Məhkəmə qərarları › İş №2-1(112)-3096/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3096/2023

01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3096/2023 01.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X7, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 27 sentyabr 1966-cı ildə Azərbaycan Respublikasının Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 19 dekabr 1991 ci ildə Azərbaycan Respublikasının vətəndaşı X5 ilə ailə qurmuşdur. Birgə nikahdan iddiaçının iki övladı X3 və X4 anadan olmuşdur. İddiaçı 1984-1986-cı illərdə hərbi xidmətdə olmaqla 1987-ci ilədək Azərbaycanda olmuş və bütün Azərbaycan Respublikasının vətəndaşları kimi SSRİ pasportunu daşımışdır. 1991-ci ildə SSRİ-nin dağılması ilə əlaqədar Rusiya Federasiyasında işlədiyindən iddiaçı orada SSRİ pasportunu dəyişmiş və iddiaçıya Rusiya Federasiyasının pasportunu vermişlər. 2002-ci ildən iddiaçı ailəsi ilə birlikdə Yasamal rayonu, X11 küçəsi 35, m 15, m 2 ünvanda daimi yaşayır. İddiaçıya Azərbaycan Respublikasının vətəndaşlığı verilməsi üçün 13 yanvar 2022-ci il tarixdə cavabdehə müraciət etsə də, xx.xx.2022-ci il tarixli qərarla iddiaçının Azərbaycan Respublikasına vətəndaşlığına mənsubiyyətinin tanınmaması qərara alınmışdır. Lakin iddiaçı hesab edir ki, qərar əsassızdır. Belə ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək (xx.xx.1998) iddiaçı Azərbaycan Respublikasının vətəndaşı olmaqla Qazax rayonu Çaylı kəndində qeydiyyatda olmaqla yaşamışdır.

3. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, buraxılmış prosessual müddətin buraxılmasının səbəblərini üzrlü hesab etməklə müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə əsaslandırılmamışdır.

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək bildirdi ki, müraciətindən imtina ilə bağlı qərar iddiaçıya təqdim olunduqdan sonra həmin müddət ərzində iddiaçı cavabdeh orqan tərəfindən imtahana dəvət olunmuş, imtahanla əlaqədar qanunvericilikdə qeyd edilən müddətdə məhkəməyə müraciət edə bilməmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, 21 yanvar 2022-ci il tarixli müraciətindən imtina ilə bağlı qərar 02 fevral 2022-ci ildə iddiaçıya təqdim olunmuş, lakin iddiaçı həmin qərarı əldə etdikdən sonra məhkəməyə müraciət emək üçün 30 günlük iddia müddətini ötürmüşdür. İddiaçı cavabdeh orqan tərəfindən daimi yaşamaq icazəsinin alınması ilə bağlı keçirilmiş müsabiqəyə dəvət olunmuşdur. Göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

7. İddiaçı məhkəməyə təqdim etdiyi ərizədə və məhkəmə iclasında müraciətindən imtina ilə bağlı xx.xx.2022-ci il tarixli qərardan əvvəlcədən xəbərdar olduğunu qeyd etsə də, iş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etsə də, müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən, habelə müddətin onun təqsiri olmadan buraxıldığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməməli, iddia mümkün sayılmamalıdır.

“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından

8. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd).

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

10. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməsin. İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar