Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3098/2025 28.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, dalan 14, ev 2 ünvanında yerləşən 16 saylı mənzilə dair cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə ********** qeyiyyat nömrəsi ilə “istifadə hüququnun qeydiyyatı” formasında aparılmış qeydiyyatın dəyişdirilərək mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 16 saylı mənzil Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 118/3 saylı Sərəncamı əsasında verilmiş 16 aprel 1993-cü il tarixli Orderi ilə iddiaçının mərhum anası X3 və onun istifasinə verilmişdir. Orderdə hər ikisinin adı var. Mənzil istifadəsinə verilən zaman həmin ünvana daimi pasport qeydiyyatlna düşməmişdir. Sonradan 2007-ci ildə mənzilə daimi pasport qeydiyyatına düşdü. 20 noyabr 2007-ci il tarixdə anası vəfat etdi. Həmin vaxtdan mənzildə tək daimi qeydiyyatda olmaqla yaşayır. Mənzilin özəlləşdirilməsi məqsədilə cavabdeh təşkilata müraciət etdi. Lakin cavab olaraq bildirildi ki, mənzilə dair orderin verilməsinə əsas olmuş Yasamal Rayon İcra Hakimiyyətinin 118/3 saylı Sərəncamı Arxiv İdarəsidə aşkar olunmamışdır. Bu əsasla hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatından imtina edildi. Bundan sonra Nəsimi Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, mənzilə dair yeni Sərəncam verilməsini xahiş etdi. Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 51 saylı 10 mart 2020-ci il tarixli Sərəncamı ilə iddiaçı Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, dalan 14 ev 2 ünvanında yerləşən 16 saylı mənzilin icarədarı hesab edildi. Bundan sonra yenidən cavabdeh təşkilata ərizə ilə müraciət edərək, hüquqların dövlət qeydiyyatına alınmasını xahiş etdi. Bu dəfə hüquqları ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alıdı və Çıxarış və Texniki Pasport verildi. Lakin, Çıxarışı aldıqdan sonra ona məlum oldu ki, mənzil üzərində mülkiyyət hüquqlarının deyil, istifadə hüquqlarının qeydiyyatı aparılmışdır. Təkrarən cavabdeh təşkilata gedərək, bunun səbəbini soruşduqda, həmin ünvanda 2007-ci ildən deyil, 2020-ci ildən qeydiyyatda olduğu barədə məlumat almış olduqlarını əsas gətirdilər. 2007-ci ildən bəhs edilən ünvanda qeydiyyyatda olmağına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşıayış yeri üzrə daimi qeydiyyat haqqında” ******* saylı Arayışı, 48 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli 67 saylı “Forma 2” Arayışı, 48 saylı Mənzil Kommunal İstismar Sahəsinin 253 saylı xx.xx.2024-cü il tarixli Arayışı var. Bundan əlavə, Nəsimi Rayon İcra Hakimiyyətinə Sərəncam verilməsi xahişi ilə müraciət edərkən, həmin 48 saylı MKİS tərəfindən mənzilə dair Baxış Rəyi tərtib edilərək Nəsimi İcra Hakimiyyətinə təqdim edilmişdir. X12 bir nüsxəsi də iş materiallarına əlavə edilir. Baxış rəyində ətraflı olaraq, mənzilin təsvir edilməsindən əlavə 1993-cü ildən 2007-ci ilədək anası ilə birgə təsərrüfat aparmağı təsdiq edilmişdir. Hesab edir ki, cavabdeh təşkilatın iddiaçıya məxsus olan mənzilə dair hüquqlarını mülkiyyət hüququ üzrə deyil, istifadə hüququ üzrə qeydiyyata almış olması qanunsuzdur və əsassız olaraq hüquqlarını pozur. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 51 saylı, xx.xx.2020-ci il tarixli sərəncamı əsasında Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, dalan 14, 2 saylı evin, 16 saylı mənzilinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli ərizə icra olunaraq, qeyd olunan mənzil üzərində daşınmaz əmlakın dövlət reyestrində istifadə hüquqlarının qeydiyyatı aparılmış və elektron çıxarışla rəsmiləşdirilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, dalan 14, 2 saylı evin, 16 saylı mənzili üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 51 saylı sərəncamı xx.xx.2020-ci il tarixlidir.
4. ƏMDX DƏDKR publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışının surətindən görünür ki, ünvan 3 ünvanına istifadə hüququ İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır.
5. Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli 51 nömrəli sərəncamına əsasən Nəsimi rayonu, D.Əliyeva küçəsi, dalan 14, 2 №-li evin 2 otaqlı yaşayış sahəsi 37,4 kv.m, ümumi sahəsi 65,6 kv.m. olan mənzilinə dair vətəndaş İddiaçı ilə icarə müqaviləsinin bağlanılması, mənzilə dair onun adına şəxsi hesab vərəqəsinin açılması və həmin mənzilin icarədarı hesab edilməsi qərara alınmışdır. Sərəncamda qeyd olunur: Nəsimi rayonu, D.Əliyeva küçəsi, dalan 14, 2 №-li evin 2 otaqlı yaşayış sahəsi 37, 4 kv.m, ümumi sahəsi 65,6 olan 16 №-li mənzilində yaşayan vətəndaş İddiaçı ərizə ilə Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edərək yaşadığı mənzilə dair onunla icarə müqaviləsi bağlanması barədə sərəncam verilməsini xahiş etmişdir. Nəsimi rayonu, D.Əliyeva küçəsi, dalan 14, 2 №-li evin 2 otaqlı yaşayış sahəsi 37, 4 kv.m, ümumi sahəsi 65.6 olan mənzilinin icarədarı vətəndaş İddiaçı anası X7 olmuş və xx.xx.2007-ci ildə ölümü ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır. (ölüm haqqında xx.xx.2007-ci il tarixli, AZ-İ 259403 №-li şəhadətnamənin surəti və 48 saylı MKİS-in xx.xx.2020-ci il tarixli arayışı əlavə olunur) Hal-hazırda həmin mənzildə İddiaçı oğlu 1 nələr ailə tərkibi ilə (özü) 1993-cü ildən qeydiyyatda olmaqla yaşayır.
6. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışından görünür ki, İddiaçı (xx.xx.1967-ci il təvəllüdlü) ünvan 4 ünvanında xx.xx.2007-ci il tarixdən yaşayış yeri üzrə qeydiyyatdadır.
7. Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 48 saylı Mənzil Kommunal İstismar Sahəsinin 67 nömrəli xx.xx.2024-cü il tarixli arayışına əsasən Nəsimi rayonu, D.Əliyeva küçəsi, dalan 14, 2 №-li evin 2 otaqlı yaşayış sahəsi 37,4 kv.mş olan 16 №-li mənzilində İddiaçı xx.xx.2007-ci il tarixdən qeydiyyatdadır. Ailə 1 nəfərdən ibarətdir.
8. 48 saylı MKİS-nin rəhbərliyinin ünvana baxış keçirilməsinə dair məlumata əsasən müəyyən edilmişdir: Mənzil Yasamal rayon İH tərəfindən verilmiş X3 adına №042320 saylı 16 aprel 1993-cü ildə verilmiş orderə əsasən 2 otaq yaşayış sahəsi 37,4 kv.m., ümumi sahəsi 65,6 kv.metrdən ibarətdir. Orderdə onunla birlikdə oğlu 1967-ci il təvəllüdlü X4 vardır. X7 xx.xx.2007-ci ildə vəfat etmiş, mənzil Nəsimi rayon İcra Hakimiyyətinin balansında olduğu üçün oğlu X1 rayon İcra Hakimiyyətinə müraciət etmiş xx.xx.2020-ci ildə mənzilin onunla icarə müqaviləsi bağlanması haqqında 51 saylı sərəncam almışdır. X4 anası öldükdən sonra mənzilinin icarə müqaviləsinin bağlanma vaxtını ötürməsini öhdəsində əlil uşağı olduğunu, özünün Qarabağ müharibəsi veteranı olaraq səhhətindəki problemlərlə əlaqələndirmişdir. Mənzil 3 mərtəbəli evin 3-cü mərtəbəsində yerləşir, tam kommunal şəraiti vardır. 1993cü ildən 2007-ci ilə qədər anası ilə birgə təsərrüfat aparmışdır. Hal-hazırda orada qeydiyyatda olmaqla ailəsi ilə birgə yaşayır.
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
11. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
12. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
13. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
14. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
III. Məhkəmənin mövqeyi
15. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının 1 nəfər ailə tərkibi ilə birlikdə Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 51 №-li sərəncamı əsasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, dalan 14, 2 №-li evin 2 otaqlı yaşayış sahəsi 37,4 kv.m, ümumi sahəsi 65,6 kv.m. olan 16 №-li mənzili ilə təmin edilməsi qərara alınmışdır. Həmin sərəncam, sözügedən mənzilin icarədarı olmuş iddiaçının anası X3 vəfatından sonra orada qeydiyyatda olan iddiaçının müraciətinə əsasən verilmişdir. Sərəncama əsasən xx.xx.2021-ci il tarixdə iddiaçı ilə kirayə müqaviləsi bağlanılmışdır. Mənzillə bağlı hər hansı mübahisə yoxdur. Sərənmcamda və MKİS-in məlumatında mənzilin eyniləşdirilməsi və mənzilə dair hüquqların qeydə alınması üçün zəruri məlumatlar mövcuddur.
16. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 21 dekabr 2012-ci il tarixli Qərarının əsas gətirilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd olunmuşdur ki, qanunverici mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Belə ki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Mənzilin ailə üzvlərindən birinin (bir neçəsinin) mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilməlidir.
17. Konstitusiya Məhkəməsinin Plenumunun nümayiş etdirdiyi mövqeyi ona deməyə əsas verir ki, əgər kirayə müqaviləsinin bağlanılması barədə sərəncamda və ya kirayə müqaviləsinin özündə kirayəçi ilə yanaşı, həmçinin kirayəçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin adları göstərilmişdirsə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinin tələbləri baxımından kirayəçinin özü və ya kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri (razılıq ərizələri əsasında) mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyatını tələb etmək hüququna malikdirlər. Başqa sözlə, əgər kirayəçinin və kirayə müqaviləsində qeyd olunan digər şəxslərin razılıqları olarsa, bu zaman kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvü mənzil üzərində mülkiyyət hüquqlarını tələb edə bilər.
18. İşin faktiki hallarından, o cümlədən cavabdehin etirazından göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının mənzilə mülkiyyət hüququnun qeydiyyata alınmasını istisna edən hal qismində Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş 51 nömrəli sərəncamın xx.xx.2020-ci il tarixə aid olmasını göstərmişdir.
19. İddiaçının mənzilə dair hüquqmüəyyənedici sənədinin olub-olmaması ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
21. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
22. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi.
24. Normaların məzmunundan da göründüyü kimi qanunverici mənzilin özəlləşdirilməsi və mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısını dəqiq müəyyən edib. Həm də qanunverici orderin, kirayə müqaviləsinin və onun verilməsinə dair sərəncamın – hər üç sənədin eyni vaxtda mövcudluğunu şərt kimi müəyyən etmir. Həmin sənədlərdən hər hansı birinin mövcudluğu mənzilə dair hüququn qeyd alınması üçün əsasdır. Lakin həmin maddənin tələbindən də aydın olur ki, həmin sənədlərin 2009-cu il oktyabrın 1-dək, yəni Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək qəbul edilməsi şərti də müəyyən edilmişdir.
25. Məhkəmə hesab edir ki, Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən sərəncam 10 mart 2020-ci il tarixdə qəbul edilsə də, həmin sərəncam “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənəd kimi qəbul edilməlidir. Belə ki, MKİS-in məlumatında təsvir olunan 16 aprel 1993-cü il tarixli orderə əsasən müəyyən olunur ki, Nəsimi rayonu, D.Əliyeva küçəsi, dalan 14, 2 №-li evin 2 otaqlı 16 №-li mənzil oğlu 1967-ci il təvəllüdlü İddiaçı ilə birlikdə yaşamaq üçün Yasamal Rayon İH tərəfindən X5 verilmişdir. İddiaçı sözügedən mənzildə 1993-cü ildən yaşayır və həmin hal Nəsimi RİH-nin sərəncamı ilə də təsdiq olunur. Bununla yanaşı iddiaçı xx.xx.2007-ci il tarixdən mənzildə qeydiyyatdadır.
26. Məhkəmə sərəncamda və orderdə qeyd olunan ailə üzvlərinin razılığının olub-olmaması barədə qeyd edir ki, 1993-cü il tarixli Orderdə mərhum X2 başqa 1 nəfər ailə üzvü – iddiaçı qeyd olunmuş, 2020-ci il tarixli Sərəncam da iddiaçının adına 1 nəfər ailə tərkibi (özü) olmaqla verilmişdir. Odur ki, iddiaçı ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin adları müəyyən olunmur.
27. Göründüyü kimi, mübahisəli daşınmaz əmlak xx.xx.2020-ci il tarixli sərəncam əsasında ayrılsa da, həmin mənzilə dair hüquq münasibətləri 1993-ci ildən, başqa sözlə 2009-cu ilin oktyabrın 1-dək yaranmışdır.
28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərin mövcudluğu sübut olunduğundan məhkəmə cavabdehin dəlilini əsassız hesab edərək bildirir ki, cavabdeh iddiaçının daşınmaz əmlakın dövlət reyestrində istifadə hüquqlarının qeydiyyatını apararaq mülkiyyət hüququna dair çıxarış verilməsindən imtina etməkdə haqlı olmamışdır.
29. Belə ki, iddiaçı uzun müddət (1993-cü ildən) mərhum anası ilə birlikdə həmin mənzildən istifadə və sahiblik etmişdir. İş materialları ilə də müəyyən olunur ki, hazırda həmin ünvanda qeydiyyatda iddiaçıdan başqa şəxslər yoxdur. Göründüyü kimi, cavabdeh «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün müəyyən olunmuş əsaslardan heç birinə əsaslanmadan formal mülahizələrə istinad etməklə müraciətin təmin edilməsindən imtina etmişdir.
30. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır.
31. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
32. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, dalan 14, ev 2 ünvanında yerləşən 16 saylı mənzilə dair mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq buna dair çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva