Məhkəmə qərarları › İş №2-1(112)-3098/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3098/2024

02.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3098/2024 02.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "xxxx" MMC üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsindəki məhəllə 2511-2512 ünvanında yerləşən 172.06 kv.metr qeyri yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanına yerləşən qeyriyaşayış sahəsi (reyestr nömrəsi: **********47-05301-083005) ilə birlikdə vahid reyestr nömrəsi altında dövlət reyestrində qeydiyyata alınması, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbi barədə iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsindəki məhəllə 2511-2512 ünvanında yerləşən 172.06 kv.metr qeyri yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanına yerləşən qeyri-yaşayış sahəsi (reyestr nömrəsi: **********47-05301-083005) ilə birlikdə vahid reyestr nömrəsi altında dövlət reyestrində qeydiyyata alınması, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması:

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən 200.1 kv.metr qeyri-yaşayış sahəsi DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışa əsasən **********47-05301-083005 reyestr nömrəsi əsasında iddiaçının xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Bakı şəhəri İcra Hakimiyyəti başçısının 12 oktyabr 2005-ci il tarixli, 267 nömrəli sərəncamı əsasında Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsində 2511-2512-ci məhəllədə "xxxx" MMC-yə 0.4 ha torpaq sahəsində yaşayış binasının tikintisinə icazə verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/07-373 nömrəli, 06 dekabr 2012-ci il tarixli məktubundan görünür ki, yuxarıda qeyd edilən sərəncam, ayrıc aktı və digər sənədlər nəzərə alınmaqla Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsindəki 2511-2512-ci məhəllədə tikintisi gedən 1 saylı yaşayış binasına bitişik yüngül konstruksiyadan ibarət əlavə sahəsinin təqdim olunmuş memarlıqplanlaşdırmasının eskiz həlli razılaşdırılmışdır. İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış 107 nömrəli, 21 dekabr 2012-ci il tarixli müqavilə əsasında yuxarıda qeyd edilən qeyriyaşayış sahəsinə bitişik olan 175.0 kv.metr qeyri-yaşayış sahəsi də iddiaçıya satılmış və iddiaçı tərəfindən dəyəri tam ödənilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Aparatının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanladığı 3-52/2-S-94-091/2023 nömrəli 03 aprel 2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsindəki 2511-2512-ci məhəllə ünvanında "xxxx" MMC-yə ayrılmış torpaq sahəsinin sxemdə göstərilmiş 172.06 kv.metr hissəsində Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/07-373 nömrəli, 06 dekabr 2012-ci il tarixli məktubu ilə razılaşdırılmış layihə əsasında tərəfindən inşa olunmuş ticarət obyektinin sənədləşdirilməsinə etirazın olmadığı bildirilmişdir. Qeyri-yaşayış sahəsinə dair bütün hüquqmüəyyənedici sənədləri toplayaraq 22 sentyabr 2022-ci il tarixdə cavabdeh inzibati orqana müraciət edilsə də, hal-hazıradək müraciətə heç bir cavab verilməmiş, obyektə baxış keçirilməmiş, ümumiyyətlə, müraciət üzrə heç bir inzibati hərəkətlər aparılmamışdır.

Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı):

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, qeyri-yaşayış sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin təqdim edilən sənədlər "xxxx" MMC-nin adınadır.Belə ki, elektron kadastr məlumatına əsasən qeyri-yaşayış sahəsi bitişik olduğu çoxmərtəbəli yaşayış binasının konturundan kənarda yerləşir və istismara qəbul aktında öz əksini tapmamışdır. Bundan əlavə, qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi çoxmərtəbəli yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair verilmiş kadastr planından kənarda yerləşməklə, dövlət mülkiyyəti torpağıdır. Qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi ilə bağlı da iddiaçı tərəfindən heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən göstərilən əmlaka yerli baxış zamanı məlum olmuşdur ki, qeyri-yaşayış binasının faktiki ölçüsü 157.5 kv.m təşkil edir. Qeyri-yaşayış binası birmərtəbəli olmaqla çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinə bitişik tikilidir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

Tərəflərin iştirakı və izahatları:

4. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər və məhkəmə iclasında öz nümаyəndələrinin iştirakını təmin etməmişlər. İddiaçı (nümayəndəsi və vəkili) ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini və bu səbəbdən də, işə onun iştirakı olmadan baxıb qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və üçüncü şəxslər işə bu barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə işə iddiaçı, cavabdehin və üçüncü şəxslərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü

5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2.inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

6. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı xx.xx.2023-cü ildə ərizə ilə cavabdehə müraciət etmiş (poçt qəbzi - 4********) və cavabdeh inzibati orqan tərəfindən onun müraciətinə cavab verilməmiş və o, prossesual müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

Faktiki hallar və sübutlar: AA******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 267 saylı, xx.xx.2005-ci il tarixli “özünəməxsus ərazidə ofis və yaşayış binasının, istehsalatın və istirahət zonasının layihələndirilməsi haqqında” sərəncamından görünür ki, "xxxx" MMC-nin xx.xx.2005-ci il tarixli, 01 saylı müraciətini nərəzə alaraq, Nizami rayonu, Ş.Mirzəyev küçəsindəki, 2511- 2512-ci məhəllədə həmin MMC-nə 0.4ha torpaq sahəsində yaşayış binasının tikintisinin layihələşdirilməsinə icazə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət komissiyasının” aktından görünür ki, Dövlət Qəbul Komissiyası Bakı şəhəri, Nizami rayonu, xx.xx-2512-ci məhəllə, Ə.Kürçaylı küçəsi, 5 “a” və 5 “b” ünvanında 2 ədəd 13 mərtəbəli 1 girişli yaşayış binası (1-ci mərtəbələri qeyri-yaşayış sahəsi) istismara qəbul edilməsini qərara almışdır. "xxxx" MTK üzlərinin ümumi iclasının 97 №-li xx.xx.2012-ci il tarixli protokolundan çıxarışdan görünür ki, vətəndaş İddiaçı kooperativə üzr qəbul olunmaqla, MTK-nın Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı, 2511-2512 məhəllədə yüksək mərtəbəli yaşayış binasına bitişik pavilyonun ümumi sahəsi 175.0 kv.m olan qeyri yaşayış sahəsinin payçısı olması təsdiq edilməsi qərara alınmışdır. "xxxx" MTK-nın maliyyə arayışından görünür ki, İddiaçı həqiqətən MTK-nın Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı, 2511-2512 məhəllədə yüksək mərtəbəli yaşayış binasına bitişik pavilyonun ümumi sahəsi 175.0 kv.m olan qeyri yaşayış sahəsinin sahibidir. Qeyri-yaşayış sahəsinin pay haqqını 175000 manat tam ödəmişdir. MTK-ya borcu yoxdur. Çoxmənzilli yaşayış binasında İ mərtəbəsində qeyri-yaşayış sahəsi haqqında xx.xx.2012-ci il tarixli, 107 №-li müqavilənin surətindən görünür ki, “sifarişçi”nin (İddiaçı) Bakı şəhəri ərazisində çoxmənzilli yaşayış binasının 1 mərtəbəsində qeyri yaşayış sahəsi tilikməsinin sifarişinə əsasən “podratçı” ("xxxx" MTK) ünvan 5 ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının İ mərtəbəsində qeyri-yaşayış sahəsi tikib “sifarişçi”yə təhvil verilməsini və “sifarişçi öz növbəsində onun sifarişi ilə tikilən qeyri-yaşayış sahəsini qəbul edib haqqını ödəməsini öz öhdəsinə götürmüşdür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışa əsasən, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mlükiyyət hüququ ilə tam hissədə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 3-52/2-S-94-091/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, göstərilən ticarət obyektinin (iddiaçının mübahisələndirdiyi) müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, tərəflərindən İddiaçı adına sənədləşdirilməsinə etirazlarının olmadığlarını bildirmişlər. Məhkəmə sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, **********93 nömrəli məktubla ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin texniki vəziyyətini əks etdirən müayinə aktının (koordinatlar əlavə edilməklə) təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, QYB-sı 13 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinə bitişik 1 mərtəbəli obyektdir. 1-ci mərtəbə ilə obyektin arası açıqdır. Təqdim olunmuş layihəyə uyğundur. Obyektin faktiki eskizi və koordinatları akta əlavə olunur.

Məhkəmənin mövqeyi.

9. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda götərilənləri qeyd edir:

Mülkiyyət hüququ dedikdə, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ başa düşülür.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi - 152.2. sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.(152.3.) İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.(152.4.) Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 152.5. mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

11. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 35. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakına mülkiyyət hüququ 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir.

12. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi : Maddə 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. Maddə 47. Tikinti obyektinin sifarişçisi 47.4.2. tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir; Maddə 57. Tikinti obyektinə dair tələblər 57.1. Hər hansı torpaq sahəsində tikinti obyektinin, xüsusən də binanın tikintisinə yalnız həmin torpaq sahəsinin avtomobil yoluna çıxışı olduğu hallarda yol verilir. 57.2. Tikinti obyekti aşağıdakı tələblərə uyğun layihələndirilməli və tikilməlidir: 57.2.1. yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalıdır; 57.2.2. sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməlidir; 57.2.3. istismar zamanı təhlükəsizlik baxımından etibarlı olmalı, istifadəçilər üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbəxt hadisələrə (yıxılmaya, sürüşməyə, yanmaya, elektrik cərəyanının vurmasına və sairəyə) zəmin yaratmamalıdır; 57.2.4. səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməlidir; 57.2.5. istilik təchizatı, havalandırma, təbii və süni işıqlandırma, akustika (səs izolyasiyası və otaqların akustikası) tələblərinə uyğun olmalıdır; 57.2.6. enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi ilə bağlı tələblərə uyğun olmalıdır; 57.2.7. əlilliyi olan şəxslərin və hərəkət imkanları məhdud digər şəxslərin infrastrukturlardan sərbəst istifadə etməsi üçün ağlabatan uyğunlaşma təmin edilməlidir (xüsusən də ümumi istifadə üçün nəzərdə tutulmuş tikinti obyektlərində); 57.2.8. tikintinin layihə sənədlərində layihədən əvvəlki və sonrakı dövrlərdə ərazidəki yaşıllıqların vəziyyətini göstərən məlumatlar tam və dürüst əks edilməli, yaşıllıqların salınması mütləq həmin yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun olmalıdır. 57.3. Bu Məcəllənin 57.2.5-57.2.6-cı maddələrində nəzərdə tutulmuş tələblərlə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən, bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Maddə 75. Tikintiyə icazə verilməsinin ümumi qaydaları 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. 75.2. Sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. 75.3. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; 75.3.2. tikinti layihəsi; ............ 75.5. Tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (qurum) aşağıdakıları təmin edir: 75.5.1. tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy verilməsini; ........... Maddə 101. Tikinti obyektinin istismarına icazənin məqsədi 101.2. tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. Maddə 102. Tikinti obyektinin istismarına icazə verilməsi 102.2. Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir.

13. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə — torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.2. çoxmənzilli binalara, qeyriyaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə — torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün — torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;

14. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnaməyə görə, Xidmət aşağıdakı vəzifələri yerinə yetirir: 3.0.19. yaşayış fondundan qeyri-yaşayış fonduna və ya əksinə keçirilmiş daşınmaz əmlak obyektləri barədə məlumatları dövlət reyestrinə daxil etmək;

15. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti haqqında Əsasnaməyə görə, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.18. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.19. daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək, daşınmaz əmlakın vahid dövlət kadastrını, dövlət torpaq kadastrını və onun tərkib hissəsi olan torpaq reyestrini tərtib etmək və aparmaq, daşınmaz əmlakın kadastr qiymətinin müəyyən edilməsi sahəsində tədbirlər görmək;

16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

17. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «İ, İİ və İİİ məsuliyyət səviyyəli bina və qurğuların təsnifatı»nın təsdiq edilməsi haqqında 16 sentyabr 2008-ci il tarixli, 214 №li Qərarına əsasən, istismara yararsız olduğu halda, eləcə də dağılması zamanı müxtəlif miqyaslı iqtisadi, sosial və ekoloji nəticələrə səbəb olan bina və qurğuların məsuliyyət səviyyəsinin uçotu üçün üç səviyyə təyin olunur: İ yüksək məsuliyyət səviyyəli; İİ normal məsuliyyət səviyyəli; İİİ aşağı məsuliyyət səviyyəli. - İİ normal məsuliyyət səviyyəli bina və qurğular: 1. İ məsuliyyət səviyyəli bina və qurğular istisna olmaqla, digər bina və qurğular;

2. Yaşayış evləri (12 metr hündürlüyədək* yaşayış evləri istisna olmaqla); 3. Təhsil və səhiyyə obyektləri; 4. Mədəni-məişət, sosial və infrastruktur təyinatlı obyektlər; 5. İstehsalat, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələri üzrə binalar və qurğular ...

18. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012- ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnaməsinə əsasən yerli ira hakimiyyəti başçılarının aşağıdakı ümumi səlahiyyətləri müəyyən edilmişdir. ... 4.11.11.5. İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; 4.11.12. müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək; ... 4.18.2-ci bəndində nəzərdə tutulur ki, bu Əsasnamənin 4.5.4-cü, 4.7.8-ci, 4.11.11.5- ci, 4.11.17-ci, 4.13.6-cı, 4.15.2-ci, 4.16.4-cü yarımbəndlərində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir.

19. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı mübahisəli əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilən sənədləri cavabdehə və məhkəməyə təqdim edə bilməmiş, beləki bu sənədlər iddiaçıda hal-hazırda mövcud deyil. Əlavə olaraq həmin əmlakın istismara icazə sənədləridə də nə cavabdeh inzibati orqana, nə də məhkəməyə təqdim edilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən məlum olur ki, iddiaçı ilə "xxxx" MTK arasında müqavilə bağlanılmış və iddiaçı qeyri yaşayış sahəsinin haqqını (pulunu) tam ödəmişdir. Lakin hazırda həmin qeyri-yaşayış sahəsi mövcud olsa da, onun heç bir hüquqmüəyyənedici sənədi, yəmi tikintiyə icazə və ictismara icazə sənədləri mövcud deyildir. İddiaçı qeyd edir ki, sözügedən tikili yüngül konstruksiyadan ibarət pavilyondur. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin tikili yüngül konstrunsiyadan ibarət pavilyon deyil, yüksək mərtəbəli binasının birinci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinə bitişik, tikintiyə icazə sənədi olmayan tikilidir.

20. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinə dair hüquqlarının mövcud vəziyyətdə və mövcud sənədlər əsasında dövlət qeydiyyatının cavabdeh tərəfindən aparılması qanun tələblərinə ziddir. Belə ki, cavabdeh bu göstərilənləri nəzərə alaraq, iddiaçının tələbinin təmin edilməsindən imtina etmiş və cavabdehin imtinası qanunun tələblərinə uyğun olmuşdur.

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: - 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.4. ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. - 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.

22. Məhkəmə inzibati icraatı zamanı cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması halları müəyyən etməmişdir. Cavabdeh haqlı olaraq daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasından imtina etmişdir.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

24. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsindəki məhəllə 2511-2512 ünvanında yerləşən 172.06 kv.metr qeyri yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanına yerləşən qeyri-yaşayış sahəsi (reyestr nömrəsi: **********47-05301-083005) ilə birlikdə vahid reyestr nömrəsi altında dövlət reyestrində qeydiyyata alınması, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” haqqında iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir.

25. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.

NƏTİCƏVİ HİSSƏ

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ :

İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar