Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3096/2021 17.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X18 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, İddiaçının vəkili X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası 3 saylı Bakı Asan xidmət mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə qarşı “soyadın dəyişdirilməsi” barədə iddia tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası 3 saylı Bakı Asan xidmət mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Əhmədov” soyadının “Bakıxanov” soyadına dəyişdirilib qeydə alınması vəzifəsinin Azərbaycan Respublikası 3 saylı Bakı Asan xidmət mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmiş, lakin cavabdeh iddia ərizəsinə yazılı münasibətini təqdim etməmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, “Əhmədov” soyadının “Bakıxanov” soyadına dəyişdirilərək yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. Atası Bakıxanov (Əhmədov) X12 1909-cu ildə Bakı şəhərində anadan olub, 1980-ci ildə isə ölüb. Atası Əhmədov X12 doğulanda soyadı Bakıxanov, həmçinin “bəy” təbəqəsindən olmuşdur. Məhz bu səbəbdən 1930-cu illərdə soyadını dəyişmiş və yeni soyadı Əhmədov olmuşdur. Atasının doğum haqqında şəhadətnaməsi itib. Bununla bağlı dəfələrlə AR Milli Arxiv İdarəsinə müraciət etsə də, hər dəfə Bakıxanov (Əhmədov) X6 doğum tarixinə dair heç bir məlumatın aşkar olunmaması barədə cavablar almış. Lakin AR Milli Arxiv İdarəsinin 15.04.2019-cu il tarixli, Ə-199 saylı arxiv arayışına əsasən onun babası Bakıxanov Əhməd bəy Paşa bəy oğlunun doğum tarixinə dair məlumatlar aşkar olunmuşdur. Arayışa əsasən babası - “bəy” təbəqəsindən olmuş, soyadı isə Bakıxanov olmuşdur. Arxiv arayışını rəhbər tutaraq Azərbaycan Respublikası 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə soyadının “Əhmədov”-dan “Bakıxanov”-a dəyişdirilməsi ilə əlaqədar müraciət etmiş. Lakin qeyd olunan şöbə atasının doğum şəhadətnaməsi olmadığı üçün müraciətinə imtina etmişdir. Azərbaycan Respublikası 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin hərəkətləri qanunsuzdur və göstərdiyi hərəkətsizlik onun qanuni hüquqlarını məhdudlaşdırır. Artıq onun 71 yaşı var və bütün həyatını Əhmədov soyadı ilə yaşamış, lakin onun əsl soyadı Bakıxanovdur və o, “bəy” təbəqəsinə aiddir. İş üzrə şifahi məhkəmə baxış iclası 17 iyun 2021-ci il tarixə təyin edilmiş, cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, əlavə izahatında bildirmişdir ki, atası bəy təbəqəsindən olmuş, məlum səbəblərə görə Bakıxanov soyadını 1930-cu illərdə dəyişmiş, həmin dövrdə əmisi və bibisi ilə birgə mülkiyyətdə olan fərdi yaşayış evini də məlum səbəblərə görə dövlətə bağışlamışdır. Hazırda atası ilə bağlı sənədlərin aşkar edilməməsi səbəbindən hüquqları pozulur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı vəkili X11 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - AA ******* saylı şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.1949-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. - AZ-İV № 333213 saylı 04 oktyabr 2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1949-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X4, anası X1r. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1949-cu il iyun ayının 01 günündə № 1002 nömrəsi ilə qeyd edilmişdir. - Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi tərəfindən İddiaçı Məmmədəli oğluna ünvanlanmış 15.04.2019-cu il tarixli № Ə-199 saylı arxiv arayışının surətindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi üzrə Bakı qəzası, Maştağa nahiyəsi Buzovna kəndinin 1863-cü ilə dair kameral siyahısında Əhməd bəy Paşa bəy oğlunun doğum tarixinə dair məlumat aşkar olunmuşdur. Doğum tarixi 1853-cü il (sənəddə olduğu kimi ay və gün qeyd olunmayıb). Valideynləri: atası-Paşa bəy, anası-sənəddə olduğu kimi qeyd olunmayıb. Ailə “bəy” təbəqəsinə məxsus olmuş, soyadları Bakıxanov olmuşdur. - Azərbaycan Respublikası 3 saylı Bakı “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 11.02.2020-ci il tarixli № 05Q-305/75 saylı imtina məktubuna əsasən, iddiaçının soyadının “Əhmədov”-dan “Bakıxanov”-a dəyişdirilməsi barədə müraciətə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları’n 6.1-ci bəndinə əsasən, “Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir." 30.09.2002-ci il tarixli “Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır. Soyadını “Əhmədov”-dan “Bakıxanov”-a dəyişdirmək istəyi ilə bağlı bildirmişlər ki, “Bakıxanov”- soyadı xüsusi nəslə məxsus olan soyaddır. Bu nəslə mənsubluğu ardıcıl sənədlərlə (atasının doğum şəhadətnaməsi olmadığı üçün) təsdiq olunmadığı üçün ərizənin təmin olunması imkanları xaricində olduğu qeyd edilmişdir. - AZ-İ № 952048 saylı 04 dekabr 2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 19.12.1980-ci il tarixdə sol mədəciyin çatmamazlığı xəstəliyindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1980-ci ilin 12-ci ayının 24-cü günündə 1640 №-si ilə qeyd edilmişdir. - 25 yanvar 1939-cu il tarixli əmək kitabçasının surətindən görünür ki, 1909-cu il təvəllüdlü Əhmədov Məmmədəli ata adı Haçı Əhməd oğlu olmuş şəxsin adına əmək kitabçası açılmışdır.həmin əmək kitabçasına Bakıxanov möhürü vurulmuşdur. - Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilmiş 26 aprel 2021-ci il tarixli № **********70 saylı məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, S.Rüstəmov küçəsi, 19/21 saylı fərdi yaşayış evi tarixsiz olaraq ümumbirgə X17, Bakıxanov X3, X10 və X8 adlarına qeydiyyatdan keçmişdir. Lakin, sözügedən fərdi yaşayış evi 01.01.1931-ci il tarixində dövlətin balansına keçmişdir. Həmin fərdi yaşayış evinin dövlətin balansına keçməsinə dair sənədlər idarənin arxivində aşkar edilmədiyi qeyd edilmişdir. - Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi 43 saylı Mənzil Kommunal İstismar sahəsinin 134 nömrəli 17.06.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1949-cu ildə Bakı şəhəri, S.Rüstəmov küçəsi 19/21 saylı evdə doğulmuş, 08.08.1965-ci ildə ilk pasport almış, hal-hazırda da bu ünvanda qeydiyyatdadır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, S.Rüstəmov küçəsi 19/21 saylı mənzil paylı mülkiyyət hüququ ilə İddiaçı və əhmədov Məmmədhəsən Məmmədəli oğluna məxsusdur. İddiaçı hazırki iddia ilə 1002 saylı doğum haqqında akt qeydindəki məlumatları mübahisələndirir. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı soyadının “Əhmədov”-dan “Bakıxanov”a dəyişdirilməsini xahiş edir, bunu onunla əsaslandırır ki, atası bəy təbəqəsindən olmuşdur. Cavabdeh inzibati orqan imtina əsası “Bakıxanov” soyadının xüsusi nəslə məxsus olması və bu nəslə mənsubluğu ardıcıl sənədlərlə (atasının doğum şəhadətnaməsi olmadığı üçün) təsdiq olunmaması ilə bağlıdır. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Qeyd olunan Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Məcəllənin 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 7.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşları öz adını və soyadını, atasının adını 18 yaşına çatdıqdan sonra qanunvericiliklə müəyyən edilmiş qaydada dəyişdirə bilər. Həmin Qaydanın 7.2-ci bəndinə görə isə adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması bu qaydaya və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 nömrəli Qərarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müəddəaların 3-cü bəndinə görə isə vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilir. Həmin Müddəaların 8-ci bəndinə görə şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Sözügedən Müddəaların 10-cu bəndinə görə isə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci tarixli 79 nömrəli Qərarı ilə “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.2-ci bəndinə görə adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Həmin Qaydaların 6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24 – 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə isə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. İşin araşdırılmış hallarından aydın olur ki, iddiaçının atası Əhmədov X12 olmuş, babası Bakıxanov Əhməd bəy Paşa bəy olmuşdur. İddiaçı atasının soyadının 1930-cu illərdə dəyişdirildiyini bildirir və bunu təsdiq edən dolayı sübut kimi qeyd edir ki, atası əmisi və bibiləri ilə ona məxsus olan əmlakı bəy nəslindən olduğuna görə 1931-ci ildə dövlətə bağışlamışdır. Həmin ev hazırda iddiaçının mülkiyyətindədir. İddiaçı həmin evdə doğulmuş, hal-hazıradək həmin ünvanda yaşayır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilmiş 26 aprel 2021-ci il tarixli № **********70 saylı məktubundan görünür ki, iddiaçının doğulduğu və hazırda mülkiyyətində olaraq yaşadığı Bakı şəhəri, Yasamal rayonu, S.Rüstəmov küçəsi, 19/21 saylı fərdi yaşayış evi tarixsiz olaraq ümumbirgə X17, Bakıxanov X3, X10 və X8 adlarına qeydiyyatdan keçmişdir. Göründüyü kimi, iddiaçının doğulduğu və hazırda yaşadığı fərdi yaşayış evinin qeydiyyatına dair arxiv sənədlərində iddiaçının atası ilə bağlı məlumatda atasının soyadı “Bakıxanov” kimi göstərilmişdir. Məhkəmə hesab edir ki, hazırda iddiaçının atasına dair doğum haqqında şəhadətnaməsinin olmaması onun konstitusion hüquqlarının pozulmasına səbəb ola bilməz. Həmçinin nəzərə alınmalıdır ki, qanunvericiliyə görə 18 yaşı tamam olmuş hər bir şəxs müvafiq hallar istisna olmaqla, soyadın seçimində sərbəstdir və bu, onun istəyindən asılıdır. Belə olan halda məhkəmənin qənaətinə görə iddiaçı 18 yaşı tamam olmuş şəxs kimi soyadının birinci dəfə dəyişdirilməsi hüququna malik olduğundan (dəyişikliyin ilkin olmaması barədə tərəflər bildirməmişlər), qanunvericiliklə müəyyən edilmiş və soyadın dəyişməsini istisna edən hallar (cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilmə, götürülməmiş və ya ödənilməmiş məhkumluq, tibbi xarakterli məcburi tədbirlərin tətbiqi halları) ona münasibətdə mövcud olmadığından, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 9.1-ci bəndində qeyd edilir ki, Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Bütün qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası 3 saylı Bakı Asan xidmət mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə qarşı “soyadın dəyişdirilməsi” barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsi ilə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı Əhmədov X2 “Əhmədov”dan “Bakıxanov”a dəyişdirilərək yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası 3 saylı Bakı Asan xidmət mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-3096/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3096/2021
17.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver