1960-ci ildə iddiaçının atası X11, anası Asiya Sabirbəy qızı, iddiaçının bacısı Yegəna Fətulla qızı, iddiaçının qardaşı X10 və iddiaçı həmin evə köçərək yaşamışdırlar. Ev iddiaçının atasına məxsus olmuşdur. 1982-ci ilin yayında iddiaçının qardaşı X17 ilə onun arvadı Marina Vahabova tələbə tətilləri vaxtı ünvan 3 ünvanında yerləşən evə gəlmişdirlər. Marina və X16 şəhərində institutda əyani oxuduğu üçün qızları Elnarəni iddiaçının anam Asya Sabirbəy qızının yanında saxladımışlar. Asya xanım Elnarəyə 1986-ci ilədək baxmışdır. 1982-ci ildən başlayaraq, Marinanın valideynlərin pulları ilə və layihələri ilə iki il ərzində ünvan 4 küçəsi, 28-ci ev ünvanında yerləşən köhnə tikiliyə bitişik yeni ev tikilmişdir. Həmin ev tikilənədək Marina və Sabir Bakıya gələndə (yaylarda) həyətin küncündə yerləşən balaca otaqda yaşamışdırlar. 1986-ci ildə Marina və X12 institutu bitirəndən sonra Bakıya daimi yaşamağa qayıtmış və inşa etdikləri yeni tikilidə yaşamışdırlar. 1992-ci ildə Marina atasından qalmış Rusiya Federasiyasının Orel şəhərində olan 3 otaqlı mənzili Bakı şəhəri, İ.Qutqaşenlı küçəsi, ev 1 "B", mənzil 44, iki otaqlı mənzilə mübadilə etmişdir. 2003-cü ildə həmin mənzili satmış və başqa mənzilə köçmüşdür. 2011-ci ildə formal olaraq Sabir Marina ilə nikahı pozmuş, lakin ailə münasibətlərini saxlamışdır. xx.xx.2023-cü il tarixdə Vahabov Sabir vəfat etmişdir. Hazırda iddiaçıya məlum olmuşdur ki, Sabir iddiaçının razılığı olmadan 2021-ci il sentyabr ayında evin və həyatyanı ərazinin bölgüsünü aparmış, mülkiyyət haqqında Çıxarış almışdır. 2021-ci ilin noyabr ayında mərhum X19 adlı qadınla nikaha daxil olmuş və Sabirin xx.xx.2023-cü il tarixdə vəfatından sonra həmin qadın iddiaçının atasının evinə daxil olmaq və evə dair qanun üzrə vərəsəlik haqqında Şəhadətnaməni almaq niyətində olduğu üçün Bakı şəhəri "ASAN Xidməti" 4 saylı notariat ofisinə müraciət etmişdir. Belə olan halda, iddiaçının atasından və anasından qalan mülkə dair vərəsəlik hüququ pozulmuşdur. İş üzrə üçüncü şəxslər Sabir Vahabovun qızları, iddiaçının anası və iddiaçının bacısı Çıxarışa və bölgüyə hüququ olan şəxslərdir. İddiaçı hesab edir ki, Arzu Vahabova vərəsə deyildir, həmin evdə heç vaxt yaşamamış və istifadə hüququ yaranmamışdır. İddiaçı mülkiyyət hüququnu müdafiə etmək üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə X5 adına verilmiş sahəsi 15 kv.m olan ünvan 1 və sahəsi 0.03 h olan torpaq sahəsinə mülkiyyət hüququnun çıxarışın və ona əsas olmuş qeydlərin ləğv olunması haqqında ərizə ilə müraciət etmişdir. Lakin bugünədək cavab verilməmişdir. Odur ki, iddiaçı məhkəməyə müraciət etmişdir.

3. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı X5 adına verilmiş ünvan 1 dair mülkiyyət hüququ haqqında xx.xx.2021-ci il tarixli çıxarışı və əsası olmuş qeydlərin ləğv ediməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə xx.xx.2023-cü il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********72 nömrəli xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddia tələbində qeyd olunan daşınmaz əmlak ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli elektron çıxarışa və notarial qaydada təsdiq edilmiş 8İ-18538 nömrəli, xx.xx.2021-ci il tarixli bölgü sxeminə əsasən X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli elektron çıxarış hazırlanmışdır və hal-hazırda X6 mülkiyyətindədir. Göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun qeydiyyat aparılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məlumat üçün bildiririk ki, iddia tələbində qeyd olunan daşınmaz əmlak ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli elektron çıxarışa və notarial qaydada təsdiq edilmiş 8İ-18538 nömrəli, xx.xx.2021-ci il tarixli bölgü sxeminə əsasən X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli elektron çıxarış hazırlanmışdır və hal-hazırda X6 mülkiyyətindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq cavabdeh orqan iddia tələbinin rədd edilməsi xahiş etmişdir.

4. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən **********99-10301 reyestr nömrəsi ilə aparılmış qeydiyyata dair arxiv qovluğunda saxlanılan sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir: - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən sahəsi 55.2 kv.m olan mənzil və 0.05533 kv.m torpaq sahəsi X6 adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən sahəsi 98.6 kv.m olan mənzil və 0.05533 kv.m torpaq sahəsi X6 adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən sahəsi 98.6 kv.m olan mənzil və 0.05533 kv.m torpaq sahəsi X6 (fərdi evdən ü/s - 15,2 kv.m, 24,3 kv.m açıq eyvan və 0.0332 ha torpaq sahəsi; xx.xx.02021-ci il tarixdə) və X3 adına (4 otaq, ü/s-83,4 kv.m və 0.02213 ha torpaq sahəsi) qeydiyyata alınmışdır. - Reyestrdə 4Ə-538 nömrə ilə qeyd olunan xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən X10 ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 98.6 kv/m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.05533 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən fərdi yaşayış evinin 83.4 kv/m hissəsni və torpaq sahəsinin 0.0221 ha hissəsini bacısı X3 mülkiyyətinə vermişdir. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən sahəsi 96.9 kv.m olan mənzil və 0.05533 kv.m torpaq sahəsi X6 (1/2 hissə; xx.xx.2021-ci il tarixdə) və X3 adına (1/2 hissə; xx.xx.2021-ci il tarixdə) qeydiyyata alınmışdır. - xx.xx.2021-ci il tarixli, **********719 nömrəli Ərizəyə əsasən X1 Sabir Fətulla oğlu ilə paylı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin və 0.055330 ha torpaq sahəsinin birgə bərabər payda bölüşdürülməsinə və yenidən sənədləşdirilməsinə, çıxarış verilməsinə etiraz etmir. - xx.xx.2021-ci il tarixli, **********720 nömrəli Ərizəyə əsasən X2 Yeganə Fətulla qızı ilə paylı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin və 0.055330 ha torpaq sahəsinin birgə bərabər payda bölüşdürülməsinə və yenidən sənədləşdirilməsinə, çıxarış verilməsinə etiraz etmir. - X10 tərəfindən ƏMDK yanında DƏDRX-ə ünvanlanan ərizədə qeyd olunmuşdur ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Teymur Mustafayev küçəsi, ev 28 ünvanına dair bölgü sxeminə əsasən yeni çıxarış və texniki pasport verilməsi xahiş edilmişdir. Digər payçı yeni ünvan aldığı üçün onun (X6) ünvanının olduğu kimi qalmasını xahiş etmişdir. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən sahəsi 15.0 kv.m olan mənzil və 0.0336 kv.m torpaq sahəsi X6 adına xx.xx.2021-ci il tarixdə tam qeydiyyata alınmışdır.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

II. İddianın mümkünlüyü

6. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

7. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

9. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli qərarına əsasən: 17.Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.

10. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, reyestrdə 4Ə-538 nömrə ilə qeyd olunan xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən X10 ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 98.6 kv/m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.05533 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən fərdi yaşayış evinin 83.4 kv/m hissəsini və torpaq sahəsinin 0.0221 ha hissəsini bacısı X3 mülkiyyətinə vermişdir. xx.xx.2021-ci il tarixli ərizələrə əsasən X7 və X10 paylı mülkiyyətlərində olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin və 0.055330 ha torpaq sahəsinin birgə bərabər payda bölüşdürülməsinə və yenidən sənədləşdirilməsinə, çıxarış verilməsinə etiraz etmədiklərini bildirmişdirlər. X10 tərəfindən ƏMDK yanında DƏDRX-ə ərizə ilə müraciət olunaraq ünvan 7 ünvanına dair bölgü sxeminə əsasən yeni çıxarış və texniki pasport verilməsi, digər payçı yeni ünvan aldığı üçün onun ünvanının olduğu kimi qalması xahiş edilmişdir. xx.xx.2021-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən sahəsi 15.0 kv.m olan mənzil və 0.0336 kv.m torpaq sahəsi X6 adına tam qeydiyyata alınmışdır.

11. Məhkəmə hesab edir ki, qeydiyyat daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında aparıldığından daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatının ləğvi onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilə bilər və bu iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

12. İstənilən halda iddiaçının hüquqi marağı hüquqların qeydiyyatı üçün əsas olmuş ilkin hüquqmüəyyənedici sənədlərin mübahisələndirilməsidir. Odur ki, həmin əsas(lar) iddiaçı tərəfindən müəyyən edilməklə mübahisələndirilə bilər.

13. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

14. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar