Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3098/2021 04.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı-İddiaçı Tofiq oğlunun cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı Tofiq oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək pensiyasının yenidən hesablanması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1961-ci ildə doğulub. 1975-1979-cu illərdə Texnikumda oxumuş, 1979-cu ildən əmək fəaliyyətinə başlamış, 1979-1981-ci illərdə hərbi xidmətdə olmuşdur. 1981-ci ildən “X3”da çilingər işləmişdir. 5-ci dərəcəyədək ixtisas alaraq 1994-cü ilədək orada işləmişdir. Sonra da səhhəti imkan verən qədər müxtəlif sexlərdə, kooperativlərdə işləmişdir. Cavabdeh tərəfindən ona pensiya hesablanarkən yanlışlığa yol verilmiş, təhsil aldığı müddət staja daxil edilməmişdir. Bu səbəbdən də iddiaçı əmək pensiyasının yenidən hesablanması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, əsl olmayan cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra mətndə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) ilə əvəz edilmişdir. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı adından DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazda göstərmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: iddiaçı 2016-ci ildə əlilliyi olan şəxs hesab edilmiş və sığorta stajı kifayət etdiyi üçün həmin ildən də ona əlilliyə görə pensiya təyin edilmişdir: a) İddiaçı üçün tələb olunan sığorta stajı: xx.xx.1961 + 15 il = 30.06.1976; 14.10.2016 - 30.06.1976 = 40 il 03 ay 14 gün; 40 x 4 ay = 160 ay = 13 il 04 ay. b) İddiaçı təyinat zamanı - 2016-cı ildə hesablanmış sığorta stajı: (20.10.1979+09.11.1981+02.09.1982+18.09.1992+30.11.1992+31.10.1994)=110.60.1192 0;(01.08.1979+09.11.1979+28.12.1981+13.09.1982+28.09.1992+01.12.1992)=80.61.1190 5=30.11.14 = 15 il 0 ay 0 gün > 5 il “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”-nın 2.2-ci bəndinə görə əmək pensiyasının təyin olunması, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciətə pensiyanın növündən asılı olaraq zəruri sənədlər əlavə edilir. Həmin zəruri sənədlərə təhsil haqqında sənədlər - diplomlar, attestatlar, sertifikatlar və s. də aiddir. Ona görə də iddiaçı 1976-1979-cu illərdə təhsil aldığını iddia edirsə, həmin təhsil haqqında sənədi də inzibati orqana təqdim etməli idi. İddiaçının Bakı Maşınqayırma Texnikumunda təhsil aldığı 1984-1987-ci illər onun əmək kitabçasında əmək fəaliyyəti kimi qeyd olunmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. İddiaçının əmək kitabçasında qeyd olunmuş 04.11.1994-cü il tarixdən 15.09.1997-ci il tarixədək işləməsi barədə heç bir sübut təqdim olunmadığına görə həmin dövr sosial sığorta stajı kimi nəzərə alınmamalıdır. Belə ki, iddiaçıya pensiya təyin olunan zaman qüvvədə olmuş ““Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları"-nın 4.1.2-ci maddəsinə görə işləyən şəxslərin ərizələrinə pensiya təyin edilməsi üçün zəruri sənədlərlə birlikdə onların işlədikləri müəssisələr tərəfindən tərtib edilmiş sığortaolunanın ümumi iş (sosial sığorta) stajı barədə məlumat da əlavə edilir; Sığortaolunanların ümumi iş (sosial sığorta) stajı barədə məlumatda onun verildiyi tarix, sığortaedənin adı, ünvanı, telefon nömrələri, əmək pensiyası təyin olunması üçün təqdim edilən şəxsin soyadı, adı, atasının adı, yaşadığı ünvan, pensiyasının növü, himayəsində olan əmək qabiliyyətsiz ailə üzvləri, əmək kitabçasının doldurulma tarixi, işə götürülməsi, bir işdən başqa işə keçirilməsi, işdən azad edilməsi haqqında əmək kitabçasındakı qeydlər göstərilməlidir. "Əmək pensiyaları haqqında" Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İddiaçının əmək kitabçasında qeyd olunmuş mebel sexində işlədiyi 01.01.2008-ci il tarixdən 05.01.2009-cu il tarixədək olan dövr üzrə məcburi sosial sığorta haqları ödənilmədiyi üçün həmin dövr sosial sığora stajına daxil edilə bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Cavabdeh qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı Tofiq oğlu iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İş materiallarında olan: - Səbail RPİ tərəfindən 06.09.2012-ci ildə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1961-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır 16 iyul 1987-ci ildə verilmiş 913 qeydiyyat nömrəsi ilə qeydə alınmış KT seriyalı 022366 №li diplomun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 1984-cu ildə Azərbaycan SSR Ali və orta ixtisas təhsili Nazirliyinin Bakı Maşınqayırma Texnikumuna daxil olmuş və 1987-ci ildə “Alətlər istehsalı” ixtisası üzrə tam kursu bitirmişdir. İddiaçıya məxsus 09.11.1979-cu il tarixdə verilmiş HЗ seriyalı ******* №li hərbi biletin notarial qaydada təsdiqlənmiş surətindən müəyyən olunur ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı 09.11.1979-cu il tarixdən 09.11.1981-ci ilədək Sovet Ordusu sıralarında müəyyən edilmiş həqiqi hərbi xidmət müddətini keçmişdir. - İddiaçıya məxsus 27.09.1979-cu il tarixli İT seriyalı ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiqlənmiş (tərcümə olunmuş) surətindən müəyyən olunur ki, İddiaçı 01.09.1975-ci ildən 25.07.1979-cu ilədək “Paris Kommunası zavodu”nun nəzdində 4 saylı texniki peşə liseyində təhsil almışdır (atestat № 4673). 01.08.1979-cu ildə 4 saylı liseyi bitirdikdən sonra Paris kommunası adına baş istehsalat vahidi “Xəzərdənizgamiqayırma” zavoduna göndərilib və instrumental sexə dördüncü dərəcəli xarrat vəzifəsinə qəbul edilmişdir. 20.10.1979-cu ildə həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar olaraq işdən azad edilib. 02.11.1979-12-11.1981-ci illər Sovet ordusu sıralarında xidmət etmişdir. 28.12.1981-ci ildə Paris kommunası adına baş istehsalat vahidi “Xəzərdənizgamiqayırma” zavodunun mexaniki sexə dördüncü dərəcəli xarrat vəzifəsinə qəbul edilmişdir. 20.05.1982-ci ildə İnstrumental sexə dördüncü dərəcəli xarrat vəzifəsinə keçirilmişdir. 02.09.1982-ci ildə Azərbaycan SSR ƏQM 37-ci maddəsinə əsasən işdən azad edilmişdir. 13.09.1982-ci ildə Leonitina adına zavodda sexə dördüncü dərəcəli xarrat vəzifəsinə qəbul edilmişdir. 01.03.1988-ci ildə əməyin yeni üsulu ödəniş tariflərinin təyin edilməsi ilə bağlı dördüncü dərəcəli xarrat vəzifəsinə təyin edilmişdir. (01.03.1988-ci il tarxili 91 saylı əmr ləğv edilib). 01.01.1989-cu ildə 4-cü dərəcli xarrat keçirilmişdir. 18.09.1992-ci ildə öz arzusu ilə işdən azad edilmişdir. 28.09.1992-ci ildə 4-cü dərəcəli xarrat işinə qəbul edilmişdir. 30.11.1992-ci ildə Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir. 01.12.1992-ci ildə Bakı neft sənaye zavoduna 4cü dərəcəli xarrat işinə qəbul edilmişdir. 16.02.1994-cü ildə 5-ci dərəcəli tornaçı verilib. 31.10.1994-cü ildə Azərbaycan Respublikası ƏQM-nin 38-ci maddəsinin 4-cü bəndinə əsasən işdən azad edilmişdir. 04.11.1994-cü ildə “Qiyaslı” k/m-də çilingər işinə qəbul edilmişdir. 25.12.1994-cü ildə 5-ci dərəcəli tokar vəzifəsinə keçirilmişdir. 15.09.1997-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. 01.01.2008-ci ildə mebel sexinə mebel üzrə usta işinə qəbul edilmişdir. 05.01.2009-cu ildə öz xahişi ilə işdən azad edilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş iddiaçıya aid “pensiya işi”ndən müəyyən olunur ki, DSMF-nun Səbail rayon şöbəsinin 741 №li 21.10.2016-cı il tarixli qərarı ilə İddiaçı 14.10.2016-cl il tarixdən 01.11.2021-ci il tarixə kimi 2 qrup əlilliyə görə pensiya təyin olunmuşdur. İş materiallarında olan cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilmişdir ki, təhsil müddəti sığorta stajına aid edilmədiyindən 01.09.1975-ci ildən 25.07.1979-cu ilədək təhsil aldığı dövr sığorta stajına daxil edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İşin hallarına görə iddiaçıya əlilliyə görə pensiyası təyin edilmişdir. Lakin hazırda iddiaçının 01.09.1975-ci ildən 25.07.1979-cu ilədək “Paris Kommunası zavodu”nun nəzdində 4 saylı texniki peşə liseyində təhsil aldığı dövr cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmadan pensiya məbləği hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə görə təhsil müddətinin sığorta stajı kimi hesablanmasının nəzərdə tutulmadığına dair dəlil əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ iddiaçının 01.09.1975-ci ildən 25.07.1979-cu illərdə təhsil aldığı müddətin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınması ilə bağlı olduğundan qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. İş materiallarından müəyyən olunur ki, iddiaçı hazırki tələblə cavabdeh inzibati orqana 2019-cu ildə müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək olan redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinə müvafiq olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun hər iki redaksiyada olan maddələrini birgə təhlil etdikdə müəyyən olunur ki, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, 01.07.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), 01.07.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Məhkəmə, nəzərə alır ki, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, 1 iyul 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən geriyə 3 il ərzində ödənilməsi mümkün sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı-İddiaçı 01.09.1975-ci ildən 25.07.1979-cu ilədək “Paris Kommunası zavodu”nun nəzdində 4 saylı texniki peşə liseyində təhsil aldığı müddət əmək stajına daxil edilməklə, ona 14.10.2016-cı il tarixdən təyin olunmuş əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3098/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3098/2021
04.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver