Məhkəmə qərarları › İş №2-1(112)-3095/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3095/2023

18.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3095/2023 18.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 18 aprel 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Bakı şəhəri, Xətai raonu, İzzət Orucova küçəsində, 36 saylı seçki məntəqəsinin yanındakı evin qarşısında yerləşən qeyri-yaşayış binasının mövcud vəziyyətinə uyğun olaraq və yerləşdiyi torpaq sahəsi ilə birlikdə üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) müraciət etmiş, lakin cavabdeh xx.xx.2022-ci il məktubunda bildirmişdir ki, qeyri-yaşayış binası və torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İddiaçı cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai raonu, İzzət Orucova küçəsində, 36 saylı seçki məntəqəsinin yanındakı evin qarşısında yerləşən qeyri-yaşayış binasının mövcud vəziyyətinə uyğun olaraq və yerləşdiyi torpaq sahəsi ilə birlikdə üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, İzzət Orucova küçəsində, 36 saylı seçki məntəqəsinin yanındakı evin qarşısında yerləşən qeyri-yaşayış binasına mülkiyyət və həmin qeyri-yaşayış binasının altında olan torpaq sahəsinə Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış icarə müqaviləsinə uyğun olaraq icarəyə verilməsi ilə bağlı çıxarış verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixdə protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Xətai Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05/102 nömrəli Sərəncamına əsasən, Bakı şəhəri, Xətai rayonu, İ.Orucova küçəsi 36 nömrəli seçki məntəqəsinin yanındakı evin qarşı tərəfində, X3 istifadəsinə ofis binasının tikintisini layihələndirilməsi məqsədi ilə ona 150 kv.m olan torpaq sahəsi ayrılmışdır. Daha sonra X6 müraciət edərək, İzzət Orucova küçəsində, cizgidə göstərilən ərazidə təqdim etdiyi layihəyə əsasən ofis binasının tikintisinə icazə verilməsini xahiş etmişdir. Bakı Şəhər İcra Hakmiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/1373 saylı, xx.xx.2007-ci il tarixli, məktubu ilə məsələyə razılıq bildirmiş və eskiz layihə sənədləri razılaşdırılmış, eskiz layihəsinə uyğun olaraq, X4 ofis binasının tikintisinə icazə verilmişdir. 07 avqust 2013-cü il tarixdə Sərəncam hüquqların keçirilməsi (tələbin güzəşti) barədə iddiaçı ilə X6 arasında müqavilə bağlanmışdır. Binanın layihələndirilməsi məqsədilə digər inzibati orqanlardan da müsbət rəylər əldə edilmişdir. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, sözügedən qeyri-yaşayış binası və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Eyni zamanda, təqdim edilmiş sənədlərdə hüquq sahibi X3 adı qeyd olunduğu halda həmin şəxsin özü yaxud etibarnamə üzrə nümayəndəsi müraciət etməməmişdir. Daşınmaz əmlakın eskiz layihəsi ilə faktiki vəziyyəti arasında uyğunsuzluq vardır. Həmçinin elektron kadastr məlumatlarına əsasən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, qeyri-yaşayış binasına mülkiyyət hüququnun qeydiyyata alınması hissəsində iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, torpaq sahəsinə icarə hüququnun qeydiyyata alınmasına etiraz etməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi” barədə xx.xx.2023-cü il tarixli, 4867 nömrəli müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 68 nömrəli sərəncamına əsasən, Bakı şəhəri, Xətai rayonu, İzzət Orucova küçəsində yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 193,7 kv.m. torpaq sahəsi İddiaçı icarəyə verilmişdir; Bakı şəhəri, Xətai rayonu, İzzət Orucova küçəsində yerləşən qeyri-yaşayış obyektinin işçi layihəsinin memarlıq həlli Dövlət Baş Ekspertiza İdarəsi və Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmışdır; Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 210 №-li sərəncamından çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, İzzət Orucova küçəsində X4 ofis binasının tikintisinə icazə verilmişdir; Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə TƏhlükəsizliyə X7 X2 Baş İdarəsinin xx.xx.2016-cı il tarixli, 21876 №-li rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, İ.Orucova küçəsində ofis binasının işçi layihəsi bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Məhkəmənin mövqeyi: Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. İddiaçı Bakı şəhəri, Xətai rayonu, İzzət Orucova küçəsində, 36 saylı seçki məntəqəsinin yanındakı evin qarşısında yerləşən qeyri-yaşayış binasına mülkiyyət və həmin qeyri-yaşayış binasının altında olan torpaq sahəsinə Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış icarə müqaviləsinə uyğun olaraq icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələbini irəli sürmüşdür. İş materiallarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, İzzət Orucova küçəsində qeyri-yaşayış binasının tikintisinə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 210 №-li sərəncamı ilə icazə verilmiş, qeyri-yaşayış obyektinin işçi layihəsinin memarlıq həlli Dövlət Baş Ekspertiza İdarəsi və Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış, tikinti obyektinə dair müvafiq rəylər alınmış, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 68 nömrəli sərəncamına əsasən, Bakı şəhəri, Xətai rayonu, İzzət Orucova küçəsində qeyri-yaşayış binasının yerləşdiyi 193,7 kv.m. torpaq sahəsi İddiaçı icarəyə verilmişdir. Cavabdehin təqdim edilmiş sənədlərdə hüquq sahibi kimi X3 qeyd olunmasına dair dəlillərinə münasibət məhkəmə qeyd edir ki, iş materiallarında olan, X6 ilə İddiaçı arasında notarial qaydada təsdiq edilmiş müqavilə ilə, X6 mübahisə predmeti qeyri-yaşayış binasına dair hüquqlarını iddiaçıya güzəşt etmişdir. Başqa sözlə, sözegedən əmlakın iddiaçının adına dövlət reyestrində qeydiyyata alınmasına notarial qaydada razılığını ifadə etmişdir. Cavabdehin bu dəlili əsassız olmaqla, iddiaçının ona məxsus hüququn qeydə alınmasını tələb etmək imkanına təsir etmir. Bundan əlavə, cavabdeh orqan qeydiyyata alınması nəzərdə tutulan daşınmaz əmlakın eskiz layihəsi ilə faktiki vəziyyəti arasında uyğunsuzluğun olmasını bildirməsinə baxmayaraq, buna dair hər hansı sübutun məhkəməyə təqdim edilməməsi səbəbindən cavabdehin bu dəlili də əsassızdır. Həmçinin elektron kadastr məlumatlarına əsasən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyəti torpağı olmasına dair cavabdehin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 68 nömrəli sərəncamına və xx.xx.2023-cü il tarixli, 4867 nörməli icarə müqaviləsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, İzzət Orucova küçəsində yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 193,7 kv.m. torpaq sahəsi İddiaçı icarəyə verilmişdir. Məhkəmə cavabdeh orqanın imtinasının (etirazının) dəlillərini iddianın təmin edilməməsinin əsası kimi qəbul etmir. Belə ki, hüquqların dövlət qeydiyyatından imtinanın əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində müəyyən olunmuşdur. İddiaçıların sözügedən qeyri-yaşayış obyektinə xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün cavabdeh tərəfindən irəli sürülmüş etiraz dəlillərinin heç biri, həmin Qanunun 15-ci maddəsində müəyyən olunan əsaslara aid edilmir. Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, iddiaçının inşa etdiyi qeyri-yaşayış obyektinə mülkiyyət hüququnun və onun yerləşdiyi torpaq sahəsinə icarə hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Xətai rayonu, İzzət Orucova küçəsində, 36 saylı seçki məntəqəsinin yanındakı evin qarşısında yerləşən qeyri-yaşayış binasına mülkiyyət və həmin qeyri-yaşayış binasının yerləşdiyi 193,7 kv.m. torpaq sahəsinə Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış xx.xx.2023-cü il tarixli, 4867 nörməli icarə müqaviləsinə uyğun olaraq icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Xətai rayonu, İzzət Orucova küçəsində, 36 saylı seçki məntəqəsinin yanındakı evin qarşısında yerləşən qeyri-yaşayış binasına mülkiyyət və həmin qeyri-yaşayış binasının yerləşdiyi 193,7 kv.m. torpaq sahəsinə Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış xx.xx.2023-cü il tarixli, 4867 nörməli icarə müqaviləsinə uyğun olaraq icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar