Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3093/2022 03.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinə qarşı “çıxışın açılmasına maneəçilik yaradna hərəkətlərdən çəkinmə” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənzilin texniki pasportunda göstərilən çıxışın yenidən açılması üçün müvafiq qərar qəbul edilməsini tələb etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, 2000-ci ildən Bakı şəhəri, Neftçilər prospekti 83 ünvanında yerləşən yerləşən 41 saylı mənzil üzrə mülkiyyət hüququ ona məxsusdur. Mənzilin Vəli Məmmədov küçəsinə baxan tərəfində qapısı olmuşdur. Bir müddət öncə həmin qapı zəruri səbəblərə görə hörülərək müvəqqəti bağlanmışdır. Qeyd edir ki, qapının hörülməsi üçün hər hansı icazə alınmasını həmin vaxt heç kəs tələb etməmişdir. Hazırda qapını bərpa etmək istəyərkən mənzil "İçərişəhər" Dövlət Tarix- Memarlıq Qoruğunun ərazisinə aid olduğu üçün qadağa qoymuşdur. 24 may 2000-ci ildə Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş Texniki Pasportda həmin yerdə pəncərinin olması göstərilmişdir. Buna görə bir daha "İçərişəhər" DTMQ müraciət edərək sənədə əsasən heç olmasa pəncərənin bərpasına icazə verilməsini xahiş etmişdim. Lakin "İçərişəhər" DTMQ müraciətlərinə hər dəfə "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Qanununun 10-cu maddəsinə istinadən abidələrin bədii-estetik görkəminin dəyişdirilməsinin, uçurulmasının və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılmasını qadağa olunması bildirmişdir. Bununla bağlı qeyd edir ki, söhbət mənzilin zahiri görnüşünün dəyişdirilməsindən yox, memarlıq abidəsini ilkin vəziyyətə qaytarılmasından gedir. Bu nəinki onun istəyidir, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Qanununun 11-cu maddəsinə əsasən hətta vəzifəsidir. Küçəyə çıxış olmadığı üçün otaq qaranlıq və nəmişlik şəraitində qalır, mənzilin havalandırılması çətinləşir və buna görə bu cür çıxışın açılması onun üçün çox vacibdir. Həmçinin hesab edir ki, "İçərişəhər" DTMQ-nin qadağası mənzil üzrə onun konstitusion mülkiyyət hüququnu pozur.
3. İddiaçının müraciətinə cavab olaraq cavabdeh qurum tərəfindən xx.xx.2021-ci il tarixli məktubla bildirilmişdir ki, yaşadığı binanın vaxtılə yan fasad hissəsində olmuş qapının yenidən açılmasına icazə verilməsinə dair müraciətinə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən bildirilmişdir ki, müraciəti ilə bağlı idarənin mütəxəssisləri araşdırmalar aparmışlar. Araşdırmalar nəticəsində sözügedən ünvanda qeyd olunan qapının 2000-cı ildən əvvəl bağlandığı müəyyən edilmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 avqust 2001-cı ıl tarixli 132 nömrəli Qərarına əsasən qeyd olunan bina oikə əhəmiyyətli Tarix və mədəniyyət abidələri siyahısına daxıl edilmişdir (inventar №2436). Azərbaycan Respublikasının Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Qanununun 10-cu maddəsinə əsasən abidələrin bədiiestetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçun təhlükə yarada biləcək təmir inşaat təsərrüfat və digər işlərin aparılması qadağandır.
4. ünvan 2 ünvanının vaxtilə V.Məmmədov küçəsi tərəfə olmuş pəncərəsinin yenidən açılmasına icazə verilməsinə dair müraciətinə cavab olaraq Cavabdeh Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsi tərəfindən bildirilmişdir ki, mənzilin yan fasad hissəsində yeni qapı açılmasına icazə verilməsinə dair müraciətinə idarənin xx.xx.2021-ci il tarixli 05/11/194/Ə-23 nömrəli məktub ilə cavab verilmişdir. Qeyd olunan məktubda yazılanlar hal-hazırda faktiki bağlı olan divarda yeni pəncərə açılmasına da şamil edilir. Belə ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.
5. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 ünvanında yerləşən 41 saylı mənzili iş materiallarında olan texniki pasporta uyğundurmu və mövcud vəziyyətinə uyğun plan-cizgisi tərtib olunsun. 2) Mənzilin texniki pasportunda göstərilən qapı və (və ya) pəncərə yerinin açılması mənzilin yerləşdiyi bina üçün təhlükə yarada bilərmi? Ekspertizanın keçirilməsi zamanı inzibati məhkəmə icraatının iştirakçılarının (iddiaçı və cavabdeh) iştirakı təmin edilməklə ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
6. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Bakı Şəhəri icra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH 167085 nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, Neftçilər prospekti, 83 nömrəli evin, 11 saylı mənzili X2 adına qeydiyyata alınmışdır. Həmin mənzilə dair tərtib olunmuş texniki pasport (xx.xx.2000-ci il) sənədingən görünür ki, mənzil 1898-ci ildə inşa edilmiş 3 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşməklə, iki otaqlı olmaqla ümumi sahəsi 36,11 kv.m (31,5 kv.m yaşayış, 5,06 kv.m köməkçi) olmuşdur. Mənzil 1 saylı və 2 saylı yaşayış otaqlarından və 3 saylı giriş hissəsindən ibarət olmuşdur. Texniki pasportdan görünür ki, 1 saylı yaşayış otağının fasad divarında pəncərə boşluğu mövcud olmuşdur. Baxış zamanı müəyyən olundu ki, faktiki vəziyyətdə mənzil 1-ci mərtəbədə yerləşməklə sanitar qovşağı, dəhliz və bir otaqdan ibarətdir. Faktiki vəziyyətdə mənzilin otağında pəncərə boşluğu mövcud deyildir. Baxış zamanı əldə olunmuş məlumatlar ilə Bakı şəhəri, Neftçilər prospekti, 83 nömrəli evin, 11 saylı mənzilinin texniki pasportunda qeyd olunan məlumatlar müqayisəli şəkildə tədqiq edildikdə məlum olur ki, mənzilin texniki pasportunda qeyd olunan 1 və 2 saylı yaşayış otaqlarının arasında mövcud olmuş şfakəsrnə divarşokülmüş, 1 saylı yaşayış otağındamövcud olmuş pəncərə boşluğu mişar daşı ilə hörülərək bağlanmış, 3 saylı giriş hissəsinin yanında əlavə artırmalar edilərək sanitar qovşağı və dəhliz inşa edilmişdir. Texniki pasportda qeyd olunan 1 saylı yaşayış otağında mövcud olmuş pəncərə boşluğunun mövcud olduğu sahənin arxa tərəfinə baxış keçirilərkən həmin sahədə faktiki olaraq digər sakinlərin qapı və pəncərə boşluqlarıının mövcud olduğu müşahidə edildi. “İnşaat Norma və Qaydaları” 2.08.01.89 2.9. bəndində qeyd olunur ki, yaşayış otaqlarının eni 2,2 metrdən az olmamalıdır. Yaşayış otağı - tikintinin bir hissəsi olub, təbii işıq və istilik sistemi ilə təmin olunmalıdır. Beləliklə, qərardadın birinci sualı ilə bağlı qeyd olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 ünvanında yerləşən 11 saylı mənzilin planlı yerləşməsi, konfiqurasiyası, qeyd olunan otaqların ölçüləri iş materiallarında olan texniki pasporta uyğundur. Mənzildə texniki pasportda qeyd olunmayan əlavə tikililər (sanitar qovşağı və dəhliz) inşa edilmiş, 1 və 2 saylı yaşayış otaqlarının arasında yerləşən arakəsmə divar sökülmüş və 1 saylı yaşayış otağında qeyd olunan pəncərə boşluğu mişar daşı ilə hörülərək bağlanmışdır. Mənzilin faktiki vəziyyətdə plan-sxemi təqdim olunmuşdur. Qərardadın ikinci sualı üzrə qeyd olunur ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 ünvanında yerləşən 11 saylı mənzilin texniki pasportunda göstərilən 1 saylı yaşayış otağında qeyd olunan pəncərə boşluğunun əvvəllər mövcud olmasını, binanın həmin istiqamətində digər sakinlərin qapılarının faktiki mövcud olmasını eyni zamanda mənzildə qeyd olunan otaqda digər istiqamətdən qapı və ya pəncərə boşluğunun açılmasının texniki cəhətdən mümkün olmanıaşını nəzərə alaraq, həmin Mənzilin texniki pasportunda göstərilən qapı və (və ya) pəncərə yerinin açılmasının İnşaat norma və qaydalarına uyğun olaraq texniki cəhətdən mümkün oluğu və yaşayış binası üçün təhlükə yaratmadığı müəyyən edilir. Tədqiqatın nəticəsi olaraq Qərardadın birinci sualı üzrə: Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 ünvanında yerləşən 11 saylı mənzilin planlı yerləşməsi, konfiqurasiyası, qeyd olunan otaqların ölçüləri iş materiallarında olan texniki pasporta uyğundur. Mənzildə texxniki pasportda qeyd olunmayan əlavə tikililər (sanitar qovşağı və dəhliz) inşa edilmiş, 1 və 2 saylı yaşayış otaqlarının arasında yerləşən arakəsmə divar sökülmüş və 1 saylı yaşayış otağında qeyd olunan pəncərə boşluğu mişar daşı ilə hörülərək bağlanmışdır. Mənzilin faktiki vəziyyətdə plan sxemi rəyin tədqiqat hissəsində göstərilmişdir. Qərardadın ikinci sualı üzrə: Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 ünvanında yerləşən 11 saylı mənzilin texniki pasportunda göstərilən 1 saylı yaşayış otağında qeyd olunan pəncərə boşluğunun əvvəllər mövcud olmasını, binanın həmin istiqamətində digər sakinlərin qapılarının faktiki mövcud olmasını eyni zamanda mənzildə qeyd olunan otaqda digər istiqamətdən qapı və ya pəncərə boşluğunun açılmasının texniki cəhətdən mümkün olmamasını nəzərə alaraq, həmin mənzilin texniki pasportunda 1 saylı yaşayış otağında qeyd olunan qapı və (və ya) pəncərə yerinin açılmasının İnşaat norma və qaydalarına uyğun olaraq texniki cəhətdən mümkün olduğu və yaşayış binası üçün təhlükə yaratmadığı müəyyən edilir.
7. İddia tələbi iddiaçının nümayəndəsi və vəkilinin ərizəsi əsasında texniki pasportda göstərilən çıxışın açılmasına maneçilik yaradan hərəkətlərin cavabdehə qadağan edilməsi kimi dəyişdirilmişdir.
8. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
9. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi imtinanın məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
10. Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 avqust 2017-ci il tarixli № 1573 Fərmanı ilə təsdiq edilmiş Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsindən: 1.1. Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (bundan sonra – İdarə) “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əsasında yaradılmış, Cavabdeh Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının (bundan sonra – Qoruqlar) ərazisində yerləşən tarix və memarlıq abidələrinin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsinin, təbliğinin, məqsədyönlü istifadəsinin, qorunub saxlanmasının və inkişafının təmin edilməsi sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir. 3.1. İdarə bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: 3.1.5. qorunan obyektlərin daimi mühafizəsini təşkil etmək, tarix və mədəniyyət abidələrinin funksional təyinatını, memarlıq-estetik görünüşünü və uzunömürlülüyünü təmin etmək; 3.1.6. qanuna uyğun olaraq, mühafizə məqsədi ilə abidələrdə inşaat-möhkəmləndirmə və abadlıq işlərinin aparılması üçün dövlət mülkiyyətində olan abidələrin konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası haqqında qərar qəbul etmək, xüsusi mülkiyyətdə olan abidələrlə əlaqədar həmin işlərin həyata keçirilməsinə razılıq vermək və gedişinə nəzarət etmək; 3.2. İdarə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir: 3.2.6. Qoruqların ərazisində İdarənin razılığı olmadan hər hansı abadlıq, bərpa, rekonstruksiya, regenerasiya və inşaat-təmir işlərinin aparılmasına qadağa qoymaq, icrası məcburi olan göstərişlər vermək;
11. Məhkəmə hesab edir ki, cavabdeh qurum Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın V hissəsinə uyğun olaraq (Qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər) inzibati orqandır.
12. Xüsusi mülkiyyətdə olan abidələrin təmiri, bərpası, rekonstruksiyasının həyata keçirilməsinə razılıq vermək Nizamnaməsi ilə onun vəzifələrinə aid edilmişdir və həmin razılıq inzibati aktın qəbul edilməsi ilə şərtlənmir.
13. Hazırkı iddia ilk baxışdan öhdəliyin icrası haqqında iddia hesab edilsə də, məhkəmə hesab edir ki, iddia müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddiadır. Belə ki, müvafiq razılığın verilməsi ilə inzibati orqan faktiki olaraq iddiaçının hüquqlarını pozan hərəkətlərdən çəkinmiş olmalıdır. Odur ki, iddiaçının hüquqi marağına uyğun olan iddia məhz müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddiadır.
14. İPM-in 2.2.4-cü maddəsinə əsasən, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. Məhkəmə hesab edir ki, hazırkı işin halına uyğun olaraq inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müvafiq razılığın verilməsi özlüyündə həm də inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəsini ehtiva etməlidir.
16. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
17. “X7 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
18. Məhkəmə hazırki iş üzrə araşdırmanı X7 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üzrə araşdırma sxemi üzrə aparmağı məqsədəuyğun hesab edir. Nəticə aşağıdakı təhlildən asılı olmalıdır: 1) İş üzrə araşdırılan hüquq 1-ci maddənin mənası baxımından mülkiyyət hüququ və ya əmlaka sahiblik hüququ sayıla bilərmi? 2) Əmlaka sahiblik hüququna müdaxilə baş veribmi? 3) Həmin müdaxiləyə 1-ci maddədə yer alan üç normadan hansının əsasında baxılmalıdır? Yəni mübahisələndirilən tədbir hansı müdaxiləni təşdil edir 3.1. işin halları əmlakdan məhrum etməni əhatə edirmi? 3.2.Əgər cavab yoxsa, işin halları əmlakdan istifadəyə nəzarətlə bağlıdırmı? 3.3. Əgər cavab yoxsa, işin halları ümumi prinsiplərin işığında şərh olunmalıdırmı (dövlət hakimiyyət orqanları əmlakdan dinc istifadə etmək hüququna hörmət etmişlərmi)? 4) Müdaxilə üçün qanuni əsas varmı? 5) Mülkiyyət hüququna müdaxilə cəmiyyətin maraqlarına xidmət edirmi, yəni qanuni məqsəd daşıyırmı? 6) Müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi? Yaxud başqa sözlə, həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı?
19. Cavabdeh qurumun hərəkətlərinin iddiaçının mülkiyyətinə müdaxilə olduğu işin mübahisəsiz halıdır. Həmin müdaxilə mülkiyyətdən istifadəyə nəzarətdir (üçüncü qayda).
20. Müdaxilənin qanuniliyi, qanuni məqsədlərə cavab verməsi, eləcə də iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunub-olunmaması məhkəmə tərəfindən qiymətləndirilməlidir.
21. Belə ki, Neftçilər pr. ev 83 ünvanında yerləşən 11 nömrəli mənzil xx.xx.1998-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən iddiaçı X2 xüsusi mülkiyyətindədir və mənzilə dair xx.xx.2000-ci ildə tərtib olunmuş texniki pasport mövcuddur.
22. Cavabdeh qurum bildiririr ki, qeyd edilən bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 132 nömrəli qərarına əsasən qeyd olunan bina ölkə əhəmiyyətli Tarix və mədəniyyət abidələri siyahısına daxil edilmişdir (inventar №2486)
23. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublıkasının Qanununun 10-cu maddəsinə əsasən, Abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.
24. İddiaçı faktiki olaraq ona məxsus mənzilin texniki pasporta əsasən yaşayış otağında vaxtilə mövcud olmuş və hazırda mişar daşı ilə hörülərək bağlanmış pəncərə boşluğunun yenidən açılmasını istəyir. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, yaşayış otağındakı həmin (vaxtilə bağlanmış) pəncərə boşluğunun mövcud olduğu sahənin arxa tərəfinə baxış keçirilərkən həmin sahədə faktiki olaraq digər sakinlərin qapı və pəncərə boşluqlarının mövcud olduğu müşahidə edilmişdir (müvafiq fotolar rəydə öz əksini tapmışdır). Həmin pəncərə boşluğu texniki pasporta (və ekspert rəyinə) əsasən yaşayış otağında yerləşir və əvvəllər mövcud olmuşdur. Ekspert tərəfindən tikinti norma və qaydalarına istinadən bildirilmişdir ki, yaşayış otağı təbii işıq və istilik sistemi ilə təmin olunmalıdır. Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 ünvanında yerləşən 11 saylı mənzilin texniki pasportunda göstərilən 1 saylı yaşayış otağında qeyd olunan pəncərə boşluğunun əvvəllər mövcud olmasını, binanın həmin istiqamətində digər sakinlərin qapılarının faktiki mövcud olmasını eyni zamanda mənzildə qeyd olunan otaqda digər istiqamətdən qapı və ya pəncərə boşluğunun açılmasının texniki cəhətdən mümkün olmamasını nəzərə alaraq, həmin mənzilin texniki pasportunda göstərilmiş yaşayış otağında qeyd olunan qapı və (və ya) pəncərə yerinin açılmasının İnşaat norma və qaydalarına uyğun olaraq texniki cəhətdən mümkün olduğu və yaşayış binası üçün təhlükə yaratmadığı müəyyən edilmişdir.
25. Ekspertin rəyi kifayət qədər aydın və ya tamdır. Ekspert rəyində aparılmış tədqiqatlar müfəssəl təsvir edilmiş, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilmiş və məhkəmədə tədqiq olunmuşdur.
26. Məhkəmə işin hallarını fərdi qiymətləndirərək hesab edir ki, cavabdeh qurumun imtinası qanuni olmaqla (Nizamnaməsində müvafiq səlahiyyəti nəzərdə tutulmuşdur) qanunun güddüyü məqsədə mütənasibdir (Tarix və mədəniyyət abidələrinin qorunması). Lakin işin fərdi fərdi vəziyyətinə görə mütənasib deyil (ədalətli tarazlığa riayət edilməmişdir). Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin boşluq əvvəllər mövcud olmuş, mənzilin texniki sənədində öz əksini tapmış, lakin daha sonra bağlanmış həmin cərgədə qonşulara məxsus papı və pəncərələr mövcuddur, yaşayış otağında təbii işıqlanmanın olması zəruridir, qeyd olunan qapı və (və ya) pəncərə yerinin açılması inşaat norma və qaydalarına uyğun olaraq texniki cəhətdən mümkündür və yaşayış binası üçün təhlükə yaratmır.
27. “İnzibati icraat haqqında” qanunun 17-ci maddəsinə (mütənasiblik prinsipi) əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
28. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində mütənasiblik prinsipi “hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır” kimi ifadə olunmuşdur. Mütənasiblik prinsipinin yaranması roman-german konstitusionalizminin ənənələri ilə əlaqələndirilir. Əvvəllər, 1950-1960-cı illərdə, mütənasiblik konsepsiyası X3 Məhkəməsi tərəfindən baxılan bir sıra işlərdə öz əksini tapmışdır. Bu konsepsiya Avropa hüququ və praktikası tərəfindən müharibədən sonrakı Almaniyanın konstitusiya hüququna əsaslanaraq qəbul olunmuşdur. Prinsip olaraq isə XVİİİ əsrin sonu – XİX əsrin birinci yarısında Prussiya inzibati hüququnda meydana çıxmışdır. Ümumi şəkildə Almaniya ictimai hüququnda işlənib hazırlanmış və Avropa hüququnda öz təkamülünü davam etdirən mütənasiblik testi aşağıdakı məsələlərin ardıcıl surətdə həll olunmasını nəzərdə tutur: 1) dövlət orqanlarının fərdi hüquqların (azadlıqların) həyata keçirilməsinə müdaxiləsi yer almışdırmı; 2) bu cür müdaxilə dövlətdaxili qanunla nəzərdə tutulmuşdurmu; 3) müdaxilənin məqsədi legitimdirmi (qanunidirmi); 4) arzuolunan məqsədə bu cür müdaxilə vasitəsinin tətbiqi ilə nail olmaq olarmı, başqa sözlə desək, istifadə olunan vasitə məqsədə nail olmaq üçün yararlıdırmı; 5) hansısa başqa, eyni dərəcədə yararlı, lakin daha az yorucu vasitə varmı, başqa sözlə, istifadə olunan vasitə legitim məqsədə nail olmaq üçün zəruridirmi; 6) istifadə olunan vasitə uyğundurmu (dar mənada proporsionaldırmı). Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: - bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; - hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; - məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində möhkəmlənmiş və sonuncu tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən mütənasiblik prinsipindən aktiv istifadə edilərək bu prinsipin anlayışına və mahiyyətinə yüksək diqqət yetirilir. Plenumun qərarlarında mütənasiblik prinsipinin mahiyyəti Konstitusiyanın və qanunların bilavasitə şərhi, həmçinin Avropa Məhkəməsinin qərarlarında ifadə olunan hüquq tətbiqetmə təcrübəsi əsasında açıqlanır.
29. Konstitusiya Məhkəməsi Plenumunun X6 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.
30. İPM-in 14.2-ci maddəsinəəsasən, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür.
31. Odur ki, məhkəmə hesab edir ki, həmin müdaxiləni zəruri edən ilkin faktiki şərtlərinin mövcud olduğu cavabdeh qurum tərəfindən sübut olunmuş olsa belə (tarix və mədəniyyət abidələrinin qorunması zərurəti), məhkəmə araşdırmasının nəticəsi olaraq iddia tələbi təmin olunduğu təqdirdə həmin abidə üçün təhlükə yaranması halı öz təsdiqini tapmamışdır.
32. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
33. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
34. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 111.4-cü maddəsinə əsasən, ilkin hüquqi vəziyyətin bərpa olunması haqqında ərizə ilə əlaqədar prosessual xərclər ərizəçi tərəfindən ödənilir. Odur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq iddiaçıdan 100 (bir yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
35. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 ünvanında yerləşən 11 saylı mənzilin texniki pasportunda göstərilən pəncərə boşluğunun (çıxışın) əvvəlki vəziyyətdə açılmasına maneçilik yaradan hərəkətlər Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə qadağan edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 100 (bir yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva