Məhkəmə qərarları › İş №2-1(112)-3096/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3096/2022

22.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3096/2022 22.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacib qızı Hacıbəyovanın sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçı Məmmədova Hökumə Nadir qızının, onun vəkili Məmmədova Mahizər Mürsəl qızının,üçüncü şəxsin vəkili Raxtari Kamilə Səftər qızının, üçüncü şəxsin nümayəndəsi X8 iştirakı ilə, iddiaçı Məmmədova Hökümə Nadir qızının cavabdeh Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı üçüncü şəxs qismində Fərəcov Əlağa Ağalar oğlu cəlb edilməklə mənzilin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məmmədova Hökümə Nadir qızı cavabdeh Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə və 67 saylı Mənzil Kommunal İstismar Sahəsinə qarşı iddia qaldıraraq Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Puşkin küçəsində yerləşən ev 9-un 3 nömrəli mənzilini müəyyən edib iddiaçının, yəni İddiaçı istifadəsinə qaytarılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12.07.2018-ci il tarixli, 2-1(82)- 1912/2018 nömrəli qərardadına əsasən 67 saylı Mənzil Kommunal-İstismar Sahəsinin inzibati məhkəmə icraatında cavabdeh qismində iştirakına xitam verilmişdir, həmin tarixli digər qərardada əsasən isə iddia tələbinin mənzilin iddiaçının istifadəsinə qaytarılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması hissəsi mümkün sayılmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13.07.2018-ci il tarixli, 2- 1(82)1912/2018 nömrəli qərarına əsasən iddia tələbi təmin edilmiş və Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Puşkin küçəsində yerləşən 9 nömrəli evin 3 nömrəli mənzilinin hansı mənzil olmasının müəyyən edilməsi vəzifəsi cavabdeh Nizami rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03.06.2020-ci il tarixli, 2- 1(103)-1066/2020 nömrəli qərardadına əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1912/2018 nömrəli, 13.07.2018-ci il tarixli qərarından X14 tərəfindən verilmiş apellyasiya mümkün sayılmamış və apellyasiya şikayətinin icraata qəbulundan imtina edilmişdir, Fərəcov Əlağa Ağalar oğlunun üçüncü şəxs qismində cəlb edilməsi ilə bağlı vəsatət müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1912/2018 nömrəli, 17.11.2020-ci il tarixli qərardadı ilə hazırki inzibati iş üzrə X14 tərəfindən verilmiş 3-cü şəxs qismində cəlb edilməklə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1912/2018 nömrəli, 13.07.2018-ci il tarixli qərarının ləğv edilməsinə dair ərizəsi rədd edilmişdir. Həmin qərardaddan Fərəcov Əlağa Ağalar oğlunun verdiyi apellyasiya şikayəti əsasında qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.04.2021-ci il tarixli, 2-1(103)-1016/2021 qərardadına əsasən apellyasiya şikayəti qismən təmin edilmiş və Bakı İnzibati Məhkəməsinin 17.11.2020-ci il tarixli, 2-1(82)- 1912/2018 nömrəli qərardadı ləğv edilmişdir, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bundan sonra Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul edilmiş 21.09.2021-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)- 1912/2018 nömrəli, 13.07.2018-ci il tarixli qərarı Fərəcov Əlağa Ağalar oğlunun qanunla qorunan hüquqlarına toxunduğu üçün ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Puşkin küçəsində yerləşən 9 nömrəli evin 3 nömrəli mənzili onun qaynatası Məmmədov Baladadaş (Babulla) Ağdaş oğluna 22/3712 nömrəli sərəncamla verilmişdir. O həyat yoldaşı mərhum X9 ilə ailə qurandan sonra, təxminən 1972-ci ildən həmin mənzildə pasport qeydiyyatında olmaqla yaşamışdır. 2000-ci ildə həmin mənzilə dair 11 nəfər ailə üzvü üçün şəxsi hesab vərəqəsi də açmışdır və evin kommunal xərclərini də daimi olaraq özü ödəmişdir, bu gün də ödəyir. 2014-cü ilin noyabr ayının 18dən cavabdehin köməyi sayəsində mənzildən başqa şəxslər istifadə edirlər. Bu səbəblə mənzili müəyyən edib onun və ailəsinin istifadəsinə qaytarılması xahişi ilə cavabdehə rəsmi qaydada müraciət etmişdir. 24.02.2018-ci ildə MKSN-dən ziddiyyətli imtina məktubu almışdır. Güya ki, onlar həmin mənzildən köçürülmüşlər. Onların kim tərəfindən və hansı əsaslarla sözügedən mənzildən çıxarılması barədə heç bir məlumat göstərilməmişdir. Bu barədə heç bir məhkəmə qətnaməsi və qərarı yoxdur. Sonradan məlum olmuşdur ki, həmin şəxslər onların mənzilindən 67 nömrəli MKİS köməyi ilə istifadə edirlər. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazını təqdim edərək bildirmişdir ki, mübahisəli mənzil 20.12.1971-ci ildə 22/3712 nömrəli sərəncamla 1 otaqdan ibarət 16 kv. metr olmaqla Məmmədov Babulla Ağdaş oğlunun adına rəsmiləşdirilmişdir.Həmin 16 kv metrlik mənzil Fərəcov Əliağa Ağalar oğlunun yaşadığı mənzildir və o,öz ailəsi ilə birlikdə 2002-ci ildən həmin mənzildə qeydiyyatdadır.Həmin 16 kv metr sahəsi olan mənzil faktiki olaraq 15,91 kv metr, yəni 4,3x3,7 metr ölçüdədir. İddiaçı Məmmədova Hökümə Nadir qızının tələb etdiyi mənzil isə Kərimov Məmmədağa Məmmədağa oğlunun ailəsi ilə birlikdə yaşadığı 2 otaqdan ibarət sahəsi 20.88 kv metr və 17.0 kv metr olan mənzildir və həmin mənzil özbaşına tikilidir.Sözügedən mübahisəli mənzillə bağlı Nizami rayon məhkəməsinin, Bakı Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikasının Ali Məhkəməsinin mülki kollegiyasının qərarları mövcuddur.Cavabdeh göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1.-ci maddəsində göstərilmişdir: “ Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.” Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarında göstərilmişdir ki, 1.1 məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır; 1.2 iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir; 2.2 işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.2.3 məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 6.1. iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İş materiallarında olan Bakı şəhər Nizami rayon məhkəməsinin 05.04.2017-ci il tarixli, 2(007)-619/2017 nömrəli qətnaməsindən görünür ki, İddiaçı “Bakı şəhəri, Keşlə qəsəbəsi, Puşkin küçəsində yerləşən ev 9, mənzil 3-ün X1 faktiki istifadəsində olan evlə eyni ev olmasının müəyyən edilməsi və sözügedən mənzildən istifadə hüququnun bərpa olunması” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09.08.2017-ci il tarixli, 2(103)-7199/2017 nömrəli qətnaməsinə əsasən həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nizami rayon məhkəməsinin 05.04.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24.01.2018-ci il tarixli, 2(102)-534/2018 nömrəli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Göründüyü kimi qanuni qüvvəyə minmiş Bakı şəhər Nizami rayon məhkəməsinin 05.04.2017-ci il tarixli, 2(007)-619/2017 nömrəli qətnaməsi ilə iddiaçının hazırki iddia ərizəsində göstərdiyi mənzildən istifadə hüququnun bərpa edilməsi barədə iddia ərizəsi rədd edilməklə təsdiq edilmişdir ki, iddiaçının (Məmmədova Hökümə Nadir qızının) Bakı şəhəri, Nizami rayonu, Puşkin küçəsi, ev 9, mənzil 3 ünvanında mərhum Məmmədov Baladadaş Ağdaş oğlunun adındakı sahəsi 16,0 kv metr olan və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış tikintiyə hüquqları yaranmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09.08.2017-ci il tarixli, 2(103)-7199/2017 nömrəli qətnaməsi ilə isə müəyyən edilmişdir ki, iddiaçının iddia ərizəsində göstərilən mənzil özbaşına tikilidir, iş üzrə tərəflər (yəni hazırki iş üzrə iddiaçı da) həmin yaşayış sahəsinə istifadə və digər mülki hüquqlar əldə etməmişlər. Eyni zamanda Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-10/2016 nömrəli, 15.02.2016-cı il tarixli qətnaməsinə əsasən iddiaçı Məmmədova Hökümə Nadir qızı özünün və 19 nəfər ailə üzvünün pasport qeydiyyatında olduğu Bakı şəhəri, Nizami rayonu, Puşkin küçəsindəki 9 saylı evdən cavabdeh Kərimov Məmmədağa Məmmədağa oğlunun və ailə üzvlərinin çıxarılması və özünün sözügedən mənzilə köçürülməsi haqqında iddia tələbi üzrə işə baxarkən müəyyən etmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Puşkin küçəsi, ev 9, mənzil 3 ünvanda bir neçə tikilinin, tikintilərin ayrlayrılıqda elektrik, qaz və su xəttləri ilə təchiz edildikləri müəyyən edilmişdir, məhkəmə iddiaçının mübahisəli mənzildə Məmmədov Baladadaş Ağdaş oğlunun adındakı sahəsi 16,0 kv metr olan və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış tikintiyə hüquqları yaranmadığından iddia tələbini əsassız hesab edərək təmin etməmişdir. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi mənzillə bağlı heç bir hüququ yoxdur, bu səbəbdən də qanunvericiliyin tələblərinə əsasən iddiaçının həmin mənzillə bağlı subyektv hüquqlarının pozulması iddia ərizəsində əsaslandırılmamışdır. İddiaçının həmçinin mənzildə qeydiyyatda olması barədə iddia ərizəsində göstərdiklərinə gəldikdə bu hal qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiqlənmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2824/2014 nömrəli, 03.06.2014-cü il tarixli qətnaməsinə əsasən isə (ərizəçilər X1 və Abdullayeva Nailə Feyruz qızının maraqlı şəxs Nizami rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinə qarşı Bakı şəhəri, Keşlə qəsəbəsi, Puşkin küçəsi, ev 9, mənzil 3 saylı ünvanda yaşayış sahəsindən istifadə hüquqlarının tanınması haqqında) mübahisəli mənzildə Məmmədov Baladadaş Ağdaş oğlunun gəlini İddiaçı və digər ailə üzvləri ilə yanaşı 19 nəfər qeydiyyatdadır. Lakin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks olunmuş mövqeyinə əsasən “..Qeyd edilən normaya əsasən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd dedikdə, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd başa düşülür. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün digər əsas olan yaşayış sahəsinin mülkiyyətçisinin verdiyi ərizə ilə ona məxsus yaşayış sahəsinə vətəndaşın qeydiyyata alınmasına icazə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir.Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.... Beləliklə, göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir.”. Odur ki, məhkəmənin gəldiyi qənaətə görə iddiaçı iddia ərizəsində göstərdiyi mənzildə qeydiyyatda olsa da həmin qeydiyyat onun mənzildən istifadə hüququnu ehtiva etmədiyindən, habelə iddiaçının mənzildən istifadə hüququnun olmaması barədə qanuni qüvvətə minmiş məhkəmə qətnamələri mövcud olduğundan iddiaçının qeyd edilən mənzillə bağlı hər hansı bir, o cümlədən iddia ərizəsində göstərilən tələbi irəli sürmək subyektiv hüququ mövcud deyildir. Məhkəmə onu da qeyd etmək istəyir ki, iddiaçının mənzildə qeydiyyatı onun yaşayış yerinin həmin mənzil olmasını təsdiq etmir, belə ki, iddiaçı qeydiyyatda olduğu mənzilin yerinin müəyyən etmə vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edirsə o zaman o yaşadığı mənzilin yerini bilməli idi və mənzilin olduğu yerin müəyyən edilməsini tələb etməməli idi. Bundan əlavə məhkəmə qeyd edir ki, iddia tələbi tələbə cavab verməyən orqana qarşı irəli sürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 1.6-cı bəndinə əsasən müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan orqanlar, habelə tabeliyində olan hüquqi şəxslər bilavasitə yerli icra hakimiyyətinin başçısına tabedirlər.Rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısının yanında olan orqanların və tabeliyində olan hüquqi şəxslərin müvafiq şəhər rayonunun ərazisində mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən struktur bölmələri (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) ikili tabelikdədir – onlar həm şəhər icra hakimiyyətinin başçısına, həm də müvafiq şəhər rayonunun icra hakimiyyətinin başçısına tabedirlər. Həmin Əsasnamənin 4.9.3-cü bəndinə əsasən müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumlara (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) icrası məcburi olan göstərişlər verir. Cavabdeh Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi də yerli icra hakimiyyəti nəzdində olan qurum olmaqla vəzifəsi rayonun ərazisində mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərmək, məişət tullantılarının yığılmasından və daşınmasından, abadlaşdırmasından, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərinin yerinə yetirilməsindən ibarətdir. Göründüyü hər hansı bir mənzilin yerini müəyyən etmək kimi vəzifə cavabdehə aid deyildir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı Məmmədova Hökümə Nadir qızının cavabdeh Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Puşkin küçəsində yerləşən ev 9-un 3 nömrəli mənzilini müəyyən etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkün sayılmamalıdır. Məhkəmə onu da qeyd edir ki, iddianın mümkün sayılmaması haqında qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Məmmədova Hökümə Nadir qızının cavabdeh Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Puşkin küçəsində yerləşən ev 9-un 3 nömrəli mənzilini müəyyən etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar